“Azərbyacan Respublikası Auditorlar Palatasının sədri, professor V.Novruzov Palatanın fəxri üzvü Nigar Rəhimovaya təbrik ünvanlamışdır”

HÖRMƏTLİ NİGAR MƏMMƏD QIZI!

Azərbaycan Respublikası Auditorlar Palatasının rəhbərliyi, üzvləri və bütün əməkdaşları adından Sizi – «Tərəqqi» medalçısı, Аzərbaycan Respublikası Auditorlar Palatasının “Fəxri üzvü”, sözün əsil mənasında ömrünün təxminən 55 ilini ölkəmizin iqtisadi sahələrindəki işlərə həsr etmiş və 1996-cı ilin aprelindən isə ölkəmizdə Auditorlar Palatasının fəaliyyətə başladığı ilk gündən işləyərək böyük nüfuz qazanmış, zəhmətlə yüksələn Azərbaycanın ilk xanım auditoru, bacarıqlı təşkilatçı, qayğıkeş həmkar, təcrübəli mütəxəssis və mehriban insanı anadan olmağınızın 80 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz əmək fəaliyyətinə ali təhsil diplomu aldıqdan sonra başlamış, müxtəlif idarə və müəssisələrdə mühasib, baş mühasibin müavini və baş mühasib kimi məsul vəzifələrdə çalışmısınız.

Şərəfli əmək fəaliyyətinizin sonrakı illəri isə ölkədə audit sisteminin təşəkkülü və inkişafı ilə birbaşa bağlı olmuşdur: Siz Azərbaycanın ilk qadın auditoru kimi 1993-1996-cı illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin «Azəraudit» Mərkəzində baş müfəttiş ekspert, auditor vəzifələrində, 1996-2001-ci illərdə Azərbaycan Respublikası Auditorlar Palatasının Auditor xidməti departamentində auditor vəzifəsində və 2001-2011-ci illərdə Sərbəst auditoru qismində çalışmış və 1993-cü ildən auditor kimi fəaliyyət göstərərək həm də ölkədə auditin fəal təşkilatçılarından biri olmuşunuz. Elə o vaxtdan da təxminən 20 ilə yaxın ölkəmizin audit sistemində ən nümunəvi auditorlarından biri kimi ölkəmizdə audit və konsaltinq xidmətləri bazarında önəmli nailiyyətlər əldə edərək, sərbəst auditorlar arasında öz nüfuzunuzu möhkəmləndirmiş, Auditorlar Palatasının üzvü kimi bütün bilik və bacarığını, işə vicdanlı və məsuliyyətli münasibətilə milli audit sisteminin formalaşması və inkişafı işinə sərf edərək, auditor xidmətinin keyfiyyəti və xidmət bazarında sivil rəqabət mühitinin formalaşması uğrunda mübarizədə peşə borcunu daim yüksək səviyyədə yerinə yetirməklə səmərəli fəaliyyət göstərmiş, Palatanın əməkdaşları və üzvləri arasında böyük hörmət və rəğbət qazanmısınız. Palatanın ictimai həyatında xüsusilə fərqlənən iş yoldaşlarımızdan oldunuz. Zəngin həyat təcrübəniz, təşkilatçılıq bacarığınız və nəcib insani keyfiyyətləriniz ölkənin auditorları arasında mehriban münasibətlərin bərqərar olmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərmiş, Azərbaycan auditorları ailəsində daim mehriban münasibətlərin, sağlam işgüzarlıq mühitinin hökm sürməsinə şəxsi töhfənizi vermisiniz. Siz, həmçinin auditorların və mühasiblərin beynəlxalq və regional qurumlarının keçirdiyi müxtəlif tədbirlərin dəfələrlə iştirakçısı olaraq, hər yerdə ölkəmizi ləyaqətlə təmsil etmiş, Azərbaycan Respublikası Auditorlar Palatasının əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün səylərinizi əsirgəməmisiniz. Palatanın və beynəlxalq təşkilatların tədbirlərində iştirakınız Sizin gərgin əməyinizin bariz nümunəsidir.

Siz 2012-ci ildən isə layiqli istirahətə, təqaüdə çıxmışınız. Nümunəvi iş fəaliyyətinizə görə əmək bioqrafiyanızı bəzəyən təşəkkürnamə və tərifnamələr, müxtəlif fəxri fərmanlar və diplomlar, nəhayət, layiq görüldüyünüz «Əmək veteranı» medalı və «Əmək veteranı» fəxri adı sübut edir ki, Siz peşəsinə könül verən, əməyə yaradıcı münasibət bəsləyən və gördüyünüz işdən həzz almağı bacaran peşəkarlardansınız.

Sizin göstərdiyiniz xidmətlər daim Palata rəhbərliyinin diqqətində olmuş, dəfələrlə «Fəxri fərman»lara layiq görülmüş və «Fəxri Auditor» döş nişanı ilə təltif olunmusunuz. Audit sistemində göstərdiyiniz xidmətlərin dəyəri bununla kifayətlənməmiş, Auditorlar Palatası Şurasının qərarı ilə Sizə «Fəxri üzv» statusu verilmişdir. Ən əsası isə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 20 ilik yubileyi münasibətilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanda auditor xidmətinin inkişafındakı xidmətlərinə görə bir qrup Palata əməkdaşlarının və üzvlərinin «Tərəqqi» medalı ilə

təltif edilməsi ilə əlaqədar 2016-cı il 4 aprel tarixli Sərəncamında Sizin də xidmətləriniz dövlətimizin başçısı tərəfindən layiqincə dəyərləndirilmiş və həmin Sərəncamda adınızın olması öz yaxınlarınızı sevindirdiyi kimi, Palatanın kollektivinin də böyük sevincinə səbəb olmuşdur.

Hörmətli Nigar xanım!

Əlamətdar yubiley – anadan olmağınızın 80 illiyi münasibətilə Sizi bir daha təbrik edir, həyatda ən şirin nemət olan möhkəm cansağlığı, uzun ömür və daim gümrah qalmağı arzulayıram.

Azərbaycanın ilk qadın auditoru kimi qoy ömrünüzün qarşıdakı hər bir günü həyatınıza yeni-yeni sevinclər bəxş etsin.

Yubiley ad gününüz mübarək!

 

 

Azərbaycan Respublikası

Auditorlar Palatasının

rəhbərliyi və kollektivi adından,

Palatanın sədri professor Vahid NOVRUZOV