2026-cı il 20 fevral tarixində Auditorlar Palatasında “Vergi və digər qanunvericiliklərə dəyişikliklər barədə” və “Müştərilərlə effektiv ünsiyyətin qurulması və gücləndirilməsi” mövzularında seminar keçirilib

2026-cı ilin 20 fevral tarixində Azərbaycan Respublikasının Auditorlar Palatasının 2026-cı il üzrə İş Planının 1.1-ci “Auditor fəaliyyəti ilə əlaqədar təlimatlar, tövsiyələr, metodik vəsait və şərhlərin hazırlanması” və 10.3.3-cü “Müştərilərlə effektiv ünsiyyətin qurulması və gücləndirilməsi” mövzusunda seminarın keçirilməsi” bəndlərinin icrasını təmin etmək məqsədilə “Vergi və digər qanunvericiliklərə dəyişikliklər barədə” və “Müştərilərlə effektiv ünsiyyətin qurulması və gücləndirilməsi” mövzularında onlayn formatda seminar keçirilib.

Seminarda Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov moderator, sərbəst auditor Şamxal Kərimov və “A Audit and Consulting” MMC-nin direktor-auditoru Rüfət Əliyev məruzəçi qismində çıxış ediblər.

Seminarı giriş sözü ilə Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov açaraq bildirib ki, 2026-cı ildən Vergi Məcəlləsinə vergi nəzarəti və onun formaları; uçota alınma və uçotdan çıxarılma qaydaları; elektron qaimə-fakturaların təqdim edilməsi; fiziki şəxslərin gəlir vergisi və hüquqi şəxslərin mənfəət vergisi, amortizasiya ayırmaları; əlavə dəyər vergisi, aksizlər, əmlak, torpaq, yol və mədən vergiləri, sadələşdirilmiş vergi, “Fərqlənmə nişanı” almaq üçün tələblər və digər istiqamətlər üzrə mühüm dəyişikliklər edilib.

Elnur İbrahimov eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanuna edilmiş dəyişiklikləri seminar iştirakçılarının nəzərinə çatdırıb.

Sərbəst auditor Şamxal Kərimov “Vergi və digər qanunvericiliklərə dəyişikliklər barədə” mövzusunda çıxış edərək fiziki şəxslərin gəlir vergisi, dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı, 2026 üzrə fiziki şəxslərin gəlirindən tutulmaların icmalı, ƏDV üzrə məcburi qeydiyyat limitinin artırılması, Sadələşdirilmiş vergi, Sosial sığorta haqqında qanun, İşğaldan azad edilmiş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında tətbiq edilən vergitutmanın xüsusiyyətləri, Elektron auditin ləğvi və Üfüqi Monitorinqin tətbiqi ilə bağlı geniş məlumat verib.

 Ş.Kərimov çıxışında Vergi Məcəlləsinə “üfüqi monitorinq” anlayışının əlavə edilməsinin nəzərdə tutulduğunu və üfüqi monitorinqin məqsədinin vergilərin düzgün hesablanması, vaxtında və tam şəkildə ödənilməsinə nəzarətin daha müasir və effektiv formada həyata keçirilməsi olduğunu xüsusilə qeyd edib.

Qeyd edilib ki, üfüqi monitorinqə qəbul edilən vergi ödəyicilərində, monitorinq dövrləri üzrə kameral və bəzi istisna hallar xaric olmaqla, səyyar vergi yoxlamaları aparılmayacaq. Yeni anlayışla bağlı monitorinqin keçirilmə qaydaları, predmeti, əhatə olunan şəxslər, vergi ödəyicisinin öhdəlikləri, monitorinqdən çıxarılma halları və maliyyə sanksiyaları ayrıca maddələrlə müəyyən ediləcək.

Elektron qaimə-fakturanın təqdim edilmə müddətlərindəki dəyişikliklərə əsasən isə, digər işlərin görülməsi və xidmətlərin göstərilməsindən fərqli olaraq, beynəlxalq daşıma xidmətlərinin göstərilməsi üzrə elektron qaimə-faktura daşıma xidmətlərinin başlanıldığı vaxtadək, müntəzəm və daimi əsaslarda göstərilən xidmətlər üzrə isə, hər təqvim ayı üçün xidmətlərin göstərilməsinə başlanıldığı vaxt təqdim edilməli olduğu və avans ödənişləri barədə elektron qaimə-faktura avansın alındığı gün deyil, həmin vaxtadək təqdim edilməli olduğu seminar iştirakçılarının nəzərinə çatdırılıb.

