Azərbaycan Respublikası Auditorlar Palatasında “Müasir şəraitdə auditin əsas vəzifələri” mövzusunda 2016-cı il 25 fevral tarixində dəyirmi masa keçirilmişdir.

Azərbaycan Respublikası Auditorlar Palatasında “Müasir şəraitdə auditin əsas vəzifələri” mövzusunda 2016-cı il 25 fevral tarixində dəyirmi masa keçirilmişdir.

2016-02-25

AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASINDA  “MÜASİR ŞƏRAİTDƏ AUDİTİN ƏSAS VƏZİFƏLƏRİ” MÖVZUSUNDA 2016-CI İL 25 FEVRAL TARIXINDƏ DƏYIRMI MASA KEÇİRİLMİŞDİR

Tədbiri giriş sözü ilə açan Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov il öncə tədbir iştirakçılarını salamladı və öz çıxışına 1992-ci il 26 fevral tarixində “Xocalı faciəsi”nin qurbanlarını bir dəqiqəlik sükutla yad etməklə başladı. Azərbaycan tarixinə qanlı səhifə kimi yazılan bu faciə ilə bağlı törədilmiş cinayət faktları haqqında məlumat verdi və Azərbaycan Respublikasının apardığı siyasət nəticəsində “Xocalı soyqırımı”nın bu gün dünya ictimaiyyətinə geniş şəkildə çatdırıldığını bildirdi.

Sonra Palatanın sədri V.Novruzov  Auditorlar Palatası ilə fəaliyyəti uzlaşan əksər xarici və yerli mühasibat uçotu və audit qurumları ilə  əməkdaşlıq edildiyini və bu sahədə daim yeni sazişlər imzalandığını qeyd etdi və Auditorlar Palatası ilə “Headstart Inrternational” şirkəti arasında əməkdaşlıq sazişi imzalandı. “Headstart Inrternational” şirkətinin direktoru Seyid Əli bu əməkdaşlıqdan məmnun olduğunu bildirdi və rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə qısa məlumat verərək Azərbaycanda yeni auditor kadrlarının hazırlanmasında yaxından iştirak edəcəklərini vurğuladı.

 V.Novruzov “Dəyirmi masa”da müzakirə ediləcək məsələləri sadaladı və hal-hazırda dünyada və ölkəmizdə baş verən iqtisadi böhranın yaratdığı çətinliklərdən, bu sahədə aparılan iqtisadi islahatlardan, yeni qəbul edilmiş qanunlardan bəhs edərək ölkə Prezidentinin anti-böhran siyasəti nəticəsində ölkəmizin bu imtahandan üzü ağ çıxacağını və regionda daha da güclənəcəyini bildirdi.

Böhran dövrlərində auditin inkişafına böyük ehtiyac yaranır və bu səbəbdən də hesabtlılıq daha yüksək səviyyədə aparılmalıdır.

Sonra V.Novruzov tədbir iştirakçılarını “Dəyirmi masa”nın məsələləri ilə bağlı öz münasibətlərini bildirməyə dəvət etdi.

“Müasir şəraitdə auditə ictimai etimadın gücləndirilməsinin zəruriliyi” mövzusunda olan 1-ci məsələ ilə bağlı Hesablama Palatasının auditoru Cəfər Həsənov öz fəaliyyətlərindən bəhs edərək, əsas hədəflərinin şəffaflığın artırılması, uğurlu auditin aparılması, risklərin və maliyyə hesabatlarının düzgün qiymətləndirilməsindən ibarət olduğunu bildirdi və məsələnin həlli üçün audit rəylərinin vaxtında ictimaiyyətə çatdırılmasının zəruriliyini qeyd etdi.

