Auditorlar Palatasında “Fasiləsiz (davamlı) audit və hesabatlılıq: müasir yanaşmalar”, 260 saylı (düzəliş edilmiş) “İdarəetməyə məsul şəxslərlə əlaqə” BAS-a məhdud düzəlişlərə dair şərh” və “Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının   Maliyyə   Monitorinqi   Xidmətinə   təqdim   edilməsi   Qaydası” mövzuları üzrə seminar keçirilib

2025-ci ilin 25 fevral tarixində Auditorlar Palatasının 2025-ci il üzrə İş Planı”nın 10.2.5-ci “Fasiləsiz (davamlı) audit və hesabatlılıq: müasir yanaşmalar” və 260 saylı (düzəliş edilmiş) “İdarəetməyə məsul şəxslərlə əlaqə” BAS-a məhdud düzəlişlərə dair şərh (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov), 10.2.7-ci “Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının   Maliyyə   Monitorinqi   Xidmətinə   təqdim   edilməsi   Qaydası (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditin hüquqi tənzimlənməsi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə idarəsinin rəisi E.İbrahimov) mövzuları üzrə seminar keçirilmişdir.

Moderator Q.Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının əməkdaşlarını və üzvlərini salamlayıb “Fasiləsiz (davamlı) audit və hesabatlılıq: müasir yanaşmalar”  mövzusunda  seminar barədə məlumat verərək  bildirdi ki, “Fasiləsiz (davamlı) audit adlı metodoloji material” Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun rəhbərliyi ilə sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov  və Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin  sabiq rəisi Qoşqar Əhmədov tərəfindən hazırlanmış və Palata Şurasının 2024-cü il 30 sentyabr tarixli 368/4 nömrəli qərarı ilə bəyənilmişdir.

Fasiləsiz (davamlı) audit - prosesdə zəif yerlərin və təkmilləşdirmə üçün imkanların aşkarlanması məqsədi ilə rəhbərlikdən asılı olmayan obyektiv yoxlama və qiymətləndirmədir. Baxmayaraq ki, audit çox dəyərli bir fəaliyyət növüdür, adətən uzunmüddətli bir prosesdir və həftələr və ya aylar çəkə bilər.

Bu baxımdan fasiləsiz (davamlı) auditin üstünlüklərinə aşağıdakıları aid etmək olar:

  • Əməliyyat səhvlərinin, sui-istifadə və dələduzluq hallarının, tələblərə riayət olunmamaqların vaxtında aşkarlanması;
  • Risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin daim təmin edilməsi;
  • Risklərin fasiləsiz qiymətləndirilməsi əsasında yeni problemlərin tez aşkara çıxarılması;
  • Aktual problemlər üzərində diqqəti cəmləmək üçün resursların prioritetlərinin  qiymətləndirilməsi və müəyyən edilməsi.

Fasiləsiz audit (ingiliscə. Continuous Auditing) – elə bir üsuldur ki, şirkətin maliyyə sənədləşməsi və təhlükəsizliyinin yoxlanılması bərabər bölünmüşdür. Bu da öz növbəsində hesabat ili başa çatmadan səhvləri düzəltməyə, yarandığı andan zəif nöqtələri daha tez aşkara çıxarmağa, aradan qaldırmağa imkan yaradır.

Əgər kənar audit bir qayda olaraq müəssisənin təhlükəsizliyinin birdəfəyə qiymətləndirilməsidirsə, fasiləsiz audit şirkətinizin fəaliyyətinin idarə edilməsinə davamlı nəzarəti ehtiva edir. 

Fasiləsiz audit – audit yükünün il ərzində bərabər bölüşdürülməsinin səmərəli strategiyasıdır.

Fasiləsiz audit proqramı adətən aşağıdakı məqsədləri özündə ehtiva edir:

  1. Risklərin fasiləsiz monitorinqi, o cümlədən əsas icra göstəricilərinin (KPI) monitorinqi;
  2. Fasiləsiz nəzarət monitorinqi;
  3. Əməliyyatların və ya fəaliyyətin fasiləsiz monitorinqi;
  4. Aşkar edilmiş potensial uyğunsuz fəaliyyətlərin araşdırılması;
  5. Maraqlı tərəflər qarşısında davamlı hesabatın verilməsi.

Sonra Q.Bayramov “Fasiləsiz (davamlı) audit və hesabatlılıq: müasir yanaşmalar” ilə əlaqədar daha geniş şərh etmək üçün sözü N.Talıbova  verdi. N.Talıbov  seminara keçid edərək bildirdi ki, maliyyə məlumatlarının faydalı olması üçün, onlar vaxtında təqdim edilməli və əhəmiyyətli səhvlər, çatışmazlıqlar və dələduzluq hallarından azad olmalıdır. Real vaxt iqtisadiyyatında, vaxtında və etibarlı maliyyə məlumatları gündəlik biznes qərarları, strateji planlaşdırma, kapital cəlb etmə, kredit qərarları, təchizatçılarla tərəfdaş münasibətləri və s. üçün həyati əhəmiyyət kəsb edir.

Fasiləsiz auditin əhəmiyyəti aşağıdakılardır:

  1. Səhvlər, dələduzluq və uyğunsuzluq dərhal aşkarlanır.
  2. Nəticədə potensial zərər minimuma endirilir.
  3. Tələblərə riayət olunmamaq ehtimalı azalır, bu isə reputasiya zərərini və maliyyə sanksiyalarını minimuma endirir.
  4. Auditor işlərini əvvəlcədən planlaşdırmaq və auditorların vaxtını idarə etmək mümkündür.
  5. Aktual məlumatlar həmişə əl çatandır. Hesabatlar daha tez hazırlanır və onların etibarlı olmasına əmin ola bilərsiniz.
  6. Auditor dəyərli biznes məsləhətçisi kimi yer alır. 
  7. Risklərin aktiv idarə edilməsi: Risklərin qiymətləndirilməsi və kritik risk sahələrinin monitorinqini işə salaraq təşkilatlar zəifliklərindən sui-istifadə edənlərdən öncə bu zəiflikləri aşkar edib aradan qaldıra bilərlər.
  8. Normativ tələblərə uyğunluq: Fasiləsiz audit təşkilatlara sənaye standartlarına riayət etməyə kömək edir.
  9. Resursların səmərəli bölüşdürülməsi: Fasiləsiz monitorinq risk səviyyəsi yüksək olan sahələrə diqqəti cəmləyərək təşkilatlara resursları daha səmərəli bölüşdürməyə imkan yaradır.
  10. Risklərin vaxtında qiymətləndirilməsi və yüngülləşdirilməsi. Fasiləsiz monitorinq təşkilatlara riskləri operativ şəkildə qiymətləndirməyə imkan yaradır.
  11. Daha az səy ilə və tələsmədən, audit sübutlarının vaxtında toplanması.
  12. Daha tez-tez ölçmələr və tendensiyaların izlənməsi sayəsində nəzarət vasitələrinin səmərəliliyinin daha yaxşı analiz edilməsi
  13. Yüksək dinamikli mühitlərdə dəyişikliklərə uyğunlaşma.
  14. Uygunlaşma monitorinqının avtomatlaşdırılmış alətlərindən istifadə sübutların toplanması zamanı vaxt və resurslara qənaət etməyə kömək edir.
  15. Sübutların və məlumatların toplanmasını avtomatlaşdırmağa kömək edən alətlərdən istifadə tendensiyaları müəyyən edir və dəyərli məlumatları təqdim edir.

Fasiləsiz audit şirkətlərin mühitini öyrənməyə və uyğunsuzluqları dərhal aşkara etməyə imkan verir.

Fasiləsiz audit zamanı potensial zəif yerləri aşkar etmək üçün lazım olan zamanı əhəmiyyətli dərəcədə qısaltmaq üçün istifadə edilə bilən üç mühüm üsul mövcuddur.

Birincisi – ikili yoxlama, nəzarət elementinin səmərəli işləyib-işləmədiyini müəyyən etməyə imkan verir.

İkinci üsul – kənarlaşmaların aşkar edilməsi. Maliyyə sahəsində belə kənarlaşmalar - gözləniləndən əhəmiyyətli dərəcədə fərqlənən rəqəmsal dəyərdir.

Üçüncü və bəlkə də ən faydalı fasiləsiz audit üsulu – tendensiyaları aşkar etmək üçün analitik proqram təminatının istifadəsidir.

Daha sonra Q.Bayramov "260 saylı (düzəliş edilmiş) “İdarəetməyə məsul şəxslərlə əlaqə” BAS-a məhdud düzəlişlər"ə dair şərh barədə qısa məlumat verərək bildirdi ki, BAS 15 dekabr 2024-cü il tarixindən tez olmayaraq başlanan dövrlər üzrə maliyyə hesabatlarının auditi üçün etibarlıdır.

