eng
Ana səhifə     Struktur     Əlaqə

08 Sentyabr 2010-ci il
BİZ KİMİK?
ÜZVLƏR
QANUNVERİCİLİK
BEYNƏLXALQ ƏLAQƏLƏR
NƏŞRLƏR
PALATANIN STRUKTURU
ŞURA ÜZVLƏRİ
AUDİT RƏQƏMLƏRDƏ
"AUDİT-AZƏRBAYCAN" İ.B
SUAL-CAVAB

Hesabat 2009

Hesabat 2008

Hesabat 2007


AZƏRBAYCAN RESPUBLİKASI

AUDİTORLAR PALATASININ 2008-ci İL ÜZRƏ

FƏALİYYƏTİNİN YEKUNLARINA DAİR

İCMAL-HESABAT

 

(Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının

2009-cu il 13 mart tarixli 198/1 saylı qərarı ilə təsdiq edilmişdir)

 

 Giriş

     Dünya tarixinə maliyyə və iqtisadi böhran ili kimi düşən 2008-ci il Azərbaycan üçün növbəti uğurlu il olmuş, bu il üçün nəzərdə tutulmuş bütün proqramlar uğurla icra edilmişdir. İqtisadiyyatımız il ərzində təxminən 11 faiz, əhalinin pul gəlirləri 36 faiz artmışdır; yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 13,2 faizə düşmüşdür; son beş ilin başlıca sosial-iqtisadi inkişaf proqramı – regionların inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilmişdir; son beş ildə ölkədə 766 min yeni iş yeri açılmışdır ki, bunların da 548 mini daimi iş yeridir, o cümlədən 2008-ci ildə 120 mindən çox yeni iş yeri açılmışdır; Azərbaycanın valyuta ehtiyatları 18 milyard dollardan artıq olmuşdur; Heydər Əliyevin neft strategiyası uğurlu həyata keçirilir: bu gün Azərbaycan neftini və qazını dünya bazarına çıxaran artıq 7 kəmər işləyir, bölgədə enerji siyasəti baxımından Azərbaycan misilsiz əhəmiyyət kəsb etmişdir; nəhayət, Dünya Bankı 2008-ci ilin yekunlarına görə Azərbaycanı ilin bir nömrəli islahatçı ölkəsi kimi tanımışdır: «Doing Business-2009» hesabatında Azərbaycan 181 ölkə arasında əvvəlki ildəki 97-ci yerdən  33-cü yerə qalxaraq, biznes mühitinin əlverişliliyi üzrə reytinqdə bu hesabatın bütün tarixi ərzində görünməmiş sıçrayışa nail olmuşdur.

     Bu cür ciddi irəliləyiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin möhkəm siyasi iradəsinin, ölkədə biznes mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üzrə hökumət qarşısında qoyduğu vəzifələrin uğurla həyata keçirilməsinin məntiqi nəticəsi olaraq meydana gəlmişdir. Görülmüş ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsində sahibkarlıq fəaliyyətində mühüm inkişaf müşahidə olunmuş, iqtisadiyyatın liberallaşmasının dərinləşdirilməsi istiqamətində ciddi nailiyyətlər əldə edilmişdir. Eyni zamanda, iqtisadi artım əhalinin rifah səviyyəsinin artması üçün görülən konkret tədbirlər, struktur-texnoloji müasirləşmənin həyata keçirilməsi və ölkənin rəqabət üstünlükləri sayəsində təmin edilmişdir. Sosial-iqtisadi inkişafda yeni nailiyyətlərin əldə edilməsi həm də islahatların düşünülmüş şəkildə aparılması, şəffaflığın təmin edilməsi, iqtisadiyyatın müasirləşməsi, sosial dəyişikliklərin keçirilməsinə kompleks yanaşma zəminində baş vermişdir.

     Bütün bunlar isə ölkədə bazar infrastrukturlarının, o cümlədən bütün dünyada maliyyə nəzarətinin sivil forması kimi qəbul edilən auditor xidmətinin inkişafı üçün də yeni-yeni imkanlar açmışdır.

     Azərbaycan Respublikası Auditorlar Palatası ölkə iqtisadiyyatının mühüm infrastruktur sahəsi olan auditin inkişafı və onun beynəlxalq standartlara uyğun qurulması istiqamətində fəaliyyətini 2008-ci il ərzində də davam etdirmişdir. Sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlarda icrası tələb olunan məsələlərin auditor xidməti sahəsində həllinə nail olmaq, bu xidmət növünün tənzimlənməsini təkmilləşdirmək, ölkədə auditor xidməti bazarının mövcud vəziyyətini öyrənmək, bu sahədə gedən prosesləri təhlil etmək, xidmətin inkişaf problemlərini müəyyənləşdirmək və auditor xidmətinin inkişafı üzrə kompleks tədbirlərin hazırlanmasını təmin etmək üçün Palata tərəfindən 2008-ci il ərzində müvafiq işlər həyata keçirilmişdir.

 

I.     Auditin normativ hüquqi bazasının təkmilləşdirilməsinə      yönəlmiş tədbirlər

     Auditorlar Palatasının əsas vəzifələrindən biri Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini işləyib hazırlamaqdır. Buna uyğun olaraq, milli və beynəlxalq təcrübənin daim öyrənilməsi əsasında auditin aparılmasına dair standartların, qaydaların, təlimatların, metodik göstərişlərin və proqramların, tövsiyələrin işlənib hazırlanması, auditor xidmətinə dair mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi üzrə işlər 2008-ci il ərzində də Palatanın fəaliyyətində xüsusi yer tutmuşdur.

     «Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında Mühasibat Uçotu və Audit İslahatları üçün Qrant üzrə Məktub-Sazişin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 dekabr tarixli 569 nömrəli sərəncamından irəli gələn vəzifələri həyata keçirmək, Auditorlar Palatasının tənzimləyici funksiyalarının yerinə yetirilməsi üçün potensialını artırmaq və Auditorlar Palatasının islahatı üçün Tədbirlər Planının hazırlanması işində beynəlxalq təcrübəni öyrənmək və ölkəmizdə tətbiq etmək  məqsədilə Dünya Bankının tövsiyəsi ilə hazırlanmış «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklərin edilməsi barədə» Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanmışdır. Qanun layihəsi hazırlanarkən auditor xidməti sahəsində 20-dən artıq ölkənin audit qanunvericiliyindən istifadə edilmiş, habelə Avropa Birliyinin 8-ci Direktivinin tələbləri nəzərə alınmışdır.     

        Qanun layihəsi barədə Azərbaycan Respublikasının Ədliyyə, Maliyyə, İqtisadi İnkişaf, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərindən və Mərkəzi Bankdan daxil olmuş rəy və təkliflər nəzərə alınmaqla, yenidən işlənib hazırlanaraq, müvafiq qaydada baxılması üçün aidiyyatı üzrə Nazirlər Kabinetinə təqdim edilmişdir. Yenidən işlənib hazırlanmış qanun layihəsində Dünya Bankının (İDF qrant çərçivəsində «CGA Canada» şirkətinin hazırladığı hesabata əsasən), xarici auditor şirkətlərinin ölkəmizdə fəaliyyət göstərən filial və nümayəndəliklərinin rəy və təklifləri də əksini tapmışdır.

     Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən göndərilmiş 2008-ci il 10 iyul tarixli 18/05-346 nömrəli məktuba uyğun olaraq, qanun layihəsi barədə Azərbaycan Respublikasının Ədliyyə, Maliyyə, İqtisadi İnkişaf, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərindən və Mərkəzi Bankdan təkrar daxil olmuş rəy və təkliflərə baxılaraq, «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanununun Auditorlar Palatası tərəfindən yenidən işlənib hazırlanmış layihəsi müvafiq qaydada baxılması üçün Nazirlər Kabinetinə təqdim edilmişdir.

     Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planının 48-ci bəndində qanunvericiliyə uyğun olaraq məcburi auditin obyekti olan təsərrüfat subyektlərinin auditdən yayınması hallarının qarşısının alınması üçün tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təqdim etdiyi materiallar əsasında Auditorlar Palatasının müvafiq struktur bölmələri tərəfindən aparılmış ilkin araşdırmalar nəticəsində qanunvericiliyə uyğun olaraq məcburi auditin obyekti olan təsərrüfat subyektlərinin auditdən yayınması hallarının kütləvi xarakter daşıdığı müəyyən edilmişdir. Aparılan təhlillərdən məlum olmuşdur ki, auditdən yayınmanın əsas səbəbi bu növ qanun pozuntularına görə məsuliyyətin müəyyən edilməməsidir. Göstərilənlər nəzərə alınaraq, Auditorlar Palatası tərəfindən Azərbaycan Respublikasının bir sıra normativ hüquqi aktlarına əlavə və dəyişikliklərin olunması məqsədəuyğun sayılmışdır. Bu məqsədlə hazırlanmış «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqqında» Azərbaycan Respublikası Qanununun layihəsi barədə Azərbaycan Respublikasının Maliyyə, Vergilər və Ədliyyə nazirliklərindən daxil olmuş rəy və təkliflərə baxılmış, bu məsələnin Vergilər Nazirliyinin təklifinə uyğun olaraq, Nazirlər Kabinetində müzakirə edilməsi üçün 2008-ci il 3 dekabr tarixli məktubla müraciət edilmişdir.

