«...Ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olan müstəqil auditin ölkəmizdə formalaşdırılması və onun normativ hüquqi bazasının yaradılması qısa zaman kəsiyində maliyyə nəzarətinin bu müstəqil növünün uğurlu inkişafına imkan yaratmışdır»
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının indiki inkişaf mərhələsində ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyata keçid kimi vacib problemlərin həllinin ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olması beynəlxalq aləmə də yaxşı bəllidir. Ölkəmizdə bu sahədə əldə edilən uğurlardan və nəzərdə tutulan prioritetlərdən biri də ekologiya və ətraf mühitə səmərəli nəzarət mexanizminin qurulmasıdır.
Azərbaycan hökuməti yaşıl iqtisadiyyata doğru irəliləyişində əlverişli mühiti təmin edən normativ bazanın hazırlanması üçün təşəbbüslər göstərməkdədir və bunların praktik nəticələri vardır.
Ölkəmizdə yaşıl enerjinin inkişaf tempinin sürətləndirilməsi, işğaldan azad olunmuş ərazilərin “yaşıl” enerji və iqtisadiyyat diyarına çevrilməsi sahəsində qarşıya qoyulmuş məqsədlər də 2024-cü ilin yaşıl dünya üçün həmrəyliyi zərurətinə dəlalət edir.
Təbii ki, Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” adlandırılması beynəlxalq birliyin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın qəbul edilməsidir.
Tam əminliklə demək olar ki, son illərdə ölkəmizin uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlərə öz möhtəşəmliyi, əhatəliliyi, bəşəriliyi ilə fərqlənən yeni bir dünyəvi tədbirin şahidi olacağıq. Bunun əsasında “bizim niyyətimiz iqlim məsələlərinə töhfə verməkdir” bütün dünyaya bəyan edən Prezident İlham Əliyevin göstərdiyi diqqəti, zəngin təcrübəsi, beynəlxalq arenadakı şəxsi nüfuzu, ölkə ictimaiyyətini öz ətrafında tarixi missiyaların reallaşdırılması dövründə bir yumruq kimi birləşdirmək istedadı durur. Müstəqil Azərbaycanımızın dünya çapında önəmli bir rol oynamağa yönəlik COP 29-un uğurla keçirilməsində biz hər birimiz cənab Prezidentin yanında olmalı, hər bir kəs əlindən gələni etməlidir.
Yaşıl iqtisadiyyata və dayanıqlı inkişafa keçid maliyyə və dayanıqlılıq göstəricilərinin və ətraf mühitlə bağlı məlumatların açıqlanmasını, qarşılıqlı əlaqədə və bütövlükdə baxılmasını zəruri və təşviq edir.
Fikrimizcə, keçirilmiş konfrans da bu sahədə konkret bir addım kimi dəyərləndirilə bilər.
Bu baxımdan, 2024-cü il 16 sentyabr tarixində Ulu Öndər Heydər Əliyev tərəfindən “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun imzalanmasının 30 illiyi münasibətilə Auditorlar Palatası tərəfindən “Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq” mövzusunda təşkil olunmuş beynəlxalq elmi-praktik konfransda səsləndirilən fikirlər əsasında hazırlanacaq tövsiyələrin tətbiqi ölkələrimizdə dayanıqlı və yaşıl iqtisadiyyatın hesabatlılıq və şəffaflıqla bağlı bir sıra problemlərinin həllinə, bu istiqamətdə mühasiblərə və auditorlara vəzifələrinin daha ciddi yerinə yetirilməsinə öz müsbət töhfəsini vermiş olacaqdır
Konfransın keçirilməsində əsas məqsəd yaşıl iqtisadiyyat şəraitində hesabatlılıq anlayışına yeni yanaşma, maliyyə göstəriciləri ilə yanaşı, qeyri-maliyyə, ekoloji, sosial və digər amilləri özündə ehtiva edən hesabatlılıq və nəzarət sisteminin qurulması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üzrə fikir mübadiləsi aparmaq və tövsiyələr işləyib hazırlamaqdan ibarət olmuşdur.
Konfrans öz işinə başlamazdan əvvəl tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Konfransda Beynəlxalq Mühasiblər Federasiyası (IFAC), Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA), İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) kimi nüfuzlu beynəlxalq qurumları və 12 ölkəni (Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Özbəkistan, Pakistan, Rusiya, Türkiyə) təmsil edən 30 qurumdan 150-ə yaxın nümayəndə iştirak edib.