Auditor müstəqilliklə bağlı tələblər də daxil olmaqla, audit tapşırığı üçün tətbiq etdiyi müvafiq etik normalar, o cümlədən bu şəraitdə müvafiq olduqda, müəyyən müəssisələrin maliyyə hesabatlarının auditi üçün nəzərdə tutulan müstəqillik tələbləri barədə idarəetməyə məsul şəxslərə məlumat verməlidir.

Q.Bayramov həmin BAS-a məhdud düzəlişləri  şərh etmək üçün sözü N.Talıbova verdi. O çıxış edərək qeyd etdi ki, listinq subyektlərinin auditi zamanı auditor idarəetməyə məsul şəxslərin nəzərinə aşağıdakı informasiyanı çatdırmalıdır:

Tapşırıq qrupunun və şirkətdə digər işçilərin, şirkətin və lazım gələrsə, şəbəkə şirkətlərinin müstəqilliklə bağlı müvafiq etik normalara riayət etməsi barədə bəyanatı; habelə

  1. şirkət, şəbəkə şirkətləri və müəssisə arasında bütün münasibətlər və auditorun peşəkar mühakiməsinə görə, müstəqilliyə təsir göstərə bilən digər məsələlər. Bura maliyyə hesabatlarının əhatə etdiyi dövr ərzində şirkət və şəbəkə şirkətləri tərəfindən müəssisəyə və onun nəzarət etdiyi bölmələrə göstərilən audit və qeyri-audit xidmətləri üçün tutulan ümumi xidmət haqları daxil edilməlidir. Bu xidmət haqları kateqoriyalara ayrılmalıdır ki, auditorun müstəqilliyinə təsiri qiymətləndirməkdə idarəetməyə məsul şəxslərə kömək etsin; habelə
  2. müstəqilliyin məruz qaldığı məqbul səviyyədə olmayan təhlükələri aradan qaldırmaq üçün görülən tədbirlər, o cümlədən təhlükələri yaradan şəraitin aradan qaldırılması üçün görülən tədbirlər, yaxud təhlükələrin məqbul səviyyəyə endirilməsi üçün ehtiyat tədbirlərinin görülməsi.

Bu sənəd Beynəlxalq Audit və Təsdiqləmə Standartları Şurası (IAASB) tərəfindən hazırlanmış və təsdiq edilmişdir.

IAASB-nin məqsədi yüksək keyfiyyətli audit, təsdiqləmə və digər əlaqəli standartları hazırlayıb tətbiq etməklə, habelə beynəlxalq və milli audit və təsdiqləmə standartlarının uyğunlaşmasını asanlaşdırmaqla, bununla da bütün dünyada bu fəaliyyətin keyfiyyətini və ardıcıllığını artırmaqla və qlobal audit fəaliyyətinə və auditor peşəsinə ictimai inamı gücləndirməklə ictimai maraqlara xidmət etməkdir.

Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) IAASB-nin fəaliyyəti üçün nəzərdə tutulan strukturlar və proseslərin təmin edilməsini dəstəkləyir.

Q.Bayramov “Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının   Maliyyə   Monitorinqi   Xidmətinə   təqdim   edilməsi   Qaydası” barədə qısa məlumat verərək bildirdi ki, bu qayda  Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin 27 aprel 2023-cü il tarixli 3-21-28/3-6-8/2023 nömrəli  Qərarı  ilə təsdiq edilmişdir.

Qaydalar aşağıdakı bölmələrdən ibarətdir:

1.Ümumi müddəalar;

2.Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmalı məlumat və sənədlər;

3.Məlumat və sənədlərin Maliyyə Monitorinqi Xidmətinə təqdim edilmə müddətləri;

4.Məlumat və sənədlərin təqdim edilməsi üsulu;

5.Məlumat və sənədlərin geri qaytarılması.

 “Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası” “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır.

Bu Qayda öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməli məlumat və sənədləri və onların təqdim edilməsi qaydasını müəyyən edir.

Q.Bayramov həmin Qaydanı geniş şərh etmək üçün sözü Elnur İbrahimova verdi. E.İbrahimov çıxış edərək bildirdi ki, Qanunun 11.1-ci maddəsinə uyğun olaraq, maliyyə institutları tərəfindən aşağıdakı əməliyyatlara dair məlumat və sənədlər Maliyyə Monitorinqi Xidmətinə təqdim edilir:

-20.000 (iyirmi min) manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı nağd şəkildə həyata keçirilən əməliyyatlar (bank hesabına nağd mədaxil, bank hesabından nağd məxaric, ödəniş terminalları vasitəsilə bank hesabına nağd mədaxil və ya bank hesabından nağd məxaric, nağd valyuta mübadiləsi və digər nağd əməliyyatlar);

-20.000 (iyirmi min) manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatları (bank hesabları arası köçürmə, hesab açılmadan köçürmə, bank hesabından elektron pul kisəsinə və virtual aktiv hesabına və ya cüzdanına, habelə elektron pul kisəsindən və virtual aktiv hesabından və ya cüzdanından bank hesabına köçürmə və digər elektron köçürmə əməliyyatları);

Qanunun 11.2-ci maddəsinə uyğun olaraq, məbləğindən asılı olmayaraq aşağıdakı hallarda əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər barədə məlumat və sənədlər öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim olunur:

-əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar;

- əmlakın terror aktının hazırlanmasında, təşkil olunmasında və ya törədilməsində, habelə terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağı ilə bağlı şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar.

-Qanunun 11.3-cü maddəsinə uyğun olaraq, məbləğindən və ya şübhəlilik əsaslarının mövcud olub-olmamasından asılı olmayaraq aşağıdakı əməliyyatlar barədə məlumat və sənədlər öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim olunur:

-xarici dövlətlərin siyasi nüfuzlu şəxsləri, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslər tərəfindən həyata keçirilən istənilən əməliyyatlar;

- “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sanksiya tətbiq edilən fiziki şəxslərin və qurumların aktivləri ilə əməliyyatlar;

-Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin bank hesabları üzrə əməliyyatlar.

Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən bu Qaydaya 1 nömrəli Əlavədə qeyd olunmuş əməliyyatlar üzrə təqdim edilməli məlumatlar və 11 nömrəli Əlavədə qeyd olunmuş müştəri profili üzrə təqdim edilməli məlumatlar Maliyyə Monitorinqi Xidmətinə təqdim olunur.

Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş hallarda bu Qaydaya 1, 2 və 11 nömrəli əlavələrdə qeyd olunmuş məlumatlar, “Vahid hesab çıxarışı forması”na (10 nömrəli əlavə) uyğun olaraq son 12 aylıq dövrü əhatə etməklə Maliyyə Monitorinqi Xidmətinə təqdim edilir.

Öhdəlik daşıyan şəxslər Maliyyə Monitorinqi Xidmətinin sorğusu əsasında “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”ında nəzərdə tutulmuş müştəri profilinə dair bütün məlumat və sənədləri təqdim etməlidirlər.

Bu Qaydada nəzərdə tutulmuş məlumat və sənədlər öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən Qanunun 11.4-cü maddəsində nəzərdə tutulmuş müddətlərdə təqdim edilməlidir.

Qanunun 11.5-ci maddəsinə uyğun olaraq maliyyə institutları tərəfindən (əməliyyatların icra edilməməsi mümkün olmayan hallar istisna olmaqla) bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş hallarda məlumat və sənədlər aşağıdakı əməliyyatlar icra edilmədən Maliyyə Monitorinqi Xidmətinə təqdim olunur:

 - yüksək riskli müştəri profilləri ilə əlaqədar əməliyyatlar;

- 200.000 (iki yüz min) manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya      bu məbləğdən yuxarı məbləğdə həyata keçirilən əməliyyatlar;

-  maliyyə vəsaitlərinin hesabdan çıxarılması ilə nəticələnən əməliyyatlar.

Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlər Maliyyə Monitorinqi Xidmətinin təqdim etdiyi proqram təminatı vasitəsilə elektron qaydada göndərilir.

Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər məlumat və sənədləri bu Qaydanın 2.1-ci bəndində, 2.3.1-ci və 2.3.3-cü yarımbəndlərində nəzərdə tutulmuş hallarda 3 iş günü ərzində, bu Qaydanın 2.2-ci və 2.4-cü bəndlərində, habelə 2.3.2-ci yarımbəndində nəzərdə tutulmuş hallarda məlumat və sənədlərin geri qaytarıldığı iş gününün sonunadək müvafiq düzəlişləri etməklə yenidən Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidirlər.

 Seminarın sonunda dinləyicilərin sualları müzakirə edilərək cavablandırıldı.

 Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 93 nəfər auditor təşkilatlarının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.

                     

 

                          Azərbaycan Respublikasının Auditorlar Palatası