     Palatanın 2008-ci il üzrə iş planının 1.5-ci («Auditorlar Palatasına rəy alınması üçün daxil olmuş normativ hüquqi sənədlərin ekspertizasının aparılması barədə») bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatından daxil olmuş «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik və əlavə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il  11 mart tarixli 731 nömrəli və «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin   2008-ci il 13 mart tarixli 735 nömrəli fərmanlarının 1.1-ci bəndlərinin icrasını təmin etmək məqsədilə «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə» Azərbaycan Respublikası Qanununun layihəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsinin 2008-ci il    1 iyul tarixli 3/952-04 nömrəli məktubu ilə təqdim edilmiş «Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 1115 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə»yə əlavə edilməsi barədə» Azərbaycan Respublikası Qanununun layihəsinə və «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanına əlavə edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin fərmanının layihəsinə baxılmış, bu barədə  müvafiq qaydada məlumat verilmişdir.

        «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»ya uyğun olaraq, habelə siyasi partiyaların yaradılmasının, idarə edilməsinin və fəaliyyətinin tənzimlənməsinin spesifik xüsusiyyətlərə malik olması, onların fəaliyyətində şəffaflığın təmin edilməsinin günün aktual  mövzusuna çevrilməsi Auditorlar Palatası tərəfindən «Siyasi partiyalarda audit aparılmasına dair proqram»ın hazırlanmasını zəruri etmişdir. Proqramın məqsədi  respublikanın ərazisində fəaliyyət göstərən siyasi partiyalarda auditor yoxlamalarının keyfiyyətini yüksəltməkdən, audit zamanı tətbiq edilməsi zəruri hesab edilən audit prosedurlarını müəyyən etməkdən və bunlarla əlaqədar müvafiq tövsiyələr verməkdən ibarətdir.

        Auditorlar Palatası tərəfindən 2008-ci il ərzində, həmçinin, Auditorlar Palata Şurasının 2005-ci il 19 yanvar tarixli 144/2 saylı qərarı ilə təsdiq edilmiş «İnvestisiya fondlarında audit aparılmasına dair proqram»a, «Bələdiyyələrdə audit aparılmasına dair proqram»a, «Məhdud məsuliyyətli cəmiyyətlərdə audit aparılmasına dair proqram»a, «Qeyri-hökumət təşkilatlarında audit aparılmasına dair proqram»a, «Sığorta təşkilatlarında audit aparılmasına dair proqram»a və «Səhmdar cəmiyyətlərində audit aparılmasına dair proqram»a audit aparılarkən çirkli pulların yuyulması faktlarının aşkar edilməsi və qarşısının alınması ilə bağlı müvafiq əlavə və dəyişikliklər edilmişdir.

     «Milli Strategiya»da nəzərdə tutulmuş tədbirlərə və Auditorlar Palatasının Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) tamhüquqlu üzvlüyü ilə əlaqədar öhdəliklərə uyğun olaraq və həmin təşkilatla imzalanmış 2008-ci il 21 aprel tarixli memoranduma əsasən, ölkəmizdə beynəlxalq audit standartlarının tətbiqinə keçilməsini təmin etmək üçün beynəlxalq audit standartlarının Azərbaycan dilinə tərcümə edilməsi, nəşri və tətbiqi məqsədilə yüksək təcrübəli peşəkar iqtisadçılar və Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici auditor şirkətləri filial və nümayəndəliklərinin təmsilçilərindən ibarət redaksiya heyəti yaradılmışdır.      Nəzərdə tutulmuş qrafikə uyğun olaraq, beynəlxalq audit standartlarının Azərbaycan dilinə tərcümə edilməsi üzrə intensiv iş aparılır və bu işin 2009-cu il 1 iyul tarixinədək başa çatdırılması nəzərdə tutulmuşdur.  

     Həmçinin, «Auditorların Peşə Etikası Məcəlləsi»nin beynəlxalq standartlar əsasında yenidən işlənib hazırlanması ilə əlaqədar Beynəlxalq Mühasiblər Federasiyasının qəbul etdiyi «Peşəkar Mühasiblərin Etika Məcəlləsi»nin Azərbaycan dilinə tərcüməsi məqsədəuyğun hesab edilmişdir.

     Palatanın və onun Şurasının 2008-ci il üzrə iş planları ilə əlaqədar Palatanın internet səhifəsinin qanunvericilik bölməsində yerləşdirilməli olan normativ hüquqi aktların elektron variantı hazırlanmış və Palatanın internet səhifəsində yerləşdirilmişdir. 

 

II. Auditor xidmətinin təşkili və tənzimlənməsi

     2008-ci il ərzində Palata tərəfindən 19 fiziki və 18 hüquqi şəxsə auditor xidməti göstərmək üçün lisenziya verilmişdir (o cümlədən 13 fiziki şəxsin və 8 auditor təşkilatının lisenziyasının qüvvədə olma müddəti bitdiyi üçün onlara yeni lisenziya verilmişdir).                              

     2009-cu il 1 yanvar tarixinə respublika ərazisində 148 fiziki şəxs auditor lisenziyasına malik olmuşdur. Onların 41 nəfəri sərbəst auditor kimi, 85 nəfəri isə 50 auditor təşkilatının tərkibundə fəaliyyət göstərmişdir. Qalan 22 nəfər lisenziyalarını müvəqqəti saxlanmaq üçün Auditorlar Palatasına qaytarmışdır.

     Yeni fəaliyyətə başlayan sərbəst auditorlara və auditor təşkilatlarına auditor fəaliyyəti ilə bağlı normativ hüquqi akt və sənədlərlə təmin olunmaq və digər bu kimi məsələlər üzrə əməli köməklik göstərilmişdir.

     Palata Şurasının 2000-ci il 12 iyul tarixli 58/4 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Auditorlar Palatasında ilin ən yaxşı sərbəst auditorunu, auditor təşkilatını və xarici auditor təşkilatını müəyyən etmək üçün keçirilən yarış barədə Əsasnamə»yə müvafiq olaraq, 2007-ci ilin nəticələri üzrə yaradılmış komissiyanın məlumatı və təklifləri Palata Şurasının 2008-ci il 27 may tarixli iclasında müzakirə olunaraq, müvafiq  qərar qəbul edilmişdir.

     Palata Şurasının 2003-cü il 08 iyul tarixli 114/1 saylı qərarı ilə təsdiq edilmiş «Yerli auditor təşkilatları, sərbəst auditorlar və auditor təşkilatlarının tərkibində fəaliyyət göstərən auditorlar tərəfindən ilin yekununa görə məcburi auditin obyektləri üzrə yerinə yetirilmiş müqavilələrin orta məbləği barədə müsabiqənin keçirilməsi haqqında Əsasnamə»yə uyğun olaraq, 2007-ci ilin nəticələri üzrə Palata Şurasının 2008-ci il 27 may tarixli     192/2 saylı qərarı ilə müsabiqəyə yekun vurulmuşdur.

     2008-ci il ərzində 43 sərbəst auditor, 57 auditor təşkilatı (o cümlədən 4 xarici auditor təşkilatının filial və ya nümayəndəliyi və 6 xarici investisiyalı auditor təşkilatı) Auditorlar Palatasına öz fəaliyyətlərinə dair hesabatlar təqdim etmişdir.      Təqdim edilmiş hesabatlara əsasən müəyyən edilmişdir ki:

     · hesabat dövründə təsərrüfat subyektləri ilə 48.052.611,5 manat məbləğində 4.572 müqavilə bağlanmışdır. Həmin müqavilələrin 12.979.984,7 manat məbləğində 630-u ilin əvvəlinə qalıq kimi, 35.072.626,8 manat məbləğində 3.942-i isə hesabat dövründə bağlanmışdır ki, bunun da xüsusi çəkisi xarici auditor təşkilatlarının filial və ya nümayəndəlikləri üzrə sayına görə 5,1% və məbləğinə görə 64,8%, xarici investisiyalı auditor təşkilatları üzrə sayına görə 7,2% və məbləğinə görə 22,1%, yerli auditor təşkilatları üzrə sayına görə 46,5% və məbləğinə görə 19,6%, sərbəst auditorlar üzrə sayına görə 41,3% və məbləğinə görə 3,5% təşkil etmişdir;

     · 2007-ci il ilə müqayisədə 2008-ci ildə bağlanmış müqavilələrin sayı 301 ədəd və ya 6,2% azalmış, məbləği isə 20.033.340,5 manat və ya 71,5% artmışdır;

     · 2008-ci il ərzində bağlanmış müqavilələrdən 38.147.140,7 manat məbləğində 3.969-u yerinə yetirilmişdir.

