Vahid Tapdıq oğlu Novruzov TƏRCÜMEYİ – HAL
Vahid Tapdıq oğlu Novruzov 1950-ci il yanvarın 7-də anadan olmuşdur. 1966-cı ildə Bakı şəhəri 31 №-li orta məktəbi bitirmiş və həmin il Azərbaycan Dövlət Untversitetinə daxil olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.
1972-1992-ci illərdə Dövlət Plan Komitəsi yanında Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda laborant, iqtisadçı, kiçik elmi işçi, bölmə müdiri və şöbə müdiri vəzifələrində çalışmışdır. 1978-ci ildə Q.V.Plexanov adına Moskva Xalq Təsərrüfat İnstitutunda «Xidmət sferasının maddi-texniki təchizatının planlaşdırılma-sının normativ bazasınının təkmilləşdirilməsi» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi, 1990-cı ildə isə həmin İnstitutda «Müttəfiq respublikalarda sosial-məişət infrastrukturunun inkişaf problemləri» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. 1992-1996-cı illərdə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsində bölmə müdiri, şöbə müdirinin birinci müavini və şöbə müdiri vəzifələrində çalışmışdır. 1996-cı ilin aprel ayında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının Auditorlar Palatasına sədr vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddət ərzində onun rəhbərliyi və iştirakı ilə Azərbaycanda audit sisteminin inkişafına və tənzimlənməsinə dair bir sıra xüsusi ədəbiyyat, metodik göstəriş, tövsiyə və standartlar işlənib hazırlanmış və audit praktikasında tətbiq edilməkdədir.
110-dan artıq əsərin müəllifidir. 2000-ci ildə ona professor elmi adı verilmişdir. Ölkə iqtisadiyyatının aktual problemləri üzrə dissertant və doktorantlara elmi rəhbərlik edir. ABŞ-ın Daxili Auditorlar İnstitutunun ölkəmizdə yaradılmış «Audit-Azərbaycan» bölməsinin prezidentidir. 1994-cü ildə Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmişdir. «İqtisadiyyat və audit» aylıq elmi-praktik jurnalının baş redaktorudur. Evlidir. İki övladı var.
|