Beynəlxalq elmi-praktik konfransda Auditorlar Palatasının sədri, professor Vahid Novruzov konfransı açaraq qonaqları salamlayıb, konfransın əhəmiyyətindən bəhs edib və konfransın işinə uğurlar arzulayıb. Auditorlar Palatasının sədri, professor Vahid Novruzov tədbirin təşkilinə və göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Prezident Administrasiyasına təşəkkürünü bildirib: "Azərbaycan Respublikasında həyata keçirilən siyasi-iqtisadi islahatlar mühüm amillərdən biridir. Şəffaflığın artırılması Heydər Əliyevin dövlət quruculuğu siyasətində əsas yer tutub. 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdan ulu öndərin imzaladığı qanunlar və fərmanlarla ölkəmizdə şəffaflığın hüquqi bazası qoyulub. Ulu öndərin şəffaflıq siyasəti bir tərəfdən nəzarət edən qurumların sayının azalması və səlahiyyətlərinin məhdudlaşdırılmasına, sahibkarlığın genişləndirilməsinə, digər tərəfdən, müasir nəzarət institutlarına geniş yer verilməsinə, onların inkişafına nail olunmasına zəmin yaradıb. Nəzarət sisteminin təkmilləşdirilməsi və şəffaflığın yüksəldilməsi istiqamətində qanun 1994-cü il 16 sentyabr tarixində Heydər Əliyev tərəfindən imzalanıb".
O, bildirib ki, qarşıdan gələn COP29-un reallaşması istiqamətində qəbul edilən təkliflərin icrası ilə əlaqədar Azərbaycan auditorları bundan sonra da dövlətimizin yanında olacaq və hesabatlılığın, şəffaflığın təkmilləşdirilməsi sahəsində yeni dövrün çağırışları nəzərə alınmaqla öz vəzifələrini uğurla həyata keçirəcək. Diqqətə çatdırılıb ki, ölkəmizdə beynəlxalq standartlara uyğun auditin, o cümlədən dövlət auditinin zəruri hüquqi bazası yaradılıb. Hazırda auditin artan əhəmiyyətinin dünyada müxtəlif platformalarda qeyd olunduğunu vurğulayan natiq bildirib ki, bugünkü konfransın timsalında belə tədbirlərin keçirilməsi audit institutun rolunun daha da artırılmasında, bu sahədə davamlı islahatların keçirilməsində və bununla da, maliyyə sektorunda nizam-intizamın möhkəmlərdirilməsində önəmli rol oynaya bilər.
Professor Vahid Novruzov diqqətə çatdırıb ki, ümumbəşəri problem olan iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və bu təsirlərə uyğunlaşma üçün fəaliyyətlərə əhəmiyyətli dövlət resurslarının cəlb olunması, prosesə milli hökumət əsaslı yanaşmanın tələb olunması bu sahəni Ali Audit Orqanı obyektinə çevirir. Son 5 ildə dünyada iqlim fəaliyyətinin qiymətləndirilməsi üzrə 50-dən çox auditin aparıldığını vurğulayan natiq bildirib ki, ətraf mühitlə bağlı məsələlər uyğunluq və maliyyə auditləri ilə əhatə edilə bilsə də, iqlim dəyişikliyi ilə əlaqədar audit mövzularında səmərəlilik auditi ön plana çıxır.
Eyni zamanda tədbirdə Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) prezidenti Asma Resmouki, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan İqtisadçılar İttifaqının sədri akademik Ziyad Səmədzadə, Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) prezidenti Salvador Marin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun (ICAP) prezidenti Farrux Rəhman, Rusiya Federasiyası “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyasının İdarə heyətinin sədri İqor Kozırev, Qazaxıstan Respublikasının Auditorlar Palatası Şurasının sədri Sapar Koşkimbayev, Latviya Sertifikatlı Auditorlar Assosiasiyasının İdarə heyətinin üzvü, Təhsil komitəsinin sədri Sandra Vilcane, Özbəkistanın Milli Mühasiblər və Auditorlar Assosiasiyası Şurasının sədri Minovar Tulaxodjaeva, Litva Auditorlar Palatasının sabiq prezidenti İngrida Puriene, Özbəkistanın Auditorlar Palatası Şurasının sədri Nemətulla Kərimov, Gürcüstanın Auditorlar, Mühasiblər və Maliyyə Menecerləri Federasiyasının icraçı direktoru Yuri Papaskua, Rusiya Federasiyasının Uzaq Şərqin İnkişafı Nazirliyinin Hüquqi Təminat və Nəzarət Departamentinin direktoru Dmitriy Yakovenko və Moldova Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyasının sədri Jorjeta Kovaliov-Rusu təbrik nitqləri ilə çıxış ediblər.