     Qeyd etmək lazımdır ki, 2007-ci il ilə müqayisədə yerinə yetirilmiş müqavilələrin sayı 215 ədəd və ya 5,1% azalmış, məbləği 22.374.581,9 manat və ya 141,9%, orta məbləğ isə 3.769,7 manatdan 9.611,3 manata qədər, yəni 5.841,5 manat və ya 155,0% artmışdır. O cümlədən:

 

     · xarici auditor təşkilatlarının filial və ya nümayəndəlikləri üzrə müqavilə sayı 216-dan 215-ə qədər, yəni 1 ədəd və ya 0,5% azalmış, məbləği 7.493.523,3 manatdan   22.201.172,6 manata qədər, yəni 14.707.649,4 manat və ya 196,3%, orta məbləğ isə 34.692,2 manatdan 103.261,3 manata qədər, yəni 68.569,0 manat və ya 197,6% artmışdır;

     · xarici investisiyalı auditor təşkilatları üzrə müqavilə sayı 240-dan 287-yə qədər, yəni 47 ədəd və ya 19,6%, məbləği 3.367.140,3 manatdan 7.530.519,7 manata qədər, yəni 4.163.379,4 manat və ya 123,6%, orta məbləğ isə 14.029,8 manatdan 26.238,7  manata qədər, yəni 12.209,0 manat və ya 87,0% artmışdır;

     · yerli auditor təşkilatları üzrə müqavilə sayı 2.161-dən 1.872-yə qədər, yəni 289 ədəd və ya 13,4% azalmış, məbləği 3.577.679.9 manatdan 7.113.950,0 manata qədər, yəni 3.536.270,1 manat və ya 98,8%, orta məbləğ isə 1.655,6 manatdan 3800,2 manata qədər, yəni 2.144,67 manat və ya 129,5% artmışdır;

     · sərbəst auditorlar üzrə müqavilə sayı 1.567-dən 1.595-ə qədər, yəni 28 ədəd və ya 1,8% artmış, məbləği 1.334.215,3 manatdan 1.301.498,4 manata qədər, yəni              32.716,9 manat və ya 2,5%, orta məbləğ isə 851,4 manatdan 816,0 manata qədər, yəni 35,5 manat və ya 4,2%  azalmışdır.

     Beləliklə, 2007-2008-ci illər müqayisə edildikdə, göstərilmiş auditor xidmətinin xüsusi çəkisi:

say etibarı ilə

     - xarici auditor təşkilatlarının filial və ya nümayəndəlikləri üzrə 5,2%-dən 5,4%-ə qədər yüksəlmişdir;

     - xarici investisiyalı auditor təşkilatları üzrə 5,7%-dən 7,2%-ə qədər yüksəlmişdir;

     - yerli auditor təşkilatları üzrə 51,6%-dən 47,2%-ə qədər azalmışdır;

     - sərbəst auditorlar üzrə 37,5%-dən 40,2%-ə qədər yüksəlmişdir;

həcm etibarı ilə

    - xarici auditor təşkilatlarının filial və ya nümayəndəlikləri üzrə 47,5%-dən  58,2%-ə qədər yüksəlmişdir;

     - xarici investisiyalı auditor təşkilatları üzrə 21,3%-dən 19,7%-ə qədər azalmışdır;

     - yerli auditor təşkilatları üzrə 22,7%-dən 18,6%-ə qədər azalmışdır;

     - sərbəst auditorlar üzrə 8,5%-dən 3,4%-ə qədər azalmışdır.

Yerinə yetirilmiş müqavilələrin 3.067-si və ya 77,3%-i məcburi audit obyektlərini,  902-si və ya 22,7%-i auditor xidmətindən könüllü istifadəçiləri əhatə etmişdir.

     2007-ci il üzrə 30.909 məcburi audit obyektindən 2.878-i 3.067 müqaviləyə əsasən  auditdən keçmişdir (Cədvəl 1).

      
 

     925 müqaviləyə əsasən könüllü auditor xidməti növlərinin təsərrüfat subyektləri üzrə xüsusi çəkisi cədvəl 2-də göstərilən kimi olmuşdur (əmlakın qiymətləndirilməsinin auditiƏQA; nizamnamə fondunun auditiNFA; mühasibat və vergi uçotu xidmətləriMUX; mühasibat uçotu və vergiqoyma üzrə məsləhət xidmətləriMVMX; maliyyə-vergi hesabatlarının auditi – MVHA; digər xidmətlər – DX):




     Hesabat dövründə 9.625.988,8 manat dəyərində 525 müqavilə (o cümlədən                32-si uzunmüddətli)  yerinə yetirilməmişdir. O cümlədən:

     - xarici auditor təşkilatlarının filial və ya nümayəndəlikləri üzrə 4.122.468,1 manat dəyərində 19 müqavilə;

     - xarici investisiyalı auditor təşkilatları üzrə 3.097.130,0 manat dəyərində 41 müqavilə;

     - yerli auditor təşkilatları üzrə 2.092.731,7 manat dəyərində 219 müqavilə;

     - sərbəst auditorlar üzrə 313.659,0 manat dəyərində 246 müqavilə.

     Yerinə yetirilməmiş müqavilələr, əsasən, 2008-ci ilin yekunu üzrə təsərrüfat subyektlərinin maliyyə hesabatlarının auditi üçün bağlanmış müqavilələrdir. Həmin müqavilələrin yerinə yetirilməsi 2009-cu ildə nəzərdə tutulmuşdur.

     Hesabat dövründə 279.482,0 manat dəyərində 110 müqavilə müxtəlif səbəblərə görə ləğv olunmuşdur.

     Hesabat dövründə xarici auditor təşkilatlarının filial və ya nümayəndəlikləri, xarici investisiyalı auditor təşkilatları, yerli auditor təşkilatları və sərbəst auditorlar tərəfindən büdcəyə 10.381.172,8 manat məbləğində vəsait ödənilmişdir. O cümlədən:

·     8.565.071,1 manat məbləğində vergilərə görə;

·     1.816.101,0 manat məbləğində məcburi ödəmələrə görə.

     Hesabat dövrünün sonuna ümumi debitor borcu 8.749.471,4 manat, kreditor borcu isə 7.894.179,8 manat təşkil etmişdir. Debitor borcunun 6.685.864,1 manatı, kreditor borcunun isə 7.549.339,6 manatı xarici auditor təşkilatlarının filial və ya nümayəndəliklərinin və xarici investisiyalı auditor təşkilatlarının, qalan hissəsi (2.063.607,3 manat debitor və 344.840,2 manat kreditor borcu) yerli auditor təşkilatlarının və sərbəst auditorların  payına düşür.

     2008-ci il ərzində respublika üzrə auditor xidmətinə görə 39.459.947,9 manat məbləğində gəlir, 10.653.653,1 manat məbləğində isə mənfəət olmuşdur. 2007-ci il ilə müqayisədə gəlir 22.344.795,2 manat və ya 130,6%, mənfəət isə 7.406.361,4 manat və ya 228,8% artmışdır. O cümlədən:

     · xarici auditor təşkilatlarının filial və ya nümayəndəlikləri üzrə gəlir                 9.025.533,8 manatdan 22.257.116,3 manata qədər, yəni 13.231.582,5 manat və ya  146,6%,  mənfəət isə 1.822.738,5 manatdan 6.487.789,5 manata qədər, yəni                4.665.051,0 manat və ya 255,9% artmışdır;

      · xarici investisiyalı auditor təşkilatları üzrə gəlir  3.384.240,2 manatdan         8.781.593,6 manata qədər, yəni 5.397.353,4 manat və ya 159,5%, mənfəət isə                620.263,3 manatdan 2.558.064,8 manata qədər, yəni 1.937.801,5 manat və ya 312,4% artmışdır;

      · yerli auditor təşkilatları üzrə gəlir  3.433.385,5 manatdan 7.209.822,8 manata qədər, yəni 3.776.437,4 manat və ya 110,0%, mənfəət isə 624.233,5 manatdan                      1.421.742,9 manata qədər, yəni 797.509,5 manat və ya 127,4% artmışdır;

      · sərbəst auditorlar üzrə gəlir 1.271.993,3 manatdan 1.211.415,2 manata qədər, yəni 60.578,1 manat və ya 4,8% azalmış, mənfəət isə 180.056,6 manatdan 186.055,9 manata qədər, yəni 5.993,3 manat və ya 3,3% artmışdır. 

     Beləliklə, 2007-2008-ci illər müqayisə edildikdə, xidmətdən ümumi gəlirin və mənfəətin xüsusi çəkisi aşağıdakı kimi olmuşdur:

      · xarici auditor təşkilatlarının filial və ya nümayəndəlikləri üzrə gəlir  52,7%-dən 56,4%-ə qədər, yəni 3,7%, mənfəət isə 56,1%-dən 60,9%-ə qədər, yəni 4,8% artmışdır;

      · xarici investisiyalı auditor təşkilatları üzrə gəlir 19,8%-dən 22,3%-ə qədər, yəni  2,5%, mənfəət isə 19,1%-dən 24,0%-ə qədər, yəni 4,9% artmışdır;

      · yerli auditor təşkilatları üzrə gəlir 20,1%-dən 18,3%-ə qədər, yəni 1,8%, mənfəət isə 19,2%-dən 13,3%-ə qədər, yəni 5,9% azalmışdır;

      · sərbəst auditorlar üzrə gəlir 7,4%-dən 3,1%-ə qədər, yəni 4,4%, mənfəət isə        5,5%-dən 1,8%-ə qədər, yəni 3,7% azalmışdır.          

