Azərbaycan Respublikası AS1ÜS 036/049-99
Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının
1999-cu il 2 aprel tarixində Auditorlar Palatası Şurasının
dövlət qeydiyyatına alınmışdır 1999-cu il 24 mart tarixli 32/2 saylı
(Qeyd № 155) qərarı ilə təsdiq edilmişdir
AUDİTİN PLANLAŞDIRILMASI
I. Giriş
1.1. Bu standart «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanununa və «Auditin planlaşdırılması» (ISA “Audit planninq”) beynəlxalq audit standartına uyğun olaraq hazırlanmışdır.
1.2. Standartın məqsədi təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatının auditi planlaşdırılarkən auditor təşkilatları və ya sərbəst auditorlar (bundan sonra «Auditor» adlandırılacaqdır) tərəfindən tətbiq edilən normaların müəyyən olunmasıdır.
1.3. Standartın vəzifələri aşağıdakılardır:
a) auditin planlaşdırılmasının ilkin mərhələsinin müəyyən edilməsi;
b) auditin ümumi planının və proqramının hazırlanması prinsiplərinin müəyyən edilməsi;
v) auditin ümumi planının və proqramının hazırlanması və tərtib olunması qaydasının müəyyən edilməsi.
1.4. Standartın tələbləri rəsmi auditor rəyinin hazırlanması nəzərdə tutulan auditin keçirilməsində bütün auditorlar üçün məcburi, auditor rəyinin hazırlanması tələb olunmayan könüllü auditdə, habelə digər auditor xidmətlərinin göstərilməsində isə tövsiyə xarakteri daşıyır. Konkret tapşırığın yerinə yetirilməsində bu standartın məcburi tələblərindən yayınma hallarında auditor bunu öz işçi sənədlərində, habelə auditi və ya digər auditor xidmətlərini sifariş edən təsərrüfat subyektinin rəhbərliyinə təqdim etdiyi rəsmi hesabatda məcburi qaydada qeyd etməlidir.
II. Auditin planlaşdırılmasının təyinatı və prinsipləri
2.1. Auditor auditin keçirilməsi haqqında təsərrüfat subyekti ilə müqavilə bağladıqdan sonra auditi planlaşdırmalıdır.
2.2. Planlaşdırma – auditin həcmi, planlaşdırılan işlərin növləri və onların icra müddəti göstərilməklə auditin ümumi planının, habelə təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatı haqqında rəyin hazırlanması üçün zəruri olan audit prosedurlarının həcmini, növlərini və ardıcıllığını müəyyən edən audit proqramının işlənib hazırlanmasından ibarətdir.
2.3. Auditor auditin planlaşdırılmasını auditin ümumi prinsiplərinə, habelə aşağıdakı xüsusi prinsiplərə uyğun olaraq aparmalıdır:
a) planlaşdırmanın kompleksliyi;
b) planlaşdırmanın fasiləsizliyi;
v) planlaşdırmanın optimallığı.
2.4. Auditin planlaşdırılmasının kompleksliyi prinsipi ilkin planlaşdırmadan tutmuş auditin ümumi planının və proqramının tərtibinə qədər planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı uyğunluğunun təmin olunmasını nəzərdə tutur.
2.5. Auditin planlaşdırılmasının fasiləsizlik prinsipi auditorlar qrupuna əlaqəli tapşırıqların verilməsində və planlaşdırmanın mərhələlərinin müddətlər və təsərrüfat subyektləri üzrə əlaqələndirilməsində ifadə edilir. Auditin dövrü planlaşdırılarkən həmin dövr ərzində auditor təsərrüfat subyektinin maliyyə-təsərrüfat fəaliyyətində dəyişiklikləri və aralıq auditor yoxlamalarının nəticələrini nəzərə almaqla auditin keçirilməsi planında və proqramında vaxtında düzəliş etməlidir.
2.6. Auditin planlaşdırılmasının optimallıq prinsipi ondan ibarətdir ki, planlaşdırma prosesində auditor auditin ümumi planının və proqramının optimal variantının auditorun özünün müəyyən etdiyi meyarlar əsasında seçilməsinin mümkün olması üçün planlaşdırmanın variantlığını təmin etməlidir.
2.7. Auditor auditin planlaşdırılmasında aşağıdakı əsas mərhələləri ayırmalıdır:
a) auditin ilkin planlaşdırılması;
b) auditin ümumi planının hazırlanması və tərtib edilməsi;
v) auditin proqramının hazırlanması və tərtib edilməsi.
III. Auditin ilkin planlaşdırılmasının məzmunu
3.1. Auditin səmərəli planlaşdırılması üçün məktub-öhdəlik yazılana və auditin keçirilməsi haqqında müqavilə bağlanılana qədər auditor auditin keçirilməsi ilə əlaqədar əsas təşkilati məsələləri təsərrüfat subyektinin rəhbərliyi ilə razılaşdırmalıdır.
3.2. İlkin planlaşdırma mərhələsində auditor təsərrüfat subyektinin maliyyə-təsərrüfat fəaliyyəti ilə tanış olmalı və aşağıdakılar haqqında informasiyaya malik olmalıdır:
3.2.1. Təsərrüfat subyektinin maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən, bütövlükdə ölkədə (regionda) iqtisadi vəziyyəti və onun sahə xüsusiyyətlərini əks etdirən xarici amillər;
3.2.2. Təsərrüfat subyektinin maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən, onun fərdi xüsusiyyətləri ilə əlaqədar olan daxili amillər.
Auditor həmçinin aşağıdakılarla tanış olmalıdır:
a) təsərrüfat subyektinin təşkilati-hüquqi forması və idarəetmə strukturu ilə;
b) istehsal fəaliyyətinin növləri və buraxılan məhsulun (göstərilən iş və xidmətin) çeşidi ilə;
v) kapitalın strukturu və səhmlərin məzənnəsi ilə (təsərrüfat subyektinin səhmlərinin qiyməti təyin edilməli olduğu halda);
q) məhsul istehsalının texnoloji xüsusiyyətləri ilə;
ğ) rentabelliyin səviyyəsi ilə;
d) təsərrüfat subyektinin əsas alıcıları və malgöndərənləri ilə;
e) müəssisənin sərəncamında qalan mənfəətin bölüşdürülməsi qaydası ilə;
ə) törəmə və tabeli müəssisələrin mövcudluğu ilə;
j) təsərrüfat subyektinin təşkil etdiyi daxili nəzarət sistemi ilə;
z) işçi heyətinin əməyinin ödənilməsinin formalaşdırılması prinsipləri ilə.
3.3. Auditor üçün təsərrüfat subyekti haqqında informasiya alınmasının mənbəyi aşağıdakılar olmalıdır:
a) təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında sənədlər;
b) təsərrüfat subyektinin direktorlar şurasının iclaslarının, səhmdarların yığıncaqlarının, yaxud başqa müvafiq idarəetmə orqanlarının protokolları;
v) təsərrüfat subyektinin uçot siyasətini reqlamentləşdirən və onda dəyişikliklər edən sənədlər, ilkin uçot sənədləri və registrləri;
q) mühasibat hesabatları və uçot siyasətini açıqlayan digər arayışlar;
ğ) statistika hesabatları;
d) təsərrüfat subyektinin fəaliyyətinin planlaşdırılması sənədləri (planlar, smetalar, layihələr, ştat cədvəlləri, əmək haqqı sistemini formalaşdıran digər sənədlər);
e) təsərrüfat subyektinin kontraktları, müqavilələri, sazişləri;
ə) daxili auditorların və məsləhətçilərin hesabatları;
j) müəssisədaxili təlimatlar;
z) mühasibat uçotu üzrə normativ hüquqi aktlar;
i) vergi və digər dövlət orqanlarının yoxlama materialları;
ı) məhkəmələrin qərarları;
y) təsərrüfat subyektinin istehsal və təşkilat strukturunu reqlamentləşdirən sənədlər, onun filiallarının və törəmə müəssisələrinin siyahısı;
k) təsərrüfat subyektinin rəhbərliyi və əməkdaşları ilə aparılmış sorğulardan alınan məlumatlar;
g) təsərrüfat subyekti, onun əsas sahələri, anbarları nəzərdən keçirilərkən alınan informasiyalar.
3.4. Auditor ilkin planlaşdırma mərhələsində auditin keçirilməsi imkanını qiymətləndirməlidir. Əgər auditor auditin keçirilməsini mümkün hesab edirsə, onda o, auditin keçirilməsi üçün qrupun tərkibini formalaşdırır və təsərrüfat subyekti ilə müqavilə bağlayır.
3.5. Auditor qrupuna daxil olan mütəxəssislərin tərkibi planlaşdırılarkən aşağıdakılar nəzərə alınmalıdır:
a) auditin hazırlıq, əsas və yekun mərhələlərinin hər biri üçün nəzərdə tutulan iş vaxtı;
b) qrupun tərkibi;
v) qrupun üzvlərinin vəzifələri;
q) qrupun üzvlərinin ixtisas səviyyəsi.
