2019-09-19
Son vaxtlar Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə getdikcə daha geniş vüsət almaqdadır ki, bunun da əsasında Prezident İlham Əliyevin siyasi iradəsi dayanır. Azərbaycan Prezidentinin "kölgə iqtisadiyyatı"na dair fikirlərini xatırlatmaq yerinə düşərdi: "Kölgə iqtisadiyyatı böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq... Kölgə iqtisadiyyatına qarşı mübarizə metodları kifayət qədər çoxşaxəlidir. Biz onların hamısından istifadə edirik və edəcəyik. Hər kəs başa düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır". Dövlətimizin başçısı, həmçinin, qətiyyətlə bəyan edir ki, bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır, kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir.
Son vaxtlar ölkənin vergi və gömrük sistemində şəffaflıq nəzərəçarpacaq dərəcədə yüksəlib və bu da öz növbədində, mövcud sahibkarlıq mühitinin yaxşılaşdırılmasına gətirib çıxarmışdır. İcazələr verilməsi və yoxlamalar sahəsində xeyli yüngülləşmə hiss olunmaqdadır. İlkin uçotun və hesabatlılığın təkmilləşdirilməsi və sadələşdirilməsi də diqqət mərkəzinə gəlməkdədir. İşçilərin sayının azaldılması və maaşların gizlədilməsi kimi kölgə iqtisadiyyatını qidalandıran hallara qarşı və bank-maliyyə sferasına nəzarətin yaxşılaşdırılmasına dair sistemli tədbirlər həyata keçirilməkdədir.
Kölgə iqtisadiyyatına qarşı mübarizənin xarakteri iqtisadi qanunvericiliyin daha da təkmilləşdirilməsini və normativ hüquqi aktların yerinə yetirilməsi üzərində nəzarətin gücləndirilməsini, vergiqoyma və gömrük sahəsində sağlam rəqabət münasibətlərinin yaradılmasını, hesabatlılığın və uçotun beynəlxalq standartlar nəzərə alınmaqla səmərəli təşkilini, nağdsız ödənişlərin səviyyəsinin kəskin surətdə artırılmasını, korrupsiyaya qarşı mübarizənin daha da dərinləşdirilməsini tələb edir. Məhz bu istiqamətlərdə mövcud olan çatışmazlıqlar "kölgə iqtisadiyyatı"nı qidalandırır və genişlənməsinə zəmin yaradır. Bu baxımdan 13 sentyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Bakı şəhərində yüksək səviyyədə təşkil olunmuş "Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi" mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində aparılan müzakirə və təhlillər bu problemlə mübarizənin səmərəliliyini artırmaq baxımından faydalı olmuş, iqtisadi inkişafın davamlılığının və şəffaflığın təmin edilməsində mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiqi üçün yeni imkanlar yaratmışdır.
Konfransın keçirilməsində əsas məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın və hesabatlılığın səviyyəsinin yüksəldilməsi, kölgə iqtisadiyyatına qarşı mübarizənin forma və metodları, maliyyə hesabatlılığı sahəsində qabaqcıl xarici təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində xarici mütəxəssislərin iştirakı ilə müzakirələr aparılması olmuşdur.
Konfransda Azərbaycan, Avstriya, Böyük Britaniya, Gürcüstan, Ukrayna, Rusiya Federasiyası, Latviya, Qazaxıstan və Çilidən olan kölgə iqtisadiyyatı məsələləri üzrə ixtisaslaşmış alimlər, audit və mühasibatlıq üzrə beynəlxalq və yerli qurumların, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarının, elmi-tədqiqat institutlarının, özəl sektorun, kütləvi informasiya vasitələrinin, ümumilikdə 60-dan çox qurumun nümayəndələri iştirak etmişdir.
Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə “Qloballaşma şəraitində ölkənin milli strategiyasının prioritet istiqamətləri barədə: reallıqlar və perspektivlər” mövzusunda çıxış etmişdir. O, son dövrlər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, kölgə iqtisadiyyatının miqyasının azaldılması, hesabatlılıq və şəffaflıq sahəsində aparılan işlərin əhəmiyyətindən danışmışdır.
“Müstəqilliyimizin ilk illərində Azərbaycanda yoxsulluq səviyyəsi 80%, işsizlik səviyyəsi 40%, adambaşına düşən gəlir isə 1 dollar idi. Belə vəziyyətdə insanlar yaşamaq uğrunda mübarizə aparır. Tarix göstərir ki, belə bir mübarizə olanda uçotdan söhbət gedə bilməz” deyə o, vurğulamışdır.
