Şəfiqə Əsgərova: Azərbaycanda daxili auditin formalaşması və inkişaf istiqamətləri: uğurlar, problemlər - İQTİSADİYYAT QƏZETİ

İQTİSADİYYAT QƏZETİ

Respublikamızda iqtisadi inkişaf proseslərinin sürətlənməsi, sahibkarlıq fəaliyyətinin genişlənməsi və bu prosesdə ümumi nəzarət mədəniyyətinin dəyişməsi maliyyə nəzarəti ünsürlərinin kəmiyyət və keyfiyyətcə fərqli formada təşəkkül tapması ilə müşahidə olunur. Ölkə başçısının iqtisadiyyatın yüksəlişinə xidmət edəcək sahibkarlığın inkişafı ilə bağlı verdiyi fərmanlarla əlaqədar daxili nəzarət sisteminin qabaqcıl dünya təcrübəsinə uyğun tərzdə qurulması ölkəmizdə daxili audit peşəsinin tətbiqini zərurətə çevirmişdir.

Daxili auditin tətbiqi nəticəsində idarəetməyə böyük diqqət, riskin qiymətləndirilməsinin təkmilləşmiş metodları, qanun pozuntusu hallarının azalması, səmərəliyin artması, vəsaitlərə qənaət olunması, maliyyə hesabatlarının yüksək etibarlılığı və aktivlərin qorunması kimi nəticələr əldə edilir. Bütün göstərilənlərlə əlaqədar olaraq,  nəzarət sisteminin daha da təkmilləşdirilməsi, daxili auditin genişləndirilməsi məqsədilə müvafiq beynəlxalq təcrübənin öyrənilməsi zərurəti yaranır. Azərbaycan Respublikasının Auditorlar Palatası da bir çox beynəlxalq audit qurumları, o cümlədən 1941-ci ildə daxili audit sahəsində ilk peşə birliyi kimi qurulmuş beynəlxalq Daxili Auditorlar İnstitutu (ABŞ) ilə bu istiqamətdə məqsədyönlü iş aparmışdır. Həmin işin ilkin nəticəsi olaraq, Daxili Auditorlar İnstitutu İdarəetmə Şurasının 1999-cu il 26 iyun tarixində keçirilmiş iclasında Azərbaycan Respublikası Auditorlar Palatasının müraciəti əsasında ölkəmizdə Daxili Auditorlar İnstitutunun “Audit-Azərbaycan” bölməsinin yaradılması haqqında qərar qəbul edilmişdir.

“Audit-Azərbaycan” bölməsi iqtisadi islahatlar çərçivəsində daxili auditor peşəsinin zəruriliyi nəzərə alınaraq, ölkəmizdə daxili auditor peşəsinin yayılması və inkişaf etdirilməsi, daxili audit standart və normalarının işlənib hazırlanması, təkmilləşdirilməsi, daxili auditorların peşə müstəqilliyinin təmin edilməsi və mənafelərinin qorunması, peşəkarlıqlarının artırılması məqsədilə yaradılmışdır.

Fəaliyyət göstərdiyi müddət ərzində “Audit-Azərbaycan” bölməsi ölkədə aparılan iqtisadi islahatlar çərçivəsində nazirlik, komitə və birliklərdə nəzarət-təftiş idarələrinin ləğv olunduğu bir şəraitdə daxili audit sisteminin beynəlxalq Daxili Auditorlar İnstitutunun işləyib hazırladığı göstərişlərə və normativ sənədlərə uyğun tərzdə qurulması, Azərbaycanda daxili auditor peşəsinin yayılması sahəsində xeyli iş görmüş, bunun nəticəsi olaraq, bir çox nazirlik, müəssisə və təşkilatların nümayəndələri bölmənin üzvlüyünə qəbul edilərək Daxili Auditorlar İnstitutunun sertifikatını almışlar.

Beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və mütərəqqi dünya təcrübəsinin öyrənilməsi istiqamətində “Audit-Azərbaycan” bölməsi nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakına böyük diqqət yetirilmişdir. Bu məqsədlə bölmənin nümayəndə heyətləri IIA-nın keçirdiyi bir neçə tədbirdə fəal iştirak etmiş və peşənin inkişafı baxımından zəngin təsərrüfat, əhəmiyyətli material və sənədlərlə Azərbaycan Respublikasına qayıtmışlar. O cümlədən 2000-ci ilin may ayında İstanbulda keçirilən “EURO-2000” Avropa Daxili Audit Konfransında və IV Türkiyə Daxili Audit Konqrensində, iyun ayında Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində IIA-nın 59-cu beynəlxalq konfransında və oktyabr ayında Berlin şəhərində Daxili Auditorlar İnstitutunun təşkil etdiyi “Qlobal forum-2000” məclisində bölmənin üst-üstə 9 üzvü iştirak etmişdir. Həmin tədbirlər barədə məlumat ölkənin kütləvi informasiya vasitələrində geniş əks etdirilmiş, xarici səfərlər zamanı əldə olunmuş metodik materialların, sənədlərin məqsədyönlü istifadəsi və bölmə üzvlərinə çatdırılması üçün bir sıra işlər görülmüşdür.

Dünya audit təcrübəsi və metodlarında meydana gələn dəyişikliklər, bununla yanaşı səhmdarlar, idarə rəhbərləri və digər maraqlı tərəflərin tələblərinin artması ilə əlaqədar 1999-cu ildə Daxili Auditorlar İnstitutu daxili audit standartlarının və Etika Məcəlləsinin yeni redaksiyada nəşr edilməsini qərara almışdır. IIA tərəfindən aparılan məqsədyönlü iş nəticəsində 2001-ci ilin əvvəlində işıq üzü görən yeni standartlarda müstəqillik, obyektivlik, səriştəlilik və lazımi peşəkar yanaşma kimi əsas prinsiplər əks olunmaqla, daxili auditin həcmi, riskin qiymətləndirilməsi, keyfiyyətin planlaşdırılması və təminatı kimi məsələlər yenidən nəzərdən keçirilərək daha geniş şəkildə şərh olunmuşdur. Daxili auditorların fəaliyyət xüsusiyyətlərini və peşənin etik qaydalarını müəyyənləşdirmək baxımından ölkəmizdə fəaliyyət göstərən mütəxəssislər üçün böyük əhəmiyyət kəsb edən həmin sənədlər “Audit - Azərbaycan” bölməsi tərəfindən tərcümə edilmiş və IIA ilə razılaşdırılaraq 2001-ci ilin noyabrında “Daxili audit standartları” adı altında kitab şəklində nəşr etdirilmişdir. Beləliklə, Azərbaycanda daxili auditorların praktik fəaliyyətlərini qurarkən istinad edə biləcəkləri əsas nəzəri baza yaradılmışdır. “Audit - Azərbaycan” ictimai birliyi öz qarşısına ölkəmizdə daxili auditor peşəsinin yayılması və inkişaf etdirilməsi, daxili auditorlar arasında peşə münasibətlərinin gücləndirilməsi, onların mənafelərinin və müstəqilliyinin qorunması, peşənin standart və normalarının işlənib hazırlanması, təkmilləşdirilməsi məqsədlərini qoymuş və istiqamətdə fəaliyyətini inamla davam etdirmişdir. Müəssisə və təşkilatlarda daxili audit xidmətinin mövcudluğunun, keyfiyyətli və tələblərə cavab verən şəkildə fəaliyyətinin əsasını kadr hazırlığı, mütəxəssis təcrübəsi, biliyi və səriştəsi amili təşkil etmişdir. Bu baxımdan, daxili audit xidmətinin təşəkkülü və inkişafına nail olmanın ən mühüm prinsiplərindən biri peşəkar daxili auditorların hazırlanması olmuşdur.

Azərbaycanda daxili auditin tətbiqi zərurəti də ilk dəfə olaraq “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında (2004-2006-cı illər)” əksini tapmışdır. Layihəsi Auditorlar Palatası tərəfindən hazırlanmış “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanunu Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə  2007-ci il 22 may tarixində Milli Məclisdə qəbul edilmişdir.

MDB ölkələri arasında birinci olaraq Azərbaycanda daxili auditor fəaliyyətinin həyata keçirilməsi qanunvericiliklə hüquqi təsbitini tapmışdır. “Daxili audit haqqında” Qanun Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəffaflığın təmin olunması və korrupsiyaya qarşı mübarizə strategiyasının hüquqi təməlində özünəməxsus yer tutmaqla, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına da əvəzedilməz bir töhfədir.

Bu qanunla daxili auditin hüquqi statusu, prinsipləri, məqsədləri və həyata keçirilmə mexanizmləri ətraflı şəkildə tənzimləndi. Qanun həm dövlət, həm də qeyri-dövlət sektorlarında daxili audit fəaliyyətinin təşkili üçün vahid normativ baza yaratdı və bu sahədə beynəlxalq təcrübəyə uyğun hüquqi çərçivənin formalaşmasına imkan verdi.