IV. Auditin ümumi planının və proqramının
hazırlanması prinsipləri
4.1. Auditor auditin ümumi planının və proqramının hazırlanmasına başlayaraq, təsərrüfat subyekti haqqında ilkin biliklərə, habelə keçirilmiş analitik prosedurların nəticələrinə əsaslanmalıdır.
4.2. Analitik prosedurların keçirilməsinin köməyi ilə auditor audit üçün əhəmiyyətli olan sahələri aşkar etməlidir. Analitik prosedurların mürəkkəbliyini, həcmini və keçirilmə müddətini auditor təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatı göstəricilərinin həcmindən və mürəkkəbliyindən asılı olaraq müəyyən etməlidir.
4.3. Auditin ümumi planının və proqramının hazırlanması prosesində auditor təsərrüfat subyektinin daxili nəzarət sisteminin səmərəliyini və nəzarət riskini qiymətləndirməli və bu məqsədlə kifayət qədər auditor sübutları toplamalıdır.
4.4. Auditin ümumi planı və proqramı hazırlanarkən auditor onun üçün münasib olan, mühasibat (maliyyə) hesabatını mötəbər saymağa imkan verən əhəmiyyətlilik səviyyəsini və auditor riskini müəyyən etməlidir. Auditor riskini planlaşdıraraq, auditor təsərrüfat subyektinin auditindən asılı olmayaraq onun mühasibat (maliyyə) hesabatına xas olan təsərrüfatdaxili riskini və nəzarət riskini müəyyən edir. Müəyyən edilmiş risklərin və əhəmiyyətlilik səviyyələrinin köməyi ilə auditor audit üçün əhəmiyyətli olan sahələri aşkar edir və zəruri audit prosedurlarını planlaşdırır. Audit prosesində planlaşdırmada müəyyən edilmiş auditor riskinin və əhəmiyyətlilik səviyyəsinin dəyişməsinə təsir edən şərait yarana bilər.
4.5. Auditor auditin ümumi planını və proqramını tərtib edərkən informasiyanın işlənilməsini, audit prosedurlarının həcmini və xarakterini dəqiq müəyyənləşdirməyə imkan verən metodları seçməlidir.
4.6. Əgər auditor məqsədəuyğun hesab edərsə, auditin ümumi planının və proqramının ayrı-ayrı müddəalarını təsərrüfat subyektinin rəhbərliyi ilə razılaşdıra bilər. Bu zaman auditor auditin ümumi planında və proqramında əks olunan üsulların və metodların seçilməsində müstəqildir, lakin o, iş planına və proqrama uyğun olaraq, öz işinin nəticələrinə görə tam məsuliyyət daşıyır.
4.7. Ümumi planın və proqramın hazırlanmasında auditorun apardığı prosedurların nəticələri müfəssəl sənədləşdirilməlidir, belə ki, bu nəticələr auditin planlaşdırılması üçün əsasdır və auditin bütün prosesi ərzində istifadə oluna bilər.
V. Auditin ümumi planının hazırlanması və tərtib edilməsi
5.1. Ümumi plan auditin proqramının həyata keçirilməsinə xidmət etməlidir.
5.2. Audit prosesində auditorda ümumi planın ayrı-ayrı müddəalarının yenidən nəzərdən keçirilməsi üçün əsas yarana bilər. Auditor planda edilən dəyişiklikləri və dəyişikliklərin səbəblərini müfəssəl sənədləşdirməlidir.
5.3. Ümumi planda auditor auditin keçirilməsi müddətini nəzərdə tutmalı və auditin keçirilməsi, hesabatın (təsərrüfat subyektinin rəhbərliyinə yazılı informasiya) və auditor rəyinin hazırlanması müddətini müəyyən etməlidir.
Vaxt məsrəflərinin planlaşdırılması prosesində auditor aşağıdakıları nəzərə almalıdır:
a) real əmək məsrəflərini;
b) əvvəlki dövrdə vaxt məsrəflərinin hesablanmasını (təkrar auditin keçirildiyi halda) və onun cari hesablanma ilə əlaqəsini;
v) əhəmiyyətlilik səviyyəsini;
q) audit risklərinin qiymətləndirilməsini.
5.4. Ümumi planda auditor ilkin təhlil, daxili nəzarət sisteminin etibarlılığının və auditor risklərinin qiymətləndirilməsi nəticələri əsasında audit keçirilməsinin üsullarını müəyyən edir.