Ziyad Səmədzadə Azərbaycanın borc alan ölkədən borc verən ölkəyə keçdiyini qeyd etmişdir. O, bildirmişdir ki, bu gün sivil ölkələrin hamısı kölgə iqtisadiyyatından əziyyət çəkir: "Bunun aradan qaldırılması, kölgə iqtisadiyyatının azaldılması üçün dəqiq statistika aparılmalıdır. Cənab Prezident kölgə iqtisadiyyatının aradan qaldırılmasını ölkədə prioritet edib. Amma nə qədər bazar iqtisadiyyatı varsa kölgəli iqtisadiyyat olacaq".
Vergilər naziri Mikayıl Cabbarov konfransda “Vergi islahatlarının kölgə iqtisadiyyatına təsiri” mövzusunda məruzə ilə çıxış etmişdir. O, vurğulamışdır ki, kölgə iqtisadiyyatı yalnız vergilərdən yayınmaya şərait yaratmır, həm də haqsız rəqabətin yaranmasına və genişlənməsinə, leqal biznesin sıxışdırılmasına, dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəifləməsinə səbəb olmaqla ölkənin iqtisadi təhlükəsizliyinə birbaşa təhdidlər yaradır. Vergi yükünün və kölgə iqtisadiyyatının miqyasının azaldılmasına, şəffaflığın yüksəldilməsinə və sahibkarlıq mühitinin yaxşılaşdırılmasına xidmət edən vergi islahatları barədə danışan nazir bu islahatların müsbət nəticələri barədə məlumat verərək, cari ilin ötən dövrü ərzində əvvəlki illə müqayisədə dövlət büdcəsinə vergi daxilolmalarının əhəmiyyətli şəkildə artdığını diqqətə çatdırmış və bildirmişdir ki, artımlar qeyri-neft-qaz sektorunun hesabına baş verib və iqtisadiyyatın ayrı-ayrı sektorlarında baş vermiş “ağarma indikatorları”nın rolu burada həlledici olmuşdur. Biznesin leqallaşma prosesinə istiqamətləndiyini müsbət hal kimi qeyd edən M.Cabbarov bu prosesin daha çox ticarət, ictimai iaşə və xidmət sektorunda müşahidə olunduğunu vurğulamışdır. ƏDV ödəyicilərinin sayında, ƏDV-yə cəlb olunan dövriyyələrdə, həmçinin qeyri-neft-qaz sektorunun dövriyyələrində artım dinamikasının iqtisadiyyatda “ağarma” və şəffaflaşma proseslərinin sürətlənməsinin nəticəsi olduğu bildirilmişdir.
Həmçinin Mikayıl Cabbarov diqqətə çatdırmışdır ki, vergi orqanlarının hesabatlılığın və uçotun qurulmasına olan tələbləri audit institutunun, eləcə də mühasibat xidmətlərinin keyfiyyətinə, həmçinin onlara olan bazar tələblərini dəyişib. Hesab edirik ki, maliyyə hesabatlılığı sahəsində şəffaflığın təmin edilməsi və ikili mühasibatlığın aparılmasına yol verilməməsi təkcə vergi orqanlarının deyil, həmin müəssisələrdə audit işini aparan qurumlarının da diqqət mərkəzində olmalıdır.
“Fürsətdən istifadə edərək, üzümü auditorlara və mühasibatlıq xidmətləri göstərən şəxslərə tutmaq istərdim. Böyük şirkətlərin bir çoxu sizinlə işləməyə üstünlük verir. Hesab edirəm ki, şirkətlərin vergidən yayınmasına yol verən hər hansı mexanizmlər tətbiq etməkdən çəkindirmə prosesində sizin böyük rolunuz vardır. Vergidən yayınmanın yarada biləcəyi fəsadları siz onlara daha yaxşı, daha inandırıcı şəkildə çatdırmaq imkanına maliksiz. Sahibkarlarla vergilərin qanunauyğun ödənilməsini müzakirə edin, onlara düzgün yol göstərin, çünki onlar sizə inanırlar.” deyə bildirmişdir.
