GİRİŞ Müstəqil Azərbaycanın demokratik inkişaf yoluna qədəm qoyması, ölkə iqtisadiyyatında bazar münasibətlərinin bərqərar olması, sahibkarlıq fəaliyyətinin məqsədyönlü şəkildə genişləndirilməsi və bu əsasda bazar iqtisadiyyatına xas olan maliyyə-təsərrüfat subyektlərinin yaranması maliyyə nəzarəti sistemin də yeni əsaslar üzrə qurulmasını zərurətə çevirmişdir. Dünya təcrübəsi göstərir ki, bu problem həll edilmədən maliyyə şəffaflığının təmin olunması və korrupsiyaya qarşı mübarizədə önəmli uğur qazanmaq qeyri-mümkündür. Ona görə də çox əlamətdardır ki, ölkə prezidenti tərəfindən imzalanmış bir sıra normativ hüquqi aktlarda maliyyə intizamının gücləndirilməsi, şəffaflığın təmin olunması və korrupsiyaya qarşı mübarizə işində maliyyə nəzarətinin və onun əsas növlərindən biri olan daxili auditin təkmilləşdirilməsi xüsusi qeyd olunmuşdur.
Dünya təcrübəsində müəssisə və təşkilatlarda maliyyə ehtiyatlarının istifadəsinin məqsədli təyinatını, rasionallığını, tamlığını və vaxta müvafiqliyini müəyyənləşdirmək, maliyyə resurslarının formalaşdırılmasında və xərclənməsində ehtiyat mənbələri üzə çıxarmaq, maliyyə-təsərrüfat əməliyyatlarında və onların hesabatda əks olunmasında qanunçuluqdan və səmərəlilikdən kənarlaşmaları aşkarlamaq, dövlət büdcəsi ilə və büdcədənkənar fondlarla hesablaşmaların düzgünlüyünü müəyyənləşdirmək, idarəetmənin səmərəliliyini yüksəltmək məqsədlərinin təsirli vasitələrindən biri də daxili auditdir. Beynəlxalq standartlara cavab verən nəzarət mexanizminin tətbiqi istiqamətində tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən 1999-cu il 7 yanvar tarixində imzalanmış “Dövlət nəzarət siteminin təkmiləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərmanı ilə reallaşmağa başlamışdır.
Həmin fərmanla nazirlik, komitə və başqa icra hakimiyyəti orqanlarında mövcud olan nəzarət-təftiş qurumları ləğv edilmiş, iqtisadi sahədə hüquq mühafizə orqanlarının fəaliyyəti kəskin surətdə məhdudlaşdırılmış və auditor xidmətinə, o cümlədən onun bir növü olan daxili auditə əhəmiyyətli dərəcədə zərurət yaranmışdır.
Azərbaycan Respublukası Prezidentinin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş 2007-2011-ci illər üçün “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”da da daxili audit xidmətinin təkimilləşdirilməsi ilə bağlı müddəalar yer almışdır.
Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin hazırladığı Fəaliyyət Planında (2007-2011-ci illər) daxili audit xidmətinin təkmilləşdirilməsi ilə bağlı “Beynəlxalq standartlara uyğun olaraq daxili audit xidmətinin fəaliyyətini tənzimləyən metodiki göstərişlər və tövsiyyəvi vəsaitlərinin hazırlanması” və “Daxili audit xidmətinin fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi” bəndləri əks olunmuşdur.
1.İNSTİTUT HAQQINDA
Azərbaycan Respublikasında daxili audit fəaliyyətinin özünütənzimləməsini həyata keçirən “Audit-Azərbaycan” İnstitutunun yaranma tarixi 1999-cu ildən başlayır. Bütün dünyada nüfzlu beynəlxalq təşkilat olan Daxili Auditorlar İnstitutunun 1999-cu ildə Kanadada keçirilən Direktorlar şurasında “Audit-Azərbaycan” bölməsi yaradıldı.