“MAK Azərbaycan LTD” ММC-nin direktoru, Palatanın Şurası yanında Milli auditə dəstək üzrə Komitənin sədri Zamin Hüseynov çıxış edərək bildirdi ki, bir sıra dövlət qurumları tərəfindən auditə etimadın olmaması bu gün üçün mənfi haldır. Buna səbəb kimi verilmiş auditor rəylərinin keyfiyyətsiz olmasını qeyd etdi. Palata sədrinin müavini Fəxrəddin İsmayılov da əlavə etdi ki, “işin keyfiyyəti artarsa, auditə etimad yaranar”.

Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbov qeyd etdi ki, “bir sıra hallarda audit ictimai notariusdur”, o, həmçinin, auditə ictimai etimadın səviyyəsinin araşdırılması məqsədilə Palata tərəfindən sorğu keçirildiyini və sorğunun nəticəsi olaraq auditor xidmətindən razılığın ölkəmizdə 60% olması halından bəhs etdi.

Palata Şurası yanında Üzvlük məsələləri üzrə Komitənin sədri, Sərbəst auditor İbiş Əliyev bildirdi ki, ictimai etimadın qazanılmasında bəzi aidiyyatı qurumların da böyük təsiri ola bilir. Əvvəllər təsərrüfat subyektlərinin hesabatları qəbul edilərkən Vergi orqanlarında mütləq qaydada auditorun rəyi də tələb olunurdu. Rəy təqdim edilmədiyi halarda Vergi orqanları təsərrüfat subyektinə sənədin çatışmaması barədə məktub göndərirdi. Hesabatların elektron versiyada təqdim olunmasından sonra auditor rəylərinin tələb edilməsi bir qayda olaraq arxa plana keçirildi. Bu da özlüyündə həm təsərrüfat subyektləri rəhbərlərinin məsuliyyətini  minimuma endirmişdir və həm də auditə ictimai etimadın zəifləməsinə şərait yaratmışdır.

Aparatın rəhbəri Q.Bayramov qeyd etdi ki, auditlər İFAC-ın təsdiq etdiyi Beynəlxalq Audit Standartlarının və Peşəkar Mühasiblərin Etika Məcəlləsinin tələblərinə uyğun aparılmalıdır. Bu zaman auditə ictimai etimad artacaqdır.

Palata Şurasının üzvü, “Ernst & Yanq holdinqs (SiAyEs) Bi.Vi” şirkətinin Azərbaycan Respublikasındakı filialının idarəedici partnyoru İlqar Vəliyev auditorun sifarişçi qarşısında tam müstəqil olmasının zəruriliyini bildirərək qeyd etdi ki, auditor dürüst olduğu zaman bir çox hallarda sifarişçi auditordan narazı qalır. Bu məsələ həll edilməlidir. Əlavə olaraq qeyd etdi ki, auditə ictimai etimadın gücləndirilməsi üçün hər bir müəssisədə korporativ idarəetmə gücləndirilməli, o cümlədən, audit komitəsi yaradılmalıdır.

V.Novruzov Palatanın Şurası tərəfindən artıq Audit komitəsinin yaradılması ilə bağlı Əsasnamənin təsdiq edildiyini və aidiyyatı orqanlara təqdim edildiyini qeyd etdi.

“Auditor xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi imkanları və yolları” mövzusunda olan 2-ci məsələnin müzakirəsi zamanı Palatanın Aparat rəhbəri Q.Bayramov çıxış edərək bildirdi ki, ölkə Prezidentinin “Valyutanın tənzimlənməsi haqqında” qanuna veto qoyması, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, sahibkarlıq fəaliyyətinə, o cümlədən, onun bir növü olan auditor xidmətinin inkişafına geniş imkanlar yaratdı. Məcburi auditdən yayınmanın qarşısının alınması məqsədilə Palata tərəfindən hazırlanmış tədbirlər sisteminin tətbiqinin genişləndirilməsi gələcəkdə auditin əhatə dairəsinin genişlənməsinə səbəb olacaqdır. 

Sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbov qeyd etdi ki, əlaqəli auditor xidmətlərinin həcmi əksər inkişaf etmiş ölkələrdə 70%-ə qədər təşkil edir, bizdə isə hələ ki, bu xidmətin həcmi 30% civarındadır. Hazırda hüquq-mühafizə orqanları tərəfindən bir sıra dələduzluq və korrupsiya hallarının araşdırılması ilə bağlı əlaqəli auditor xidmətlərindən istifadəyə ehtiyac artmışdır.

Palatanın Auditin hüquqi təminatı və standartlaşdırma idarəsinin rəisi M.Abbasov məsələyə münasibət bildirərkən dövlət orqanları arasında ciddi koordinasiyanın qurulmasına ehtiyac olduğunu qeyd etdi.

“Sahibkarlıq fəaliyyətində risklərin qiymətləndirilməsi və idarə olunmasında auditin rolu” mövzusunda 3-cü məsələnin müzakirəsi zamanı çıxış edən Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Sertifikasiya məsələləri üzrə direktoru Gülnar Hacıyeva qeyd etdi ki, uğurlu inkişafın əsas şərti riskin düzgün qiymətləndirilməsindən asılıdır. Bunun üçün bütün müəssisələrdə, o cümlədən, dövlət qurumlarında audit komitələrinin, həmçinin daxili audit şöbələrinin yaradılması çox vacibdir. Daxili auditorların funsksiyalarının genişləndirilməsi üçün bütün ölkə səviyyəsində peşəkarlığın artırılmasına böyük ehtiyac var. Bunun üçün isə tədris vasitələrinin hazırlanması, təlimlərin keçirilməsi və daxili auditorların sertifikasiyadan keçməli olduğunu bildirdi. İngiltərənin CIA (Certified İnternal Auditor) institutunun keçirdiyi sertifikasiyaların ingilis dilində olmasını, öz dilimizdə də eyni sertifikasiyanın keçirilməsini tövsiyə etdi.

Palatanın Aparat rəhbəri Q.Bayramov məsələyə münasibətində bildirdi ki, maliyyə hesabatlarında auditin rolu Beynəlxalq Audit Standartlarının 330 saylı “Qiymətləndirilmiş risklərə qarşi auditorlara cavab tədbirləri” standartına uyğun şərh olunmalıdır. Auditorun məqsədi qiymətləndirilmiş əhəmiyyətli təhriflər riski barədə həmin risklərə qarşı müvafiq cavab tədbirləri hazırlayıb həyata keçirmək yolu ilə yetərli münasib audit sübutları əldə etməkdir. Auditor əhəmiyyətli təhriflər riskini maliyyə hesabatı səviyyəsində aradan qaldırmaq üçün ümumi cavab tədbirlərini hazırlayıb həyata keçirməlidir.

Lamiyə Bayramova öz çıxışında risklərin qiymətləndirilməsindən danışarkən lazım olan sənədlərin auditora təqdim olunmasında yaranan çətinlikləri qeyd etdi. Eyni zamanda, bildirdi ki, ölkəmizdə sifarişçilərdən heç biri mənfi auditor rəyinin tərəfdarı deyil, onlar əvvəlcədən auditordan müsbət rəy tələb edirlər. Xüsusilə, banklarda bu vəziyyət daha çox müşahidə olunur. Audit şirkətlərində sahələr üzrə sertifikasiya aparılmalı, auditin dəyəri yüksədilməli, yoxlama sahəsində limit qoyulmalıdır.

“Maliyyə hesabatlarında şəffaflığın artırılmasında auditin vəzifələri” mövzusunda 4-cü məsələ ilə bağlı Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Sertifikasiya məsələləri üzrə direktoru Gülnar Hacıyeva audit rəyi ilə audit baxışı anlayışlarının fərqli olması fikrini səsləndirdi. Bundan başqa öz çıxışında şirkətlərin illik deyil, son 2 il ərzində təqdim olunan yarımillik hesabatlarının dərc olunmasını təklif etdi.

Auditorlar Palatası Şurasının üzvü, sərbəst auditor Altay Cəfərov çıxış edərkən maliyyə hesabatlarındakı çatışmazlıqlara, şəffaflığın olmaması hallarının mövcudluğuna toxundu və bildirdi ki, auditorun vəzifəsi ciddi tövsiyələr ortaya çıxarmaqdır, bu məsələ əməli yerinə yetirilməlidir.

Palatanın üzvü Hacımuhama Muhumov öz təklifində Mühasibat uçotu haqqında qanunda baş mühasiblərin hüquqi haqlarının qeyd olunmasının vacibliyini, maliyyəyə savadlı mühasiblərin rəhbərlik etməli olduqlarını bildirdi və eyni zamanda, qeyd etdi ki, əsas məsələ mühasibat uçotunun bərpa olunmasıdır.

Aparatın rəhbəri Q.Bayramov maliyyə hesabatlarının audit rəyi ilə birlikdə dərc etdirilməli olduğu fikrini səsləndirdi.

Auditorlar Palatasının Maliyyə və təssərrüfat idarəsinin rəisi V.Rəhimov bildirdi ki, maliyyə hesabatları tərtib edilərkən müəssisənin vəziyyətini aydın şəkildə əks etdirməlidir. Bununla bağlı auditin üzərinə mühüm vəzifələr düşür.

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi Fuad Əliyev Maliyyə hesabatlılığının etibarlığının gücləndirilməsi iqtisadi artıma müsbət təsir göstərərək, maliyyə sisteminin qeyri-sabitliyini azaltmağa yardım edir. Bununla belə, audit sahəsində qanunvericilik bazasında bir sıra boşluq və çatışmazlıqlar mövcuddur ki, bunlar da auditor xidmətinin gostərilməsində və onun tənzimlənməsinin həyata kecirilməsində ciddi problemlər yaradır:

  • Auditor xidmətinin göstərilməsində beynəlxalq audit standartlarının və Peşəkar Muhasiblərin Etika Məcəlləsinin tətbiqinin qanunvericilikdə təsbit olunmaması;
  • audit prosesində şəffaflığın təmin edilməsi üzrə müddəaların qanunvericilikdə əks olunmaması;
  • auditorların korrupsiyaya qarşı mubarizə sahəsində öhdəlik və məsuliyyətinin qanunvericilikdə müəyyən edilməməsi;
  • auditorların peşəkarlıq səviyyəsinin artırılması və davamlı təhsilin icbariliyi haqqında qanunvericilikdə müddəaların olmaması;
  • Auditorlar Palatasının öz fəaliyyəti barədə ictimaiyyət qarşısında hesabatlılığının qanunvericilikdə təsbit olunmaması  aiddir.

Qanun layihəsində qeyd edilmiş çatışmazlıqların aradan qaldırılmasını nəzərdə tutan müvafiq tədbirlərin həyata keçirilməsi bu sahədəki boşluqların həllində mühüm əhəmiyyət kəsb edir.

“Beynəlxalq Audit Standartlarının tətbiqi və auditdə keyfiyyətin təminatı problemləri” mövzusunda 5-ci məsələ ilə bağlı çıxış edən “Headstart International Conslting” MMC-nin direktoru Seyid Əli bildirdi ki, müəssisələrdə ilkin sənədlərin və əvvəlki dövrə aid uçotun olmaması səbəbindən auditin aparılmasında çətinliklər ortaya çıxır. Həmçinin kiçik və orta müəssisələrdə vəsaitlərin azlığı səbəbindən auditin keyfiyyətlə aparılmasında problemlər yaranır.

Dəyirmi masanın sonunda iştirakçılar tərəfindən verilmiş təkliflərin ümumiləşdirilib tövsiyə hazırlanması barədə qərar qəbul edilmişdir.