 

III. Auditor xidmətinin keyfiyyətinə nəzarət

     «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, Auditorlar Palatası sərbəst auditorların və auditor təşkilatlarının fəaliyyətini və onların apardıqları auditlərin keyfiyyətinin audit standartlarına uyğunluğunu yoxlayır və işlərinə nəzarət edir. Palatanın 2008-ci il üzrə iş planının 2.5-ci bəndinə uyğun olaraq, il ərzində 33 auditor təşkilatının (2007-ci ildə 33) və 31 sərbəst auditorun (2007-ci ildə 25) maliyyə-təsərrüfat fəaliyyəti və apardıqları auditlərin keyfiyyətinin audit standartlarına uyğunluğu yoxlanılmışdır.

     Aparılmış yoxlamalar, təhlil və araşdırmalar nəticəsində müəyyən olmuşdur ki, bir sıra sərbəst auditorlar və auditor təşkilatları işlərini milli audit standartlarının, peşə etikası məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə uyğun quraraq xidmət göstərmişlər. Bunlardan sərbəst auditorlar Namiq Abbaslını, Vaqif Axundovu, Adıgözəl Musayevi, Mübariz Əkbərovu, Səməd İsgəndərovu, Eldəniz İsgəndərovu, Vəli Kərimovu, Azad Sadıxovu, auditor təşkilatlarından «RR & VAM – Beynəlxalq» müstəqil auditor firmasını, «MAK Azərbaycan LTD» MMC-ni, «Eskort» audit-konsaltinq MMC-ni, «Kapital-Audit LTD» MMC-ni, «Audit-Lider» MMC-ni, «Halal» audit-konsaltinq MMC-ni, «Kaspian Konsaltinq» auditor şirkətini, «Forum» MMAM-i, «Viza-Audit» MMC-ni, «RM*LM Audit LTD» MMC-ni qeyd etmək olar. 

     Bununla yanaşı, bir sıra sərbəst auditorlar və auditor təşkilatları tərəfindən audit standartlarının tələblərinə əməl edilməməsi aşkar olunmuşdur. O cümlədən «Rəhbər-Audit» MMC, «G & A auditor firması» MMM,  «Audit-Servis» MMC, «M & J accuracy consulting» MMC, «MRİ-AZ Audit» MMC, «Kaspian Audit kompani» MMC, «Cavid-Audit» MMC, «Kompas Audit» MMC, Gəncə şəhər auditor təşkilatı, sərbəst auditorlardan Ziya Qurbanlı, Elxan Bənnayev, Avtandil Əliyev və Qulu Soltanov «Auditin planlaşdırılması» audit standartının, sərbəst auditorlar Firidun Göyüşov, Şəmşinur Hüseynov, Eminağa Fətullayev «Auditdə əhəmiyyətlilik» və «Risklərin qiymətləndirilməsi və daxili nəzarət sistemi» audit standartlarının, «Kaspian Audit kompani» MMC və «Rəhbər-Audit» MMC «Auditin keyfiyyətinə nəzarət» audit standartının, «AZAUDİT» MMC, «Orion Finans Audit Ko LTD» MMC, «G & A auditor firması» MMM, sərbəst auditorlar Ziya Qurbanlı və Elxan Bənnayev «Auditorun yekun sənədləri» audit standartının tələblərinə əməl etməmişlər.

     Bir sıra auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətində «Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədləri barədə» Palata Şurasının 2005-ci il 23 dekabr tarixli 159/5 saylı qərarının tələblərinə əməl edilməməsi faktı aşkar edilmişdir. Belə ki, Gəncə şəhər auditor təşkilatı tərəfindən 101 halda, «Kaspian Audit kompani» MMC tərəfindən   48 halda, Bakı şəhər auditor təşkilatı tərəfindən 45 halda, «AZAUDİT» MMC tərəfindən 17 halda, «Balans-Audit» audit-məsləhət firması və «G & A auditor firması» MMM tərəfindən 10 halda, «Orion Finans Audit Ko LTD» MMC tərəfindən 9 halda, «VES Audit» MMC və «Audit-Servis» MMC tərəfindən 8 halda, «V.M.G. Audit Konsaltinq» MMC tərəfindən 6  halda,  «Alfa-Audit» MMC və «Kompas Audit» MMC tərəfindən 3 halda, «Ekspert Audit-Konsaltinq» və «Cavid-Audit» MMC tərəfindən  2 halda, «Kaspi-Audit» MMC tərəfindən 1 halda, sərbəst auditorlar Köçəri Alıyev tərəfindən   73 halda, Hafiz Əhmədov tərəfindən  33 halda, Qulu Soltanov tərəfindən 23 halda, Elxan Bənnayev və Novruz Pənahov tərəfindən 19 halda, Xaləddin Əliyev tərəfindən 18 halda, Altay Cəfərov tərəfindən 15 halda, Alqış Nuriyev tərəfindən  14 halda, Şərif Bəşirov tərəfindən 8 halda, Vəli Bayramov, Avtandil Əliyev, İlqar Quliyev və Vasif Tağıyev tərəfindən 5 halda, Ziya Qurbanlı tərəfindən 4 halda, İbiş Əliyev və Elçin Əliyev tərəfindən 1 halda müqavilə məbləği tövsiyə olunan minimum həddən aşağı olmuşdur.

     Bundan başqa, «V.M.G. Audit Konsaltinq» MMC, Bakı şəhər auditor təşkilatı, Gəncə şəhər auditor təşkilatı və «Zaman-Audit» MMC tərəfindən Auditorlar Palatası Şurasının «Auditor xidməti bazarında haqsız rəqabət hallarının aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər barədə» 2004-cü il 28 dekabr tarixli 143/1 saylı qərarının 12-ci bəndinə riayət edilməyərək, bir gün ərzində 2, bəzən isə 3 təsərrüfat subyektində audit aparıldığına dair auditor rəyi verilmişdir.

     «G & A auditor firması» MMM, «Zaman-Audit» MMC, sərbəst auditorlar Xaləddin Əliyev, İlqar Quliyev, Elçin Əliyev, Novruz Pənahov, İlqar Quliyev və Şərif Bəşirov sahəvi auditlərin aparılmasına dair proqramların tələblərinə tam riayət etməmişlər.

     Auditorlar Palatası Şurasının 2007-ci il 4 dekabr tarixli 185/4 saylı qərarı ilə təsdiq edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»nın həyata keçirilməsi ilə bağlı Auditorlar Palatasının fəaliyyət planının (2007-2011-ci illər)» 11-ci («Аuditor xidmətinin dəyərinin ödənişləri üzrə nağd ödəmələrin azaldılması») bəndinə bəzi sərbəst auditorlar və auditor təşkilatları tərəfindən tam əməl edilməmişdir. Belə ki, sərbəst auditorlardan  Qulu Soltanov (100%), Vasif Tağıyev (95,2%), Alqış Nuriyev (93,2%), İlham Ələkbərov (72,3%)  İbiş Əliyev (32,2%), auditor təşkilatlarından «Zaman-Audit» MMC (93,5%), Gəncə şəhər auditor təşkilatı (89,3%), «Kaspian Audit kompani» MMC (78,3%) göstərilmiş auditor xidmətindən daxil olmuş vəsaitləri nağd qaydada həyata keçirmişlər.    

     Aparılmış yoxlamaların nəticəsindən asılı olaraq, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə 23 sərbəst auditora və 25 auditor təşkilatının rəhbərlərinə məktub göndərilmiş, 7 halda yoxlamaların nəticələri Palata rəhbərliyinin yanında müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmişdir.

     Auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə, beynəlxalq təcrübəyə əsaslanaraq, Auditorlar Palatası Şurasının 2008-ci il 4 fevral tarixli 190/2 saylı qərarı ilə «Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə nəzarət üzrə Əsasnamə»  təsdiq edilmişdir. Əsasnamə auditor xidmətinin keyfiyyətinə nəzarət həyata keçirilərkən icrası zəruri olan prosedurları müəyyən edir. Əsasnamənin məqsədi auditor xidmətinin keyfiyyətinin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, audit standartlarının və peşə etikası məcəlləsinin tələblərinə, habelə Auditorlar Palatası Şurasının qərarları ilə müəyyən edilmiş qaydalara uyğunluğunu təmin etməkdir.

     Mövcud qaydadan fərqli olaraq, hər bir sərbəst auditorun və auditor təşkilatının fəaliyyətinin ən azı 3 ildən bir yoxlanılması nəzərdə tutulur. Keyfiyyətə nəzarət planlaşdırılmış və plandankənar yoxlamalar şəklində həyata keçiriləcək. Planlaşdırılmış yoxlamalar hər ilin iyun ayının 1-dən sonrakı dövr ərzində, plandankənar yoxlamalar isə bütün təqvim ili ərzində keçiriləcəkdir.

     «Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə nəzarət üzrə Əsasnamə»nin tətbiqinə 2009-cu il yanvarın 1-dən başlanacaqdır.

 

IV. Auditor kadrların hazırlanması, onların peşə-ixtisas səviyyəsinin artırılması

     Azərbaycanda beynəlxalq tələblərə uyğun fəaliyyət göstərməyə qadir olan auditor kadrların hazırlanması və onların peşə-ixtisas səviyyəsinin təkmilləşdirilməsi məsələləri Palatanın fəaliyyətində mühüm istiqamətlərdən birini təşkil edir.