Konfransda çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov qeyd edib ki, planetdə baş verən qlobal iqlim dəyişmələri və onun törətdiyi fəsadlar "yaşıl iqtisadiyyat"ın inkişafını zəruri edir: "Prezident İlham Əliyev tərəfindən təsdiq olunan 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə "yaşıl iqtisadiyyat"a, yaşıl layihələrin icrası iqtisadi səmərəliliklə yanaşı, həm də texnoloji təhlükəsizliyin təminatına yönəlib. Təkrar emalın əhəmiyyəti getdikcə artmaqdadır. Bakı və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. İş adamlarının innovativ sahələrə meyli, "yaşıl texnologiya"lara olan marağı artır. Bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, karbon emissiyasının azaldılması məqsədilə vacib tədbirlər həyata keçirilir. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malikdir. Həmin potensialdan istifadə sahəsində dövlət və özəl sektorun iştirakı ilə mühüm layihələr reallaşdırılır. Günəş, külək, su elektrik stansiyaları inşa olunur. Azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına inteqrasiyası "yaşıl iqtisadiyyat"ın inkişafı sahəsində geniş imkanlar vəd edir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurun əhəmiyyəti çox böyükdür, xarici investorların da diqqətini məhz bu amil cəlb edir. Beynəlxalq Millətlər Təşkilatının müvafiq qurumlarının "yaşıl iqtisadiyyat" sahəsinin inkişafı üçün nəzərdə tutulan tədbirlər planı mövcuddur. Aydındır ki, yuxarıda qeyd olunanlar investisiya yatırımları olmadan mümkün deyil. İnvestisiya ayırmaları isə şəffaflığın və hesabatlılığın təmin olunmasını zəruri edir. Bu da audit orqanlarının fəaliyyətini qaçılmaz edir və şübhə yoxdur ki, Heydər Əliyevin 30 il əvvəl imzaladığı qanun Azərbaycan Respublikasında bu sahənin inkişafına öz töhfəsini verəcək. Bu məsələlər noyabr ayında Bakıda keçiriləcək COP29 iqlim konfransının əsas müzakirə mövzularından olacaq".
Tədbir çərçivəsində Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) prezidenti Asma Resmouki Azərbaycan dövlətinin hər zamanda auditorların yanında olduğunu, onları dəstəklədiyini və bunun nəticəsində ölkədə peşəkar auditorlar komandasının formalaşdığını xüsusi vurğulayıb. Xanım Asma Resmouki hesab edir ki, bu məsələdə Azərbaycan digər ölkələr üçün nümunə ola bilər.
Konfransda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov salamlama nitqindən sonra Hesablama Palatasının dövlət sektorunda hesabatlılıq və şəffaflığın artırılması istiqamətində gördüyü işlərdən və dövlət auditinin töhfəsindən bəhs edib, həmçinin audit institutunun inkişafına təsir edən məqamlara və çağırışlara toxunub.
Daha sonra sədr ali audit orqanlarının, o cümlədən Hesablama Palatasının yaşıl dünya naminə gördüyü əsas işlərdən və bunun hesabatlılığa təsirindən danışıb.
Təbrik nitqi ilə çıxış edən Azərbaycan İqtisadçılar İttifaqının sədri akademik Ziyad Səmədzadə Auditorlar Palatasının fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, ötən dövr ərzində Auditorlar Palatasının bu sahədə beynəlxalq təcrübə nəzərə alınaraq mövcud qanunvericiliyin yaradılmasında, ölkədə zəngin audit mədəniyyətinin formalaşdırılmasında, auditin təbliği və yayılmasında müstəsna xidmətləri olmuşdur. Yarandığı gündən respublika həyatında çox mühüm hadisəyə çevrilən, səmərəli və bir o qədər də məsuliyyətli fəaliyyəti ilə seçilən Auditorlar Palatası auditin formalaşdırılması, tənzimlənməsi, inkişafı və təkmilləşdirilməsi, müəssisələrin və auditorların maraqlarının qorunması istiqamətində çox faydalı işlər görmüşdür. Auditorlar Palatasının uğurlu və səmərəli fəaliyyətində heç şübhəsiz, yarandığı ilk gündən ona sədrlik edən iqtisad elmləri doktoru, professor Vahid Novruzovun böyük əməyi vardır. Vahid müəllim hər zaman qarşısına qoyulan vəzifələri layiqincə icra etmiş, ölkə prezidentinin vacib tapşırıq və tövsiyələrinin icrasını, şəffaf biznes mühitinin formalaşmasını özünün əsas vəzifələri kimi müəyyənləşdirmişdir. Məhz Vahid Novruzovun səyi nəticəsində Palata 1999-cu ildə MDB məkanında ilk dəfə Azərbaycanda beynəlxalq Daxili Auditorlar İnstitutunun (IIA) “Audit - Azərbaycan” bölməsinin yaradılmasına nail olmuşdur.
Tədbirin davamı olaraq iqlim fəaliyyətinin qiymətləndirilməsinə ali audit orqanlarının cəlb edilməsi dayanıqlı inkişaf sahəsində məlumatların açıqlanması üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi dayanıqlı inkişaf barədə hesabatlılıq, Avropa İttifaqında davamlılıq hesabatı və audit üçün hüquqi baza, "yaşıl iqtisadiyyat" şəraitində mühasiblər və auditorlar üçün əsas çağırışlara dair məruzələr dinlənilib. Bu sahələrdə beynəlxalq əlaqələrin genişləndirilməsi zərurəti və onun reallaşdırılması şərh edilib, "yaşıl iqtisadiyyat", sosial məsuliyyət və ekoloji tarazlığın təmin edilməsi sahəsində 19 məruzə dinlənilib və faydalı fikir mübadiləsi aparılıb.
Konfrans zamanı Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov “Dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat şəraitində mühasibatlıq və auditin transformasiya istiqamətləri”, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “İqlim fəaliyyətinin qiymətləndirilməsinə ali audit orqanlarının cəlb edilməsi: reallıqlar və çağırışlar” Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) prezidenti Asma Resmouki “Dayanıqlı inkişafın təminatı üzrə inkişaf etməkdə olan xidmətlər bazarı”, Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) prezidenti Salvador Marin “Kiçik və Orta Ölçülü Mühasibatlıq Təşkilatlarının Yeni Davamlı İnkişaf Öhdəlikləri - Avropa Davamlı İnkişaf Hesabatlığı Standartları (ESRS) və digər müvafiq qaydalarla əlaqədar rolu”, Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun (ICAP) prezidenti Fərrux Rəhman “Dayanıqlı inkişaf sahəsində məlumatların açıqlanması üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiq edilməsinə aparan yol”, “Deloitte &Touche” məhdud məsuliyyətli cəmiyyətinin direktoru Nuran Kərimov “Audit yaşıl iqtisadiyyatın mühüm amili kimi”, Rusiya Federasiyası “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyasının İdarə heyətinin sədri İqor Kozırev “Dayanıqlı inkişaf barədə hesabatlılıq: keçmiş təcrübə və gələcəyə baxış”, Özbəkistanın Milli Mühasiblər və Auditorlar Assosiasiyası Şurasının sədri Minovar Tulaxodjaeva “Ekoloji audit: dünya və Özbəkistan təcrübəsi”, Latviya Sertifikatlı Auditorlar Assosiasiyasının İdarə heyətinin üzvü, Təhsil komitəsinin sədri Kiril Kondratovs “Avropa İttifaqında davamlılıq hesabatı və audit üçün hüquqi baza”, “KPMG Audit Azerbaijan” MMC-nin Audit üzrə direktoru Mələk Abbaslı “Davamlı inkişafın təşviqində kənar auditorların rolu”, Litva Auditorlar Palatasının sabiq prezidenti Ingrida Puriene “Dayanıqlı inkişaf sahəsində xidmətlər: Litvada başlanğıc”, Rusiya Federasiyasının Uzaq Şərqin İnkişafı Nazirliyinin Hüquqi Təminat və Nəzarət Departamentinin direktoru Dmitriy Yakovenko “Rusiyada davamlı inkişaf konsepsiyasının reallaşdırılması: "Yaşıl" iqtisadiyyat və onun verifikasiyası”, Moldova Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyasının sədri Jorjeta Kovaliov Rusu “Yığmaq və ya xərcləmək: yaşıl iqtisadiyyatda pul”, Qazaxıstan Respublikasının «УЧЕТ» Peşəkar Mühasibatlıq Qurumunun prezidenti Maksim Barışev “Gələcəyin uçotu: ekoloji təmiz biznes üçün İT həllər”, Gürcüstan Mühasiblər Birliyinin Baş direktoru Tata Beridze “Peşəkar universallıq – yaşıl iqtisadiyyat şəraitində mühasiblər və auditorlar üçün əsas çağırışlardan biri kimi”, Rusiya Federasiyası “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyasının İdarə heyəti sədrinin müavini Nadejda Kobozeva “Yaşıl iqtisadiyyat: dayanıqlı inkişafın təmin edilməsində auditin rolu”, Özbəkistan Respublikasının Fərqanə vilayəti Auditorlar Palatasının sədr müavini Ahmet Kurbanov “Özbəkistanda auditor fəaliyyətində islahatların aparılması”, Voronej Dövlət Universitetinin İqtisadiyyat və Müqavilə Xidməti üzrə prorektoru, İqtisadi təhlil və audit kafedrasının müdiri Larisa Korobeynikova “Dövlət yaşıl satınalmaların həyata keçirilməsi üçün ekoloji meyarlardan istifadə”, Voronej Dövlət Universitetinin İqtisadi təhlil və audit kafedrasının dosenti Panina İrina “ESG hesabatlığı üzrə auditor hesabatının strukturu” mövzusunda məruzələrlə çıxış ediblər.
Beynəlxalq elmi-praktik konfrans çərçivəsində İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) və Auditorlar Palatası arasında Anlaşma Memorandumu imzalanıb.
Konfransın yekununda Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul edilmişdir.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, habelə təqdim edilən materialların toplu şəklində nəşr etdirilməsi və tövsiyələrin hazırlanması qərara alınıb.
Konfransın növbəti günü, konfrans iştirakçıları Qobustan Palçıq Vulkanları Turizm Kompleksi və Qobustan Milli Tarix-Bədii Qoruğu ilə tanış olublar və oradan xoş təəssüratlarını ictimaiyyətlə bölüşüblər.
Daha sonra xarici ölkələrin audit və mühasibat qurumlarının nümayəndələri ilə auditin normativ hüquqi bazasına, metodiki təminatına, təşkili və tənzimlənməsinə dair təcrübə mübadiləsi aparılıb.
Konfrans çərçivəsində həmçinin Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) prezidenti Asma Resmouki Azərbaycan Respublikası Hesablama Palatasında Palatanın sədri ilə işgüzar görüşdə olublar və Azərbaycanda İctimai Sektorda Mühasibat Uçotu Standartları (IPSAS), Dayanıqlı İnkişaf Məqsədləri, ali audit qurumlarında dayanıqlı inkişafın təmin edilməsi və s. mövzularda müzakirələr aparıblar.
Eyni zamanda Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) prezidenti Asma Resmouki mühasib və auditor kadrlarının hazırlanmasında əsas rol oynayan Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) görüşdə də iştirak edib. Görüş zamanı birgə beynəlxalq sertifikatlaşdırmaya, kadr hazırlığı məsələlərinə və s. dair sahələrdə fikir mübadiləsi həyata keçirilib.
Həmçinin xarici qonaqların Azərbaycanda müalicəvi turizmin inkişafında önəmli yer tutan Naftalana səfəri təşkil olunub. Səfər çərçivəsində qonaqlar möcüzəvi Naftalan nefti ilə tanış olublar və respublikamızda qeyri-neft sektorunun əsas sahələrindən olan turizmin, xüsusən də müalicə turizminin inkişafı istiqamətində son illərdə böyük nailiyyətlər əldə edən və ölkəmizin beynəlxalq turizm mərkəzlərindən birinə çevrilən Naftalanın bu sahədəki inkişafı xarici qonaqlarda xoş təəssürat yaradıb.
ƏTRAFLI MƏLUMAT ÜÇÜN TIKLAYIN
Qalareya