Noyabrın 12-də Sumqayıt Dövlət Universitetində “I Beynəlxalq maliyyə, mühasibat, audit və rəqəmsallaşma” simpoziumu keçirilib.
Tədbir SİNAM şirkətinin baş sponsorluğu, Sumqayıt Dövlət Universiteti, Bursa Uludağ Universiteti, Xəzər Universiteti, Azərbaycan Respublikası Auditorlar Palatası, KOBİA, Azərbaycan Sahibkarlar Konfederasiyası(ASK), Türkiyə Cümhuriyyəti İctimai Nəzarət, Mühasibat və Audit Standartları Qurumu (KGK), MÜSİAD Azərbaycan, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) təşkilatçılğı ilə baş tutub.
Simpoziumda Türkiyə və digər türkdilli ölkələrin 30-dan çox nüfuzlu universitetindən nümayəndələr, eləcə də iqtisadiyyat, maliyyə və rəqəmsallaşma sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.
Simpozium Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Qarabağ mövzusunda qısa videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə universitetin rektoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov açaraq qonaqları və iştirakçıları salamlayıb. O, simpoziumun ölkəmizdə 12 Noyabr-Konstitusiya Gününə təsadüf etdiyini qeyd edərək bütün iştirakçıları bu münasibətlə təbrik edib. Ulu Öndər Heydər Əliyevin bilavasitə iştirakı ilə qəbul edilən Konstitusiya aktının tarixi əhəmiyyətindən bəhs edib, onun dövlətçiliyimizin möhkəmlənməsində və hüquqi əsasların formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Əminağa Sadıqov qısa müddət ərzində ölkəmizdə, xüsusilə də iqtisadiyyat sahəsində əldə olunan nailiyyətlərdən danışaraq, bu uğurların sistemli islahatların nəticəsi olduğunu diqqətə çatdırıb. O, həmçinin dünən baş vermiş Türkiyəyə məxsus “C130” hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı həlak olanların ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.
Əminağa Sadıqov çıxışında qardaş Türkiyə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərinin yeni çağırışlar üçün geniş imkanlar yaratdığını bildirib. Xüsusilə maliyyə, mühasibat və audit sahələrində rəqəmsallaşma, süni intellekt və verilənlər bazasının idarə edilməsi kimi istiqamətlərin bu gün üçün ən aktual məsələlərdən olduğunu vurğulayıb.
O, bu cür beynəlxalq simpoziumların keçirilməsinin universitetin elmi nüfuzunun yüksəlməsinə, elmi-tədqiqat fəaliyyətinin genişlənməsinə və regional əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verdiyini qeyd edərək, simpoziumun işini açıq elan edib və tədbirin gedişinə uğurlar arzulayıb.
Millət vəkili Tahir Mirkişili çıxış edərək qeyd edib ki, müasir dövrdə, rəqəmsallaşma və innovasiyalar əsrində iqtisadiyyatda yeni çağırışlar meydana çıxır. Rəqəmsal iqtisadiyyat dəyərliliyi, şəffaflığı və səmərəliliyi ön plana çıxarır, maliyyə isə artıq sərhəd tanımır. Tahir Mirkişili vurğulayıb ki, maliyyənin əsas obyektləri pul və məlumatlardır, bu isə informasiya təhlükəsizliyinin və düzgün idarəetmənin əhəmiyyətini daha da artırır. O əlavə edib ki, mühasibat uçotu iqtisadiyyatın “dili” hesab olunur və bu sahədə süni intellektin, rəqəmsal texnologiyaların tətbiqi müasir dövrün tələbidir.
Millət vəkili çıxışının sonunda innovasiya və texnologiyanın öyrənilməsinin müasir dövrdə mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Murat Yaman isə iki ölkə arasındakı əməkdaşlıqdan və ortaq hədəflərdən danışıb.