Həmçinin o, vurğulamışdir ki, Vergilər Nazirliyi vergi yoxlamalarının sayını əhəmiyyətli şəkildə azaltmışdışdır. Cari ilin ötən 8 ayı ərzində cəmi 562 səyyar vergi yoxlaması keçirilmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründə keçirilmiş səyyar vergi yoxlamalarının sayından 5,8 dəfə azdır. Bu azalma məhz o sektorda baş verib ki, harda ki, sahibkarlar peşəkar xidmətlər göstərən auditor və mühasiblərlə işləmişdirlər. Bu çox önəmlidir və Vergilər Nazirliyi olaraq, biz auditorların işini dəstəkləyir və olduqca vacib hesab edirik.
Qanunvericiliyin təkmilləşdirilməsi prosesində bizim auditorların, mühasiblərin köməyinə ehtiyacımız var. Çox müsbət haldır ki, onların çoxu öz şəxsi sosial şəbəkələrində, mətbuatda maarifləndirmə işi aparırlar. Buna görə də onlara öz təşəkkürümü çatdırmaq istərdim. Eyni zamanda, biz münasibətləri tənzimləyən vergi qanunvericiliyinin müddəalarını ekspert cəmiyyəti və auditorlarla açıq müzakirə edirik. Artıq 1 ildən çoxdur ekspert cəmiyyəti ilə apardığımız müzakirələr nəticəsində bir çox müddəaların tənzimlənməsi ilə bağlı ciddi və maraqlı təkliflər almışıq. Bu təkliflər dəyərləndirilib, böyük bir hissəsi istər vergi, istər sosial qanunvericiliyə dəyişikliklər paketinə daxil edilib və layihə şəklində hökumətə təqdim ediləcəkdir. Biz bu prosesi davamlı olaraq görürük və fürsətdən istifadə edərək, maraqlı tərəflərin hamısını bu prosesdə aktiv şəkildə iştirak etməyə çağırıram.
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev “Gömrük xidmətində islahatlar şəffaflığın təmin edilməsinə və könüllü riayət mədəniyyətinin formalaşmasına xidmət edir” mövzusunda məruzə ilə çıxış etmişdir. O, diqqətə çatdırmışdır ki, komitə kölgə iqtisadiyyatı ilə bir neçə istiqamətdə mübarizə aparır. Ölkədə idxal-ixrac əməliyyatları zamanı məhsulların insan iştirakı olmadan rəsmiləşdirilməsi bu istiqamətlərdən biridir. Mübarizənin ikinci istiqaməti risklərin dəyərləndirilməsi və ola biləcək risklərin qiymətləndirilməsi, üçüncü istiqaməti isə qaçaqmalçılıqla mübarizədir.
Komitə sədri qeyd etmişdir ki, DGK cari ildə dövlət büdcəsinə əlavə 500 milyon manat vəsait köçürəcəkdir. O bildirmişdir ki, ötən il 1 milyard manatdan çox əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilmişdir. Bu il isə 500 milyon manat əlavə vəsaitin köçürülməsi nəzərdə tutulur. Ötən ilə nisbətən 1,3 milyard manat çox vəsait köçürülməli idisə, bu rəqəm 1,8 milyard manat olacaqdır.
Səfər Mehdiyev vurğulamışdır ki, kölgə iqtisadiyyatının aradan qaldırılması üçün qaçaqmalçılıq sahəsində mübarizə də artıq öz bəhrəsini verir. 2017-ci illə müqayisədə ötən il Azərbaycanın tranzit potensialı 2 dəfədən çox artmışdır.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Kölgə iqtisadiyyatı ilə mübarizədə ali audit qurumlarının rolu” mövzusunda məruzə ilə çıxış etmişdir. O, son illər dünyada gedən proseslərin kölgə iqtisadiyyatı anlayışının daha dərin şəkildə araşdırılmasını aktual bir zərurətə çevirdiyini demişdir. Bildirmişdir ki, bu anlayışın dəqiq izahının verilməsi və xüsusilə də miqyasının qiymətləndirilməsi kifayət qədər mürəkkəb işdir: "Kölgə iqtisadiyyatı ictimai həyatın bütün sferalarına təsir göstərmək iqtidarında olan iqtisadi fəaliyyətdir. Bu təsir dövləti, müəssisələri, vətəndaşları əhatə edir və ümumilikdə dövlətin iqtisadi gücünə mənfi təsir etməklə yanaşı, ölkədə həyat səviyyəsini dəyişdirir. Bu fəaliyyət dövlət büdcəsi gəlirlərini mövcud potensialdan əhəmiyyətli kənarlaşdırmaqla mümkün xərc istiqamətlərini, xüsusilə də investisiya imkanları və dövlətin sosial funksiyalarını məhdudlaşdırır. Kölgə iqtisadiyyatının mövcudluğu dövlətin maliyyə imkanlarını məhdudlaşdırdığı üçün hər bir dövlətin kənar dövlət maliyyə nəzarəti orqanı məhz dövlət maliyyəsi, dövlət vəsaitləri üzərində nəzarəti həyata keçirir, bu baxımdan kölgə iqtisadiyyatı ilə mübarizə dolayısı olaraq bu orqanların da vəzifəsinə çevrilir. Bu, eyni zamanda, mövcud resursların səmərəli və qənaətli istifadəsi üzərində də nəzarətin gücləndirilməsini zəruri edir”.
