"GRBS® Naxçıvanda MR-nın Maliyyə Nazirliyi və Auditorlar Palatası ilə birlikdə uğurlu praktiki seminar keçirib."

9 aprel 2010-cu ildə fəaliyyət göstərdiyi sahələrdə regionun lideri GRBS®, Azərbaycan Respublikası Auditorlar Palatası və Naxçıvan MR Maliyyə Nazirliyi ilə birlikdə "Şəffaflıq və müəssisələrin fəaliyyətində beynəlxalq standartların tətbiqi" mövzusunda Naxçıvan şəhərində seminar-müşavirə keçirib. Əvvəlcə GRBS®, Auditorlar Palatası, Naxçıvan Maliyyə Nazirliyi və ictimaiyyətin nümayəndələri müasir Azərbaycanın banisi Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ardından ümummilli liderin Naxçıvandakı həyat və fəaliyyətini özündə yaşadan Heydər Əliyev muzeyi ilə tanış olublar.
Daha sonra büdcə və kommersiya təşkilatlarının mühasibləri və digər nümayəndələr olmaqla 250-dən çox iştirakçının qatıldığı praktiki seminar başlayıb. Tədbiri giriş sözü ilə Naxçıvan MR-nın Maliyyə Naziri Xalid İsgəndərov açıb. Naxçıvanın Maliyyə Naziri, "Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı"na toxunaraq, Naxçıvanın timsalında bu proqramın uğurlarından danışıb. Ölkə Prezidenti İlham Əliyevin yeritdiyi sosial-iqtisadi siyasətin ölkəni gündən-günə inkişaf etdirdirərək xalqın rifahını yaxşılaşdırdığını vurğulayıb. Nazir Xalid İsgəndərov, Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı proqramın qısa bir zaman ərzində öz bəhrəsini verdiyini qeyd edərək Naxçıvanın son illər daha da sürətlə inkişafının göz qabağında olduğunu vurğulayıb. Maliyyə Naziri həmçinin Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun ölkə prezidentinin apardığı sosial iqtisadi siyasətə sadiq qalaraq bu inkişafda böyük əməyi və rolu olduğunu bildirib.
Sonra Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov "Sosial iqtisadi inkişafın Azərbaycan modelində şəffaflıq amili" mövzusunda seminar iştirakçıları qarşısında çıxış edib. Palata sədri, Azərbaycanın hər tərəfli inkişafının mühasibatlıq və audit sahəsində də uğurlara gətirib çıxardığını bildirib. Vahid Novruzov, həmçinin GRBS®-in Azərbaycanda peşəkar mühasib və auditorların hazırlanmasındakı əvəzsiz rolunu vurğulayıb. Respublikanın baş auditoru digər ölkələrin artıq Azərbaycanın audit sahəsindəki təcrübəsindən yararlanmaq istədiklərini bildirib. Vahid Novruzov Azərbaycanda daxili auditin hüquqi bazasını yaratmağa nail olunduğunu nəzərə çatdırıb.

Ardından tədbiri GRBS®-in İdarəedici Direktoru Bəhram Qurbanov davam etdirib. O bildirib ki, doğma Azərbaycanımızın ürəyi hesab etdiyi Naxçıvanda olmaq və bu diyarın sürətli inkişafını görmək onu sevindirir. Heydər Əliyev muzeyində olarkən keçirdiyi əvəzolunmaz hissləri heç vaxt unutmayacağını bildirib. GRBS® rəhbəri Naxçıvan Muxtar Respublikasında yerli mühasiblərə keçirilən təlimin mühüm əhəmiyyətini nəzərə çatdırmaqla yanaşı, yaxın gələcəkdə burada Naxçıvan MR-in Maliyyə Nazirliyinin dəstəyi ilə uzunmüddətli kursların təşkil edilməsi istəyinin olduğunu da vurğulayıb. Bəhram Qurbanov həmçinin Naxçıvanda GRBS®-in filialının açılması ilə bağlı gələcək planlardan da söz açmışdır. Cənab Qurbanov regionlarda bu qəbildən olan tədbirləri həyata keçirməklə GRBS®-in hər zaman cənab Prezident İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin uğurlu nəticələrinin sırasına öz töhfəsini verməyə çalışdığını qeyd edib.
Daha sonra tədbirin ikinci hissəsi başlayıb. Əvvəlcə Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov "Maliyyə hesabatlarında şəffaflığın təmin edilməsində Beynəlxalq Standartların rolu" mövzusunda seminar iştirakçıları qarşısında çıxış edib.
Ardından GRBS® Tədris Mərkəzinin Beynəlxalq və Milli Mühasibat Uçotu Standartları üzrə ekspert-məsləhətçisi Elşən Rəhimov iştirakçılara Beynəlxalq və Milli Mühasibat Uçotu üzrə təlim keçib. Beynəlxalq təcrübəli ekspert, maliyyə hesabatlarının konseptual əsasları, gəlirin tanınması, uzunmüddətli maddi aktivlər uçotu, dərc edilmiş maliyyə hesabatlarının təqdimatı, vergiqoyma uçotu və digər mövzulara toxunub. Qarşılıqlı dialoq şəklində keçən təlim iştirakçılar tərəfindən böyük maraq və məmnuniyyətlə qarşılanıb.
Böyük uğurla keçirilən praktiki seminarın sonunda təntənəli şəkildə GRBS® və Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən şəhadətnamələr verilib, xatirə şəkli çəkdirilib.
Xatırladaq ki, daha öncə martın 15-də "Şəffaflıq və müəssisələrin fəaliyyətində Beynəlxalq Standartların Tətbiqi" mövzusunda praktiki seminar Xaçmazda keçirilmişdi. Yerli İcra Hakimiyyətinin də dəstəyi ilə təşkil olunan tədbir böyük uğurla baş tutmuşdu. Xaçmaz və ardından Naxçıvanda keçirilən seminarların davamı olaraq, eyni mövzuda seminarlar ölkənin bütün regionlarını əhatə edərək ardıcıl olaraq Lənkəran, Zaqatala və Gəncədə keçiriləcək.