Beləliklə, audit sisteminin bir qolu kimi, daxili audit müasir daxili nəzarət forması və müəssisənin daxili nəzarət sisteminin tərkib hissəsi olaraq aktivlərin və uçot məfhumlarının qorunmasını, əks etdirilmiş maliyyə-təsərrüfat əməliyyatlarının düzgünlüyünü, tamlığını və müvafiqliyini, həmçinin vaxtında düzgün maliyyə hesabatının hazırlanmasını təmin edir və məqsədi müəssisənin idarəetmə sisteminin səmərəliliyinin qiymətləndirilməsidir.

Müasir idarəetmə sistemində şəffaflıq, hesabatlılıq və səmərəlilik əsas meyarlardan hesab olunur. Bu prinsiplərin təmin edilməsində daxili audit xüsusi rol oynayır. Daxili audit yalnız yoxlama mexanizmi deyil, həm də idarəetmə proseslərinin təkmilləşdirilməsinə, risklərin vaxtında aşkarlanmasına və resursların optimal istifadəsinə xidmət edən mühüm idarəetmə alətidir.

İctimai həyatın əhəmiyyətli elementi olan daxili audit öz funksiyalarını düzgün müəyyənləşdirməli və düzgün yerinə yetirməlidir. Daxili auditin təsərrüfat subyektlərinin dayanıqlığının təmin olunmasında, rəhbərliyə düzgün və vaxtında məlumat verilməsi və iqtisadi proseslərin düzgün aparılmasında, düzgün qərarların qəbul edilməsində böyük rolu vardır. Daxili audit, eyni zamanda, son illərdə bütün dünyada böyük bir problemə çevrilmiş şəffaflığın artırılmasında, korrupsiyaya qarşı mübarizədə də böyük rol oynayır. Bütün bunların həyata keçirilməsi üçün, daxili auditin öz rolunu lazımi səviyyədə yerinə yetirməsi üçün daxili audit özü də təkmilləşməlidir.

Geniş mənada isə daxili audit  qəbul edilmiş idarəetmə qərarlarının əsaslılığını və səmərəliliyini qiymətləndirmək, kənarlaşmaları və əlverişli olmayan vəziyyətləri aşkara çıxarmaq, müəssisə və təşkilatın fəaliyyətində risklərin aradan qaldırılması, azaldılması və idarə olunması üzrə qərarların qəbul edilməsi üçün rəhbərliyi vaxtında məlumatlandırmaq məqsədilə müəssisə və təşkilatın işinin müntəzəm müşahidəsi və yoxlanılması sistemidir. Başqa sözlə desək, daxili audit elə bir əks-əlaqə formasıdır ki, müəssisə və təşkilatın idarəetmə orqanı idarə edilən obyektin həqiqi vəziyyəti və idarəetmə qərarlarının həyata keçirilməsi barədə lazımi məlumatları onun vasitəsilə əldə edir. Eyni zamanda, daxili audit tədricən yalnız nəzarət funksiyalarını yerinə yetirməkdən əl çəkib getdikcə daha çox dərəcədə müəssisə və təşkilatın işinin səmərəliliyini qiymətləndirmək üzrə qərarların qəbul edilməsi üçün informasiyanın əldə edilməsinə istiqamətlənir.

Beynəlxalq təcrübə göstərir ki, güclü daxili audit sistemi olmayan təşkilatlarda fəaliyyətin səmərəliliyinin azalması, icra intizamının zəifləməsi, maliyyə və inzibati risklərin artması qaçılmazdır. Beynəlxalq standartlarda da vurğulandığı kimi, daxili audit yalnız nəzarət deyil, həm də inkişaf və islahatların dayanıqlı təminatıdır.

Müasir dövrün tələblərinə uyğun olaraq, daxili auditin normativ hüquqi bazasının təkmilləşdirilməsi və onun inkişafında beynəlxalq təcrübənin öyrənilməsi zəruridir.

