2000-ci il iyunun 17-də
Daxili Auditorlar İnstitutunun
Direktorlar Şurası tərəfindən
qəbul edilmişdir
Daxili Auditorlar İnstitutu
E T İ K A M Ə C Ə L L Ə S İ
GİRİŞ
Daxili Auditorlar İnstitutu Etika Məcəlləsinin məqsədi daxili auditor peşəsinin etik standartlarını müəyyən etməkdir.
Daxili audit – müəssisə və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş müstəqil və obyektiv təminat və məsləhətlərin verilməsi üzrə fəaliyyətdir. Daxili audit risklərin idarə olunması, nəzarət və korporativ idarəetmə sisteminin qiymətləndirilməsinə və səmərəliliyinin yüksəldilməsinə sistemli və ardıcıl yanaşmadan istifadə etməklə, qarşıya qoyulmuş məqsədlərə nail olmaqda müəssisə və təşkilata kömək edir.
Əsasında risklərin idarə edilməsi, nəzarət və korporativ idarəetmə sahəsində obyektiv təminatlar verilməsinə inam dayanan daxili auditor peşəsi üçün Etika Məcəlləsi çox vacib və zəruridir. İnstitutun Etika Məcəlləsinin təsiri daxili auditin tərifi çərçivəsindən kənara çıxır və iki mühüm komponenti əhatə edir:
1) Daxili auditin peşə və təcrübəsinə aid olan prinsipləri;
2) Daxili auditorların davranış normalarını müəyyənləşdirən Davranış Qaydalarını. Bu Qaydalar praktikada peşə prinsiplərinin şərhinə və tətbiqinə kömək edir və daxili auditor üçün etik rəhbər göstərişlər kimi nəzərdə tutulmuşdur.
İnstitutun Etika Məcəlləsi, «Peşə təcrübəsinin konseptual əsasları» və İnstitut tərəfindən nəşr etdirilmiş digər qaydalarla birlikdə, daxili auditorlar üçün rəhbər göstərişlərdir. "Daxili auditorlar" anlayışı altında İnstitutun üzvləri, İnstitutun peşə sertifikatlarının sahibləri və ya sertifikat almağa namizəd olanlar və daxili auditor peşəsinin tərifi çərçivəsində müvafiq xidmətləri göstərən şəxslər başa düşülür.
FƏALİYYƏT DAİRƏSİ VƏ TƏTBİQİ
Bu Etika Məcəlləsi daxili audit xidmətləri göstərən şəxslərə və müəssisələrə şamil edilir.
İnstitutun üzvləri və peşə sertifikatlarının sahibləri və ya sertifikat almağa namizəd olanlar tərəfindən Etika Məcəlləsinin pozulmasını İnstitut özünün Nizamnaməsinə və «İnzibati qaydalar»ına uyğun olaraq qiymətləndirəcək və münasibət bildirəcəkdir. Konkret davranış halının Davranış Qaydalarında əks olunmaması həmin davranış halının məqbul sayılmayacağını istisna etmir və buna görə İnstitutun üzvləri, sertifikat sahibləri və ya sertifikat almağa namizəd olanlar inzibati cəzaya cəlb edilə bilərlər.
PRİNSİPLƏR
Daxili auditorlar aşağıdakı prinsipləri rəhbər tutmalıdırlar:
Düzgünlük
Daxili auditorun düzgünlüyü onun fikrinə olan inamın əsaslandığı bünövrədir.
Obyektivlik
Daxili auditorlar audit obyekti haqqında məlumatların toplanması, qiymətləndirilməsi və ötürülməsi prosesində ən yüksək peşə obyektivliyi nümayiş etdirirlər. Daxili auditorlar işə aidiyyatı olan bütün halları düşünülmüş şəkildə qiymətləndirir və mülahizələrində şəxsi maraqlarının və ya digər şəxslərin maraqlarının təsirinə məruz qalmırlar.
Məxfilik
Daxili auditorlar özlərinin fəaliyyəti prosesində aldıqları məlumatın mülkiyyət hüququna hörmətlə yanaşır və məlumatın açıqlanmasının hüquqi və ya peşə vəzifələrindən irəli gəldiyi hallar istisna olmaqla, müvafiq səlahiyyətləri olmadan belə məlumatı açıqlamırlar.
Peşəkar səriştəlilik
Daxili auditorlar daxili audit xidmətlərinin göstərilməsi üçün lazım olan bilikləri, vərdişləri və təcrübəni tətbiq edirlər.
DAVRANIŞ QAYDALARI
1. Düzgünlük
Daxili auditorlar:
1.1. İşin icrası zamanı doğruçu, vicdanlı və məsuliyyətli olmalıdırlar;
1.2. Qanun çərçivəsində hərəkət etməli və qanun və ya peşə standartları tələb etdikdə, müvafiq məlumatı açıqlamalıdırlar;
1.3. Daxili auditor peşəsini və ya müəssisə və təşkilatını gözdən salan aksiya və ya hərəkətlərdə şüurlu surətdə iştirak etməməlidirlər;
1.4. Müəssisə və təşkilatının hüquqi və etik cəhətdən düzgün olan məqsədlərinə hörmət etməli və onlara nail olunmasına töhfə verməlidirlər.
2. Obyektivlik
Daxili auditorlar:
2.1. Onların qərəzsizliyinə zərər yetirə bilən və ya zərər yetirən kimi qəbul olunan hər hansı bir fəaliyyətdə iştirak etməməlidirlər. Bu, həmçinin müəssisə və təşkilatın maraqlarına zidd ola bilən fəaliyyət və münasibətlərə aiddir;
2.2. Onların peşəkar qərarlarına zərər yetirə bilən və ya zərər yetirən kimi qəbul olunan heç bir hədiyyəni qəbul etməməlidirlər;
2.3. Onlara məlum olan və audit obyekti barədə hesabatda göstərilmədikdə, hesabatı təhrif edə bilən bütün maddi faktları açıqlamalıdırlar.
3. Məxfilik
Daxili auditorlar:
3.1. Vəzifələrinin icrası gedişində əldə etdikləri məlumatların istifadəsi və mühafizəsində ağılla hərəkət etməlidirlər;
3.2. Məlumatlardan şəxsi mənafeləri naminə və ya qanuna zidd, yaxud müəssisə və təşkilatının hüquqi və etik cəhətdən doğru olan məqsədlərinə zərər yetirə biləcək şəkildə istifadə etməməlidirlər.
4. Peşəkar səriştəlilik
Daxili auditorlar:
4.1. Yalnız yerinə yetirilməsi üçün bilik, vərdiş və təcrübələrinin yetərli olduğu tapşırıqların icrasında iştirak etməlidirlər;
4.2. Daxili audit xidmətlərini «Daxili Auditin Peşə Təcrübəsi üzrə Beynəlxalq Standartlar»a uyğun həyata keçirməlidirlər;
4.3. Peşə ustalıqlarını, habelə göstərilən xidmətlərin keyfiyyətini müntəzəm olaraq yüksəltməlidirlər.