    Palatanın 2008-ci il üzrə iş planının 3.2-ci («2008-ci il üzrə auditorların ixtisasartırma kursunun tədris proqramının və qrafikinin hazırlanması») bəndinə uyğun olaraq, auditorların ixtisasartırma kursunun tədris proqramının və qrafikinin yeni layihəsi, auditorların qruplar üzrə siyahısı hazırlanmış və Palata Şurasının 2008-ci il 27 may tarixli 192/6 saylı qərarı ilə təsdiq edilmişdir.

     Auditorların ixtisasartırma kursunun təşkili və keçirilməsi ilə bağlı təsdiq edilmiş tədris qrafikinə əsasən, I və II qrup auditorların 2008-ci ilin 1 sentyabr tarixindən 2 oktyabr tarixinədək ixtisasartırma kursunda iştirakı təmin edilmiş və kursların nəticələrinə görə 2008-ci il 4 oktyabr tarixində imtahan təşkil edilmişdir. İmtahanda 41 nəfər iştirak etmiş, onlardan 35 nəfəri müvəffəq nəticə əldə etmişdir.      III, IV və V qrup auditorların ixtisasartırma kursu 2008-ci il 6 oktyabr tarixindən 4 noyabr tarixinədək davam etmişdir. Kursların nəticələrinə görə 2008-ci il 8 noyabr tarixində imtahan keçirilmişdir. İmtahanda 65 nəfər iştirak etmiş, onlardan 61 nəfəri müvəffəq qiymət almışdır.

     Palatanın 2008-ci il üzrə iş planının 3.4-cü («Auditor adı almaq ücün imtahanların keçirilməsinin təşkili» bəndinə) uyğun olaraq, auditorların lisenziyalarının qüvvədə olma müddətinin uzadılması üzrə müvafiq işlərin təşkili barədə qrafik hazırlanmış və təsdiq edilmişdir. Qrafikə əsasən, auditor adı almaq və auditor fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaların qüvvədə olma müddətinin uzadılması ilə bağlı 2008-ci ilin 16 avqust tarixində imtahan keçirilmişdir. İmtahanda auditor adı almaq üçün müraciət edən 9 nəfər və lisenziyalarının qüvvədə olma müddəti başa çatmış 10 auditor iştirak etmişdir. Auditor adı almaq üçün müraciət etmiş şəxslərdən 7 nəfəri və lisenziyalarının qüvvədə olma müddətinin başa çatması ilə əlaqədar müraciət edənlərin hamısı müvəffəq nəticə əldə etmişdir.

 

     Növbəti imtahan 2008-ci ilin 20 dekabr tarixində keçirilmişdir. İmtahanda lisenziyalarının müddətinin uzadılması ilə bağlı 4 nəfər və auditor adı almaq üçün müraciət etmiş 7 nəfər iştirak etmişdir. İştirakçıların hamısı müvəffəq nəticə əldə etmişdir.

     İmtahanların nəticələrinə dair təsdiq edilmiş protokollar Palatanın internet səhifəsində və elanlar lövhəsində yerləşdirilmişdir.

     Palatanın iş planına uyğun olaraq, daxili audit üzrə tədris proqramı təkmilləşdirilmiş və Palata Şurasının qərarı ilə təsdiq edilmişdir.

    Daxili auditor kadrlarının hazırlanması üzrə 2007-ci ilin 10 dekabr tarixindən 2008-ci ilin 18 yanvar tarixinədək təşkil edilmiş kurslarda müxtəlif qurumlardan 24 nəfər iştirak etmiş və kursun nəticələrinə görə onlara sertifikatlar təqdim edilmişdir.

     Növbəti kurslar 2008-ci ilin 21 yanvar tarixindən 18 fevral tarixinədək təşkil edilmiş və həmin kursda 11 nəfər iştirak etmişdir.

     2008-ci ilin 14 aprel tarixindən 14 may tarixinədək təşkil edilmiş kurslarda 12 nəfər iştirak etmişdir. 2008-ci ilin 26 may tarixindən 27 iyun tarixinədək təşkil edilmiş növbəti kurslarda müxtəlif qurumlardan 7 nəfər, 2008-ci ilin 8 sentyabr tarixindən 9 oktyabr tarixinədək təşkil edilmiş kursda 9 nəfər, 2008-ci ilin 16 oktyabr tarixindən 14 noyabr tarixinədək təşkil edilmiş kursda isə müxtəlif qurumlardan 4 nəfər iştirak etmiş və kursların nəticələrinə görə onlara sertifikatlar təqdim edilmişdir.

     Daxili auditorların hazırlanması üzrə kursların 2009-cu ildə də davam etdirilməsi nəzərdə tutulmuşdur.

     2008-ci il ərzində Auditorlar Palatası tərəfindən auditor xidmətinin aktual problemləri, milli audit sisteminin inkişafının müasir vəziyyəti və perspektivləri ilə bağlı aşağıdakı mövzularda və tarixlərdə seminarlar keçirilmişdir:

     18.01.2008 – Azərbaycan Respublikası Auditorlar Palatasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin, Azərbaycan Respublikasında fəaliyyət göstərən sığorta təşkilatlarının, sərbəst auditorların və auditor təşkilatlarının nümayəndələrinin iştirakı ilə seminar-müşavirə;

     28.02.2008 – «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»«ALAC» layihəsi çərçivəsində «Şəffaflıq-Azərbaycan» İctimai Birliyi ilə Auditorlar Palatasının birgə seminarı;

     10.04.2008 – «Auditor xidmətinin aktual problemləri» mövzusunda 2007-ci ildə keçirilmiş sorğunun nəticələri üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin Heydər Əliyev irsinin öyrənilməsi mərkəzində «Azərbaycan iqtisadiyyatında auditin rolu» mövzusunda seminar;

     05-06.08.2008 – Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Respublikası Auditorlar Palatasının və «Pricewaterhouse Coopers Eastern Europe B.V.» şirkətinin Bakı filialının birgə təşkilatçılığı ilə AzDİU-nun Heydər Əliyev irsinin öyrənilməsi mərkəzində «Beynəlxalq Maliyyə Hesabatı Standartlarının tətbiqi problemləri» mövzusunda ikigünlük ənənəvi birgə seminar.

     Palatanın 2008-ci il üzrə iş planının 6.8-ci bəndinə uyğun olaraq, 2008-ci il sentyabrın 18-19-da «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planının icrasını dəstəkləmək məqsədilə Azərbaycan İqtisadçılar İttifaqı ilə birgə «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu və əhəmiyyəti» mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikasından 30, Türkiyə, Rusiya, Polşa, İsveçrə, Ukrayna, Qazaxıstan, Estoniya, Latviya, Moldova və Gürcüstandan isə 17 dövlət qurumu, elmi tədqiqat və təhsil müəssisəsi, audit və mühasibat üzrə peşə birlikləri təmsil olunmuşdur.

     Azərbaycan Respublikasının Auditorlar Palatası beynəlxalq konfrans ərəfəsində Təşkilat komitəsinin ünvanına daxil olmuş materialları ayrıca toplu halında nəşr etdirmişdir. Toplu M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının elmi kitabxanasına, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzləşmiş elmi kitabxanasına və Azərbaycan Dövlət İqtisad Universitetinin kitabxanasına göndərilmişdir.

     Palatanın 2008-ci il üzrə iş planının 3.7-ci bəndinə uyğun olaraq, xarici ölkələrin audit təcrübəsinin öyrənilməsi məqsədilə Palatanın nəzdində daimi fəaliyyət göstərən «Xarici audit təcrübəsi məktəbi»ndə il ərzində müntəzəm olaraq məşğələlər keçirilmiş, ezamiyyətdə olmuş Palata əməkdaşlarının və Azərbaycana ezam olunmuş xarici ölkələrin audit qurumları nümayəndələrinin həmin məşğələlərdə çıxışları təşkil edilmişdir. Məşğələlər zamanı söylənilmiş təklif və tövsiyələr auditor xidmətinin normativ hüquqi bazasının təkmilləşdirilməsi üzrə işlər aparılarkən nəzərə alınmışdır.

   Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətinin təkmilləşdirilməsi, auditor xidmətinin beynəlxalq meyarlara uyğun olaraq inkişafının təmin edilməsi və keyfiyyətinin yüksəldilməsi, sifarişçilərin təklif və tövsiyələrinin nəzərə alınması, bütövlükdə auditin tənzimlənməsində demokratik prinsiplərin bərqərar edilməsinə nail olunması, auditor xidməti sahəsində şəffaflığın və səmərəliliyin artırılması, mövcud nöqsanların aşkar edilməsi və vaxtında aradan qaldırılması, perspektiv inkişaf istiqamətlərinin kollegiallıq prinsipləri əsasında müəyyən edilməsi məqsədilə yaradılmış və tərkibi Auditorlar Palatasının əməkdaşlarından, sərbəst auditorların və auditor təşkilatlarının nümayəndələrindən, Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlıq Şurasının, Azərbaycan Respublikası Hesablama Palatasının, Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Mərkəzi Bankın, digər bank və kredit təşkilatlarının, sığorta təşkilatlarının, sahibkarlıq qurumlarının və bələdiyyələrin təmsilçilərindən ibarət olan Məşvərət Məclisinin, rübdə bir dəfədən az olmamaqla, iclasları keçirilmişdir.