İnstitutun əsas məqsədi daxili auditor peşəsinin yayılması və inkişaf etdirilməsi, daxili auditorlar arasında peşə münasibətlərinin gücləndirilməsi, daxili audit standart və normalarının işlənib hazırlanması, təkmilləşdirilməsi, daxili auditorların peşə müstəqilliyinin və mənafelərinin qorunması, peşəkarlıqlarının artırılması, daxili auditlə əlaqədar dövlət və qeyri-dövlət təsərrüfat subyektlərində (və ya müəssisələrində) üzvlərin təmsil edilməsi məqsədilə yaradılan qurumdur.
İnstitutun fəaliyyəti, əldə etdiyi uğur və nailiyyətlər nəzərə alınaraq 2008-ci ildən isə Bölməmiz IIA(DAİ) çərçivəsində İnstitut statusunu almışdır.
«Audit-Azərbaycan» İnstitutunun fəaliyyətə başlaması ilə bağlı 2000-ci il 2 may tarixində keçirilmiş ilk Ümumi Yığıncağında İnstitutunun İdarə Heyəti, digər idarəetmə və fəaliyyət komissiyaları yaradılmış və onlara üzvlər seçilmişlər. “Audit-Azərbaycan” İnstitutunun 2005-ci il 18 iyun tarixində keçirilən Ümumi Yığıncağında İnstitutunun idarə heyətinin, 2003-cü və 2006-cı illərdə institutun idarəetmə və fəaliyyət komissiyalarının yeni tərkibi seçilmişdir.
Hazırda İdarə Heyətinin üzvləri Vahid Novruzov (prezident), Ramiz Qəni-zadə (vitse-prezident), Müseyib Əliyev, Afiq İsrafilov, Fazil Məmmədov, Leyla Nəbiyeva, Sevinc Rəhimova, Səidə Mayılova və Fərhad İbrahimovdur. İdarə heyətinin işinin səmərəliliyinin artırılması institutdakı fəaliyyətlərinin təkmilləşdirilməsi məqsədilə və nizamnamədə nəzərdə tutulan müddəaların tələblərinə uyğun olaraq yaradılmış Təftiş, İntizam, Məsləhət, Üzvlük və Etika, Xarici Əlaqələr və Metodik İşlər Komissiyalarının sədrləri vəzifəsini müvafiq olaraq daxili auditorlar Əlimuxtar Bağırov, Vaqif Ağayev, Fəxrəddin İsmayılov, Sahib Rüstəmov, Vüqar Novruzov və Nəcəf Talıbov icra edirlər.
İdarə Heyəti tərəfindən hesabat dövrü ərzində 6 iclas keçirilmiş və İnstitutun fəaliyyətinin təşkili ilə bağlı zəruri 19 qərar qəbul edilmişdir.
«Audit-Azərbaycan» İnstitutunun 2008-ci il üzrə iş plannda il ərzində iyirmi tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, 2008-ci ilin birinci rübü ərzində daxili audit dərs vəsaiti nəşr etdirilmiş, beynəlxalq daxili audit standartlarına edilən əlavə və dəyişikliklər Azərbaycan dilinə tərcümə edilmiş,daxili audit sahəsindəki yeniliklər nəzərə alınmaqla daxili audit üzrə tədris proqramı təkmilləşdirilmiş, daxili audit tədris kursları davam etdirilmiş, il ərzində daxili auditor peşəsinin inkişafı və təbliğinə yönəldilmiş tədbirlər(seminar) keçirilmişdir. 2008-ci ilin 2-ci rübü ərzində Auditorlar Palatasının internet saytının tərkibində “Audit-Azərbaycan” İnstitutunun internet səhifəsi yaradılmış və mütəmadi olaraq yeniləşdirilir.