Bursa Uludağ Universitetinin prorektoru, professor Zekeriyya ARI, İqtisadiyyat Nazirliyinin tebeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Türkiyə Respublikası, KGK-nın 2-ci sədri Hayrettin Kurt, Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov, MUSİAD Azərbaycan Təşkilatının İdarə Heyətinin sədri Rəşad Cabirli, SİNAM şirkətinin direktoru Əbülfət Rəhmanov, Elm və Təhsil Nazirliyinin Baş məsləhətçisi Osman Hacıyev, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev çıxış edərək simpoziumun elmi və praktik əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, bu beynəlxalq tədbir mühasibat, maliyyə, audit və rəqəmsallaşma sahəsində müasir çağırışların müzakirəsi, elmi biliklərin inteqrasiyası və yeni əməkdaşlıq imkanlarının formalaşması baxımından böyük önəm daşıyır.
Simpozium öz işini “Türk dünyasında mühasibat uçotu və audit sahəsində yeni trendlər və çağırışlar”, “Peşəkar mühasiblərin və auditorların yetişdirilməsi üzrə dünya təcrübəsi”, “Mühasibat və audit sahəsində beynəlxalq və milli standartların tətbiqi”, “Mühasibatlıq və auditdə rəqəmsallaşmanın və süni intellektin tətbiqi: yerli və beynəlxalq proqramların qarşılaşdırılması – 1”, “MHBS və audit standartlarında edilən son dəyişikliklər və biznesdə yaranan yeni maliyyə alətləri – 1”, “Vergi qanunvericiliyində 2025-ci ildə edilmiş dəyişikliklərin tətbiqinin vəziyyyəti və 2026-cı ildə gözlənilən dəyişikliklər” adlı bölmələr üzrə davam etdirib.
Bölmə iclaslarında məruzə ilə çıxış edən iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, simpozium işini noyabrın 13-də Xəzər Universitetində davam etdirəcək.
Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədovun açılış nitqi təqdim olunur.
Hörmətli simpozium iştirakçıları!
Xanımlar və cənablar!
Sizləri ürəkdən salamlayıram və çox aktual mövzuya həsr olunmuş beynəlxalq Simpoziumun işinə uğurlar arzu edirəm. Təşkilatçılara bu tədbirə dəvət aldığına görə dərin təşəkkürümü bildirirəm.
Proqramdan da göründüyü kimi tədbir mühasibatlıq, hesabatlılıq və audit üçün çox aktual mövzuların müzakirəsinə həsr edilmişdir.
Bu aktuallıq onunla müəyyən edilir ki, yeni iqtisadi situasiya, dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat, yeni problemlər və yeni vəzifələr maliyyə və mühasibat uçotu mütəxəssislərinin, auditorların vəzifə və öhdəliklərinə ciddi dəyişiklik ehtiyacı doğurur. Belə ki, mühasiblərin və auditorların ən yaxın illərdə ənənəvi fəaliyyət dairəsindən daha geniş olan etibarlı məsləhətçilər, strateji iş tərəfdaşları, biznesə böyük dəyər qatmaq, davamlılıq, ekoloji və sosial məsuliyyət daşıyıcıları olacaqları gözlənilir.
Məhz bu səbəbdən mühasiblərin, maliyyəçilərin və auditorların özlərinin maliyyə savadlığının yüksəldilməsi müstəsna əhəmiyyət kəsb edir. Maliyyə savadlığı yalnız şəxsi həyat və özəl biznesdə uğurlar üçün deyil, cəmiyyət həyatı üçün mühüm əhəmiyyət kəsb edir və iqtisadi inkişafın çox vacib amili kimi dəyərləndirilir. Bütün bunlar isə öz növbəsində mühasibat uçotu və audit sahəsində kadr hazırlığı prosesinə yeni dövrün çağırışları, dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat nöqteyi-nəzərindən yenidən baxmağa və köklü dəyişikliklərin edilməsi məsələsini gündəmə gətirir.