 

 

V. Korrupsiyaya qarşı mübarizə və daxili audit

     «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına (2007-2011-ci illər) əsasən  tərtib və təsdiq olunmuş Auditorlar Palatasının 2008-ci il üzrə Fəaliyyət Planına uyğun olaraq:

     Palatanın 2007-ci il üzrə fəaliyyətini əks etdirən geniş hesabat Palata Şurasının 2008-ci il 18 aprel tarixli iclasında təsdiq edilmiş və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilmişdir. Hesabatın qısa icmalı Auditorlar Palatasının internet səhifəsində yerləşdirilmiş və «İqtisadiyyat və audit» jurnalının 6-cı (iyun) nömrəsində dərc etdirilmişdir;

     Auditorlar Palatasının internet səhifəsi yenidən qurulmuş və internet səhifəsində məlumatların mütəmadi yeniləşdirilməsi davam etdirilir;  

     auditorların ixtisasartırma kurslarının tədris proqramına Auditorlar Palatası Şurasının qərarı ilə təsdiq edilmiş «Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən təsərrüfat subyektlərində audit aparılarkən çirkli pulların yuyulması faktlarının aşkar edilməsi və qarşısının alınmasına dair tövsiyələr»dən və «Mühasibat uçotu və maliyyə hesabatında şəffaflığın təmin edilməsində auditorların məsuliyyətinin artırılması üzrə tövsiyələr»dən müvafiq müddəalar daxil edilmişdir;

     Palata Şurasının 2008-ci il 27 may tarixli iclasında «2008-ci il üzrə auditorların Milli Mühasibat Uçotu Standartlarına dair ixtisasartırma kursunun tədris proqramı və qrafiki»nin yeni layihəsi  müzakirə edilmiş və Palata Şurasının qərarı ilə təsdiq edilmişdir;

       Auditorlar Palatasına daxil olan müraciətlərə, ərizə və şikayətlərə baxılması qaydalarının təkmilləşdirilməsi barədə Auditorlar Palatası sədrinin sərəncamına müvafiq olaraq, Palatanın internet saytında ərizə və şikayətlərin elektron  poçt vasitəsilə qəbulu üçün ayrıca bölmə yaradılmışdır;

     korrupsiyaya qarşı mübarizə üzrə dövlət siyasətinə və peşə etikası məcəlləsinə uyğun olaraq, auditorların öz peşə vəzifələrini həyata keçirərkən dövlət və cəmiyyət qarşısında məsuliyyət daşıdıqlarını bir daha onların nəzərinə çatdırmaq, auditor peşəsinin imicinin və nüfuzunun yüksəlməsinə yardım etmək məqsədilə Auditorlar Palatasında təzə lisenziya alan fiziki şəxslərin andiçmə mərasiminin keçirilməsi davam etdirilmişdir. Hesabat dövründə Palatada andiçmə mərasimləri təşkil olunmaqla 6 nəfərə auditor lisenziyası təqdim edilmişdir;

     «Şəffaf-Audit» MMC tərəfindən «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanununun, «Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə»nin, bir sıra normativ hüquqi aktların tələbləri pozulduğuna görə «Şəffaf-Audit» MMC-yə Auditorlar Palatası tərəfindən 2006-cı il 1 sentyabr tarixində verilmiş 018104 saylı lisenziya Palata Şurasının 2008-ci il 28 oktyabr tarixli 194/7 saylı qərarı ilə ləğv edilmişdir.

     İl ərzində ayrı-ayrı səlahiyyətli dövlət orqanlarının, o cümlədən hüquq-mühafizə  orqanlarının müxtəlif tipli məsələlərin yoxlanılması  məqsədilə  12 məktubunun icrası ayrı-ayrı sərbəst  auditorlara  tapşırılmışdır.

     Daxili audit üzrə aparılan işlər əsasən «Audit-Azərbaycan» İctimai Birliyi – Azərbaycan Daxili Auditorlar İnstitutu ilə birlikdə həyata keçirilmişdir. O cümlədən:

     2008-ci il 18 noyabr tarixində Berlin şəhərində keçirilmiş Almaniya Daxili Auditorlar İnstitutunun 50 illik yubiley mərasimində və 2008-ci il 20-22 noyabr tarixlərində Avropa Daxili Audit İnstitutları Konfederasiyasının 2008-ci il üzrə beynəlxalq konfransında Palatanın nümayəndə heyətinin iştirakı təmin edilmişdir. Palatanın sədri, professor  Vahid Novruzov Avropa Daxili Audit İnstitutları Konfederasiyasının illik konqresində «Azərbaycanda daxili audit qanunvericiliyi» mövzusunda məruzə ilə çıxış etmişdir;

     «Audit-Azərbaycan» İctimai Birliyi beynəlxalq Daxili Auditorlar İnstitutunun (IIA) keçirdiyi ənənəvi Beynəlxaq Təbliğat-Təşviqat Proqramı (IMAP) müsabiqəsində iştirak etmiş və daxili auditor peşəsinin təbliği sahəsində fəaliyyəti müsbət qiymətləndirilmişdir.

     Bundan başqa, il ərzində beynəlxalq Daxili Auditorlar İnstitutundan və digər beynəlxalq daxili audit qurumlarından Auditorlar Palatasına daxil olmuş 40 adda müxtəlif səpkili sənəd və materialların tərcümə olunması, xidməti istifadə üçün müvafiq ünvanlara çatdırılması təmin edilmişdir.

     «Audit-Azərbaycan» İctimai Birliyi üzvlərinin sayı 2008-ci ildə 152 nəfərə çatmışdır.

 

VI. Palatanın beynəlxalq əlaqələri

     2008-ci ildə Auditorlar Palatası tərəfindən beynəlxalq əlaqələrin təşkili və inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. O cümlədən  Almaniya Federativ Respublikasının audit qurumu ilə əməkdaşlıq əlaqələrinin yaradılması və Niyyət protokolunun imzalanması məqsədilə danışıqlar aparılmış, 2009-cu ildə  Bakıda müvafiq sənədin imzalanması barədə ilkin razılıq əldə edilmişdir.

     Palatanın 2008-ci il üzrə iş planının 5.2-ci («Beynəlxalq audit və mühasibat qurumları tərəfindən təşkil olunacaq konfranslarda, forumlarda, simpoziumlarda və digər tədbirlərdə Palata təmsilçilərinin iştirakının təmin edilməsi») bəndinə uyğun olaraq:

     Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbovun 2008-ci il            28-29 may tarixlərində Gürcüstanın Peşəkar Mühasiblər və Auditorlar Federasiyası,           ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, İmtiyazlı və Sertifikatlı Mühasiblər Assosiasiyasının dəstəyi ilə «Mühasibat peşəsi üzrə təhsil və keyfiyyətin təminatı: Təcrübə. Keyfiyyət. Perspektivlər» adlı beynəlxalq konfransda iştirak etmişdir;

     Azərbaycan Respublikası Auditorlar Palatasının Auditin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Yaşar Namazəliyev 2008-ci il 25-29 avqust tarixlərində auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi üzrə təcrübə mübadiləsi aparmaq üçün Türkiyə Respublikasının İstanbul şəhərinə ezamiyyətdə olmuşdur;

     2008-ci il 7 noyabr tarixində «İnkişaf edən və genişlənən daxili audit» mövzusunda keçirilmiş XII Türkiyə daxili audit konqresində Palatanın Korrupsiyaya qarşı mübarizə və daxili audit şöbəsinin müdiri M.Abbasov iştirak etmişdir;

    2008-ci il 12-13 noyabr tarixlərində İtaliya Respublikasının Roma şəhərində keçirilmiş Beynəlxalq Mühasiblər Federasiyasının Şura iclasında Palatanın nümayəndə heyətinin iştirakı təmin edilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən görülən işlər, həyata keçirilən tədbirlər nəzərə alınaraq, Beynəlxalq Mühasiblər Federasiyası Şurasının qərarı ilə Palata bu beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir;

     Malayziyanın Milli Audit Departamentinin 2008-ci il 17-28 noyabr tarixlərində «İnformasiya texnologiyalarının auditi» mövzusunda Kuala-Lumpur şəhərində keçirdiyi təlim kursunda Palatanın Maliyyə-təsərrüfat şöbəsinin müdiri, auditor V.Rəhimovun iştirakı təmin olunmuşdur. Təlim kurslarındakı fəal iştirakına görə V.Rəhimova sertifikat təqdim edilmişdir.

     Azərbaycan Respublikası Auditorlar Palatası ilə Polşa Milli Auditorlar Palatası arasında bağlanmış əməkdaşlıq haqqında Niyyət protokoluna uyğun olaraq, Polşa Milli Auditorlar Palatasının prezidenti cənab Adam Kyeşik və Palatanın özünütənzimləmə departamentinin direktoru cənab Makeyej Çorostkovskidən ibarət nümayəndə heyəti  audit praktikası sahəsində əlaqələri inkişaf etdirmək və qarşılıqlı münasibətləri daha da təkmilləşdirmək məqsədilə 2008-ci il 19-21 iyun tarixlərində Bakıda səfərdə olmuşdur.