Auditor seçmə yolu ilə auditin keçirilməsini qərara aldıqda, müvafiq audit standartına uyğun olaraq auditor seçməsini formalaşdırır.
5.5. Yerinə yetirilən auditin idarə olunmasının və keyfiyyətinə nəzarətin planlaşdırılması ümumi planın tərkib hissəsidir. Ümumi planda aşağıdakıların nəzərdə tutulması tövsiyə edilir:
a) auditor qrupunun formalaşdırılması, auditin keçirilməsinə cəlb edilən auditorların sayı və ixtisası;
b) auditorların peşə keyfiyyətlərinə və vəzifələrinə uyğun olaraq auditin konkret sahələri üzrə onların bölüşdürülməsi;
v) qrupun bütün üzvlərinin vəzifə borcları barədə təlimatlandırılması, təsərrüfat subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə auditin ümumi planının müddəaları ilə tanış edilməsi;
q) planın yerinə yetirilməsinə və auditorun işinin keyfiyyətinə, iş sənədlərinin və auditin nəticələrinin müəyyən olunmuş qaydada rəsmiləşdirilməsinə auditor qrupu rəhbərinin nəzarəti;
ğ) audit prosedurlarının həyata keçirilməsi praktikası ilə əlaqədar metodik məsələlərin rəhbərlik tərəfindən auditor qrupuna izah edilməsi;
d) bu və ya digər faktın qiymətləndirilməsində auditor qrupunun rəhbəri ilə onun sıravi üzvü arasında fikir ayrılığı yarandıqda auditor qrupu üzvünün (icraçının) xüsusi rəyinin sənədli rəsmiləşdirilməsi.
5.6. Auditin ümumi planının nümunəvi məzmunu bu standarta 1 saylı əlavədə verilmişdir.
VI. Auditin proqramının hazırlanması və tərtib edilməsi
6.1. Auditin proqramı auditin ümumi planının inkişafıdır və auditin planının praktiki surətdə həyata keçirilməsi üçün zəruri olan audit prosedurlarının məzmununun müfəssəl siyahısından ibarətdir.
Proqram auditorun köməkçiləri (assistentləri) üçün müfəssəl təlimatdır və eyni zamanda auditor üçün işin keyfiyyətinə nəzarət vasitəsidir.
6.2. Auditor auditin proqramını sənədlə rəsmiləşdirməli, keçirilən hər bir audit proseduruna iş prosesi zamanı auditorun öz iş sənədlərində əsaslanmağa imkanı olması üçün onları nömrə və ya kodla işarələməlidir.
6.3. Audit proqramını nəzarət vasitələri testlərinin və audit prosedurlarının proqramı şəklində tərtib etmək lazımdır.
6.4. Nəzarət vasitələri testlərinin proqramı daxili nəzarət və uçot sisteminin fəaliyyəti haqqında informasiyanın toplanması üçün nəzərdə tutulmuş işlərin məcmusunun siyahısından ibarətdir. Nəzarət vasitələri testlərinin vəzifəsi odur ki, onlar təsərrüfat subyektinin nəzarət vasitələrinin ciddi nöqsanlarını aşkara çıxarmağa kömək edirlər.
6.5. Audit prosedurlarına əslində mühasibat uçotunda hesablar üzrə dövriyyələrin və qalıqların (saldonun) düzgün əks etdirilməsinin müfəssəl yoxlanılması daxildir.
Konkret yoxlamalar üçün audit prosedurları proqramı auditor tərəfindən görüləcək işlərin siyahısından ibarətdir. Prosedur üçün auditor müəyyən etməlidir ki, o, mühasibat uçotunun (hesablar planının) məhz hansı bölmələrini yoxlayacaq və onun hər bir bölməsi üzrə auditin proqramını tərtib edəcək.
6.6. Auditin keçirilməsi şərtlərinin dəyişməsindən və audit prosedurlarının nəticələrindən asılı olaraq, auditin proqramına yenidən baxılarsa, onda bu dəyişikliklərin səbəbləri və onların nəticələri rəsmiləşdirilməlidir.
6.7. Audit proqramının hər bir bölməsi üzrə auditorun gəldiyi və iş sənədlərində əks etdirdiyi nəticələr auditor aktının (hesabatının) və auditor rəyinin tərtib edilməsi üçün əsasdır.
