Auditorlar Palatasının sədri Vahid Novruzov,"AMEA İqtisadiyyat İnstitutunda Azərbaycanda həyat keyfiyyətinin qiymətləndirilməsi üzrə tədqiqatlar" təqdimatında iştirak etmişdir.

Fevralın 27-də AMEA İqtisadiyyat İnstitutunda “Azərbaycanda həyat keyfiyyəti – 2018: iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların reytinqi” adlı tədqiqatların təqdimatı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə elmin və müxtəlif sahələrin inkişafında AMEA-nın müxtəlif institutlarında aparılan elmi tədqiqat işlərindən, həyata keçirilən layihələrdən söz açıb. Bildirilib ki, müxtəlif sahələr üzrə aparılan tədqiqatların əksəriyyəti ölkəmizdə əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə, regionların iqtisadi inkişafına xidmət edir. Bu baxımdan AMEA İqtisadiyyat İnstitutunda bu gün təqdim olunan uğurlu fundamental tədqiqatlarla yanaşı, tədbiqi xarakterli tədqiqatlar da aparılır. AkademikAMEA İqtisadiyyat İnstitutunun elmi tədqiqatlarını yüksək qiymətləndirməklə, onların Azərbaycanda sosial-iqtisadi inkişaf baxımından mühüm və əhəmiyyətli olduğunu qeyd edib. Xüsusən də İnstitutun hökumət qurumları ilə işgüzar əlaqələrinin, faydalı əməkdaşlığının qurulduğunu vurğulayıb.

    Sonra iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov “Azərbaycanda həyat keyfiyyəti – 2018: iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların reytinqi” adlı təqdimatla çıxış edib. Məruzədə Azərbaycanın iqtisadi rayonlarında, respublika tabeli şəhərlərində və inzibati rayonlarında həyat keyfiyyətini müqayisəli şəkildə qiymətləndirmək məqsədi ilə AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilmiş kompleks tədqiqatın nəticələri təqdim olunmuşdur. Qiymətləndirmələr İnstitutun mütəxəssisləri tərəfindən hazırlanmış Həyat Keyfiyyəti İndeksi (HKİ) əsasında aparılmışdır. Araşdırma ölkənin 8 iqtisadi rayonunu, həmin rayonlara daxil olan 61 respublika tabeli şəhəri və inzibati rayonu əhatə edir.

 P.Həsənov bildirib ki, Azərbaycanın iqtisadi rayonlarının, respublika tabeli şəhərlərinin və inzibati rayonlarının həyat keyfiyyəti üzrə reytinqi 7 sub-indeksdə qruplaşdırılmış 36 gös-tərici əsasında tərtib edilmişdir. Həmin sub-indekslərə Maddi rifah sub-indeksi (MR), Sağlamlıq sub-indeksi (SL), Təhsil sub-indeksi (TS), Təhlükəsizlik sub-indeksi (THL), Ailə möhkəmliyi sub-indeksi (AM), Ekologiya sub-indeksi (EKO), Asudə vaxt imkanları sub-indeksi (AVİ) daxildir. Dünyanın əksər aparıcı tədqiqat mərkəzləri həyat keyfiyyətini qiymətləndirərkən məhz bu göstəricilərdən istifadə edir və yaradıcı heyət bunları həyat keyfiyyəti üzrə ölkədaxili reytinqləri hazırlamaq üçün yetərli sayır.

 Həyat keyfiyyətinin inteqral göstəricisi olan Həyat keyfiyyəti indeksi (HKİ) respublika tabeli şəhərlər və inzibati rayonlar üzrə 2,53-3,62 aralığında dəyişir. İn-deksin orta qiyməti 2,93 (bu qiymətlə İsmayıllı rayonu və Naftalan şəhəri 21-22-ci yerləri bölüşür), medianı 2,90-dır (bu qiymətlə Xızı, Kürdəmir, Salyan və Şəki rayonları 30-33-cü yerləri bölüşür). Şəhər və rayonlar orta qiymət ətrafında qeyri-bərabər paylanır: 20 şəhər və rayon orta qiymətdən yüksək, 39-u isə aşağı qiymət almışdır.