 

VII. Auditorlar Palatasının informasiya-təbliğat

və nəşriyyat fəaliyyəti

     Palatanın bu istiqamətdə fəaliyyəti strukturu etibarı ilə «İqtisadiyyat və audit» jurnalının redaksiyasından və Təşkilat-protokol və ictimaiyyətlə əlaqələr  bölməsindən ibarət olan Redaksiya-nəşriyyat şöbəsi tərəfindən təşkil edilmişdir. Əsasnaməsinə uyğun olaraq, şöbənin fəaliyyəti ölkədə auditor xidmətinin təşkili və dövlət tənzimlənməsi ilə bağlı Palatanın qarşısında duran vəzifələrin həyata keçirilməsinə müvafiq təbliğat-informasiya və nəşriyyat fəaliyyəti, təşkilati-protokol tədbirləri vasitəsilə təminat yaratmaq məqsədinə tabe etdirilmişdir.

     Ayrı-ayrı istiqamətlər üzrə şöbənin 2008-ci ildə gördüyü işlər aşağıdakılardan ibarət olmuşdur:

1. «İqtisadiyyat və audit» jurnalının nəşri və yayılması

     2008-ci il ərzində jurnalın 12 nömrəsi çapa  hazırlanmış və əvvəlki illərdə olduğu kimi, aylıq tirajı 300 nüsxə  olmaqla, nəşr etdirilmişdir.

     Ümumi tirajın ayrı-ayrı dövrlərdə 104 nüsxəsi (o cümlədən: 18 auditor təşkilatı      30 nüsxə və sərbəst auditorlar 34 nüsxə) abunəçilərə paylanmış, 15 nüsxəsi «Qaya» firması vasitəsilə pərakəndə satışa çıxarılmış, 60 nüsxəsi müəyyən olunmuş siyahı əsasında pulsuz (o cümlədən Palatanın struktur bölmələrinə və Azərbaycan Dövlət İqtisad Universitetində yaradılmış «Audit» tədris laboratoriyasına) paylanmış, sərbəst qalan nüsxələri isə Palatanın keçirdiyi müxtəlif miqyaslı  tədbirlərdə təbliğat  vasitəsi kimi  yayılmışdır.

     2008-ci il noyabrın 7-də  Palatada  jurnalın 100-cü nömrəsinin çapdan çıxması münasibətilə  mərasim keçirilmişdir.

2. Auditor xidmətinin tənzimlənməsinə  və təbliğinə  xidmət edən

elmi-praktik, metodik və məlumat-reklam xarakterli  ədəbiyyatın

çapa  hazırlanması,  nəşr etdirilməsi və yayılması

     Göstərilən istiqamətdə şöbənin çapa hazırlayıb  nəşr etdirdiyi və yaydığı ədəbiyyat məzmun etibarı ilə bilavasitə auditor xidmətinin təşkili, tənzimlənməsi və təbliğinə xidmət edən çap məhsullarından ibarət olmuşdur. O cümlədən:

     birinci rübdə xidməti istifadə üçün Palatanın telefon-məlumat kitabçası 300 nüsxə tirajla nəşr etdirilmişdir;

     ilin ikinci rübündə 330 səhifə həcmində «Daxili audit» dərs  vəsaiti  çapa hazırlanmış və 1000 nüsxə tirajla nəşr etdirilmişdir;

     üçüncü rübdə «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu və əhəmiyyəti» mövzusunda beynəlxalq elmi-praktik konfransın Təşkilat komitəsinə daxil olmuş məruzə və tezislər 372 səhifəlik toplu şəklində, 300 nüsxə tirajla nəşr etdirilmişdir;

     2009-cu il üçün cib, divar və stolüstü  təqvimlər, müvafiq olaraq, 3000 nüsxə, 1000 nüsxə və 1000 nüsxə tirajla çap etdirilmiş, mətbəədən  alınaraq, paylanması təmin edilmişdir.

     Bundan əlavə, «Audit» dərs vəsaitinin 2-ci nəşrinin materialları redaktə olunaraq, çapa hazırlanmışdır.

3. Palatanın fəaliyyəti ilə bağlı müxtəlif yönümlü tədbirlər barədə  məlumatların hazırlanması və KİV-də yayılması

     Bu istiqamətdə televiziya  kanalları  və qəzet redaksiyaları ilə müntəzəm iş aparılmış, Palatanın özünün və partnyor qurumlarla  birgə keçirdiyi və ictimai əhəmiyyət kəsb edən bütün tədbirlər barədə mətbuat üçün məlumatlar hazırlanıb yayılmış, həmin tədbirlərin KİV-də və televiziya kanallarında işıqlandırılması təmin edilmişdir.

4. Əməkdaşların  yubileylərinin qeyd olunması, müxtəlif əlamətdar və

tarixi günlərlə bağlı  təbriknamələrin hazırlanması və yayılması

     İl ərzində Palatanın əməkdaşı və üzvü olan 11 nəfərin  yubiley ad günləri münasibətilə təbriknamələr hazırlanmış və yubiley məclisləri təşkil olunmuş, bir dəfə Şəhidlər xiyabanına və iki dəfə Fəxri xiyabana ziyarətlər təşkil olunmuşdur. Bundan əlavə, bütün dövlət bayramları münasibətilə açıqca-təbriknamələr  hazırlanmış və müvafiq  siyahı üzrə  paylanmışdır.

 

VIII. Palatanın maliyyə-təsərrüfat fəaliyyəti

     Azərbaycan Respublikası Auditorlar Palatası təsərrüfat hesablı müstəqil maliyyə orqanı olmaqla, Əsasnaməsinə uyğun fəaliyyət göstərərək, aşağıdakı maliyyə mənbələrinə malikdir:

     - auditor təşkilatları və sərbəst auditorlar tərəfindən ödənilən üzvlük haqqı;

     - auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziya almaq üçün keçirilən imtahanda iştirakla bağlı ödəniş haqqı;

     - daxili audit kurslarından ödəniş haqqı;

     - müxbir üzvlərdən üzvlük haqqı;

     - auditə dair nəşr edilmiş çap məhsullarının satışından əldə edilən gəlirlər.

     Göstərilən maliyyə mənbələrinə uyğun olaraq, Auditorlar Palatasının gəliri 2008-ci ildə aşağıdakı kimi olmuşdur:                                                                                                      



    Beləliklə, 2007-ci il ilə müqayisədə (381487.82 manat) 2008-ci ildə 473046,39    manat gəlir  əldə edilmişdir ki, bu da 24% artım  deməkdir.

     Auditorlar Palatası 2008-ci il ərzində respublika büdcəsinə 23273,60 manat, Dövlət Sosial Müdafiə Fonduna 48604,15 manat vəsait ödəmişdir.

     2008-ci il ərzində Palatada əməkdaşların orta siyahı sayı 68 nəfər olmuş və onlara 191737,23 manat məbləğində əməkhaqqı və mükafat ödənilmişdir. Həmçinin,        Lənkəran şəhərində məskunlaşmış məcburi köçkünlərə 7139,16 manat məbləğində və Qarabağ müharibəsinin iştirakçısı, I qrup əlil Yusif Hüseynova (Kürdoğlu)   360,0 manat məbləğində maddi yardım verilmişdir.

    2008-ci ildə  Palatanın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə  12,0 min manatlıq yeni kompüter avadanlıqları alınaraq quraşdırılmış, Palatanın internet saytı yenidən təkmilləşdirilmiş, eyni zamanda, auditorlardan  hesabatların qəbulunun avtomatlaşdırılması üçün proqram təminatı işlənib hazırlanmışdır.

      Daxil olmuş üzvlük haqqından 1% olmaqla, 4379,0 manat məbləğində vəsait «Azərbaycan Respublikasında auditor xidmətinin inkişafı fondu»na köçürülmüş və il ərzində bu fonddan 1352,24 manat vəsait təyinatı üzrə istifadə olunmuşdur.

     Beləliklə, ümumilikdə 2008-ci ildə 456060,0 manat xərc çəkilərək, Palata maliyyə-təsərrüfat fəaliyyətini 16986,39 manat mənfəətlə başa vurmuşdur.

     Palatanın maliyyə hesabatlarında şəffaflığı təmin etmək məqsədilə 2008-ci ilin may ayında Palatanın 2007-ci ilin  maliyyə-təsərrüfat fəaliyyətinin kənar auditor tərəfindən auditi aparılmışdır. Auditin  nəticələri Palatanın saytında yerləşdirilmiş, auditor rəyinin bir nüsxəsi isə Beynəlxalq Mühasiblər Federasiyasına göndərilmişdir.

    2008-ci il üzrə iş planında nəzərdə tutulsa da, maliyyə çatışmazlığı üzündən Palatanın inzibatı binasında təmir işləri aparılmamış, habelə Palatanın maddi-texniki bazasının tam yeniləşdirilməsi mümkün olmamışdır.