"Azərbaycan Respublikasının ali audit orqanı olaraq Hesablama Palatasının fəaliyyəti çərçivəsində həyata keçirdiyi tədbirlər müəyyən mənada kölgə iqtisadiyyatı ilə mübarizə xarakteri daşımaqdadır. Hesablama Palatası dövlət gəlirlərinin hesablanması, yığılması və büdcəyə köçürülməsi ilə bağlı apardığı audit və təhlillərdə sistem xarakterli nöqsanları müəyyən edir, büdcə gəlirlərinin faktiki və potensial imkanlarının maksimum şəkildə yaxınlaşdırılması istiqamətində tövsiyələrini hazırlayır. Ümumilikdə nəzər salsaq, gəlirlərin artırılması sahəsində fəaliyyət iki istiqamətdə qurulur”, - deyə o bildirmişdir.
Dövlət gəlirlərinin kölgə iqtisadiyyatının təsirinə məruz qaldığı daha bir münbit platformanın nağd əməliyyatların aparılması ilə bağlı olduğunu deyən V.Gülməmmədov əlavə etmişdir ki, dövlət büdcəsi gəlirlərinin hesabatlılığında pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə Vergi Məcəlləsinin 220.12-ci maddəsinə uyğun hesablanmalı olan sadələşdirilmiş vergi üzrə büdcə daxilolmaları 2018-ci il üçün 29,2 milyon manat, cari ilin 6 ayı üzrə 19,4 milyon manat təşkil etmişdir. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin eyni dövründə nağdlaşdırılmış vəsaitin həcmi 26,7 faiz artmışdır. Pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş verginin 2019-cu il üçün proqnozu ötən ilin icrasından təqribən 2 dəfəyədək çox həcmdə müəyyən olunub ki, bu da ölkə üzrə real sektorda nağd əməliyyatların həcminin yüksək olduğunu əks etdirir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov “Dövlətin özəl sektorla dialoqunun kölgə iqtisadiyyatına qarşı mübarizədə rolu” mövzusunda məruzə ilə çıxış etmişdir. O, vurğulamışdır ki, kölgə iqtisadiyyatı bütövlükdə dünya iqtisadiyyatına xas olan problemdir və onun həlli beynəlxalq miqyasda mübarizə ilə xarakterizə edilir: "Eyni zamanda, bu da hamı tərəfindən qəbul edilir ki, inzibati tədbirlər bu problemin həllində tam effektiv vasitə kimi qiymətləndirilmir. Bu qlobal problemin səmərəli həlli yolunun biznes mühitin effektivliyinin artırılmasından, kölgə iqtisadiyyatına gətirib çıxaran səbəblərin aradan qaldırılmasına yönələn islahatlardan keçdiyi əksər ölkələr tərəfindən qəbul edilib. Bu baxımdan hesab edirəm ki, bugünkü konfrans çərçivəsində dövlət qurumları, beynəlxalq təşkilatlar, akademik və biznes dairələrin təmsilçiləri tərəfindən səsləndiriləcək tezislər və təkliflər kölgə iqtisadiyyatı ilə mübarizədə səmərəli həll yollarının tapılmasına, eləcə də ölkəmizdə aparılan iqtisadi islahatların keyfiyyətli tətbiqi istiqamətində mühüm rol oynayacaq. Ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar həm miqyasına, həm də səmərəliliyinə görə həmişə seçilib və şübhəsiz ki, bu strateji xətt ölkənin müqayisəli üstünlüklərinin daha dolğun reallaşdırılmasını və əhalinin həyat səviyyəsinin yüksəldilməsini hədəfləyir. Ölkəmizdə həyata keçirilən islahatlar kölgə iqtisadiyyatının miqyasının azalması ilə müşayiət edilməkdədir. Bu, özünü istər büdcə daxilolmalarının həcminin artımında, istər sahibkarlıq subyektlərinin sayının artımında göstərir. Fürsətdən istifadə edərək hələ də kölgə iqtisadiyyatında fəaliyyət göstərən sahibkarlara müraciət edib onları normal qanuni müstəvidə fəaliyyətə dəvət edir, bildirirəm ki, bu keçid prosesinə tərəfimizdən hərtərəfli dəstək göstəriləcək. Əminəm ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar kölgə iqtisadiyyatının miqyasını minimuma endirəcək və qanuni müstəvidə öz fəaliyyətlərini yenidən təşkil edəcək sahibkarlar öz bacarıqlarını ölkə iqtisadiyyatının güclənməsinə yönəldəcəklər”, - deyə O.Məmmədov vurğulamışdır.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev “Ölkədə aparılan islahatların sahibkarlığın inkişafına verdiyi töhfə və kölgə iqtisadiyyatına qarşı mübarizədə rolu” mövzusunda məruzə ilə çıxış etmişdir. O, qeyd etmişdir ki, ölkədə sahibkarlığın inkişafı sahəsində şəffaflığın təmin edilməsi, kölgə iqtisadiyyatına qarşı aparılan mübarizə çox vacib məsələlərdən biridir. Dünyada sahibkarların qeydiyyatdan keçmədən qeyri-leqal fəaliyyəti daha çox kiçik istehsal və xidmət sektorundadır: "Qeyri-rəsmi məşğulluq da məhz bu iki sektorda daha çox yayılıb. Son dövrlərdə ölkədə ictimai xidmətlərin elektron şəkildə həyata keçirilməsi, vətəndaşlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması müasir dövrün tələbi olmaqla, əvvəllər ölkədə mövcud olan kölgə iqtisadiyyatının həcminin dəfələrlə aşağı salınmasına yardımçı olub. Azərbaycan modeli olan, habelə əhaliyə tez, rahat və keyfiyyətli xidmətlər göstərilməsi məqsədilə yaradılmış "ASAN xidmət” mərkəzləri kölgə iqtisadiyyatına qarşı mübarizədə tutarlı bir alətə çevrilib. Son illərdə vergi sistemində aparılan islahatlar, həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklər, dövlət-biznes münasibətləri, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri ilə bağlı görülmüş işlər ölkədə şəffaflığın təmin olunmasına xidmət edir. Rəqəmsallaşma vergi inzibatçılığının effektivliyini artırır. Bu proses yeni vergiləri tətbiq etmədən və ya onları artırmadan böyük sayda vergiödəyicilərindən vergi toplamağa şərait yaradır. İnnovativ texnologiyalar insan, biznes və dövlət arasında olan ənənəvi əlaqə üsullarını dağıdaraq yeni biznes modellər yaradır. Məqsəd vergi öhdəliklərini yerinə yetirməkdə daha məsuliyyətli olmağa kömək etməkdir. Bu kompleks bir fəaliyyətdir, vergiödəyiciləri üçün komfortlu bir mühitin yaradılmasıdır. Bu siyasətin hədəfində hər şeydən öncə vergiödəyicisi və vətəndaş məmnunluğu durur”.
"Cari ildə Vergilər Məcəlləsinə edilmiş dəyişikliklərin əsas istiqamətlərindən biri vergidən yayınmanın və kölgə iqtisadiyyatının miqyasının azaldılmasıdır. Bu çərçivədə gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, malların sənədsiz dövriyyəsinə, xərclərin rəsmiləşdirilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi, bir çox sahədə vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi bu prosesi daha da gücləndirir. Sahibkarlar da öz sosial məsuliyyətini artırmalı və çalışmalıdırlar ki, ölkəmizin inkişafı, onun iqtisadi qüdrəti naminə ordu, təhsil, səhiyyə, mədəniyyət və bir çox başqa sahələrin dayanıqlı olması üçün vergilərin tam həcmdə ödənilməsini təmin etsinlər”, - deyə o əlavə etmişdir. M.Musayev vurğulamışdır ki, ASK hazırda sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, kölgə iqtisadiyyatına qarşı mübarizə məsələlərini əhatə edən mövzular üzrə treninqlər və seminarlar keçirir, sahibkarların hüquq və vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparır.