 Azərbaycanda həyat keyfiyyətinin ən yüksək olduğu bölgə Naxçıvan Muxtar Respublikasıdır. Şəhər və rayonların sıralamasında birinci yeri sub-indekslərin əksəriyyəti üzrə ya lider olan, ya da qabaqcıl mövqedə dayanan Naxçıvan şəhəri tutur. Şəhər 3 sub-indeks üzrə (Sağlamlıq, Təhsil və Ekologiya) 1-ci, Maddi rifah sub-indeksi üzrə 3-cü, 2 sub-indeks üzrə (Təhlükəsizlik və Asudə vaxt imkanları) 5-cidir. Onun yeganə zəif mövqeyi Ailə möhkəmliyi sub-indeksi üzrədir (53-cü yer).

 Muxtar Respublikanın digər 6 rayonu (Ordubad, Sədərək, Babək, Şərur, Şahbuz və Kəngərli) 2-7-ci yerlərdədir. Culfa rayonu isə Qax rayonu ilə eyni İndeks qiyməti ilə (3,14) 8-9-cu yerləri bölüşür. İlk onluqdakı axırıncı yerdə Qəbələ rayonu qərarlaşmışdır. Ordubad rayonu bütün sub-indekslər üzrə ilk onluğa daxildir: Sağlamlığa görə 2-ci, Təhlükəsizliyə və Asudə vaxt imkanlarına görə 3-cü, Təhsilə və Ekologiyaya görə 7-ci, Maddi rifaha və Ailə möhkəmliyinə görə 8-ci yerlərdədir.

 Azərbaycanın respublika tabeli şəhərləri və inzibati rayonları arasında həyat keyfiyyəti üzrə axırıncı 10 yeri sonuncu yerdəki Astara rayonu, onu kiçik fərqlə qabaqlayan Gəncə şəhəri, 58-59-cu yerləri bölüşən Biləsuvar və Yevlax rayonları, 57-ci yerdə qərarlaşmış Masallı rayonu, 55-56-cı yerləri paylaşan Ağsu və Balakən rayonları, 53-54-cü yerləri bölüşən Daşkəsən və Şabran rayonları və 52-ci yerin sa-hibi Xaçmaz rayonu tutur.

  Bu tipli bölgələrarası müqayisəli tədqiqatlar mühüm elmi məsələlərin həllinə kömək etməklə yanaşı, ciddi praktik əhəmiyyət daşıyır. Onların nəticələri regionların sosial-iqtisadi inkişafı ilə bağlı praktik idarəetmə qərarlarının qəbul edilməsi zamanı, o cümlədən ayrı-ayrı bölgələrdə iqtisadiyyatın üstün templərlə inkişafı dəstəklənərkən, sosial-iqtisadi proqramlar tərtib edilərkən, müxtəlif rayonların inkişafına əlavə dövlət vəsaitləri ayrılarkən faydalı ola bilər. 

    Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, i.e.d. Vüsal Qasımlı, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, - i.e.d., professor Vahid Novruzov, Bakı Biznes Universitetinin rektoru, i.e.d., professor İbad Abbasov, millət vəkili Əli Məsimov, AMEA-nın müxbir üzvü, prof. Qorxmaz İmanov, dos. Mayis Gülalıyev, dos. Cəlil Quliyev və AMEA İqtisadiyyat İnstitutunun direktoru, prof. Nazim Müzəffərli çıxış ediblər. AMEA İqtisadiyyat İnstitutunun apardığı təqdim olunan yeni tədqiqat işini mühüm elmi mənbə kimi samballı, dəyərli, dövlət əhəmiyyətli əsər kimi qiymətləndiriblər, bu sahədə gələcək fundamental tədqiqatlarla bağlı öz fikirlərini bölüşüblər.  

    Tədqiqatın nəticələri “Azərbaycanda həyat keyfiyyəti – 2018: iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların reytinqi” adlı kitab şəklində nəşr olunub (economics.com.az).

Qalareya