6.8. Audit proqramının nümunəvi məzmunu bu standarta 2 saylı əlavədə verilmişdir.
6.9. Auditin ümumi planı və proqramı sənədləşdirilərək müəyyən olunmuş qaydada imzalanmalıdır.
«Auditin planlaşdırılması»
standartına 1 saylı əlavə
AUDITIN ÜMUMI PLANI
Sifarişçi təsərrüfat subyektinin adı _____________________
Auditlə əhatə edilən dövr _____________________
Auditin başlanma və sona
çatdırılması vaxtı _____________________
Adam-günlərin
(adam-saatların) miqdarı _____________________
Auditor qrupunun rəhbəri _____________________
Auditor qrupunun tərkibi _____________________
Auditor qrupunun rəhbəri _____________________
«Auditin planlaşdırılması»
standartına 2 saylı əlavə
AUDIT PROQRAMI
Sifarişçi təsərrüfat subyektinin adı _____________________
Auditlə əhatə edilən dövr _____________________
Auditin başlanma və sona
çatdırılması vaxtı _____________________
Adam-günlərin
(adam-saatların) miqdarı _____________________
Auditor qrupunun rəhbəri _____________________
Auditor qrupunun tərkibi _____________________

Auditor qrupunun rəhbəri _____________________
AS1ÜS 037/052-99
Azərbaycan Respublikasının
Auditorlar Palatası Şurasının
1999-cu il 7 dekabr tarixli 43/1 saylı
qərarı ilə təsdiq edilmişdir
AUDİT APARILMASININ ŞƏRTLƏRİ
(MƏKTUB-ÖHDƏLİK)
I. Giriş
1.1. Bu standart «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanununa və «Audit aparılmasının şərtləri» (İSA «Terms of Audit Enqaqements») beynəlxalq audit standartına uyğun olaraq auditor fəaliyyətini tənzimləmək üçün hazırlanmışdır.
1.2. Standartın məqsədi auditin aparılması haqqında müqavilənin bağlanılması mərhələsində sifarişçi təsərrüfat subyektlərinin, auditor təşkilatlarının və ya sərbəst auditorların (bundan sonra «Auditor» adlandırılacaqdır) öhdəliklərinin müəyyən edilmiş qaydada tərtib edilməsindən ibarətdir.
1.3. Standartın vəzifələri aşağıdakılardır:
a) audit aparılmasına razılıq haqqında auditorun məktub-öhdəliyinin hazırlanması qaydasının və şərtlərinin müəyyən edilməsi;
b) məktub-öhdəliyin hazırlanmasında auditora kömək edilməsi;
v) audit aparılması haqqında müqavilə bağlanılarkən təsərrüfat subyektlərinin və auditorların qarşılıqlı hüquqlarının, öhdəliklərinin və məsuliyyətlərinin şərh edilməsi.
1.4. Standartın tələbləri bütün auditorlar üçün rəsmi auditor rəyinin hazırlanması nəzərdə tutulan auditlərdə sifarişçi təsərrüfat subyektləri tərəfindən tələb olunan hallarda məcburi, auditor rəyinin hazırlanması tələb olunmayan könüllü auditdə, habelə digər auditor xidmətlərinin göstərilməsində isə tövsiyə xarakteri daşıyır. Auditor nəzərə almalıdır ki, “Audit aparılmasının şərtləri (məktub-öhdəlik)” audit standartının tələblərinə riayət edilməsi aparılan auditin keyfiyyətli olmasına və auditorun imicinin yüksəlməsinə təsir edən bir amil kimi qiymətləndirilir.
II. Məktub-öhdəliyin hazırlanması şərtləri
2.1. Məktub-öhdəlikdən əvvəl təsərrüfat subyektinin audit aparılması və ya auditor xidmətləri göstərilməsi barədə rəsmi müraciəti olmalıdır.
2.2. Auditin aparılmasına dair müqavilə bağlananadək onun şərtlərinin düzgün başa düşülməsi üçün məktub-öhdəlik təsərrüfat subyektinin rəhbərliyinə göndərilməlidir.
Təsərrüfat subyekti auditin şərtləri ilə razılaşdığına dair auditorun təklifini rəsmi qaydada təsdiq etməlidir.
Əgər təsdiqetmə alınmışdırsa, onda məktubun şərtləri auditor yoxlamasının aparılması haqqında müqavilənin icra müddətində qüvvədə qalır.
2.3. Əgər uzunmüddətli müqavilədə auditin məqsədi və həcmi tərəflər arasında müəyyən edilmişdirsə, onda məktub-öhdəlik tərtib edilməyə bilər, yaxud təsərrüfat subyekti üçün onun məzmunu barədə əlavə məlumat təqdim edilməlidir.
2.4. Auditor tərəfindən təsərrüfat subyektinə göndərilən məktub-öhdəlik audit aparılmasına dair razılığı və ya həmin təsərrüfat subyektinin auditor təyin olunması barədə təklifinin qəbul edilməsini təsdiq edir.
III. Məktub-öhdəliyin forması və məzmunu
3.1. Məktub-öhdəlik aşağıdakı bölmələr üzrə tərtib edilməlidir:
a) auditor yoxlamasının şərtləri;
b) auditorun öhdəlikləri;
v) təsərrüfat subyektinin öhdəlikləri.
3.2. Məktub-öhdəlik audit aparılmasının şərtləri üzrə aşağıdakı zəruri məlumatları özündə əks etdirməlidir:
a) təsərrüfat subyekti haqqında məlumatı və auditin məqsədini, xüsusilə təsərrüfat subyektinin filial və ya nümayəndəlikləri mövcud olduğu halda onlarda audit aparılması qaydasını;
b) sifarişçinin mühasibat hesabatlarının düzgünlüyünə dair auditor rəyinə filial, nümayəndəlik və törəmə müəssisəsinin mühasibat hesabatlarının düzgünlüyünə dair rəyin daxil edilib-edilməməsini;
v) audit aparılmasına əsas olan qanunvericilik aktları və normativ sənədlər barəsində məlumatları;
q) audit zamanı həll edilməli əlavə məsələlər haqqında məlumatları.
3.3. Məktub-öhdəlik auditorun öhdəlikləri üzrə aşağıdakı zəruri göstərişləri özündə əks etdirməlidir:
a) görülmüş işlərin nəticəsi üzrə auditorun hesabat formasını;
b) göstərilən xidmətlərə görə auditorun məsuliyyətini;
v) kommersiya sirlərinə riayət edilməsi üzrə auditorun öhdəliklərini;
q) təsərrüfat subyektinin daxili nəzarət sisteminin təkmilləşdirilməməsi və tətbiq edilən audit prosedurlarının seçmə xüsusiyyətləri ilə əlaqədar olaraq mühasibat uçotu və hesabatlarında səhvlərin və ya əhəmiyyətli qeyri-müəyyənliyin aşkar edilməməsinin mövcudluğunu.
3.4. Məktub-öhdəlik təsərrüfat subyektlərinin öhdəlikləri üzrə aşağıdakı zəruri göstərişləri özündə əks etdirməlidir:
a) təqdim edilən mühasibat uçotu və hesabatlarına dair sənədlərin tam və düzgün olmasına görə təsərrüfat subyektinin və onun icra orqanının məsuliyyəti;
b) auditin aparılması üçün lazım olan ilkin sənədlərə, mühasibat registrlərinə, digər sənədlərə və məlumatlara sərbəst buraxılışın təmin edilməsi;
v) təsərrüfat subyektinin mühasibat uçotunun düzgünlüyünə dair auditorun fikrini hər hansı formada dəyişdirmək məqsədilə auditora təzyiq göstərilməməsi.
3.5. Auditor öz təşəbbüsü ilə və ya təsərrüfat subyektinin təklifinə müvafiq olaraq məktub-öhdəliyin mətninə əlavə olaraq aşağıdakıları da daxil edə bilər:
a) Azərbaycan Respublikasının Auditorlar Palatasına, beynəlxalq və digər auditor təşkilatlarına üzv olmaq, daha iri sifarişçilər, işçilərin ixtisası, auditor tərəfindən göstərilən xidmətlər haqqında ümumi məlumatları;
b) auditin aparılmasına dair təqvim planını və göndərilən auditorlar qrupunun tərkibini;
v) audit aparılmasının tətbiq edilən metodlarının ümumi xüsusiyyətlərini;
q) auditin dəyərinin ödənilməsi şərtlərini;
ğ) audit aparılan təsərrüfat subyektinin fəaliyyət aspektlərində auditorun və həmin subyektin vacib hesab etdiyi müstəqil ekspertlərin, digər auditorların xidmətlərindən istifadə edilməsinə dair təklifləri;
d) təsərrüfat subyektinin razılığı ilə əvvəlki auditin nəticələrindən auditorun istifadə etməsini;
e) auditorun məsuliyyətinin ən mühüm məhdudiyyətinin təsvirini;
ə) auditor rəyindən təyinatı üzrə istifadə edilməsinə dair təkliflərini;
j) auditor ilə təsərrüfat subyekti arasında müqavilə münasibətlərinin inkişafına dair təklifləri.
