ƏMƏKDAŞLIQ
RUMINİYA MALİYYƏ AUDİTORLARI PALATASININ NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANDA

Azərbaycan Respublikası Auditorlar Palatasının dəvəti ilə Rumıniya Maliyyə Auditorları Palatasının prezidenti, professor İon Mihaileskunun başçılıq etdiyi nümayəndə heyəti 2009-cu il mayın 4-7-də respublikamızda rəsmi səfərdə olmuşdur.
Rumıniya Maliyyə Auditorları Palatasının əsas vəzifəsi Rumıniyada maliyyə auditi peşəsinin ictimaiyyət tərəfindən tanınmasına real zəmin yaratmaqdır. Palatanın qarşısında duran başlıca məqsəd peşənin davamlı inkişafına nail olmaq, audit standartları, davranış və peşə etikası kodeksinə uyğun şəkildə və Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) müəyyən etdiyi beynəlxalq audit standartları və davranış kodeksinə tam uyğunlaşdırılmış halda onun gücləndirilməsini təmin etməkdən ibarətdir. Bu da öz növbəsində, Rumıniyanın maliyyə auditorlarına imkan verəcək ki, ümumilikdə dövlət (ictimai) maraqları, xüsusi halda isə işgüzar mühit üçün yüksək keyfiyyətli xidmət göstərsinlər.
Rumıniya Maliyyə Auditorları Palatasının əsas məqsədləri açağıdakılardır:
• İctimai maraqların müdafiəsi məsuliyyətini öz üzərinə götürmək və maliyyə auditorlarının, həmçinin Palata üzvlərinin Avropa və beynəlxalq səviyyədə ən mükəmməl şəkildə təkmilləşdirilmiş peşə və etik standartlara əməl etmələrinə çalışmaqla, Rumıniyada maliyyə auditoru peşəsinin davamlı inkişafına nail olmaq;
• Maliyyə auditoru peşəsini milli və beynəlxalq səviyyədə təmsil etmək;
• Maliyyə hesabatları üzrə auditor xidmətlərinin yüksək səviyyədə icra olunmasına çalışmaq, həmçinin, Palatanın təşkil etdiyi ixtisasartırma proqramlarında və təlimlərdə maliyyə auditorlarının iştirakını təmin etmək;
• Rumıniyada maliyyə auditoru peşəsinin müstəqilliyinə nail olmaq;
• Rumıniya, həmçinin beynəlxalq maliyyə auditi xidmətləri bazarında peşəyə bu və ya digər şəkildə təsir edə biləcək əsas istiqamətləri müəyyənləşdirmək və ən optimal idarəçilik üsulları barədə onlara vaxtında məsləhət vermək;
• Ölkədə mühasibat peşəsinin inkişaf etdirilməsi məqsədilə Rumıniya İqtisadiyyat və Maliyyə nazirlikləri, həmçinin digər dövlət təşkilatlatı və peşəkar qurumlarla əməkdaşlığı gücləndirmək.
Rumıniya Maliyyə Auditorları Palatası cəmi 5 yaşı olmasına baxmayaraq, özünü artıq Rumıniyanın iqtisadi mühitində təsdiq etmiş təşkilatdır. Rumıniya Maliyyə Auditorları Palatası 2008-ci ilin noyabr ayında IFAC-a tamhüquqlu üzv qəbul edilmişdir.

Palata öz üzvləri üçün IFAC-ın müəyyənləşdirdiyi Beynəlxalq Təhsil Standartlarının tələblərinə uyğun hazırlanmış tədris planı əsasında hər il təlimlər təşkil edir.
Eyni zamanda, Palata Dünya Bankının dəstəyi ilə Ölkə üzrə Fəaliyyət Planı (Action Plan) layihəsini gerçəkləşdirmək üçün Qiymətli Kağızlar üzrə Milli Komissiya, Sığorta Nəzarəti Komissiyası, Rumıniya Milli Bankı, Ekspertlər və Lisenziyalı Mühasiblər Təşkilatı və akademik iqtisadi sahənin təmsilçiləri ilə əməkdaşlıq edir. Ölkə üzrə Fəaliyyət Planı özündə mühasibat və auditor xidmətləri üçün müvafiq çərçivənin müəyyənləşdirilməsi, mühasibat və audit ilə bağlı olan və Beynəlxalq Maliyyə Hesabatı Standartlarının müddəalarının yerinə yetirilməsi üçün nəzərdə tutulan ümumi vəzifə və öhdəlikləri əks etdirir.
2009-cu il mayın 5-də Auditorlar Palatasında Azərbaycan Respublikası Auditorlar Palatası ilə Rumıniya Maliyyə Auditorları Palatası arasında Anlaşma memorandumunun imzalanması mərasimi olmuşdur.
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən islahatlar, sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlər, son illər qazanılmış nailiyyətlər haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, son beş ildə ümumi daxili məhsul istehsalı 2,7 dəfə artmış, ölkədə 750 mindən çox yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi isə 49 faizdən 13 faizə enmişdir. Azərbaycanın dünyanı bürümüş maliyyə və iqtisadi böhrana ən az məruz qalmış ölkələrdən biri olduğu, bu ilin birinci rübünün yekunlarına görə ÜDM istehsalının 4 faizdən çox, o cümlədən qeyri-neft sektoru üzrə 14 faiz artdığı diqqətə çatdırılmışdır.

Dost ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinə toxunan V.Novruzov Rumıniyanın XX əsrin sonlarında Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olduğunu, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə bu ölkəyə rəsmi səfərindən sonra əlaqələrimizin dinamik inkişaf etdiyini söyləmişdir.
Prezident İlham Əliyevin bazar infrastrukturunun çox mühüm sahəsi kimi auditə verdiyi böyük əhəmiyyəti və dövlətimizin başçısının bu sahəyə göstərdiyi gündəlik qayğını diqqətə çatdıran V.Novruzov hazırda Azərbaycanda auditin mükəmməl qanunvericilik bazası əsasında inkişafını vurğulamışdır. O, həmçinin, beynəlxalq audit təcrübəsinin öyrənilməsinin və ölkəmizdə tətbiqinin vacibliyi barədə dövlətimizin başçısının tövsiyəsini xatırlatmış, Palatanın bu istiqamətdə ardıcıl iş apardığını qeyd etmişdir.
Rumıniya Maliyyə Auditorları Palatasının prezidenti, professor İon Mihailesku başçılıq etdiyi qurumun vəzifələri və fəaliyyətinin əsas istiqamətləri barədə danışmışdır. O, bildirmişdir ki, ötən ilin noyabrında IFAC-ın Romada keçirilmiş iclasında həm Azərbaycan və həm də Rumıniya auditorlar qurumu eyni vaxtda Beynəlxalq Mühasiblər Federasiyasına tamhüquqlu üzv qəbul edilmişlər. Məhz həmin tədbirdə əməkdaşlıq haqqında rəsmi sənədin imzalanması barədə razılığa gəlinmiş, sənəd üzərində cəmi dörd aya yaxın iş aparılmışdır.
Memorandumda qeyd olunur ki, Tərəflər səmərəli əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, mühasibat və audit peşəsinin inkişaf etdirilməsi məqsədilə hər iki ölkənin iqtisadi mühiti şəraitində mühasibat və audit peşələrinin inkişaf etdirilməsi zərurətini, maliyyə hesabatlarının milli səviyyədə təkmilləşdirilməsinə imkan yaradacaq beynəlxalq audit standartlarına uyğunlaşma prosesinin sürətləndirilməsini nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəlmişlər:
• işçilərin davamlı olaraq ixtisasartırma proqramlarında iştirak etmələrinə qarşılıqlı şəkildə yardım etmək;
• hər iki təşkilat üzvlərinin fəaliyyətindəki etik, təhsil və keyfiyyətlə bağlı cəhətlərə qarşılıqlı şəkildə dəstək olmaq;
• peşə üçün mühüm olan müxtəlif məsələlərlə bağlı Avropa və beynəlxalq səviyyələrdə qarşılıqlı məsləhətləşmələr aparmaq;
• milli və beynəlxalq tədbirlərdə (seminarlar, konfranslar, peşə ilə bağlı digər tədbirlərdə) bir qayda olaraq iştirak etmək;
• hər iki peşəkar qurum tərəfindən çap etdirilən kitab, jurnal və s. mübadiləsi; mühasibat və audit peşəsi ilə bağlı məqalələri mübadilə yolu ilə təşkilatların jurnallarında və ya veb saytlarında yerləşdirmək.

Nəzərdə tutulan razılaşmaya əsasən, Azərbaycan Respublikası Auditorlar Palatası və Rumıniya Maliyyə Auditorları Palatası qarşılıqlı əməkdaşlığın, məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi çərçivəsində fəaliyyət göstərəcək və bu sahədə bir-birinə yardım edəcəklər.
Anlaşma memorandumunu Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov və Rumıniya Maliyyə Auditorları Palatasının prezidenti, professor İon Mihailesku imzalamışlar.
Mərasimdə, həmçinin, Rumıniya tərəfindən Rumıniya Maliyyə Auditorları Palatasının vitse-prezidenti Ali Eden, icraçı direktor Marius Brudusel və beynəlxalq əlaqələr üzrə mütəxəssis Adriana Koza iştirak etmişlər.
Mərasimdən əvvəl Rumıniya nümayəndə heyətinin üzvləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də gül düzmüşlər.
Sonra nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anmış, məzarları üzərinə tər çiçəklər düzmüşlər.
***
Mayın 6-da Rumıniya Maliyyə Auditorları Palatasının prezidenti, professor İon Mihaileskunun başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olmuşdur.
Qonaqlara beş il bundan əvvəl ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verilmişdir.

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar, fenomen şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlər, Heydər Əliyevin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyətini əks etdirən fotoşəkillər qonaqlarda xoş təəssürat oyatmışdır.
Bildirilmişdir ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond elm, təhsil, mədəniyyət, səhiyyə və sair sahələr üzrə genişmiqyaslı layihələr həyata keçirir.
Cənab İon Mihailesku xatirə kitabına ürək sözlərini yazmış, görkəmli siyasi xadim Heydər Əliyevin adını daşıyan Fondla tanışlıqdan zəngin təəssürat aldığını ifadə etmişdir.
Nümayəndə heyətinin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ildə Rumıniyaya rəsmi səfəri çərçivəsində Buxarestin mərkəzində yerləşən 8 May parkında xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünün açılış mərasimində çəkilmiş şəkillərini Fonda hədiyyə etmişdir.
***

Azərbaycanda olduğu günlərdə Rumıniya nümayəndə heyəti ölkəmizdə auditin təşkili təcrübəsi ilə tanış olmuş, birgə seminarda iştirak etmiş, Azərbaycan paytaxtının görməli yerlərini gəzmişdir.