Fiziki şəxslərin gəlir vergisinə dair planlaşdırılan dəyişikliklərə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid müəssisələrdə çalışan şəxslərin muzdlu işdən gəlirlərinə 2026-cı il yanvarın 1-dən etibarən gəlir vergisi tətbiq ediləcək və vergi dərəcələri mərhələli şəkildə artırıldığı da qeyd edilib.

Verginin dərəcəsi 2027-ci il yanvarın 1-dək gəlir 2500 manatadək olduqda 3 faiz, 2500 manatdan 8000 manatadək olduqda 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi, 8000 manatdan çox olduqda isə 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi nəzərdə tutulduğu, 2027-ci il 1 yanvar tarixindən etibarən vergi dərəcələri müvafiq olaraq, 5 faiz, 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi müəyyən edildiyi, 2028-ci il 1 yanvar tarixindən isə qeyd edilən şəxslərin gəlir vergisinin dərəcəsi 7 faiz, 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi müəyyən edildiyi Şamxal Kərimov tərəfindən vurğulanıb.

Mövzunun sonunda auditorları maraqlandıran suallar cavablandırıldı. Auditorlar şərhi təqdim edənlərə minnətdarlıqlarını bildirərək onun çox faydalı olduğunu bildirdilər.

Daha sonra söz Auditorlar Palatasının Auditin transformasiyası, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədova verildi.

Qoşqar Əhmədov qeyd etmişdir ki, müasir dövrdə auditorun peşəkarlığı yalnız normativ tələblərə əməl etməklə məhdudlaşmır. Effektiv kommunikasiya audit prosesinin bütün mərhələlərində, planlaşdırmadan yekun hesabatın təqdim edilməsinədək mühüm rol oynayır və göstərilən xidmətlərin keyfiyyətinə birbaşa təsir göstərir.

Çıxış zamanı vurğulanmışdır ki, auditor ilə müştəri arasında şəffaf, aydın və qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması risklərin düzgün qiymətləndirilməsinə, gözləntilərin dəqiq müəyyənləşdirilməsinə və mümkün anlaşılmazlıqların qarşısının alınmasına şərait yaradır. Xüsusilə planlaşdırma mərhələsində effektiv dialoqun qurulması audit prosesinin səmərəliliyini artıran əsas amillərdəndir.

Q.Əhmədov bildirdi ki, müştərilərlə effektiv ünsiyyətin qurulması və gücləndirilməsi istənilən sahədə xüsusilə, audit və maliyyə xidmətləri kimi etimad əsaslı fəaliyyət istiqamətlərində uğurun əsas şərtlərindən biridir.

Effektiv ünsiyyətin əsas şərtlərindən biri aydınlıq və konkretlikdir. Auditor öz mövqeyini, irad və tövsiyələrini elə formada təqdim etməlidir ki, müştəri onları düzgün başa düşə bilsin. Peşəkar terminologiyadan istifadə vacibdir, lakin bu terminlərin izahı da təmin olunmalıdır. Eyni zamanda şəffaflıq prinsipi qorunmalı, auditin mərhələləri, vaxt qrafiki və mümkün risklər barədə müştəri əvvəlcədən məlumatlandırılmalıdır.

Q.Əhmədov əlavə etdi ki, digər mühüm amil aktiv dinləmə bacarığıdır. Auditor yalnız danışan deyil, həm də diqqətlə dinləyən tərəf olmalıdır. Müştərinin mövqeyi, narahatlıqları və gözləntiləri nəzərə alınmadan effektiv əməkdaşlıq qurmaq mümkün deyil. Bu yanaşma qarşılıqlı hörmət mühitini gücləndirir və tərəflər arasında etimadı artırır.

Seminarda həmçinin rəqəmsallaşmanın kommunikasiya prosesinə təsiri, elektron platformalar vasitəsilə operativ məlumat mübadiləsinin təşkili, etik prinsiplərin və məxfilik tələblərinin qorunmasının vacibliyi məsələlərinə toxunulmuşdur. Bildirilmişdir ki, texnoloji imkanlar ünsiyyəti sürətləndirsə də, əsas prioritet peşəkar yanaşma, obyektivlik və məsuliyyət prinsiplərinin qorunmasıdır.