3.7. Auditor təkrar audit zamanı təsərrüfat subyektinə aşağıdakı hallarda məktub-öhdəlik göndərir:
a) auditorun və təsərrüfat subyektinin məsuliyyətinin, auditin həcminin və məqsədinin təsərrüfat subyekti tərəfindən düzgün başa düşülməməsi faktları olduqda;
b) təsərrüfat subyektinin icra orqanı tərəfindən audit aparılmasının şərtləri dəyişdirildikdə;
v) təsərrüfat subyektinin rəhbərliyinin tərkibində dəyişiklik edildikdə;
q) təsərrüfat subyektinin fəaliyyət dairəsi və ya istiqaməti əhəmiyyətli dərəcədə dəyişdikdə;
ğ) məktub-öhdəlikdə əks etdirilənlərə təsir göstərən qanunvericilikdə dəyişiklik edildikdə;
d) məktub-öhdəlikdə digər əhəmiyyətli dəyişiklik edildikdə.
3.8. Əgər auditor yeni məktub-öhdəliyin göndərilməməsi barədə qərar qəbul etmişdirsə, onda o, əvvəlki məktub-öhdəliyin məzmununun saxlanılması barədə təsərrüfat subyektinə bildirməlidir.
3.9. Məktub-öhdəliyin nümunəvi forması bu standarta 1 saylı əlavədə göstərilmişdir.
«Audit aparılmasının şərtləri
(məktub-öhdəlik)» audit standartına
1 saylı əlavə
Məktub-öhdəliyin təklif edilən
FORMASI
Auditor təşkilatının (auditorun) ________________________
blankı və ya künc ştampı (təsərrüfat subyektinin adı,
Göndərilən № [...], ____________________________
imza edilən tarix məsul şəxsinin vəzifəsi, soyadı,
adı və atasının adı)
Audit aparılmasının şərtləri (məktub-öhdəlik)
Hörmətli [...] !
Sizin ___________________________________________müəssisənizin
(təsərrüfat subyektinin adı)
mühasibat (maliyyə) hesabatlarının auditinin aparılması haqqında təklifinizi qəbul edərək bu məktub-öhdəliklə təsdiq edirik. Audit standartlarına və digər hüquqi-normativ aktlara əsasən ______________________ mühasibat balansı, maliyyə nəticələrinə dair
(auditlə əhatə olunan dövr)
hesabat, balansa əlavələr, mühasibat uçotu registrləri və ayrı-ayrı ilkin sənədlər yoxlanılacaqdır.
Bizim tərəfimizdən audit Azərbaycan Respublikasının qanunvericilik aktlarına (mühasibat hesabatlarının tərtib edilməsi qaydasını və auditor fəaliyyətini tənzimləyən qanunvericilik və normativ aktlar göstərilməlidir) əsasən aparılacaqdır.
Auditin məqsədi _________________________________________ üzrə
(cari il və ya digər hesabat dövrü)
_________________________________ mühasibat (maliyyə) hesabatlarının
(təsərrüfat subyektinin adı)
dürüstlüyü haqqında auditorun fikrini ifadə edən rəy verməkdən ibarətdir.
Audit zamanı həmçinin təsərrüfat subyektinin audit aparılacaq filial, nümayəndəlik və törəmə müəssisələrinin fəaliyyəti yoxlanılacaqdır. Biz öz nəticələrimizi əsaslandırmaq üçün sizin təşkilatın işçilərinin köməyinə ümid edərək, daxili nəzarətin vəziyyətinin, uçot məlumatlarının yetərliyinin və dürüstlüyünün yoxlanılmasının bir sıra prosedurlarından və testlərindən istifadə edəcəyik.
Auditin testlərinin seçilmə və digər özünəməxsus xüsusiyyətlərini, auditlə əhatə olunacaq sənədlərin həcminin böyük olmasını nəzərə alaraq, ayrı-ayrı qeyri-müəyyənlik və səhvlərin aşkar edilməməsi riski mövcuddur. Biz hər şeyi edəcəyik ki, həmin riski minimuma endirmək mümkün olsun, lakin nəticənin tam dəqiqliyinə (auditdə qəbul edilmiş ümumi qaydaya əsasən) zəmanət verə bilmərik. Siz mühasibat uçotu və hesabatlarında müəyyən edilmiş qaydadan kənarlaşmaların və mühasibat hesabatlarının qəsdən təhrif edilməsi faktlarının aşkar edilməsi haqqında bizim yazılı hesabatımızla məlumatlandırılacaqsınız.