Yeni üzvlərin cəlb edilməsi istiqamətində aparılan işin nəticəsində Fövqəladə Hallar Nazirliyinin, “Royal Bank of Baku” ASC-nin, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin, Azərbaycan Beynəlxalq Bankının, “Bakıelektrikşəbəkə” ASC-nin, “Veysəloğlu” MMC-nin, “Veysəloğlu-Yaycılı Qardaşları” MMC-nin, “AzEvroTel” Birgə müəssisəsinin, “Əmrahbank” SB-nın əməkdaşlarının İnstituta müraciətləri olmuş və onlar üzvlüyə qəbul edilərək Daxili Auditorlar İnstitutunun sertifikatını almışlar. Üzvlüyə qəbulun illər üzrə artım dinamikası aşağıdakı kimi olmuşdur:
1999-cu ildə 14 nəfər, 2000-ci ildə 14 nəfər, 2001-ci ildə 24 nəfər, 2002-ci ildə 18 nəfər, 2003-cü ildə 8 nəfər, 2004-cü ildə 20 nəfər, 2005-ci ildə 26 nəfər, 2006-cı ildə 11 nəfər, 2007-ci ildə 15 nəfər, 2008-ci ildə 15 nəfər mütəxəssisin müraciətlərinə İdarə Heyətinin iclaslarında baxılmış və onlar üzvlüyə qəbul edilmişlər.İdarə Heyətinin 2009-cu il fevral ayının 19-da keçirilən iclasında daha 6 nəfərin üzvlüyə qəbulla bağlı müraciətlərinə baxılmlşdır. Hal-hazırda İnstitutda 158 üzv qeydə alınıb. Onlardan 19 nəfər (12%) Auditorlar Palatasının əməkdaşları, 63 nəfər (39.9%) sərbəst auditorlar və auditor təşkilatlarının əməkdaşları, 76 nəfər (48,1%) isə müxtəlif yerlərdə çalışan mütəxəssislərdir. 2008-ci il ərzində üzvlükdən xaric olunanlar olmamışdır.
2.QANUNVERİCİLİKLƏ BAĞLI FƏALİ YYƏT
Bildiyiniz kimi, “Audit-Azərbaycan” İnstitutunun daxili auditin peşə təcrübəsi üzrə ayrı-ayrı ölkələrin müvafiq qanunvericiliyini hərtərəfli öyrənilməklə, "Daxili audit haqqında" Azərbaycan Respublikası Qanununun layihəsini işləyib hazırlamışdır.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 sentyabr tarixli 377 saylı sərəncamı ilə təsdiq edilmiş «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında (2004-2006-cı illər)» sivil maliyyə nəzarətinin dünyada qəbul olunmuş mühüm istiqamətlərindən biri olan auditin, o cümlədən daxili auditin iqtisadiyyatımızın idarə olunmasında tətbiqi barədə bir sıra müddəaların əks olunması da xüsusi əhəmiyyət kəsb etmişdir. Dövlət Proqramında daxili audit xidmətləri rəhbərlərinin qulluğa qəbulu və qulluğuna xitam verilməsi prosedurlarının təkmilləşdirilməsi mühüm bir vəzifə kimi Auditorlar Palatasının qarşısında qoyulmuşdur. Mühüm dövlət tapşırığının icrası ilə əlaqədar ölkədə daxili audit peşəsinin beynəlxalq meyarlar nəzərə alınmaqla qurulması, təsərrüfat subyektlərinin daxili audit xidmətləri rəhbərlərinin qulluğa qəbulu və qulluğuna xitam verilməsi qaydalarını müəyyən edilməsi, təsərrüfat subyektinin rəhbərliyi ilə onlar arasında qarşılıqlı münasibətləri, daxili audit xidməti rəhbərlərinin hüquqi vəziyyətini tənzimləməsi məqsədilə İnstitut üzvlərinin fəal iştirakı ilə "Azərbaycan Respublikasında daxili audit xidmətləri rəhbərlərinin qulluğa qəbulu və qulluğuna xitam verilməsi haqqında Əsasnamə" layihəsi işlənib hazırlanmış
"Daxili audit haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi Milli Məclisdə müzakirələrdən sonra 2007-ci il 22 may tarixində qəbul edilmiş və Müstəqil Dövlətlər Birliyi(MDB) ölkələri arasında birinci olaraq, Azərbaycanda daxili auditor fəaliyyətinin həyata keçirilməsi qanunvericiliklə hüquqi təsbitini tapmışdır.
2007-ci il 29 iyun tarixində "Daxili audit haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti fərman imzalamışdır. Qanun Azərbaycan Respublikasında təsərrüfat subyektlərinin idarə edilməsinin səmərəliliyinin artırılması məqsədi ilə daxili audit xidmətinin təşkilinin və həyata keçirilməsinin hüquqi əsaslarını, daxili auditorların hüquq və vəzifələrini müəyyən edir.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 29 iyun tarixli fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci 05 oktyabr tarixli 155 nömrəli qərarı ilə “Məcburi auditin obyekti olan təsərrüfat subyektləri üzrə “Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununun mərhələlərlə tətbiqinin müddətləri” müəyyən edilmişdir. Respublikamızda daxili audit sisteminin beynəlxalq standartlara uyğun olaraq təşkil edilməsi məqsədilə Daxili Auditorlar İnstitutunun (IIA) Azərbaycan bölməsi olan “Audit-Azərbaycan” İnstitutu respublikamızda daxili audit peşəsinin təbliğini həyata keçirir, dövlət və qeyri-dövlət sektorunda daxili audit bölmələrinin yaradılmasında yardımı təşkil edir. Bu qərara əsasən 1 yanvar 2010-cu il tarixinədək məcburi auditin obyekti olan təsərrüfat subyektlərində daxili audit xidmətinin yaradılması işi başa çatmalıdır. Bununla əlaqədar olaraq, “Audit-Azərbaycan” İnstitutu tərəfindən müəssisə və təşkilatlara məktublar göndərilmişdir.
3.BEYNƏLXALQ ƏLAQƏLƏR
Beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və mütərəqqi dünya təcrübəsinin öyrənilməsi istiqamətində “Audit-Azərbaycan” İnstitutunun beynəlxalq əlaqələrinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə institutun nümayəndə heyətləri daxili audit üzrə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə fəal iştirak etmiş və səfərlər zamanı peşənin inkişafı nöqteyi nəzərindən əhəmiyyətli təcrübə əldə etmişlər.
Böyük fəxrlə deyə bilərik ki, İnstitutumuzun beynəlxalq əlaqələrinin coğrafiyası ildən-ilə genişlənir. Bildiyiniz kimi hələ 2004-cü il oktyabrın 9-da Avropa Daxili Audit İnstitutları Konfederasiyasının (ECIIA) Baş Assambleyasının İstanbulda keçirilmiş iclasında «Audit-Azərbaycan» İnstitutu bu nüfuzlu regional təşkilata üzv qəbul edilmişdir.
2007-ci ildə isə Beynəlxalq Daxili Auditorlar İnstitutunun bölməsi olan “Audit-Azərbaycan”ın beynəlxalq və regional peşə təşkilatlarına inteqrasiyası istiqamətində daha bir uğurlu addım atılmışdır: İnstitut 2007-ci il 27 noyabr tarixində Asiya Daxili Auditorlar İnstitutları Konfederasiyasına (ACIIA) assosiativ üzv qəbul olunmuşdur.
Əsas məqsədi üzvləri ilə Beynəlxalq Daxili Auditorlar İnstitutu arasında əlaqələri inkişaf etdirmək və strateji məqsədlərə nail olmaq üçün fəaliyyətlərini əlaqələndirmək, daxili audit sahəsində qabaqcıl peşə təcrübəsini, peşə standartlarını yaymaq və inkişaf etdirmək olan Asiya Daxili Auditorlar İnstitutları Konfederasiyası(ACIIA) hazırda “Audit-Azərbaycan”dan başqa Asiya-Sakit Okean regionunda Avstraliya, Çin, Honkonq, İndoneziya, Yaponiya, Cənubi Koreya, Malayziya, Filippin, Çin Tayvanı və Tailandın daxili audit qurumlarını özündə birləşdirir.
2007-ci ilin 19-21 sentyabr tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Asiya Daxili Auditorlar İnstitutları Konfederasiyasının Asiya konfransı keçirilmişdir. Bu konfransada “Audit-Azərbaycan” İnstitutunun nümayəndə heyəti iştirak etmişdir. “Daxili audit haqqında” Azərbaycan Respublikasının qanunu barədə məlumat konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
2007-ci il sentyabrın 21-də “Audit-Azərbaycan” İnstitutu ilə Çin Daxili Auditorlar institutu arasında anlama Meorandumu imzalanmışdır və 9 maddədən ibarət bu Meoranduma əsasən tərəflər qarşılıqlı informasiya və təcrübə mübadiləsi aparacaq, birgə seminarlar, simpoziumlar və konfranslar təşkil edəcək, tədris-praktika vəsaitləri və metodik göstərişlər hazırlayacaq, peşə məsələlərinə dair müntəzəm məsləhətləşmələr keçirəcək, işlənib hazırlanmış sənədlərin mübadiləsini aparacaq, müvafiq şərh və tövsiyələrin hazırlanmasını təşkil edəcəklər.
Türkiyə Daxili Auditorlar İnstitunun 2008-ci ilin 07 noyabr tarixində İstanbul şəhərində keçirilən XII Daxili Auidit Konqresində İnstitutun üzvü M.Abbasov iştirak edərək İnstitutu təmsil etmişdir.
2008-ci il 20-21 noyabr tarixlərində Avropa Daxili Audit İnstitutları Konfederasiyasının (ECIIA) Berlin şəhərində keçirilən ECIIA-nın Baş Assambleyasında və “Korporativ idarəetmə, uyğunluq və daxili audit” adlı 2008-ci il Beynəlxalq Konfransında “Audit-Azərbaycan” İctimai Birliyinin nümayəndə heyəti iştirak etmişdir. İnstitutun rəhbəri V.Novruzov institut tarixində ilk dəfə olaraq həmin konfransda “Azərbaycanda daxili audit qanunvericiliyi” mövzusunda geniş məzmunlu məruzə ilə çıxış etmişdir. Həmin məruzə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Nümayəndə heyəti eyni zamanda Almaniya Daxili Auditorlar İnstitutunun 50 illik yubileyində iştirak etmiş və böyük təcrübəni nəzərə alınaraq qarşılıqlı memorondum imzalanması razılığına gəlinmişdir.
Azərbaycan Respuklikası Prezidentinin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın Fəaliyyət Planının (2007-211-ci illər) və Auditorlar Palatasının 2009-cu il üçün iş planının icrası ilə əlaqədar 2009-cu ilin iyun ayında “Daxili nəzarət və audit: şəffaflığın və səmərəliliyin təminatı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir. Konfransa ölkəmizdən və xaricdən qonaqlar dəvət olunacaqlar.
İnstitutumuzun beynəlxalq əlaqələrinin güjləndirilməsi və Azərbayjanda daxili auditin inkişafını təmin etmək məqsədlərinə xidmət edən Auditorlar Palatası özünün internet saytının tərkibində «Audit-Azərbayjan»ın səhifəsini yaratmlş və orada Daxili Auditorlar İnstitutu(DAİ) tərəfindən daxili audit üzrə keçirilən konfrans və digər tədbirlər barədə informasiyaların və digər reklam xarakterli məlumatların yerləşdirilməsi təmin edilmişdir.
2008-ci ildə “Audit-Azərbaycan” beynəlxalq Daxili Auditorlar İnstitutunun (IIA) keçirdiyi ənənəvi Beynəlxaq Təbliğat-Təşviqat Proqramı (IMAP) müsabiqəsində iştirak etmiş və daxili auditor peşəsinin təbliği sahəsində fəaliyyəti Daxili Auditorlar İnstitutu müsbət qiymətləndirilmişdir.
4.NƏŞRLƏR VƏ KURSLAR
Bildiyimiz kimi İnstitutumuz peşəmizin yayılması və inkişafı sahəsina böyük diqqət ayırır. Beynəlxalq Daxili Auditorlar İnstitutunun Daxili Audit Standartları üzrə Şurası tərəfindən işlənib hazırlanamış və 2000-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Daxili Auditin Peşə Təcrübəsi üzrə Standartlar”, habelə 2000-ci il 17 iyun tarixində Daxili Auditorlar İnstitutunun Direktorlar Şurası tərəfindən təsdiq edilmiş Daxili Auditorlar İnstitutunun “Etika Məcəlləsi” Daxili Auditorlar İnstitutunun (IIA) rəsmi icazəsi ilə 2001-ci ildə “Audit-Azərbaycan” İnstitutu tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq, “Daxili audit standartları” adı altında kitabça şəklində nəşr etdirilmişdir. Azərbaycan Respublikası Daxili Auditorlar İnstitutunun bu mühüm sənədlərini öz dilinə tərcümə edərək nəşr etdirmiş 18-ci ölkə olmuşdur. “Daxili Auditin Peşə Təcrübəsi üzrə Standartlar”ın və “Etika Məcəlləsi”nin Daxili Auditorlar İnstitutu(İİA) tərəfindən əlavə və düzəlişlər edilməklə, 2003-cü ilin dekabr ayında nəşr etdirilmiş və 2004-cü il yanvarın 1-dən qüvvəyə minmiş yekun mətni Daxili Auditorlar İnstitutunun(İİA) rəsmi icazəsi ilə yenidən tərcümə edilərək tərcümənin dili xeyli təkmilləşdirilmiş və 2006-cı ildə “Daxili audit fəaliyyətinin təməl prinsipləri” adı altında 500 nüsxədən ibarət kitab şəklində nəşr olunmuşdur. 2008-ci ildə isə “Daxili audit: qanunvericilik və normativ sənədlər” adı altında yeni bir kitab nəşr olunmuşdur. Kitabda “Daxili audit haqqında” Azərbaycan Respublikasının qanunu, Daxili Auditin Peşə Təcrübəsi üzrə Standartlar və Etika Məcəlləsi verilmişdir və “Audit-Azərbaycan” İctimai Birliyinin üzvlərinə pulsuz paylanmışdır.
2008-ci ildə uzun müddət üzərində iş gedən “Daxili audit” dərs vəsaiti Təhsil Nazirliyindən nəşrinə icazə alındıqdan sonra nəşr olunmuşdur. Audit-Azərbaycan İnstitutunun üzvləri olan Müəlliflər qrupu tərəfindən yazılan dərs vəsaiti iqtisadiyyat üzrə təhsil alan tələbələr, magistrlər və aspirantlar, habelə auditorlar, mühasiblər, digər maliyyə nəzarəti orqanlarının işçiləri, təsərrüfat subyektlərinin rəhbərləri üçün nəzərdə tutulmuşdur. Dərs vəsaiti 8 fəsildən və 332 səhifədən ibarətdir.
Daxili auditin mahiyyəti və əhəmiyyəti, Daxili audit fəaliyyətinin tənzimlənməsi, Daxili auditin təşkili, Daxili auditin idarə edilməsi, Daxili auditin aparılması, Daxili audit fəaliyyətinin əsas istiqamətləri, Daxili auditdə istifadə olunan metodlar və üsullar, Daxili audit yoxlamalarının elektron formada işlənməsi xüsusiyyətləri dərsliyə daxil edilmişdir. Dərs vəsaiti Audit-Azərbaycan İnstitutunun qərarına müvafiq olaraq İdarə Heyətinin üzvlərinə və müəlliflərə pulsuz paylanılmışdır.
Beynəlxalq Daxili Auditorlar Institutu (IIA) bu il daxili audit standartlarına müəyyən əlavə və dəyişikliklər etmişdir ki, həmin dəyişikliklər 2009-cu ilin yanvarında qüvvəyə minir. Hal-hazırda biz də, həmin dəyişikliklərin tərcüməsi üzərində işləyir və 2009-cu il ərzində kitab şəklinə nəşr etməyi planlaşdırırıq.
Hesabat dövrü ərzində «İqtisadiyyat və audit» jurnalında daxili auditə həsr edilmiş üzvlərimiz tərəfindən təqdim edilən 10-dan çox məqalələr dərc edilmişdir.
“Daxili audit haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar daxili audit kursları təşkil olunmağa başlamış və bu işlər müntəzəm olaraq davam etdirilir. 2007-ci il sentyabr ayından başlayaraq hal-hazırki dövrədək “Daxili auditin əsasları” kursunun 8 buraxılışı olmuşdur. Kursları ümumilikdə 110 nəfər bitirmişdir. Kurslarda Respublikanın bir sıra nazirlik, idarə və təşkilatların əməkdaşları iştirak etmişlər. Təşkil olunan kurslarda məşğələləri daxili audit sahəsində böyük təcrübəyə malik olan mütəxəssislər - “Audit-Azərbaycan” İnstitutunun idarə heyətinin üzvləri F.Məmmədov və L.Nəbiyeva, Metodik işlər komissiyasının sədri N.Talıbov və İntizam komissiyasının sədri V.Ağayev aparır.
Ölkəmizdə daxili auditor peşəsinin yayılması və inkişaf etdirilməsinə, daxili auditorlar arasında peşə münasibətlərinin gücləndirilməsinə, daxili audit standart və normalarının işlənib hazırlanmasına, təkmilləşdirilməsinə, daxili audiorların peşə müstəqilliyinin və mənafelərinin qorunmasına nail olmaq üçün və Prezident İlham Əliyevin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş 2007-2011-ci illər üçün “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”sını əsas tutaraq qarşımıza bir sıra məqsəd qoymuş və bu istiqamətdə irəliləməkdəyik. Fəaliyyətimizin həmişə uğurlu olması İnstitutun əsas prinsipi olan “Əməkdaşlıq yolu ilə təkamül” prinsipinə riayət edilməsi ilə mümkündür.
5.MÖVCUD PROBLEMLƏR VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR
Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin hazırladığı Fəaliyyət Planında (2007-2011-ci illər) daxili audit xidmətinin təkmilləşdirilməsi ilə bağlı “Beynəlxalq standartlara uyğun olaraq daxili audit xidmətinin fəaliyyətini tənzimləyən metodiki göstərişlər və tövsiyyəvi vəsaitlərinin hazırlanması” və “Daxili audit xidmətinin fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi” bəndləri əks olunmuşdur.
“Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Auditorlar Palatasının 2009-cu il üzrə fəaliyyət planında audit xidmətinin təkmilləşdirilməsi və auditor xidmətinin keyfiyyətinin artırılması istiqamətində daxili audit xidmətinin fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə Daxili Auditorlar İnstitutu tərəfindən hazırlanmış beynəlxalq daxili audit standartlarının Azərbaycan dilinə tərcümə və nəşr etdirilməsi problemi aktuallaşmışdır. Həmin standartların tərcümə və nəşr etdirilməsinə nail olmaq üçün tələb olunan pul vəsaitini əldə etmək məqsədilə “Audit-Azərbaycan” İnstitutu Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 2009-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə baglı elan olunan müsabiqəyə qoşulmaq üçün müvafiq sənədləri hazırlayaraq təqdim etmiş və bu müsabiqəyə qoşulmuşdur.
İnstitutun əmlakını formalaşdırma mənbələrindən biri olan illik üzvlük haqqının yığılması da institutun qarşısında dayanan problemlərdən biridir. Belə ki, 20.02.2009-cu il tarixinə instituta ödənilməmiş üzvlük haqlarının ümumi məbləği 8426 azn təşkil edir. Üzvlərdən Əliyev Tahir(298 AZN), Babayev Rəşad(477 AZN), Qarayev Emil(360 AZN), İmanov Məhəmməd(653 AZN), Kərimov Əkbər(360 AZN), Nicat Aksular(555 AZN), Ağakişiyev Ceyhun(375 AZN) və digərləri iki ilden artıqdır ki, üzvlük haqlarını ödəmirlər.
Ümid edirik ki, daxili audit peşəsi maliyyə-təsərrüfat fəaliyyətlərinin səmərəliliyini yüksəltməklə, müəssisə və idarə rəhbərlərinə səriştəli kömək etməklə, Azərbaycan iqtisadiyyatının inkişafının sürətləndirilməsində mühüm rol oynayacaqdır.