Azərbaycan Respublikasının «Audit-Azərbaycan» İctimai Birliyinin Ədliyyə Nazirliyində 2224-ci il 2224-ci il 19 oktyabr tarixli ümumi 6 dekabr tarixində dövlət yığıncağının (protokol №1) qərarı qeydiyyatına alınmışdır. ilə təsdiq edilmişdir. (Qeyd № 1336) «AUDİT-AZƏRBAYCAN» İCTİMAİ BİRLİYİNİN NİZAMNAMƏSİ 1. ÜMUMİ MÜDDƏALAR 1.1. «Audit-Azərbaycan» ictimai birliyi (bundan sonra «Birlik» adlandırılacaqdır) ümumi maraqlar əsasında birləşmiş, könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır.
1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası və «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanunu, həmçinin bu Nizamnamə əsasında qurur. 1.3. Birlik Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır. Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri var. 1.4. Birliyin hüquqları bütün dövlət orqanları tərəfindən qorunur. Birlik qanunvericilik çərçivəsində öz fəaliyyətini müstəqil olaraq həyata keçirmək hüquqlarına malikdir. 1.5. Birlik öz adından müqavilələr bağlaya, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə edə, vəzifələr daşıya, məhkəmədə iddiaçı və cavabdeh kimi çıxış edə bilər. 1.6. Birlik öz nümayəndəliklərini və filiallarını aça bilər. 1.7. Birliyin yerləşdiyi ünvan: AZ1072 Azərbaycan Respublikası, Bakı şəhəri, S.Y.Bakuvi küçəsi, 14.
2. BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
2.1. Birliyin əsas məqsədi daxili auditor peşəsinin yayılması və inkişaf etdirilməsi, daxili auditorlar arasında peşə münasibətlərinin gücləndirilməsi, daxili audit standart və normalarının işlənib hazırlanması, təkmilləşdirilməsi, daxili auditorların peşə müstəqilliyinin və mənafelərinin qorunması, peşəkarlıqlarının artırılması, daxili auditlə əlaqədar dövlət və qeyri-dövlət təsərrüfat subyektlərində (və ya müəssisələrində) üzvlərin təmsil edilməsi məqsədilə yaradılan qurumdur. Birlik baş qərargahı ABŞ-da yerləşən Daxili Auditorlar İnstitutunun (bundan sonra «İnstitut» adlandırılacaqdır) üzvüdür. 2.2. Birliyin məqsədlərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində onun fəaliyyət dairəsinə aşağıdakılar daxildir: Azərbaycan Respublikasında daxili audit peşəsinin inkişafı, üzvlər cəlb edilməsi, peşənin ənənə və əsaslarının qorunması, etibarlığının artırılması məqsədilə beynəlxalq aləmdə qəbul edilmiş daxili audit əsaslarının, tələb, norma və standartlarının tətbiqi sahəsində müvafiq tədbirləri həyata keçirmək; qanunvericiliyə uyğun qaydada milli, beynəlxalq və digər peşə qurumlarında üzvlərini təmsil etmək, onlarla informasiya mübadiləsi, əməkdaşlıq əlaqələri qurmaq, ali peşə qurumlarına üzv olmaq; · daxili audit mütəxəssislərinin ixtisas səviyyələrini, peşəkarlıqlarını artırmaq məqsədilə milli və beynəlxalq kurslar, seminarlar, simpoziumlar keçirmək və mütəxəssislərin peşə hazırlığının artırılması üçün təhsil proqramı tərtib etmək; · daxili auditorların sosial-mədəni həmrəyliyini təmin etmək və gücləndirmək üçün yardım fondu yaratmaq, klublar, səyahətlər təşkil etmək və digər sosial fəaliyyətlərdə təşəbbüs göstərmək; · daxili audit peşəsinə mütəxəssislər cəlb edilməsi məqsədilə müsahibələr keçirmək və onların nəticələrinə görə üzvlük sertifikatlarını və vəsiqələrini vermək; · daxili audit peşəsi mövzularında kitab, jurnal, bülleten və sairə nəşr etmək. 2.3. Birlik ölkə daxilində və xaricdə Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan və Nizamnamə məqsədlərinə zidd olmayan hər hansı fəaliyyət növünü həyata keçirə bilər.
3. BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ
3.1. Birliyin mülkiyyətində binalar, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər. 3.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər. 3.3. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırma mənbələri aşağıdakılardır: · üzvolma haqqı; · illik üzvlük haqqı; · idarə, müəssisə, təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələri; · səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər; · öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər; · qrantlar; · Birliyin sosial-mədəni fəaliyyətindən əldə olunan gəlirlər; · qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər. 3.4. Üzvolma haqqı və illik üzvlük haqlarının məbləğləri Birliyin İdarə Heyətinin qərarı ilə müəyyən edilir. 3.5. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil. 3.6. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.
4. BİRLİYƏ ÜZVLÜK, ÜZVLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
4.1. Birliyin üzvlük növləri aşağıdakılardır: - əsas üzvlük; - fəxri üzvlük; - köməkçilər. 4.2. Sərbəst auditorlar və mühasibat uçotu, maliyyə, iqtisadçı, hüquqşünas ixtisasları üzrə ali təhsilə və ixtisas üzrə azı 3 (üç) il əmək stajına və ya eyni ixtisaslar üzrə orta ixtisas təhsilinə və ixtisas üzrə azı 5 (beş) il əmək stajına malik olan mütəxəssislər, müvafiq ixtisaslar üzrə müəllimlər, yenə bu ixtisaslar üzrə magistrlər və elmi dərəcələri olan şəxslər Birliyə əsas üzv ola bilərlər. Əsas üzvlüyə müraciət və qəbul şərtləri Qayda ilə müəyyən edilir. 4.3. Birliyin məqsədinə və daxili audit peşəsinə pozitiv töhfələri və çalışmaları olan Azərbaycan və xarici ölkə vətəndaşları Birliyin fəxri üzvü ola bilərlər. Fəxri üzvlüyə qəbul şərtləri müvafiq qayda ilə müəyyən edilir. Fəxri üzvlər Birliyin Ümumi Yığıncaqlarında yalnız məşvərətçi səslə iştirak edə bilərlər. 4.4. Birliyin köməkçilərinə Nizamnaməyə müvafiq olaraq Birliyin fəaliyyətində iştirak etməklə, öz münasibətlərini Birlik ilə təşkilati cəhətdən rəsmiləşdirmədən ona müxtəlif kömək və ya xidmətlər göstərməklə Birliyi dəstəkləyən fiziki və hüquqi (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) şəxslər aiddir. 4.5. Birliyə üzvlük könüllüdür. Birlik üzvlüyünə qəbul fərdi qaydada və ya müəssisə (təşkilat) rəhbərliyi tərəfindən yazılı müraciət əsasında həyata keçirilir. 4.6. Birliyin üzvləri bərabərhüquqludurlar və aşağıdakı hüquqlara malikdirlər: · bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək; · Ümumi Yığıncağın və İdarə Heyətinin müzakirəsinə daxili audit peşəsinin inkişafına dair təkliflər vermək; · Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və seçilmək; · Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək; · Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək; · öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək; · Birliyin xidmətlərindən istifadə etmək; · onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək. 4.7. Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər. 4.8. Birlik üzvlərinin vəzifələri aşağıdakılardır: · Birliyin Nizamnaməsinə, həmçinin əxlaq və etika normalarına əməl etmək; · Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək; · Birliyə müəyyən edilmiş qaydada hesabatlar təqdim etmək; · Birliyə müəyyən olunmuş qaydada üzvlük haqqı ödəmək; · peşənin əhatə sahəsinin genişləndirilməsi, kadrların hazırlanması və ixtisaslarının artırılması, elmi və sosial inkişafın, habelə digər məqsədli tədbirlərin maliyyələşdirilməsi üçün fondların yaradılmasında və onlardan istifadə edilməsində iştirak etmək; · Birliyin tədbirlərində iştirak etmək. 4.9. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir: · Birlik üzvünün öz fəaliyyətində daxili auditin peşə etikasına, ənənə və əsaslarına riayət etmədiyinə, Birliyin müəyyən edilmiş qaydalarını pozduğuna və beləliklə, qurumun etibarına xələl gətirdiyinə, məqsədlərinə zidd hərəkət etdiyinə dair məlumat daxil olduqda İntizam komissiyasının rəyi ilə İdarə Heyəti üzvlərinin üçdə iki hissəsinin səs çoxluğundan az olmamaq şərti ilə qəbul edilmiş qərarına əsasən həmin üzv üzvlükdən çıxarılır; · mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda; · üzvlük haqqını vaxtında, üzrlü səbəb olmadan və İdarə Heyətinin müstəsna hal kimi müəyyən etdiyi əlavə 3 (üç) ay müddətində ödəməyən üzvlər İdarə Heyətinin qərarına əsasən üzvlükdən çıxarılırlar.
4.10. Birlik üzvünün üzvlükdən çıxarılma haqqında İdarə Heyətinin qərarından narazı qaldığı halda Ümumi Yığıncağa və ya məhkəməyə şikayət etmək hüququ vardır.
5. BİRLİYİN İDARƏETMƏ VƏ NƏZARƏT ORQANLARI Birliyin tərkibinə daxil olan üzvlərin Ümumi Yığıncağı və onun seçdiyi İdarə Heyəti Birliyin idarəetmə orqanlarıdır. Tərkibi Ümumi Yığıncaqda təsdiq edilən Təftiş və İntizam komissiyaları Birliyin nəzarət orqanlarıdır. Üzvlərin qarşılaşdıqları suallara cavab tapmaqda köməklik məqsədilə Ümumi Yığıncaq tərəfindən Məsləhət komissiyası yaradılır. Birliyin fəaliyyəti üçün lazım gəldikdə İdarə Heyəti tərəfindən müvafiq komissiyalar təşkil edilir. Bu komissiyaların fəaliyyəti qəbul edilmiş müvafiq əsasnamələrlə tənzimlənir. 5.1. Ümumi Yığıncaq 5.1.1. Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır. Bu Nizamnamədə nəzərdə tutulan zəruri hallarda Birliyin Ümumi Yığıncağının fövqəladə iclası keçirilə bilər. 5.1.2. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir: · Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi; · Birliyin əmlakının formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi; · Birliyin prezidentinin seçilməsi; · Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması; · İdarə Heyətinin üzvlərinin seçilməsi və onun tərkibinin dəyişdirilməsi; · İdarə Heyəti tərəfindən hazırlanan büdcənin müzakirəsi və qəbul edilməsi; · Birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi; · başqa təşkilatlarda iştirak; · Birliyin yenidən təşkili və ləğv edilməsi. 5.1.3. Birliyin üzvlərinə Ümumi Yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. 5.1.4. Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə Nizamnaməyə dəyişikliklər edə bilər. 5.1.5. Ümumi Yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. 5.1.6. Ümumi Yığıncaqda yazılı protokol aparılmalıdır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır. Yığıncağın protokolu lazım gəldikdə bütün üzvlərə paylanılır. 5.2. Birliyin İdarə Heyəti 5.2.1. İdarə Heyəti kollegial idarəetmə orqanı olmaqla, yeddi əsas və üç ehtiyat üzvdən ibarət olaraq, Birliyin əsas üzvləri arasından, Ümumi Yığıncaqda gizli səsvermə yolu ilə 5 (beş) il müddətinə seçilir. 5.2.2. İdarə Heyəti birinci iclasında üzvlərin arasından sədr müavini, katib və mühasib seçir. Birliyin prezidenti İdarə Heyətinin sədrliyini həyata keçirir. 5.2.3. İdarə Heyəti ən azı ayda bir dəfə toplantı keçirməlidir. Üzürsüz səbəbdən ardıcıl olaraq 3 (üç) toplantıda və ya bir il ərzində 5 (beş) toplantıda iştirak etməyənlər İdarə Heyətinin üzvlüyündən azad edilir və azadedilmə İdarə Heyəti tərəfindən Ümumi Yığıncağa bildirilir. 5.2.4. İdarə Heyətinin iclaslarında iştirakçıların adi səs çoxluğu ilə qəbul edilmiş qərarlar qüvvəyə minir. 5.2.5. İdarə Heyətinin iclasının gedişi, müzakirə edilən məsələlər barədə qəbul olunmuş qərarlar protokolla rəsmiləşdirilir. İclasın protokolları iclasa sədrlik edən tərəfindən, qəbul olunmuş qərarlar isə sədr və iclasda iştirak etmiş heyət üzvləri tərəfindən imzalanır. İdarə Heyətinin üzvlərinin sayı hər hansı bir səbəbdən azaldıqda, ehtiyat üzvləri ilə tamamlanmalıdır. 5.2.6. İdarə Heyəti aşağıdakı səlahiyyətlərə malikdir: · Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir; · Birliyi ölkə daxilində və xaricdə təmsil edir və ya bu işi yerinə yetirmək üçün üzvlərdən birinə səlahiyyət verir; · beynəlxalq təşkilatlarla və peşə qurumları ilə əlaqələr yaradır və inkişaf etdirir; · Ümumi Yığıncağı toplayır və onun gündəliyini müəyyənləşdirir; · Birliyin gəlir və xərclərinə dair əməliyyatları həyata keçirir və gələcək dövrə aid büdcəni hazırlayaraq Ümumi Yığıncağa təqdim edir; · Birliyin fəaliyyəti üçün komissiyalar yaradır; · Birliyə üzvlük üçün «Üzvolma haqqı» və «İllik üzvlük haqqı» məbləğlərini müəyyən edir və təsdiq olunmasını həyata keçirir; · Birliyin üzvlüyünə müraciətləri dəyərləndirir, Birliyin fəxri üzvlərini seçir; · üzvlərin, habelə digər vətəndaşların tənqidi qeydlərinə, ərizə və şikayətlərinə baxır və onların müvafiq qaydada həll edilməsi üzrə tədbirlər görür; · Birlik kadrlarının seçilməsi, yerləşdirilməsi, hazırlanması və ixtisaslarının artırılması istiqamətində iş aparır; · Birliyin Nizamnaməsində nəzərdə tutulmuş digər işləri həyata keçirir. 5.2.7. Birliyin prezidenti Birliyin rəhbəridir və işdə olduğu müddətdə Ümumi Yığıncağın və Birliyin bütün iclaslarını aparır. Birliyin prezidenti İdarə Heyətinin sədri olaraq aşağıdakı vəzifələri həyata keçirir: · Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir; · Ümumi Yığıncağın və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir; · Ümumi Yığıncaq tərəfindən və qanunla onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir. 5.2.8. İdarə Heyətinin sədr müavini İdarə Heyəti və ya Birliyin prezidenti tərəfindən ona həvalə edilmiş hüquq və səlahiyyətlərə malikdir. Prezident işə çıxmadığı müddətdə sədr müavini Birlik prezidentinin vəzifələrini icra edir. 5.2.9. Birliyin mühasibi Birliyin fonduna cavabdehdir və onun İdarə Heyətinin lazım bildiyi qaydada xərclənməsinin uçotunu aparır və nəzarət edir. Mühasib İnstitutun xəzinədarının tələbi ilə və eləcə də, İdarə Heyətinin göstərişi ilə fəaliyyəti haqqında hesabatlar hazırlayıb onlara təqdim edir. O, həm də Birliyin xəzinədarıdır. Mühasibin seçki müddəti başa çatdıqda o, bütün maliyyə məsələləri ilə bağlı sənədləri, Birliyin mülkiyyətinə daxil olan və ona aid bütün işləri təftiş (audit) aparıldıqdan sonra İdarə Heyətinə təhvil verir. 5.2.10. Birliyin katibi İdarə Heyətinin və Birlik prezidentinin müəyyən etdiyi vəzifələri icra edir. Hesabatların uçotu kitabı katibdə saxlanılır. Ümumi Yığıncağın, yaxud İnstitutun katibinin tələbi ilə onlar qarşısında hesabatla çıxış edə bilər. Katib bütün Birlik üzvlərini iclas barədə xəbərdar edir, bir katib kimi öhdəsinə düşən bütün vəzifələri icra edir, Birliyin İdarə Heyəti üzvlərinə və Ümumi Yığıncağa, həmçinin İnstitutun Direktorlar Şurasına Birlikdə işlərin gedişi barədə məlumat verir. Seçki müddəti başa çatdıqda o, bütün qeydiyyat kitabçalarını, protokolları, sənədləri və Birliyin onun sərəncamında olan bütün mülkiyyətini İdarə Heyətinə təhvil verir. 5.3. Birliyin Təftiş komissiyası 5.3.1. Tərkibi Ümumi Yığıncaqda təsdiq edilən Təftiş komissiyası Birliyin fəaliyyətində onun Nizamnaməsinə və Azərbaycan Respublikasının qanunvericiliyinə əməl olunmasına nəzarəti və maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını həyata keçirir. 5.3.2. Təftiş komissiyası 3 (üç) əsas və 3 (üç) ehtiyat üzvdən ibarətdir. Təftiş komissiyası Ümumi Yığıncaq tərəfindən əsas üzvlər arasından gizli səsvermə yolu ilə 3 (üç) il müddətinə seçilir. Təftiş komissiyası birinci iclasında öz üzvləri arasından sədr seçir. 5.3.3. Təftiş komissiyası aşağıda göstərilən məsələləri həll edir: · Birliyin fəaliyyəti haqqında məlumatlar almaq və qeydiyyat kitablarında qeydlərin intizamlı şəkildə aparılmasını təmin etmək məqsədilə ən azı 6 (altı) ayda bir dəfə həmin kitablardakı qeydləri araşdırır; · Birliyin maliyyə məsələlərini yoxlayır, mühasibat işlərini, hesabatlarını, sənədlərini, uçot dəftərlərini və Birlik büdcəsini araşdırır; · aşkar edilmiş nöqsanların və pozuntuların aradan qaldırılması üçün qərar çıxarır və təkliflər hazırlayır; · Nizamnamədə qeyd olunmuş və nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir. 5.3.4. Təftiş komissiyası yoxlama nəticələri haqqında hesabat hazırlayır və onu İdarə Heyətinə və Ümumi Yığıncağa təqdim edir. 5.3.5. Təftiş komissiyasının qərarları Birliyin İdarə Heyətində baxıldıqdan sonra qüvvəyə minir. 5.4. Birliyin İntizam komissiyası 5.4.1. Tərkibi Ümumi Yığıncaqda təsdiq edilən İntizam komissiyası 5 (beş) əsas və 5 (beş) ehtiyat üzvdən ibarətdir. Onlar Ümumi Yığıncaqda Birliyin əsas üzvləri arasından gizli səsvermə yolu ilə 3 (üç) il müddətinə seçilirlər və mövcud hüquqi-normativ aktlara əsasən fəaliyyət göstərirlər. İntizam komissiyası birinci iclasında komissiyanın sədrini seçir. 5.4.2. İntizam komissiyası İdarə Heyətinin müraciətinə əsaslanaraq üzvün Nizamnamənin 4.9-cu bəndində göstərilmiş hallarda və Azərbaycan Respublikasının qanunlarını pozduğuna dair məlumat daxil olduqda bu məlumatları qiymətləndirir və İdarə Heyətinə yazılı şəkildə rəyini bildirir. Eyni zamanda İntizam komissiyası üzvlükdən çıxarılma əvəzinə, üzvlük hüquqlarında nəzərdə tutulan 6 (altı) ay və ya bir il müddətində üzvün möhlətdən istifadə etməsi istiqamətində rəy verə bilər. İntizam komissiyası rəyini bildirməmişdən əvvəl pozuntu haqqında üzvdən izahat almalıdır. Əlaqədar üzv ən azı bir həftə öncədən yazılı şəkildə xəbərdar olunaraq müəyyən edilmiş gündə izahat vermək üçün çağırılmalıdır. Çağırışa gəlməyən, ya da gəlməməsi haqqında üzrlü səbəb bildirməyən üzv izahatdan imtina etmiş sayılır. Üzrlü səbəb qəbul olunduğu halda, çağırışın yeni günü müəyyən edilir və üzvə bildirilir. İntizam komissiyası adi səs çoxluğu ilə qərarlar qəbul edir. İntizam komissiyasında məsələsi müzakirə olunan üzvün çalışdığı təşkilat ilə əlaqəsi və ya bu üzvlə hər hansı bir mənfəət münasibətləri olan İntizam komissiyasının üzvləri iclasda ehtiyat üzvlərlə əvəz olunmalıdırlar. Əlaqədar üzv İntizam komissiyasının rəyinə dair etirazını Ümumi Yığıncağa bildirə bilər. Etiraz yazılı şəkildə ərizə ilə birlikdə İdarə Heyəti sədrinə verilir. Etirazetmə müddəti İntizam komissiyasının rəyinin İdarə Heyəti tərəfindən əlaqədar üzvə bildirilməsindən sonra 30 (otuz) gün müəyyən edilir. İdarə Heyətinin sədri etirazdan sonra toplanılacaq ilk Ümumi Yığıncağın gündəliyində etiraz məsələsini əks etdirməlidir. Ümumi Yığıncağın vaxtına 6 (altı) aydan artıq müddət qalarsa, İntizam komissiyasının rəyinə əsaslanaraq İdarə Heyəti üzvlükdən çıxarılmaya dair qərarı Ümumi Yığıncaqda üzvün etirazını müzakirə etmədən təsdiq edə bilər. Eyni zamanda Birliyi borca salmış və çətinliklər yaratmış üzvün üzvlükdən çıxarılmağa və lazım olarsa onun haqqında məhkəməyə müraciət etməyə Ümumi Yığıncağın iclasına 6 (altı) aya qədər və daha çox müddət olması maneçilik törətmir. Üzvlükdən çıxarılmaya səbəb olan pozuntu baş verdikdə bir il ərzində İdarə Heyəti İntizam komissiyasına müraciət etməzsə, İntizam komissiyası 2 (iki) ay ərzində rəyini bildirməzsə və ya İdarə Heyəti əlaqədar üzvə 2 (iki) ay ərzində qərarı çatdırmazsa, üzvlükdən çıxarılma qərarı qüvvəsini itirir. İntizam komissiyasının iclasları və rəyləri İntizam komissiyasının dəftərinə yazılır və yazılı izahatlarla birlikdə saxlanılır. 5.5. Birliyin Məsləhət komissiyası 5.5.1. Məsləhət komissiyası peşə sahəsində bilik və təcrübələri ilə fərqlənmiş əsas və fəxri üzvlər arasından Ümumi Yığıncaq tərəfindən gizli səsvermə yolu ilə 3 (üç) il müddətinə seçilmiş 9 (doqquz) üzvdən və əvvəl vəzifədə olmuş İdarə Heyəti sədrlərindən ibarətdir. Məsləhət komissiyası birinci iclasında komissiyanın sədrini seçir. Məsləhət komissiyası sədrin təklifi ilə ildə ən azı 2 (iki) dəfə iclas keçirir. Səs çoxluğu ilə məsləhət mahiyyətli qərarlar çıxarır və İdarə Heyətinə bildirir. 5.5.2. Məsləhət komissiyasının əsas vəzifələri bunlardır: · daxili audit peşəsinin inkişafını və problemlərini nəzərdən keçirmək, bu məsələlərə aid tədbirləri müəyyənləşdirərək tövsiyə etmək; · Birliyin məqsədlərinə nail olmaq baxımından strateji xətti müəyyənləşdirmək və bunları tövsiyə etmək; · Birliyin fəaliyyətini məqsədəuyğunluq və nəticə əldə etmə baxımından dəyərləndirmək və lazımi tədbirləri tövsiyə etmək. 5.6. Birliyin İdarəetmə və Fəaliyyət komissiyaları 5.6.1. İdarə Heyəti tərəfindən Birliyin ümumi idarəetmə xidmətlərini həyata keçirmək üçün müəyyən olunmuş sayda mütəxəssislərdən ibarət İdarəetmə komissiyaları yaradılır. Mütəxəssislərin vəzifələri, səlahiyyətləri və hüquqları komissiyaların əsasnamələri ilə müəyyən olunur. 5.6.2. Birliyin məqsədinə və fəaliyyət mövzularına uyğun şəkildə İdarə Heyətinə kömək etmək məqsədilə fəaliyyət komissiyaları təşkil oluna bilər. Fəaliyyət komissiyaları İdarəetmə, Təftiş və Məsləhət komissiyalarına qərar verilməsində kömək edəcək araşdırma aparmaq və təhlil etmək, tövsiyələr vermək və bütün bunları təcrübədə tətbiq etmək istiqamətində fəaliyyət göstərirlər. 6. BİRLİYİN LƏĞV EDİLMƏSİ
6.1. Ümumi Yığıncaq Birliyin ləğv edilməsinə qərar verə bilər. 6.2. Ümumi Yığıncaqda Birliyin ləğv edilməsinə qərar verilməsi üçün Ümumi Yığıncaqda iştirak etmək hüququ olan üzvlərin üçdə ikisinin səsi kifayətdir. İlk toplantıda bu üstünlük əldə olunmazsa, Ümumi Yığıncağın ikinci dəfə iclası çağırılır və bu iclasda iştirak edənlərin sayından asılı olmayaraq Birliyin ləğv edilməsi məsələsi müzakirə olunaraq həll edilir. 6.3. Ümumi Yığıncaqda Birliyin ləğv olunması qərarlaşdırıldıqda üç nəfərdən ibarət ləğvetmə komissiyası yaradılır. 6.4. Əgər Birlik ləğv olunarsa, onun əmlakı Ümumi Yığıncaq tərəfindən Birliyin Nizamnamə məqsədlərinə uyğun fəaliyyət göstərən hər hansı təşkilata və ya xeyriyyə məqsədləri üçün təhvil verilir.
|