Bundan başqa, Sizin tapşırığınıza əsasən biz sizə aşağıdakı əlavə xidmətləri göstərə bilərik (xidmətlərin siyahısı göstərilməlidir).
Biz auditin aparılmasına dair müqavilənin şərtlərinə və “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən göstərdiyimiz xidmətlərə görə məsuliyyət daşıyacağıq. Biz sizin təşkilatın kommersiya sirrinə riayət edilməsi üzrə öhdəliyi öz üzərimizə götürürük.
Uçot siyasətinin seçilməsinə və tətbiq edilməsinə, daxili nəzarət və mühasibat yazılarının uyğunluğunun təmin olunmasına, ilkin uçot məlumatlarının düzgün əks etdirilməməsi də daxil edilməklə, mühasibat hesabatlarının tərtib edilməsinə görə _____________________________________ icra orqanının məsuliyyətini
(təsərrüfat subyektinin adı)
sizin nəzərinizə çatdırırıq. Biz sizin _________________________
(təsərrüfat subyektinin adı)
rəhbərliyindən xahiş edirik ki, audit üçün təqdim edilən məlumatların tam və dürüst olmasını rəsmi təsdiq edəsiniz.
Sizin işçilərlə hərtərəfli əməkdaşlığa ümidvarıq ki, auditin tam aparılması üçün zəruri olan mühasibat sənədləri və digər məlumatlar bizim sərəncamımıza təqdim olunacaqdır.
Ümid edirik ki, sizin mühasibat hesabatlarınızın dürüstlüyü haqqında bizim fikrimizi dəyişmək məqsədilə hər hansı bir formada bizim əməkdaşlara heç bir təzyiq göstərilməyəcəkdir. Qəbul edilmiş audit normalarına əsasən həmin şərtin pozulması auditin aparılmasına dair müqavilənin vaxtından əvvəl dayandırılması üçün əsasdır.
Göstərilən xidmətlərin dəyəri ________________________________
(auditor təşkilatının (auditorun) adı)
tərəfindən tətbiq edilən saat stavkasına əsasən auditin aparılması üçün tələb olunan müddətdən asılı olaraq müəyyən edilir.
Ayrı-ayrı işlərin dəyəri auditorların tələb olunan ixtisas səviyyəsinə və iş təcrübəsinə, məsuliyyət dərəcəsinə müvafiq olaraq dəyişə bilər. Hesablaşmanın həyata keçirilməsi qaydası və müddəti auditin aparılmasına dair müqavilə ilə müəyyən ediləcəkdir.
Xahiş edirik ki, Sizə təqdim olunan mühasibat hesabatlarının dürüstlüyünün auditinə razılıq haqqında məktub-öhdəliyin surətini imza edib, onun məzmununa dair irad və təkliflərinizi bizə göndərəsiniz.
Auditor təşkilatının rəhbəri (auditor)
(imza, soyadı, adı və atasının adı,
vəzifəsi, tarix)
Mühasibat hesabatlarının dürüstlüyünün auditor yoxlamasının şərtləri ilə razıyam:
Təsərrüfat subyektinin icra orqanının rəhbəri
(imza, soyadı, adı və atasının adı,
vəzifəsi, tarix)
AS1ÜS 038/053-2000
Azərbaycan Respublikasının
Auditorlar Palatası Şurasının
2000-ci il 15 yanvar tarixli 46/2 saylı
qərarı ilə təsdiq edilmişdir
AUDİTORUN SEÇMƏSİ
1. Giriş
1.1. Bu standartın məqsədi audit aparılan sifarişçi təsərrüfat subyektinin təqdim etdiyi materiallardan auditor üçün məlumatların seçilməsi qaydalarının müəyyən edilməsindən və bu yolla əldə olunmuş məlumatların nəticələrinin qiymətləndirilməsindən ibarətdir.
1.2. Auditorun seçməsi informasiya almaq və ya onu qiymətləndirmək məqsədilə məlumatların bir hissəsinin seçilməsi və təhlil edilməsi prosesidir.
1.3. Bu standart seçmənin növlərini, qurulması qaydasını və onun nəticələrinin qiymətləndirilməsi prosedurunu müəyyən edir.
1.4. Standartın tələbləri rəsmi auditor rəyinin hazırlanması nəzərdə tutulan auditin aparılmasında auditorlar üçün məcburi, auditor rəyinin hazırlanması tələb olunmayan könüllü auditdə, habelə digər auditor xidmətlərinin göstərilməsində isə tövsiyə xarakteri daşıyır.
1 2 3 4 5 6 7 8 9