Auditorlar Palatasında 2026-cı il 25 fevral tarixində “Xocalı Soyqırımı”nın 34-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbir Xocalı faciəsi zamanı həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra “26 fevral - Xocalı soyqırımı - insanlığa qarşı cinayət” faciəsinə həsr olunmuş videoçarx nümayişi etdirilib.
Açılış nitqi ilə çıxış edən Auditorlar Palatasının sədr müavini Fəxrəddin İsmayılov geniş məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan xalqının qan yaddaşına çevrilmiş Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş və Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri kimi yadda qalmışdır. Bu hadisə təkcə bir şəhərin deyil, bütöv bir xalqın taleyində dərin iz buraxmış, insanlıq adına ağır cinayət kimi tarixə düşmüşdür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə müxtəlif istiqamətlərdən hücum edildi. Şəhər ağır artilleriya atəşinə tutuldu və mülki əhali qaçmağa məcbur oldu. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində illər boyu sistemli iş aparılmışdır. İslam Əməkdaşlıq Təşkilatı qəbul etdiyi sənəddə Xocalı hadisələrini “insanlığa qarşı cinayət” kimi qiymətləndirmişdir. Bundan başqa, bir sıra ölkələrin parlamentləri və beynəlxalq qurumlar faciəni pisləyən və ona siyasi qiymət verən qərarlar qəbul etmişlər.
Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılmasında Heydər Əliyev Fondu tərəfindən başladılan “Xocalıya ədalət!” kampaniyası mühüm rol oynamışdır. Bu təşəbbüs çərçivəsində dünyanın müxtəlif ölkələrində anım mərasimləri, konfranslar və məlumatlandırma tədbirləri keçirilmişdir.
Xocalı qurbanlarının xatirəsini yaşatmaq, tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaq və oxşar faciələrin bir daha təkrarlanmaması üçün çalışmaq hər birimizin mənəvi borcudur. Tarix unudulmamalıdır ki, ədalət və sülh daha möhkəm təməl üzərində qurulsun.
1-ci Qarabağ müharibəsinin gedişinin ən faciəvi səhifəsi Xocalı şəhərinin işğalı oldu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən bu şəhərdə müharibədən əvvəl 7 min insan yaşayırdı. 1991-ci ilin oktyabrından şəhər Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı moto-atıcı alayının köməyi ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinə soyqırım törətdilər.
Xocalı qətliamından 34 il keçir. Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bəşəriyyət tarixinin ən qanlı hadisələrindən biridir. Xocalı faciəsi etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsidir. Bu günə qədər Bosniya və Hersoqovina, Kolumbiya, Çexiya, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları Xocalı soyqırımına dair müvafiq qətnamələr qəbul ediblər. Bu gün artıq ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.
Xocalı soyqırımının əsl hüquqi qiymətini alması və dünyanın belə bir cinayətdən xəbərdar olması ilə bağlı milli səviyyədə addımlar Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atılmışdır. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.
2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ oldu. 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin azad edilməsi Azərbaycan xalqının iradəsinin və qətiyyətinin rəmzinə çevrildi. Ardınca 2023-cü ilin sentyabrında ölkənin suverenliyinin tam bərpa olunduğu elan edildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər Azərbaycanın ərazi bütövlüyü bərpa edilməklə yanaşı, Xocalı şəhidlərinin ruhun da şad oldu. Azərbaycan Ordusu Ermənistanın işğal etdiyi torpaqları geri qaytararaq haqq-ədaləti bərpa etdi. Hal-hazırda işğaldan azad edilən ərazilərimizdə sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, Xocalıda da sürətlə davam edir. Qürur hissi ilə qeyd etmək istəyirik ki, artıq istər 1-ci və istərsə də 2-ci Qarabağ müharibəsində həlak olan baba və nənələrin, ata və anaların, qardaş və bacıların, körpə uşaqların ruhu şaddır və onların ailə üzvləri bu günü gördülər, lakin çox təəssüf edirik ki, şəhidlərimiz bu günü görmədilər.
Sonra tədbirdə Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov, Audit sistemində icra intizamına nəzarət şöbəsinin müdiri Zaur Almazov, İnsan resursları üzrə menecer Nərgiz Abdullayeva, Dövlət orqanları ilə iş şöbəsinin müdir müavini Heydər Yusifzadə də mövzu ətrafında çıxış edərək Xocalı faciəsinin sadəcə Azərbaycanın deyil, eyni zamanda insanlıq tarixinin qara bir səhifəsi olaraq yaddaşlara həkk olunduğunu və həmin günün Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq bir gün olduğunu qeyd ediblər.
Şəhidlərimizin əziz xatirəsi əsrlər və qərinələr keçsə də Azərbaycan xalqının qəlbində daima yaşayacaqdır.
Allah şəhidlərimizə rəhmət eləsin!
Qalareya