"Azərbaycanda Mühasib və Auditorlar üçün beynəlxalq səviyyədə tanınan ilk və yeganə milli peşəkar kvalifikasiyanın Mühasibat Uçotu üzrə Milli Sertifikatların təqdimat mərasimi keçirilmişdir"

5 May 2010-cu il tarixində GRBS® Tədris Mərkəzinin "Qarabağ" zalında Azərbaycan Respublikası Auditorlar Palatasının sədri cənab Vahid Novruzov, GRBS®-in İdarəedici direktoru Bəhram Qurbanov, "İRƏLİ" İctimai Birliyinin sədri Ceyhun Osmanlı və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə Mühasibat Uçotu üzrə Milli Sertifikat sahiblərinin təltif mərasimi keçirilmişdir. Mühasibat Uçotu üzrə Milli Sertifikat proqramı Milli Mühasibatlıq Kvalifikasiyasının tərkib hissəsidir və GRBS® tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatası ilə əməkdaşlıq çərçivəsində yaradılmışdır.
28 fevral 2010-cu il tarixində imtahanda iştirak etmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Lukoil Azərbaycan, Nobel Oil, Salyan Neft, Qobustan Neft, BASF Kaspian, Bakı Banklararası Valyuta Birjası, Xəzər Beynəlxalq İnvestisiya Şirkəti, Unibank və digər şirkətləri təmsil edən 46 namizəddən 31 nəfər ümumi 90 baldan, keçid balı olan 45 və daha çox bal toplamaqla uğurlu nəticə əldə edib.

Qeyd edilməlidir ki, Milli Mühasibatlıq Kvalifikasiyasının – Azərbaycanda Mühasib və Auditorlar üçün beynəlxalq səviyyədə tanınan ilk və yeganə milli peşəkar kvalifikasiyanın məhz GRBS® tərəfindən yaradılması təsadüfi deyil. Belə ki, GRBS® İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants) Azərbaycan Respublikasında yeganə akkreditə edilmiş Tədris Partnyoru, Auditorlar Palatası isə Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) üzvüdür.
Mühasibat Uçotu üzrə Milli Sertifikat proqramının iştirakçıları maliyyə hesabatlarının məzmunu və məqsədləri, ikili qeydiyyat sisteminin tətbiq edilməsi və mühasibat uçotu sistemi, əsas maliyyə hesabatlarının tərtib edilməsi və sairə istiqamətlərdə mühüm biliklər əldə edirlər.
Proqramın sonunda GRBS® və Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən keçirilən Milli Sertifikatlaşdırıcı İmtahanları uğurla verən namizədlər beynəlxalq statuslu Diplom və Sertifikatlarla təltif olunurlar.
Milli sertifikat mühasiblər və auditorlar üçün nəinki ölkə daxilində, həm də beynəlxalq miqyasda tanınan nüfuzlu sənəddir. Məhz Mühasibat Uçotu üzrə Milli Sertifikat onu əldə edənlərin gələcək uğurları üçün başlanğıcdır.