Azərbaycan Respublikasının Auditorlar Palatasında 2025-ci ilin 17 sentyabr tarixində daxili auditin aparılması üzrə yeni Təlimatın təsdiq edilməsi məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. Yeni sənəd beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb və qurumun daxili idarəetmə sisteminin gücləndirilməsinə, fəaliyyətin daha səmərəli və şəffaf təşkilinə xidmət edir. Təlimatın hazırlanmasında Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC), Daxili Auditorlar İnstitutunun (IIA), həmçinin INTOSAI və COSO-nun qəbul etdiyi beynəlxalq standart və prinsiplər əsas götürülüb. Bununla yanaşı, Azərbaycan Respublikasının mövcud qanunvericilik bazası da nəzərə alınıb. Təlimat həm daxili auditin məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirir, həm də struktur bölmələrin işinin qiymətləndirilməsi, icra intizamına nəzarət və hesabatlılıq mexanizmlərini aydın şəkildə tənzimləyir.

Beləliklə, yeni təlimatın tətbiqi Auditorlar Palatasında idarəetmənin müasir tələblərə uyğunlaşdırılmasına, fəaliyyətin beynəlxalq standartlara inteqrasiyasına geniş imkanlar açır. Təlimata əsasən, daxili auditin məqsədi struktur bölmələrin fəaliyyətinin qanunvericiliyə və daxili qaydalara uyğunluğunu təmin etmək, əməkdaşların vəzifə borclarının icra vəziyyətini qiymətləndirmək, səmərəliliyi artırmaq, riskləri və uyğunsuzluqları vaxtında müəyyənləşdirməkdən ibarətdir. Bu yanaşma Palatanın daxili idarəetmə sisteminin möhkəmləndirilməsinə və resurslardan daha səmərəli istifadəyə imkan verəcək. Çevik və mütərəqqi daxili audit siteminin qurulması səmərəli daxili nəzarət mühitinin formalaşmasının təminatıdır. Odur ki, iş proseslərinin fəaliyyətinə cari və operativ nəzarətin təmin olunması məqsədilə Auditorlar Palatasında daxili auditin aparılması üzrə yeni Təlimatın təsdiqi idarəetmənin daha şəffaf, səmərəli və müasir standartlara uyğun təşkilinə mühüm töhfədir. Bu addım Palatanın fəaliyyətində hesabatlılıq və məsuliyyətlilik prinsiplərini daha da gücləndirəcəkdir. Ölkə iqtisadiyyatının azad bazar münasibətləri prinsiplərinə əsasən inkişaf etdirilməsi, dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi və bütövlükdə cəmiyyətimizin demokratikləşməsi müstəqil, təminatverici və məsləhətverici fəaliyyət olan daxili auditin beynəlxalq standartlara uyğun, müstəqil, obyektiv, idarəetmə prosesində məsləhət-konsaltinq funksiyasını əhatə edəcək şəkildə təşkil və tətbiq olunmasını tələb edir.

P.S. 1999-cu ildə təsis olunmuş və ABŞ-ın Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Stenli Eskuderonun iştirakı ilə həmin ilin sentyabr ayında təqdimatı keçirilmiş az bir müddət ərzində Avropa və Asiya Daxili Auditorlar İnstitutuna üzvlüyə qəbul edilmiş, bir çox beynəlxalq konfrans və simpoziumlarda üzvlərinin məruzə ilə çıxış etdikləri, məhsuldar fəaliyyətinə və sürətli inkişafına görə Beynəlxalq Daxili Auditorlar İnstitutunun ödüllərinə layiq görülmüş Daxili Auditorlar İnstitutunun “Audit-Azərbaycan” bölməsi heç bir səbəb olmadan həmin beynəlxalq İnstitutun o vaxtkı rəhbərliyinin həyata keçirdiyi ikili standartlar ucbatından fəaliyyətini dayandırmalı olmuş və hələ də ölkəmiz həmin İnstitutda üzvlüyünü tam bərpa edə bilməmişdir. Dünya iqtisadiyyatına uğurla qovuşan və artıq dünyanın sayılıb-seçilən ölkələrindən birinə çevrilmiş ölkəmizdə daxili auditin belə aqibəti ilə heç cürə barışmaq olmaz. Fikrimizcə, “Daxili audit” haqqında  MDB məkanında ilk dəfə qanun qəbul edilmiş və yuxarıda göstərilən möhtəşəm uğurlara imza atmış Azərbaycan daxili auditorlarının yenidən həmin qurumda ləyaqətlə təmsil olunmaları üçün real addımlar atılmasının vaxtı çatmışdır.

 

Şəfiqə Əsgərova

Azərbaycan Respublikası

Auditorlar Palatasının daxili auditoru