“Audit-Azərbaycan” İctimai Birliyi haqqında
Azərbaycan Respublikasında daxili audit fəaliyyətinin tənzimləməsini həyata keçirən “Audit-Azərbaycan” İctimai Birliyinin yaranma tarixi 1999-cu ildən başlayır. ABŞ Daxili Auditorlar İnstitutunun 1999-cu ildə Kanadada keçirilən Direktorlar Şurasında “Audit-Azərbaycan” bölməsi yaradılmış və 1999-cu ilin 26 iyun tarixindən tərkibində 14 nəfər üzvü olan Birlik fəaliyyətə başlamışdır. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, 2000-ci il dekabrın 6-da “Audit-Azərbaycan” İctimai Birliyi Ədliyyə Nazirliyinin tərəfindən ictimai birlik kimi dövlət qeydiyyatına alınmışdır. “Audit-Azərbaycan” İctimai Birliyi Azərbaycanda daxili auditor peşəsinin yayılması və inkişaf etdirilməsi, daxili audit standart və normalarının işlənib-hazırlanması, təkmilləşdirilməsi, daxili auditorların peşə müstəqilliyinin təmin edilməsi və mənafelərinin qorunması, peşəkarlıqlarının artırılması məqsədlərinə xidmət edir. “Audit-Azərbaycan” İctimai Birliyi tərəfindən daxili auditə aid ayrı-ayrı ölkələrin müvafiq qanunvericiliyi öyrənilməklə, "Daxili audit haqqında" Qanununun layihəsi işlənib hazırlanmışdır. Qanununun layihəsi Milli Məclisdə hərtərəfli müzakirələrdən sonra 2007-ci il 22 may tarixdə qəbul edilmiş və MDB ölkələri arasında birinci olaraq, Azərbaycanda daxili auditor fəaliyyətinin həyata keçirilməsi qanunvericiliklə hüquqi təsbitini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 29 iyun tarixli fərmanı ilə Qanun qüvvəyə minmişdir. “Daxili audit haqqında” Qanununun mərhələlərlə tətbiqi müddətləri”nin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2007-ci il 05 oktyabr tarixli qərarı ilə daxili auditin tətbiqi müddətləri müəyyən olunmuşdur. Beynəlxalq Daxili Auditorlar İnstitutunun Daxili Audit Standartları üzrə Şurası tərəfindən işlənib hazırlanmış və 2000-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Daxili Auditin Peşə Təcrübəsi üzrə Standartlar”, habelə 2000-ci il 17 iyun tarixində Daxili Auditorlar İnstitutunun Direktorlar Şurası tərəfindən təsdiq edilmiş Daxili Auditorlar İnstitutunun “Etika Məcəlləsi” İİA-nın rəsmi icazəsi ilə 2001-ci ildə “Audit-Azərbaycan” İctimai Birliyi tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq, “Daxili audit standartları” adı altında kitabça şəklində nəşr etdirilmişdir. Azərbaycan Respublikası İİA-nın bu mühüm sənədlərini özünün dilinə tərcümə edib nəşr etdirmiş 18-ci ölkə olmuşdur. 2004-cü il yanvarın 1-dən qüvvəyə minmiş yekun mətni IIA-nın rəsmi icazəsi ilə yenidən tərcümə edilərək tərcümənin dili xeyli təkmilləşdirilmiş və 2006-cı ildə “Daxili audit fəaliyyətinin təməl prinsipləri”adı altında kitab şəklində nəşr olunmuşdur. 2007-ci ildə isə “Daxili audit: qanunvericilik və normativ sənədlər” adı altında yeni bir kitab nəşr olunmuşdur. Kitabda Daxili audit haqqında Azərbaycan Respublikasının qanunu, Daxili Auditin Peşə Təcrübəsi üzrə Standartlar və Etika Məcəlləsi verilmişdir. Uzun müddət üzərində iş gedən “Daxili audit” dərs vəsaiti hazırda çapa hazırlanır. Artıq Təhsil Nazirliyindən də kitabın nəşrinə icazə alınıb. Kitabın nəşr olunması 2008-ci ilin əvvəlinə planlaşdırılır. Dərs vəsaiti iqtisadi ixtisaslar üzrə təhsil alan tələbələr, magistirlar və aspirantlar, habelə auditorlar, mühasiblər, digər maliyyə nəzarəti orqanlarının işçiləri, təsərrüfat subyektinin rəhbərləri üçün nəzərdə tutulmuşdur. Kitab 8 fəsildən və təxminən 500 səhifədən ibarət olacaqdır. Dünyanın 165 ölkəsindən 150 000-dən çox üzvü birləşdirən beynəlxalq Daxili Auditorlar İnstitutunun (ABŞ) 2000-ci il iyunun 1-dən 2001-ci il iyunun 1-dək olan dövr ərzində üzvlərin say artımı üzrə elan etdiyi müsabiqədə “Audit-Azərbaycan” bölməsi 50-dək üzvü olan qurumlar kateqoriyasında qalib adını qazanmışdır. Bölməyə müsabiqə qalibi üçün nəzərdə tutulmuş xatirə mükafatı və IIA rəhbərliyi adından təbrik məktubu daxil olmuşdur. Bununla yanaşı, Daxili Auditorlar İnstitutunun (IIA) 2005-ci ildə 100 000-ci üzvlə bağlı planlaşdırılan tədbirə dair keçirdiyi ən yaxşı ideya müsabiqəsində «Audit-Azərbaycan» İctimai Birliyi irəli sürdüyü ideyaya görə 3-cü yerə layiq görülmüşdür. “Audit-Azərbaycan” İctimai Birliyi və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkil etdiyi “Daxili audit” kursunun artıq 3 buraxılışı olmuşdur. Aparılan kursları 70 nəfər bitirmişdir. Kurslarda iştirak edənlərin bir çoxu Kənd Təsərrüfatı Nazirliyinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Neft Şirkətinin və bir sıra özəl qurumların əməkdaşlarıdır. Təşkil olunan kurslarda məşğələləri daxili audit sahəsində böyük təcrübəyə malik olan mütəxəssislər aparır. Hal-hazırda “Audit-Azərbaycan” İctimai Birliyinin 146 üzvü var. “Audit-Azərbaycan” İctimai Birliyi 2004-cü ildən Avropa Daxili Auditorlar İnstitutları Konfederasiyasının (ECIIA) üzvüdür. 2007-ci ildə isə Birlik Asiya Daxili Auditorlar İnstitutları Konfederasiyasına (ACIIA) assosiativ üzv qəbul olunmuşdur.
|