Azərbaycan Respublikası Auditorlar Palatasının və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının nümayəndə heyətləri Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) videokonfrans formatında təşkil olunmuş 2020-ci il üzrə İllik Ümumi Yığıncağında iştirak edib

İyunun 26-da Auditorlar Palatasının 2003-cü ildən bəri tamhüquqlu üzv olduğu Kiçik və Orta Müəssisələr üçün Avropa Mühasiblər və Auditorlar Federasiyasının videokonfrans formatında 2020-ci il üzrə İllik Ümumi Yığıncağı keçirilib. 

Keçirilən İllik Ümumi Yığıncaqda beynəlxalq quruma üzv ölkələrin peşəkar audit və mühasibat təşkilatlarının nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Palata sədrinin müşaviri və Beynəlxalq əlaqələr komitəsinin sədri Fəqan Qarayev, Palatanın üzvü, “SR Audit Solutions” MMC-nin direktoru – auditor Səftər Vəlizadə və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının prezidenti Nuriyyə Novruyzova iştirak ediblər.

1994-cü ildə yaradılmış EFAA Avropada və Avropa İttifaqı ölkələrində kiçik və orta ölçülü müəssisələrə peşəkar xidmət göstərən fərdi üzvləri olan milli mühasib və auditor təşkilatlarını özündə birləşdirən vahid təşkilatdır. EFAA-nın Avropa regionu üzrə 320 mindən çox mühasib və auditorun təmsil olunduğu 13üzvü mövcuddur. 2003-cü ildən etibarən Auditorlar Palatası ilə EFAA arasında sıx əməkdaşlıq əlaqələri, dostluq, etimad və qarşılıqlı anlaşma münasibətləri yaradılıb və davam etdirilib. Belə ki, hər iki qurumun təşkil etdiyi tədbirlərdə nümayəndə heyətlərimiz yaxından iştirak etmişlər. EFAA tərəfindən Auditorlar Palatasının keçirdiyi bir neçə tədbirə maliyyə yardımı göstərilmişdir. 

İllik Ümumi Yığıncaqda beynəlxalq qurumun 2019-cu il üzrə illik və maliyyə hesabatları təqdim edilərək bəyənilib, 2020-ci ilin proqnozu və 2021-ci il üçün təklif olunan büdcəsi müzakirə olunub. 

Tədbirdə Auditorlar Palatasının sədri Vahid Novruzov çıxış etmiş, ölkəmizdə şəffaflığın yüksəldilməsi, hesabatlılığın təkmilləşdirilməsi, kiçik və orta sahibkarlığın inkişafından danışmışdır. 

İllik Ümumi Yığıncaq EFAA Direktorlar Şurasının 4 üzvünü seçmişdir. 

Tədbir iştirakçıları Ukrayna Hesablama Klubunun (UAC) EFAA-ya müxbir üzv, Rumıniya Maliyyə və Auditorlar Palatasının (CAFR) isə həqiqi üzv seçilmələrinə razılıq vermişlər. 

Azərbaycan üçün əlamətddar olan xəbər isə ondan ibarətdir ki, İllik Ümumi Yığıncağın qərarı ilə EFAA-nın 2023-cü ildəki Beynəlxalq Konfransına ölkəmiz ev sahibliyi edəcəkdir.