 

 IX. Palatada təşkil olunmuş xüsusi  komissiyaların fəaliyyəti

     Auditorlar Palatasında beynəlxalq audit norma və standartlarına müvafiq olaraq, Azərbaycan Respublikasının milli audit norma və standartlarını hazırlamaq üçün, auditor xidmətini müasir tələblər baxımından inkişaf etdirmək, təkrar audit aparılması barədə sifarişçilərdən və səlahiyyətli dövlət orqanlarından daxil olmuş təklif və sifarişləri araşdırmaq və təkrar audit aparmaq üçün, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sərbəst auditorların və auditor təşkilatlarının apardıqları auditlərin keyfiyyətinə səmərəli nəzarətə nail olmaq, Azərbaycan Respublikasının qanunvericilik aktlarına, beynəlxalq və milli audit standartlarına müvafiq olaraq, peşə etikası qayda və normalarına riayət edilməsi üzrə tədbirləri həyata keçirmək məqsədilə 2008-ci ildə 4 komissiya (Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2000-ci il 5 fevral tarixli 48/4 saylı qərarı ilə yaradılmış «Azərbaycan Respublikası Auditorlar Palatasında Audit norma və standartlarının hazırlanması üzrə Xüsusi Komissiya», Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2000-ci il 27 may tarixli 55/4 saylı qərarı ilə yaradılmış «Azərbaycan Respublikası Auditorlar Palatasının Auditin keyfiyyətinə nəzarətə dair Xüsusi Komissiyası», Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2000-ci il  29 aprel tarixli 54/4 saylı qərarı ilə yaradılmış Azərbaycan Respublikası Auditorlar Palatasının Təkrar audit üzrə Xüsusi Komissiyası və Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının  2003-cü il 21 may tarixli 112/2 saylı qərarı ilə yaradılmış Auditorların Peşə Etikası Komissiyası),  habelə Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının  2002-ci il 29 noyabr tarixli 104/2 saylı qərarı ilə yaradılmış «Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına kömək fondu» fəaliyyət göstərmişdir.

     Audit norma və standartlarının hazırlanması üzrə Xüsusi Komissiyanın əsas məqsədi beynəlxalq audit norma və standartlarına müvafiq olaraq, Azərbaycan Respublikasının milli audit norma və standartlarının hazırlanması, inkişaf etmiş xarici ölkələrlə işgüzar əlaqələr saxlamaqla, audit sahəsində beynəlxalq təcrübəni öyrənməklə, Azərbaycan Respublikasının qanunvericilik aktlarına müvafiq olaraq, milli audit norma və standartlarının tətbiqi mexanizmlərini işləyib hazırlamaqdan ibarətdir.

     Auditin keyfiyyətinə nəzarətə dair Xüsusi Komissiyanın əsas məqsədi Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sərbəst auditorların və auditor təşkilatlarının apardıqları auditlərin keyfiyyətinə səmərəli nəzarətə nail olmaq, auditlərin keyfiyyətinə dair aparılan yoxlamaların nəticələrinin araşdırılmasında iştirak etmək, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə təklif və tövsiyələr vermək, auditin keyfiyyətinə nəzarət sahəsində nkişaf etmiş xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənmək və tətbiq edilmək üçün təkliflər hazırlamaqdan ibarət olmuşdur.

     Təkrar audit üzrə Xüsusi Komissiyanın əsas məqsədi təkrar audit aparılması barədə sifarişçilərdən və səlahiyyətli dövlət orqanlarından Auditorlar Palatasına daxil olmuş tələb və sifarişləri araşdırmaq və təkrar auditlərin aparılması üçün Palatanın rəhbərliyinə təkliflər vermək, təkrar auditin nəticələrinə dair materialları araşdırıb müvafiq təklif və tövsiyələr hazırlamaq, təkrar auditin nəticəsində əvvəlki auditi aparan auditorlar tərəfindən «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanununa, audit standartlarına, peşə etikası məcəlləsinə  və digər hüquqi-normativ aktlara riayət edilməməsi üzrə aşkar edilən nöqsan və çatışmazlıqların müzakirəsini təşkil etmək, təkrar audit aparılması üzrə xüsusi metodik materialların hazırlanmasında iştirak etmək və hər il aparılan təkrar auditlərin nəticələrini ümumiləşdirmək və onlarla auditorları tanış etmək, inkişaf etmiş xarici ölkələrin təkrar audit sahəsində qabaqcıl təcrübəsini öyrənmək və tətbiq edilmək üçün  təkliflər hazırlamaqdan ibarətdir.

     Auditorların Peşə Etikası Komissiyasının əsas məqsədi Azərbaycan Respublikasının qanunvericilik aktlarına, beynəlxalq və milli audit standartlarına, peşə etikası məcəlləsinə müvafiq olaraq, peşə etikası qayda və normalarına riayət edilməsi üzrə tədbirlərin həyata keçirilməsinə dair Palatanın rəhbərliyinə və ya Palata Şurasına təkliflər vermək, auditorların peşə etikası normalarına riayət edilməsi sahəsində beynəlxalq təcrübəni öyrənmək və ölkə qanunvericiliyinə, milli-mənəvi xüsusiyyətlərə uyğun tətbiqi üzrə işlənib hazırlanmış zəruri normativ-metodik sənədlərə dair təklif və tövsiyələr hazırlamaq, fəaliyyət göstərərkən «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanununun, «Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə»nin, milli audit standartlarının, peşə etikası və əxlaq normalarına dair digər normativ hüquqi aktların tələblərinə riayət etməyən sərbəst auditorlar və auditor təşkilatları barəsində müvafiq tədbirlər görülməsi üçün Palatanın rəhbərliyinə və ya Palata Şurasına təkliflər verməkdən ibarətdir.

     Komissiyanın 2008-ci il 6 iyun tarixli və 17 iyun tarixli iclaslarında «Şəffaf-Audit» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən audit aparılarkən normativ hüquqi aktların tələblərinin, eləcə də təşkilatın rəhbərliyi tərəfindən peşə etikası məcəlləsinin, audit standartlarının, Palata Şurasının qərarlarının tələblərinin kobud surətdə pozulması halları müzakirəyə çıxarılaraq, Auditorlar Palatası tərəfindən «Şəffaf-Audit» MMC-yə verilmiş 2006-cı il 1 sentyabr tarixli AT/061 qeydiyyat saylı 018104 nömrəli lisenziyanın ləğv edilməsi barədə Palata Şurası qarşısında vəsatət qaldırılmış və həmin vəsatət Palata Şurası tərəfindən dəstəklənərək, lisenziya ləğv edilmişdir.

     Bundan başqa, Komissiyanın 2008-ci il 23 iyul tarixli iclasında sərbəst auditor Yasin Şirinovun müraciətinə əsasən Gəncə şəhər auditor təşkilatı tərəfindən peşə etikası məcəlləsinin «Başqa auditorlarla qarşılıqlı münasibətlər» bölməsinin tələblərinə riayət edilməsinin vəziyyəti müzakirə edilmişdir. Komissiya Gəncə şəhər auditor təşkilatının rəhbərliyindən tələb etmişdir ki, təsərrüfat subyektləri ilə müqavilələr üzrə audit aparılarkən əvvəlki auditin nəticələri üzrə verilmiş təkliflərin icra edilib-edilmədiyinin diqqətlə araşdırılmasını təmin etsin və Palata Şurasının 2004-cü il 28 dekabr tarixli 143/1 saylı qərarı ilə təsdiq edilmiş «Auditor xidməti bazarında haqsız rəqabət hallarının aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər barədə»  qərarının 9-cu – «Sərbəst auditorlar və auditor təşkilatları üçün hər bir təsərrüfat subyektində (fəaliyyəti olmayan təsərrüfat subyektləri istisna olmaqla) auditin aparılması müddəti ən azı 3 (üç) gün müəyyən edilsin» müddəasına riayət etsin. Eyni zamanda, Gəncə şəhər auditor təşkilatının Bərdə şəhər bələdiyyəsi ilə bağlamış olduğu 2008-ci 23 aprel tarixli AT 030013 saylı müqavilənin auditor xidmətini tənzimləyən normativ sənədlərin tələblərinə uyğun tərtib edilmədiyi qeyd olunmuşdur.

 

     X. Palatanin idarəetmə orqani – Palata Şurasinin fəaliyyəti

     2008-ci ildə Palata Şurasının 8 iclası keçirilmiş (fəaliyyətə başladığı dövrdən hesabat ilinin sonuna qədər yüz doxsan altı iclas) və əsasən, auditor fəaliyyətini tənzimləyən normativ hüquqi sənədlərin, təlimatların, standartların və qaydaların müzakirəsi ilə əlaqədar qərarlar qəbul edilmişdir. 

 
       Xəbərlər
2010-08-31
Məlumt verirk ki:

Türkiyə Uçot və Maliyyə Akademikləri Assosiasiyası 2010-cu ilin 14-18 sentyabr tarixlərində İstanbul

2010-08-25
Məlumt verirk ki:

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

2010-08-18
Məlumt verirk ki:
Azərbaycan Respublikasının Auditorlar Palatası AUDİTOR ADI ALMAQ ÜÇÜN imtahan keçirir
       Sorğu
Auditor Palatası tərəfindən təşkil olunan dəyirmi masalara, seminarlara, müzakirələrə ehtiyac duyursunuzmu?
Bəli (309)
Müəyyən qədər (145)
Ehtiyac yoxdur (56)

nəticələr
       Linklər

      
      
      
      

2008 - 2010 © "AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI"