KADR HAZIRLIĞI
PARTNYORLUQ SAZİŞİ İMZALANMIŞDIR2009-cu il mayın 26-da Azərbaycan Respublikasının Auditorlar Palatasında «G&R Business Services» MMC ilə Partnyorluq sazişinin imzalanmasına həsr olunmuş mərasim keçirilmişdir.

Mərasimi giriş sözü ilə Auditorlar Palatasının sədri, professor Vahid Novruzov açmışdır. O demişdir ki, «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının 2004-cü il 2 sentyabr tarixli 716-IIQ nömrəli Qanunu və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» ilə müəyyən edilmiş vəzifələrin icrası, o cümlədən təsərrüfat subyektlərinin maliyyə və vergi hesabatlarında şəffaflığın təmin edilməsi, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin görülməsi üçün auditor və mühasiblərin peşə biliklərinin beynəlxalq standartlara müvafiq surətdə və bütün dünyada qəbul edilmiş qabaqcıl təcrübə əsasında təkmilləşdirilməsi mühüm bir vəzifədir. Bu baxımdan, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) tamhüquqlu üzvü olan Azərbaycan Respublikası Auditorlar Palatası ilə Böyük Britaniyanın Sertifikatlı İmtiyazlı Mühasiblər Assosiasiyasının (ACCA) Azərbaycan Respublikasında akkreditə olunmuş tədris mərkəzi «G&R Business Services»in daha səmərəli birgə fəaliyyətinin təmin edilməsi üçün iki qurum arasında Partnyorluq sazişinin imazalanmasını məqsədəuyğun sayırıq. Zənnimizcə, bu əməkdaşlıq hər iki tərəf üçün faydalı və perspektivli olacaqdır. Əməkdaşlığın bir hissəsi kimi, Azərbaycan Respublikası Auditorlar Palatasının əməkdaşları və üzvləri peşə bilik və bacarıqlarının artırılması və inkişaf etdirilməsi məqsədilə tədris mərkəzi tərəfindən təşkil olunan müxtəlif təlim kurslarında iştirak etmək imkanı əldə edəcəklər. Gələcəkdə Azərbaycan Respublikası Auditorlar Palatası da bu istiqamətdə imtahanların təşkili və keçirilməsini təmin edəcək xüsusi mərkəz kimi fəaliyyət göstərə bilər.
«G&R Business Services» MMC-nin icraedici direktoru Bəhram Qurbanov bildirmişdir ki, 16 sentyabr 2004-cü ildə təsis edilən «G&R Business Services» MMC fəaliyyət göstərdiyi sahələrdə regionun aparıcı və novator təşkilatıdır. GRBS təlimlər, beynəlxalq kvalifikasiyalar və imtahanlara hazırlıq, heyətin idarə edilməsinin psixoloji təminatı, iş yerlərinin attestasiyası üzrə hərtərəfli və yüksək səviyyəli xidmətlər göstərir. GRBS ACCA-nin Azərbaycanda ilk akkreditə olunmuş tədris partnyorudur. Biz təlimlərin yaradılması və bazara buraxılması üçün 5 pilləli sistem təşkil etmişik; təlimlərin keyfiyyətinə təminat verən müvafiq prosedur və standartlar yaratmışıq; korporativ təlimlərdən əlavə, insan resursları, mühasibatlıq, maliyyə, marketinq və PR, təhlükəsizlik, ekologiya, keyfiyyət, təchizat, satış, neft-qaz və s. bölmələr üzrə hər ay 15-19 açıq təlim keçiririk. Biz Azərbaycanda dünyanın aparıcı biznes mərkəblərinə və universitetlərinə qəbul üçün tələb olunan beynəlxalq imtahanlara TOEFL, IBT, IELTS, GMAT, GRE, SAT, LSAT hazırlığı üzrə tədris xidmətləri göstərən ilk tədris mərkəziyik. Biz, həmçinin, Beynəlxalq Mühasibat Uçotu Standartlarını bilən peşəkar milli kadrlara böyük ehtiyac yarandığını dərk edərək, bu sahə üzrə mütəxəssislər yetirişdirilməsini fəaliyyətimizin vacib istiqamətlərindən biri kimi müəyyənləşdirmişik. IFAC-ın tamhüquqlu üzvü olan Azərbaycan Respublikası Auditorlar Palatasını da Beynəlxalq Mühasibat Uçotu Standartları üzrə tədris kurslarının yekununda keçirilən imtahanların təşkil edilməsi, dinləyicilərin biliklərinin qiymətləndirilməsi və sertifikatlaşdırma prosesi ilə əlaqədar partnyor kimi görməyi arzu edirik. Bu məqamda biz Auditorlar Palatası ilə ACCA arasında rəsmi əməkdaşlıq əlaqələrinin mövcud olmasını əsas götürürük.
Sonra Partnyorluq sazişi imzalanmışdır.
Sazişə əsasən, Tərəflər auditor və mühasib peşələrinin inkişafının zəruriliyini dərk edərək; maliyyə və vergi hesabatlarında şəffaflığın təmin edilməsi, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin görülməsi üçün auditor və mühasiblərin peşə biliklərinin beynəlxalq standartlara müvafiq surətdə və qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsini vurğulayaraq; Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən riayət edilən IFAC-ın üzvlük tələblərinin böyük əksəriyyətinin GRBS tədris mərkəzinin birbaşa fəaliyyət predmeti olmasını əsas görürərək; Azərbaycan Respublikası Auditorlar Palatası ilə ACCA arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcudluğunu, habelə GRBS tədris mərkəzinin ACCA-nın Azərbaycandakı yeganə akkreditə olunmuş mərkəzi olmasını nəzərə alaraq; şəffaflığın artırılmasında və korrupsiyaya qarşı mübarizədə maarifləndirmə tədbirləri sahəsində əməkdaşlığı zəruri hesab edərək, göstərilən məqsədlərin reallaşdırılması üçün aşağıdakı istiqamətlərdə bərabərhüquqlu əməkdaşlığa dair razılığa gəlmişlər:
• Auditor və mühasib kadrlarının IFAC-ın üzvlük tələblərinə müvafiq olaraq hazırlanmasında və yenidən hazırlanması üzrə müvafiq tədris materiallarını təqdim etmək sahəsində qarşılıqlı işgüzar informasiya mübadiləsinin həyata keçirilməsi;
• Peşə tədrisi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində birgə fəaliyyət;
• Auditorlar Palatasının təşkil etdiyi ixtisasartırma kurslarında tədris mərkəzi trenerlərinin iştirakı;
• Tədris mərkəzinin təşkil etdiyi kurslarda Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının ödənişsiz iştirakı;
• Yüksək peşəkarlıq səviyyəsinin və şəffaflığın təmin edilməsi məqsədilə tədris mərkəzinin təşkil etdiyi kursların buraxılış imtahanlarının Auditorlar Palatası tərəfindən keçirilməsi;
• Mütəxəssislərin sertifikatlaşdırılması sahəsində birgə fəaliyyət;
• Tədris proseslərinin və metodiki vəsaitlərin təkmilləşdirilməsi barədə birgə təkliflərin hazırlanması;
• Kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə audit, mühasibat və vergi qanunvericiliyinin tətbiqi və digər məsələlər barədə mütəxəssislərin məlumatlandırılması.
Bütün bu istiqamətlərdə əməkdaşlıq qarşılıqlı informasiya mübadiləsi, işgüzar görüşlər, seminarlar və məsləhətləşmələr keçirmək audit, maliyyə və mühasibat sahələrinin inkişafı, tənzimlənməsi və ona nəzarətin həyata keçirilməsinə dair metodiki vəsaitlər hazırlamaq və nəşr etdirmək, habelə kursların təşkili formalarında həyata keçiriləcəkdir.