Bu məsələ həll olunmadan yeni dövrün tələblərinə cavab verən bacarıqlı kadr çatışmazlığını aradan qaldırmaq mümkün ola bilməz. Bunun üçün isə:
a) “həyat boyu öyrənmə” sisteminə keçilməli;
b) davamlı təhsil və təlim təmin olunmalı;
c) qabiliyyətli kadrların axıcılığının qarşısı alınmalı;
d) müxtəlif sahələrdən, o cümlədən dəqiq elmlərdən istedadlar cəlb edilməli; Peşələrin qovuşması nöqteyi-nəzərindən isə:
e) rəqəmsal mühasib və auditorlar peşəsinin inkişaf konsepsiyası, Süni intellekt şəraitində inkişaf texnologiyası işlənib hazırlanmalıdır.
- Təsərrüfat subyektlərinin rəhbərləri və mühasiblər üçün ixtisas artırma həyata keçirilməlidir.
- Ali məktəb proqramları təkmilləşdirilməlidir.
Məsələ bundadır ki, biz hər hansı bir sahənin inkişafından danışarkən adətən elm və praktikanın vəhdətini önə çəkir, təhsilin vacibliyi isə unudulur. Bu isə sözün əsl mənasında inkişaf və tərəqqinin sacayağının üçüncü ayağının dayanıqsızlığına gətirib çıxarır və arzuolunan nəticələr əldə olunmur.
Fikrimizcə, öncə mühasibat uçotu və audit sahəsində ali təhsil müəssisələrində tədris proqramlarının yeni dövrün çağırışları nəzərə alınmaqla təkmilləşdirilməsi tələb olunur.
Mühasibatlıqda və auditdə beynəlxalq təhsil standartlarının tətbiqinin müzakirə predmeti olması da diqqətə layiqdir.
Bununla yanaşı beynəlxalq sertifikatlı kadrların hazırlanması, beynəlxalq sertifikatlaşmanın təşviqi və mühasiblərə bu sahədə əməli köməkliyin göstərilməsi də çox vacibdir.
Qeyd etmək istərdim ki, Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Azərbaycan təmsilçisi kimi bu istiqamətdə bir sıra təşəbbüslərdə bulunmuş və istər mövcud tədris proqramlarının təkmilləşdirilməsi, istərsə də mühasibatlıq və audit sahəsində xüsusi ixtisasların tətbiqinin zərurəti istiqamətində dəfələrlə öz təklif və tövsiyələrini hazırlamış və müvafiq qurumlara təqdim etmişdir.
Yeni tədris proqramlarında:
1. peşə bilik və bacarıqları;
2. idarəetmə;
3. qlobal mühasibat və biznes standartları;
4. süni intellekt və rəqəmsallaşma;
5. etik prinsiplər öz əksini tapmalıdır.
Yalnız yüksək bilik kifayət deyil! Maliyyə Etikası tələb olunur.
Maliyyə etikası dedikdə maliyyə və iqtisadiyyat sahəsində davranış və qərar qəbul etməni tənzimləyən əxlaqi prinsiplərin və standartların məcmusu nəzərdə tutulur. Maliyyə etikasının əhəmiyyəti ilk növbədə qeyri-etik və qeyri-qanuni davranışların yaranması risklərinin azaldılmasını özündə ehtiva edir.
1. Peşə etikası – müəyyən şəraitdə doğru olanı etmək deməkdir.
2. Mühasib və auditorun peşə etikasını qoruma məsuliyyəti.
3. Etik prinsiplər həm iqtisadiyyatı, həm də cəmiyyəti qoruyur.
4. Etik davranış etimadın təməl daşı olmaqla, iqtisadı sabitliyin əsasını
təşkil edən mühüm bir elementdir.
- Etimad düzgün qərar iqtisadi rifah.
5. Peşə etikasına zidd olaraq hazırlanmış səhv hesabatlılıq və rəy:
- Saxtakarlıq və korrupsiya.
- Etimadın aşınması.
- Maliyyə sabitliyinin zəifləməsi və iqtisadi zərərin artması.
6. Peşə etikası və cinayətin müqayisəsi.
Bütün cinayətlər adətən etik olmayan olsa da, bütün etik olmayan hərəkətlər qanunla cəzalandırılan cinayətlərə daxil edilmir.