Qoşqar Əhmədov çıxışını bitirərək sözü “A Audit and Consulting” MMC-nin direktor-auditoru Rüfət Əliyevə verdi.

Seminarda çıxış edən “A Audit and Consulting” MMC-nin direktor-auditoru Rüfət Əliyev qeyd etdi ki, auditor-müştəri münasibətlərində düzgün qurulmuş kommunikasiya yalnız xidmət keyfiyyətini artırmır, eyni zamanda auditorun hüquqi təhlükəsizliyini və peşəkar nüfuzunu qoruyur. O bildirdi ki, effektiv ünsiyyət risklərin erkən mərhələdə müəyyən edilməsinə və mümkün mübahisələrin qarşısının alınmasına xidmət edir.

Rüfət Əliyev vurğuladı ki, auditorla müştəri arasında ilk təmas mərhələsi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə ilkin telefon danışığı qeydi, ilkin elektron poçt yazışması qeydi, canlı görüş protokolu və ilkin müştəri müraciəti formasının tərtib olunması vacibdir. Onun sözlərinə görə, bu sənədlər sonradan yarana biləcək hüquqi və reputasiya risklərinin minimuma endirilməsində mühüm sübut bazası rolunu oynayır.

Məruzəçi qeyd etdi ki, audit müştərisinin qəbulundan əvvəl mütləq şəkildə müştəri qəbulu yoxlama siyahısı tətbiq olunmalı, biznes riski, reputasiya riski və dələduzluq riski (BAS 240-a uyğun olaraq) qiymətləndirilməlidir. O bildirdi ki, xüsusilə nağd əməliyyatların yüksək paya malik olması, daxili nəzarət zəifliyi və əlaqəli tərəflərlə əməliyyatlar risk göstəricisi kimi diqqətlə analiz edilməlidir.

Rüfət Əliyev müstəqillik və etik prinsiplərin qorunmasının əhəmiyyətini xüsusi vurğulayaraq qeyd etdi ki, auditor auditə başlamazdan əvvəl müstəqillik və etik bəyannamə imzalamalıdır. O bildirdi ki, maliyyə marağı, şəxsi münasibət və ya hər hansı maddi fayda audit obyektivliyinə xələl gətirə bilər və bu halda audit tapşırığı qəbul edilməməlidir.

Seminarda həmçinin çətin suallara cavab texnikası və manipulyativ suallara peşəkar yanaşma modelləri təqdim edilmişdir. Rüfət Əliyev qeyd etdi ki, auditor emosional təzyiq qarşısında sakitliyini qorumalı, faktlara və audit standartlarına istinad etməli, qərarlarını şəxsi mövqedən deyil, peşəkar çərçivədən əsaslandırmalıdır. O vurğuladı ki, “Standartlara əsasən bu məsələ açıqlanmalıdır” kimi ifadələr auditoru hüquqi baxımdan qoruyan düzgün yanaşmadır.

Seminarda real risk cədvəlləri və maliyyə təsiri nümunələri əsasında göstərilmişdir ki, daxili nəzarət zəifliyi nəticəsində kassa çatışmazlığı, inventar fərqi və sənədsiz ödənişlər kimi hallar ciddi maliyyə təsiri yarada bilər. Məruzəçi vurğuladı ki, belə hallarda auditor yalnız problemi göstərməməli, eyni zamanda konkret tövsiyələr – iki imza sistemi, aylıq inventar sayımı, ERP təsdiq mexanizmi kimi nəzarət tədbirləri təklif etməlidir.

Çıxışının sonunda Rüfət Əliyev qeyd etdi ki, müştərilərlə effektiv ünsiyyət audit prosesinin texniki hissəsi deyil, onun strateji elementidir. O bildirdi ki, düzgün sənədləşmə, etik mövqe, sakit və strukturlaşdırılmış kommunikasiya auditoru həm hüquqi risklərdən qoruyur, həm də peşəkar reputasiyanı möhkəmləndirir.

Seminar iştirakçıların sualları və praktiki müzakirələrlə davam etmiş, auditor-müştəri münasibətlərində peşəkar davranış standartlarının tətbiqinin vacibliyi bir daha vurğulanmışdır.

Seminarda Auditorlar Palatasının 100-dən çox üzvü iştirak edib.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası