Azərbaycan Respublikasının Auditorlar Palatası və Qafqaz Universiteti arasında əməkdaşlıq sazişi imzalanmışdır.

Azərbaycan Respublikasının Auditorlar Palatası və Qafqaz Universiteti arasında əməkdaşlıq sazişi imzalanmışdır.

2016-01-15

Azərbaycan Respublikasının Auditorlar Palatası və Qafqaz Universiteti arasında ƏMƏKDAŞLIQ SAZİŞİ 

Bir tərəfdən Rektor cənab Ahmet Saniçin şəxsində Əsasnamə əsasında fəaliyyət göstərən Qafqaz Universiteti (sonradan “Qafqaz Universiteti” adlandırılacaq), digər tərəfdən Sədr Vahid Novruzovun şəxsində Əsasnamə əsasında fəaliyyət göstərən Azərbaycan Respublikası Auditorlar Palatası (sonradan “Auditorlar Palatası” adlandırılacaq) birlikdə “Tərəflər” adlandırılmaqla audit üzrə mütəxəssislərin hazırlanması, auditor işinin nəzəriyyə və praktikasının inkişaf etdirilməsi sahələrində qarşılıqlı faydalı əməkdaşlıq məsələləri üzrə fəaliyyətin əlaqələndirilməsi və qarşılıqlı əlaqələrin zəruriliyini qəbul edərək hazırkı Sazişi bağladılar.

Maddə 1.  Ümumi müddəalar.

1.1. Tərəflər Sazişdə nəzərdə tutulmuş kadrların hazırlanması, yenidən hazırlanılması və ixtisaslarının artırılması, maliyyə, mühasibat uçotu və audit sahələrində elmi tədqiqatların aparılması, qarşılıqlı məsləhətləşmə və ekspertizaların həyata keçirilməsi, informasiya mübadiləsinin bərqərar edilməsi, regional və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi kimi əsas məqsədlərə nail olunmasından ötrü Tərəflərin professional imkanlarının genişləndirilməsinə yönəldilmiş qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün öz səylərini birləşdirirlər.   

1.2. Tərəflər qarşılıqlı maraq kəsb edən və hər iki tərəfin Əsasnaməsinə və normativ aktlarına, habelə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq,  onların səlahiyyətləri çərçivəsindən kənara çıxmayan istiqamətlər üzrə əməkdaşlığı inkişaf etdirirlər, bununla bərabər, hazırkı Sazişlə razılaşdırılmış əməkdaşlıq istiqamətlərini və mövzularını Tərəflər arasındakı razılığa əsasən daha da təkmilləşdirilə və dəqiqləşdirilə bilər.

1.3. Tərəflərin münasibətləri bir-birinə razılaşdırılmış güzəşt və imtiyazların təqdim olunmasını ifadə edən əlverişli şərait yaradılması prinsipinə riayət olunması və qarşılıqlı professional və kommersiya maraqlarına hörmət əsasında müştərək layihələrin həyata keçirilməsi üçün daha əlverişli şəraitin yaradılmasında hər iki tərəfin maraqlarının nəzərə alınması ilə qurulur.

1.4. Tərəflərin əsasnamə vəzifələrinə nail olunması məqsədilə onlar arasındakı əməkdaşlıq vasitəçilik, agent və servis xidmətləri, elmtutumlu məhsul növlərinin işlənib hazırlanması, istehsalı və reallaşdırılması və proqram təminatı sahələrində elmi və təsərrüfat-iqtisadi fəaliyyətlər formasında həyata keçirilə bilər, bu, həmçinin Tərəflərin bir-birinə həm haqqı ödənilməklə, həm də əvəzsiz təqdim etdikləri geniş qarşılıqlı xidmət spektrini nəzərdə tutur.  

Maddə 2. Sazişin əsas məqsədi.

Tərəflər aşağıdakı vəzifələrin həll olunması üçün onların sərəncamında olan intellektual potensialdan və maddi imkanlardan müştərək şəkildə istifadə edilməsini təmin edirlər:

2.1. Əsasnamə fəaliyyətinin həyata keçirilməsi çərçivəsində əməkdaşlığın effektiv şəkildə inkişaf etdirilməsi;

2.2. Auditorlar Palatası və Qafqaz Universiteti arasında auditor fəaliyyətinin cari məsələləri üzrə informasiya mübadiləsi;

2.3. Professional fəaliyyətin standartlaşdırılması sahəsində iş;

2.4. Tərəflərin informasiya texnologiyalarının və nəşriyyat fəaliyyətinin inkişafına yardım göstərilməsi;

2.5. Beynəlxalq əlaqələrin həyata keçirilməsi zamanı Tərəflərin qarşılıqlı əlaqələri.

Maddə 3. Əsasnamə fəaliyyətinin həyata keçirilməsi çərçivəsində əməkdaşlıq.

3.1. Professional əməkdaşlıq üçün Tərəflərin effektiv qarşılıqlı əlaqələr sisteminin və maksimum əlverişli şəraitin yaradılması;

3.2. Professional təlim, qiymətləndirmə, mühasibat uçotu və audit sahələrində müştərək tədris tədbirlərinin və metodoloji işlərin aparılması. Professional məsələlərin həllində praktik qarşılıqlı yardımın göstərilməsi;

3.3. Tərəflərin idarəetmə orqanlarının işində, professional komitə və bölmələrin fəaliyyətində iştirak;

3.4. Dövlət orqanlarında, ictimai və digər orqanlarda Tərəflərin təmsil olunması və maraqlarının müdafiə edilməsi;

3.5. Auditor fəaliyyəti məsələləri və onunla bağlı iqtisadi problemlər üzrə qarşılıqlı məsləhətlərin verilməsi;

3.6. Azərbaycan Respublikasının qanunvericiliyi və Tərəflərin müvafiq Əsasnamə fəaliyyəti ilə ziddiyyət təşkil etməyən digər ümumiqtisadi, texnoloji və təşkilati məsələlər üzrə qarşılıqlı fəaliyyət.

Maddə 4.  Elmi-tədqiqat fəaliyyəti.  

4.1. Tərəflərin Əsasnamə fəaliyyəti predmeti üzrə elmi tədqiqatların müştərək şəkildə aparılması.

4.2. Tərəflərin mütəxəssislərinin elmi-tədqiqat fəaliyyətinin təşkilinə yardım göstərilməsi.

4.3. Öz işçilərinin və (və ya) məruzəçilərinin konfranslar, “dəyirmi masalar” və digər yığıncaqlar da daxil olmaqla, bir-birinin tədbirlərinə göndərilməsi.

4.4. Tərəflərin elmi-tədqiqat fəaliyyətinin nəticələrinin tətbiqinin təşkili.

4.5. Elmi-tədqiqat proqramlarının, texnologiyaların və məhsulların yaradılması və mənimsənilməsi üzrə layihələrin reallaşdırılması vasitəsilə auditor işinin nəzəriyyə və praktikasının inkişaf etdirilməsi.

Maddə 5.  Mütəxəssislərin hazırlığı.

5.1. Mühasiblərin və auditorların hazırlığı üzrə beynəlxalq proqramların mənimsənilməsi də daxil olmaqla, onlara təlim verilməsi sahəsində müştərək layihələrin həyata keçirilməsi.

5.2. Məzunların hazırlığı və onların işə düzəldilməsi üzrə müştərək proqramların reallaşdırılması, onların akademik və professional fəallığının stimullaşdırılması, təhsil zamanı əldə etdikləri biliklərin praktik istiqamətlərinin və konkretləşdirilməsinin gücləndirilməsi.   

5.3. Qafqaz Universitetinin rəhbərliyi ilə razılaşdırılmış proqramlar üzrə Auditorlar Palatasının struktur bölmələrində Qafqaz Universiteti tələbələrininistehsalat və diplomqabağı praktikasının təşkili və keçirilməsi.

5.4. Tələbə elmi konfranslarının təşkilində iştirak, kurs və diplom işlərinin hazırlanması üçün bazanın təqdim olunması. Auditorlar Palatası onun üçün maraq kəsb edən mövzular üzrə tələbə elmi konfranslarının təşkilində iştirak edir. Auditorlar Palatası audit tematikası üzrə ən yaxşı kurs və diplom işləri üçün birdəfəlik mükafatlar təyin edə bilər. Auditorlar Palatası öz bazasında onun üçün maraq kəsb edən (eləcə də müəyyən profilli bölmələrin sifarişi üzrə) diplom işlərinin yazılmasında təcrübə keçən tələbələrə şərait yaratmağı öz öhdəsinə götürür.

5.5. İşçilərin təlimi və elmi-praktik fəaliyyəti ilə bağlı ayrı-ayrı məsələlərin işlənib hazırlanmasından ötrü Auditorlar Palatasının əməkdaşları və Qafqaz Universitetininişçilərindən ibarət işçi qrupları və komissiyalarının yaradılması.

5.6. Qafqaz Universitetinin tələbələri üçün Auditorlar Palatasının təqaüdlərinin təyin edilməsi və ödənilməsi. Auditorlar Palatasında qüvvədə olan normativ sənədlər əsasında Auditorlar Palatası İqtisad Universitetinin tələbələri üçün adlı təqaüdlər təyin edə və ödəyə bilər. Adlı təqaüdlərin sayı və miqdarı Auditorlar Palatasında qüvvədə olan normativ sənədlər və Tərəflər arasındakı müqavilələr əsasında müəyyənləşdirilir. Təqaüdlər Tərəflərin razılaşdırılmış mövqeyi əsasında müəyyən edilir, bununla belə, adlı təqaüdlərin təyin olunması üçün namizədlərin irəli sürülməsində ilkin təşəbbüs həm Qafqaz Universitetinə, həm də Auditorlar Palatasına məxsus ola bilər.

5.7. Qafqaz Universiteti məzunlarının işlə təmin edilməsinə kömək göstərilməsi. Boş iş yerləri mövcud olduğu təqdirdə Auditorlar Palatasında Qafqaz UniversitetininMaliyyə, Mühasibat uçotu və audit ixtisasları üzrə məzunlarının işlə təmin olunması məsələsinə baxıla bilər. İşə qəbul zamanı Auditorlar Palatasının təqaüdünü almış və Auditorlar Palatasının bölmələrində praktika keçmiş, eləcə də həmin praktikanın nəticəsi olaraq müsbət xasiyyətnamə almış tələbələrə üstünlük verilir.  

5.8. Təhsil (stajkeçmə, kurs və diplom işlərinin hazırlanması üçün bazanın təqdim olunması) zamanı əldə olunan biliyin praktik yönümlülüyünün və konkretləşdirilməsinin gücləndirilməsi.

5.9.  Mütəxəssislərin hazırlanması və ixtisasının artırılması məsələləri üzrə Azərbaycanın və xarici ölkələrin peşəkar ictimai birliklərinin praktik təcrübəsinin öyrənilməsi.

5.10.  Mühasibat uçotu və auditor fəaliyyəti sahələrində təhsil proqramlarının və layihələrinin ekspertizası.

5.11.  Tərəflərin aparıcı mütəxəssisləri, həmçinin xarici mütəxəssislər cəlb edilməklə praktik fəaliyyətlə məşğul olan auditorlar üçün auditin texnikası üzrə tədris-metodiki tədbirlərin təşkili. 

5.12.  Mühasiblər və auditorlar üçün ixtisaslaşma üzrə proqramların işlənib hazırlanması və tətbiq olunması.

5.13. Müvafiq layihələrin, professional təlimin həyata keçirilməsi və imtahanların keçirilməsi zamanı funksiyaların bölüşdürülməsi üzrə Beynəlxalq Mühasiblər Federasiyasının  tövsiyələrindən istifadə olunması.  

5.14.  Elmi-praktik konfransların, tematik seminarların və “dəyirmi masa”ların keçirilməsinin təşkili.

5.15.  Professional müsabiqələrin müştərək keçirilməsi.

Maddə 6. İxtisasartıma.  

6.1.  Auditorların ixtisasartırma imtahanları proqramlarının işlənib hazırlanmasında və ixtisasının artırılmasında Tərəflərin iştirakı.

6.2.  İxtisasartırma tələblərinin beynəlxalq tələblər əsasında mühasiblərin və auditorların təhsilinə uyğunlaşdırılması və vahid şəklə salınması üzrə işlərdə fəal iştirak etmək.

6.3.  Auditor fəaliyyəti ilə məşğul olmaq üçün  iddiaçıların attestasiyaqabağı hazırlığının təşkil olunması. 

6.4.  Qafqaz Universiteti müəllimlərinin ixtisasının artırılması.

6.5   Tərəflərin mütəxəssislərinin qüvvəsi ilə auditorların ümumi audit, sığorta təşkilatlarının auditi, qeyri-dövlət fondlarının və investisiya təsisatlarının auditi mövzuları üzrə ixtisasartırmada müştərək iştirakı.

Maddə 7.  Attestasiya və sertifikatlaşdırma.  

7.1. Beynəlxalq attestasiya və sertifikatlaşdırma prosedurlarından istifadə etməklə mühasiblərin və auditorların ixtisaslarının artırılması, attestasiyası və sertifikatlaşdırılması sahələrində müştərək layihələrin həyata keçirilməsi.

7.2. Mühasiblərin və auditorların attestasiyası və sertifikatlaşdırılmasının keçirilməsi üzrə beynəlxalq təcrübənin mənimsənilməsi. Onların qüvvədə olan prosedurları ilə tanışlıq. 

7.3. Azərbaycanın auditor firmalarında və digər xarici ölkələrdə mütəxəssislərin, əməkdaşların və müəllimlərin stajkeçməsinin təşkil olunması.

7.4. Mühasiblərin və auditorların sertifikatlaşdırılmasının keçirilməsinin beynəlxalq qaydaların öyrədilməsi üzrə seminarlarda iştirak etmək.

Maddə 8.  Peşə fəaliyyətinin standartlaşdırılması.

8.1. Beynəlxalq maliyyə hesabatı standartlarının və beynəlxalq audit standartlarının öyrədilməsi üzrə işlərin təşkili. 

8.2. Mühasiblərin və auditorların beynəlxalq təhsil və sertifikatlaşdıma  standartlarının müştərək öyrənilməsi və praktik tətbiqi. 

8.3. Peşə standartlarından istifadə olunması üzrə şərhlərin və tövsiyələrin hazırlanması işində iştirak etmək.

8.4. Peşə fəaliyyətinin standartlaşdırılması məsələləri üzrə MDB ölkələrinin auditorlar təşkilatları və auditorlarının ittifaqları və peşəkar birlikləri ilə əməkdaşlığın təşkil edilməsi. 

8.5. Peşə norma və standartlarının praktik tətbiqi üzrə seminarların təşkili. 

Maddə 9.  İnformasiya texnologiyaları və nəşriyyat fəaliyyəti.

9.1.   İnformasiya texnologiyalarının və nəşriyyat fəaliyyətinin inkişaf

         etdirilməsi.

9.2. Tərəflərin sərəncamında olan elektron baza məlumatlarına girişin təqdimedilməsi də daxil olmaqla, proqram və informasiya təminatı sahələrində xidmət göstərilməsi.

9.3. Müştərək layihələr çərçivəsində həyata keçirilən işlərin aparılması metodikası üzrə informasiya mübadiləsi.

9.4.  Qafqaz Universitetinin və Auditorlar Palatasının professional fəaliyyətin həyata keçirilməsi üçün zəruri olan informasiya ilə təmin olunması üzrə işlərin təşkil edilməsi. 

9.5.  Tərəflərin professional fəaliyyəti məsələləri üzrə tədris-metodiki vəsaitlərin yaradılmasında müştərək iştirak.

9.6.  Mütəxəssislərin professional və elmi-metodik ədəbiyyatla təmin olunması məqsədilə nəşriyyat fəaliyyətinin inkişaf etdirilməsi.

9.7. Tərəflərin İnternet səhifələrində yerləşdirmək üçün materialların hazırlanması. 

9.8.  Qafqaz Universitetinin və Auditorlar Palatasının fəaliyyətinin nəticələrinin kütləvi informasiya vasitələrində müntəzəm işıqlandırılması.

Maddə 10.  Beynəlxalq əlaqələrin inkişaf etdirilməsi.

10.1. Mühasibat uçotu və audit ixtisasları üzrə mövcud beynəlxalq tədris proqramları ilə onların müştərək praktikada tətbiq olunması imkanları ilə bağlı tanışlıq.

10.2. Tərəflərin mühasiblərin və auditorların xarici və beynəlxalq professional ittifaqları və birlikləri ilə əməkdaşlığın təşkil olunması üzrə müştərək fəaliyyəti.

10.3. Avropa Mühasiblər və Auditorlar Federasiyası və Mühasiblərin  təhsil və professional fəaliyyət məsələləri üzrə Beynəlxalq Federasiya ilə qarşılıqlı əlaqələrin yaradılması.

10.4.Tərəflərin imzaladığı beynəlxalq sazişlər çərçivəsində müştərək fəaliyyətin həyata keçirilməsi.

Maddə 11. Tərəflərin fəaliyyətinin təşkili.       

11.1. Tərəflər hazırkı Saziş çərçivəsindəki bütün qarşılıqlı münasibətləri bərabərlik, tərəfdaşlıq və qarşılıqlı maraqların müdafiə olunması əsasında qururlar.

11.2. Tərəflərdən hər biri hazırkı Sazişin müddəalarına müvafiq olaraq digər tərəfi işlərin yerinə yetirilməsinə cəlb edir.

11.3. Tərəflərin hər növ müştərək fəaliyyəti hazırkı Sazişin ayrılmaz əlavə hissələri olan ayrı-ayrı müqavilələrə müvafiq olaraq həyata keçirilir.  

11.4. Auditorlar Palatası və Qafqaz Universiteti hazırkı Sazişin yerinə yetirilməsi və fəaliyyətlərin əlaqələndirilməsi məqsədilə müştərək fəaliyyət proqramlarını və planlarını razılaşdıra və təsdiq edə bilər.

11.5.Tərəflərdən hər biri əməkdaşlıq çərçivəsində yerinə yetirilən müqavilələrdə sifarişçi və icraçı kimi çıxış etmək hüququna malikdir.

11.6. Mövcud əməkdaşlıq hesabına və ya onun  nəticəsində əldə edilən gəlirlər Tərəflərin müvafiq müqavilələrində göstərilən hesaba daxil olmalıdır. 

11.7. Tərəflər əməkdaşlıq layihələrinin yerinə yetirilməsi üçün mütəxəssislər təqdim edirlər, habelə müştərək layihələrin yerinə yetirilməsi üçün onları ezam edirlər.

11.8.Tərəflər bir-birinə öz kitabxana fondlarından istifadə etmək imkanı yaradırlar.

11.9. Tərəflər onların sərəncamında olan audit fondu, texniki binalar, mebellər, rabitə vasitələri, ofis texnikaları və nəqliyyat vasitələri daxil olmaqla, maddi-texniki təminat sahəsində bir-birinə qarşılıqlı xidmət göstərirlər.

11.10. Tərəflər layihələrin yerinə yetirilməsi və təqdim olunan xidmətlərin keyfiyyətinə nəzarətin metod və vasitələrinin tətbiqində müştərək texniki  hazırlığı həyata keçirirlər.

11.11. Tərəflər əməkdaşlıq layihələrinin yerinə yetirilməsi çərçivəsində elmi, texniki, iqtisadi, kommersiya və başqa sahələr üzrə informasiya mübadiləsini həyata keçirirlər.

11.12. Zəruri olduğu hallarda Tərəflər məxfi hesab edilən məlumatların siyahısını bir-biri ilə razılaşdırırlar və razılığa gələn hər iki   tərəfin yazılı razılığı olmadan üçüncü tərəfə ötürülməsi, yaxud kütləvi informasiya vasitələrində dərc edilməsi yolverilməz sayılan informasiyaların məxfiliyi müvafiq aktla müəyyənləşdirilir.  

11.13. Auditorlar Palatasının kadr xidmətinin əməkdaşları peşəkar seçim tədbirlərinin həyata keçirilməsi üçün Qafqaz Universiteti tələbələrinin müvəffəqiyyətinə dair məlumatlara giriş əldə edirlər. 

11.14. Tərəflər bu Sazişin reallaşdırılması çərçivəsində əldə olunmuş informasiyaların məxfilik kateqoriyasına aid olduğu təqdirdə razılığa gələn tərəflərdən hər hansı birinin   qüvvədə olan normativ sənədləri əsasında onun məxfiliyinə riayət edəcəyi barədə öhdəlik götürür. 

11.15. Hazırkı Saziş çərçivəsində Auditorlar Palatası və Qafqaz Universiteti tərəfindən əldə olunmuş informasiya onlar tərəfindən istisnasız olaraq yalnız xidməti məqsədlərlə istifadə olunmalıdır və informasiya sahibinin razılığı olmadan üçüncü şəxslərə ötürülə bilməz. 

11.16. Əgər məxfi hesab olunan informasiya tamamilə başqa mənbələrdən üçüncü şəxslərə məlum olarsa, o zaman digər Tərəf belə bir informasiyanın yayılmasına görə məsuliyyət daşımır.

11.7. Tərəflər informasiya-nəşriyyat və metodik fəaliyyətin həyata keçirilməsinə şərait yaradacaq, həmçinin, auditor fəaliyyəti məsələləri üzrə tədris-metodiki vəsaitlərin müştərək şəkildə yaradılmasında iştirak edəcəklər.

11.18. Əməkdaşlığın həyata keçirilməsi zamanı müştərək işlərin, elmi tədqiqatların nəticələrindən və digər informasiyalardan istifadə edilməsi məsələləri, habelə patentləmə, kommersiya sirlərinin qorunması, müəllif hüquqları və s. hüquqlarla bağlı məsələlər Tərəflər arasında lokal normativlərdə nəzərdə tutulmuş müvafiq müddəalara və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq  həll ediləcəkdir.  

11.19. Tərəflər qarşılıqlı razılıq əsasında öz əməkdaşlıqlarının nəticələrini kütləvi informasiya vasitələrində işıqlandıra bilərlər. 

Maddə 12. Tərəflərin məsuliyyəti.

12.1. Sazişin Tərəflərindən biri öhdəsinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin mümküm olmadığı hallarda həmin öhdəliklərin icrasının qeyri-mümkünlüyü barədə təxirə  salmadan digər Tərəfə məlumat verməlidir. 

12.2. Tərəflər Sazişin bağlanmasından sonra aradan qaldırıla bilməyən bir qüvvənin yaratdığı vəziyyətdən, yaxud öncədən görməyin  və ağlabatan tədbirlərlə qarşısını almağın mümkün olmadığı fövqəladə hadisələr nəticəsində Saziş öhdəliklərini yerinə yetirə bilmədikləri hallarda hazırkı Saziş üzrə öhdəliklərin qismən və ya tamamilə yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edilirlər.

12.3. Qarşısını almağın mümkün olmadığı qüvvələrin yaratdığı şəraitə istinad edən Tərəf Sazişin digər iştirakçısına da belə bir vəziyyətin yaranması haqda yazılı formada təxirə salmadan məlumat verməlidir.

12.4. Tərəflər hazırkı Sazişin yerinə yetirilməsi və ya lazımi səviyyədə yerinə yetirilməməsi məsələləri üzrə yaranan mübahisələri danışıqlar yolu ilə həll edirlər.

12.5. Əgər Tərəflərə qarşılıqlı məqbul həll yolu tapmaq müyəssər olmasa, o zaman Tərəflər arasında yaranmış mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada həll edilməlidir.

Maddə 13.  Sazişin müddəti.

13.1. Hazırkı Sazişlə müəyyənləşdirilmiş qarşılıqlı əlaqələr birtərəfli qaydada dəyişdirilə bilməz.

13.2. Saziş hər iki Tərəfin imzaladığı tarixdən qüvvəyə minir.

13.3. Hazırkı Saziş “__” ________ 20__ ildə Bakı şəhərində imzalanmışdır.  Saziş Tərəflərin hər biri üçün bir nüsxədən ibarət olmaq şərtilə iki nüsxədə tərtib edilir və hər biri eyni hüquqi qüvvəyə malikdir.  

13.4 Bu Sazişin müddətinə hədd qoyulmur.