Başqa sözlə, bəzi hərəkətlər etik olmayan ola bilir amma tamamilə qanuni.
Çox qısa şəkildə süni intellektin mühasibatlıqda və hesabatlılıqda tətbiqini zəruri edən bir neçə rəqəmləri nəzərinizə çatdırmaq istərdim. Son tədqiqatlar göstərir ki:
- Süni intellektdən istifadə edən şirkətlərin cavabvermə müddətində 30% azalma və müştəri məmnuniyyətində 25% artım müşahidə edilmişdir.
- Süni intellektdən geniş istifadə 2030-cu ilə qədər dünya ÜDM-i 15,7 trilyon dollar və ya 14% artıra bilər.
- Süni intellektdən istifadə fırıldaqçılıq hallarının 80%-ni dəqiq proqnozlaşdırır.
Çox təəssüf ki, hələ də bizdə rəqəmsal iqtisadiyyatı, blokçeyn sistemi şəraitində nəinki işləmək, heç onun mahiyyətini dərk etmək iqtidarında olmayan mütəxəssislərimiz də az deyildir.
Bu gün bütün ölkələri narahat edən problemlərdən biri də cinayət yolu ilə əmlakın əldə edilməsi və ondan terrorizmin maliyyələşdirilməsində istifadə olunması hallarının tam aradan qaldırılmamasıdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin bir neçə gün əvvəl Bakıda keçirilən beynəlxalq tədbirin iştirakçılarına ünvanlandığı müraciətdə qeyd etdiyi kimi: “Hazırda süni intellekt, rəqəmsal maliyyə sistemləri və kibermühitlə bağlı texnoloji inkişaf korrupsiya və digər cinayətlərin yeni formalarının yaranmasına səbəb olmuşdur. Bu mürəkkəb və sürətlə dəyişən çağırışlar hüquq-mühafizə orqanları üçün qlobal miqyasda yeni və çoxşaxəli vəzifələr müəyyən edir. Azərbaycan bu təhlükələrin qarşısını almaq üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində öz imkanlarını gücləndirməyə sadiqdir”.
Tədbir iştirakçılarına qısa olaraq kibertəhlükəsizlik barədə də istərdim məlumat verim. Bildiyiniz kimi möhtərəm Prezidentimiz İlham Əliyev cənabları 2025-ci il 03 noyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində geniş məruzə söyləmişdir. Ölkəmizdə əsas fəaliyyət sahələrindən danışaraq, bu sahədə elm ictimaiyyətinin birgə çalışmasını xüsusi vurğulamışdır. Möhtərəm Prezidentimiz qeyd etmişdir ki, “Digər vacib məsələ kibertəhlükəsizliklə bağlıdır. İndi dünyada kiberhücumlar geniş vüsət alıb. Azərbaycan da bu hücumlara bu il məruz qalmışdır və Kibertəhlükəsizlik Mərkəzinin yaradılması vaxtında atılmış addımdır. Biz beynəlxalq tərəfdaşlarla, bu sahədə böyük təcrübəyə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində işləyirik ki, özümüzü maksimum dərəcədə qoruya bilək, müdafiə edə bilək. Çünki kibertəhlükəsizlik, yəni, virtual təhlükəsizlik deyil. Bu, hər bir ölkənin fiziki təhlükəsizliyidir. Bu gün həm müharibələrin, deməli, aparılma qaydaları dəyişir, təhlükələrin mənbələri dəyişir və dünya dəyişir. Ona görə bu sahəyə əgər lazımi diqqət göstərilməsə, heç bir başqa müdafiə imkanı bizi böyük problemlərdən qoruya bilməz. Ona görə kibertəhlükəsizliklə bağlı həm dövlət, həm Azərbaycanın elm ictimaiyyəti birgə işləməlidir.”
Simpoziumun işinə bir daha uğurlar arzulayıram. Diqqətinizə görə minnətdaram.



Qalareya