Qeyd olunanlarla yanaşı konfransda “Johannes Kepler University Linz” Universitetinin professoru Friedrix Şnayder “Dünyada kölgə iqtisadiyyatı: Biz nə bilirik (bilmirik)” mövzusunda, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Qeyri-formal məşğulluğun azaldılması” mövzusunda, Latviya Ticarət və Sənaye Palatasının şura üzvü Katrina Zarina “Kölgə İqtisadiyyatına qarşı mübarizədə biznesə dəstək təşkilatlarının rolu: Latviya fəaliyyəti” mövzusunda, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov “Rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlar: nə etməli?” mövzusunda, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Akif Musayev «Rəqəmsal iqtisadiyyat və şəffaflıq» mövzusunda, Ukrayna Milli Hüquq Üniversitetinin “Maliyyə hüququ” kafedrasının müdiri, Ukrayna Milli Hüquq Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru Nikolay Kuceryavenko “Kölgə iqtisadiyyatının azaldılmasında vasitə kimi vergi və valyuta münasibətlərinin optimallaşdırılması” mövzusunda, "Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi."şirkətinin Azərbaycan Respublikasındakı filialının idarəedici partnyoru İlqar Vəliyev “Kölgə iqtisadiyyatına qarşı mübarizədə auditin rolu” mövzusunda, Qazaxıstan Respublikası Auditorlar Palatasının Prezidenti Sapar Koşkinbayev “Qazaxıstanda kölgə iqtisadiyyatına qarşı mübarizə tədbirləri” mövzusunda, “Azərbaycanda Amerika Ticarət Palatası” ictimai birliyinin prezidenti Nuran Kərimov “Kölgə iqtisadiyyatına qarşı mübarizədə vergi əməletməsinin rolu” mövzusunda, İqtisad elmləri doktoru, “İqtisadiyyat, idarəetmə və sahibkarlıq” ali məktəbinin direktoru, Zabaykal Dövlət Universitetinin iqtisadi nəzəriyyə və dünya iqtisadiyyatı kafedrasının müdiri, “Tenevaya Ekonomika” elmi-praktik jurnalının baş redaktoru Vitaliy Burov “Kiçik sahibkarlıq subyektlərinin kölgəli fəaliyyətinə qarşı dövlətin mübarizə sisteminin inkişafı- Rusiya təcrübəsi” mövzusunda, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyev “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına qarşı mübarizə sahəsində yeni çağırışlar” mövzusunda, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov “Müşahidə olunmayan iqtisadiyyatın statistik qiymətləndirilməsi” mövzusunda, İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACAA) Ukrayna, Belarusiya və Qafqaz ölkələri üzrə rəhbəri Janetta Onişşuk “ACCA kölgə iqtisadiyyatı 2025-ci ilədək:əsas amilləri və iqtisadiyyata təsirini tədqiq edir” mövzusunda, Rusiya Federasiyasının Dövlət İdarəçilik Universitetinin professoru, iqtisad elmləri doktoru Vera Aleşnikova və K.E. Tsilokovskiy adına Kaluj Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Tatyana Burtseva “Rusiya Federasiyasının regionlarında kölgə sektorunun miqyasının azaldılması vasitələrinin effektivliyi” mövzusunda Azərbaycanda və dünyanın müxtəlif ölkələrində kölgə iqtisadiyyatının miqyasının azaldılması ilə bağlı məruzələrlə çıxış etmişlər.
Böyük Britaniya Birləşmiş Krallığının Vergi Administrasiyası Araşdırma Mərkəzinin direktoru, Ekzeter Universitetinin professoru Kristos Kotsogiannis “Kölgə iqtisadiyyatı və iqtisadi inkişaf” mövzusunda, Çili Milli Vergi Assosiasiyasının və Beynəlxalq Sənaye Təşkilatı Cəmiyyətinin üzvü Klaudio Aqostini “Vergi sistemi audit vasitəsilə sərtləşdirildikdə kiçik şirkətlərin davranışı” mövzusunda , "Vneşekonombank" Dövlət Korporasiyasının Strateji təhlil və inkişaf idarəsinin direktoru Vladimir Andrianov “Rusiyanın kölgə iqtisadiyyatı: miqyası, əsas sahələri və boz əmək haqları” mövzusunda və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev “Kölgə iqtisadiyyatında korrupsiya halları və ona qarşı mübarizə” mövzusunda, konfrans üçün məruzələrini təqdim etmişdirlər və həmin məruzələr konfrans iştirakçılarının nəzərinə çatdırılmışdır.
Tədbirin yekununda Auditorlar Palatasının sədri, professor Vahid Novruzov çıxış edərək “Kölgə iqtisadiyyatının azaldılmasına dair yol xəritəsinin əsas istiqamətləri” mövzusunda məruzəsi və onun rəhbərliyi altında işlənib hazırlanmış Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə “Kölgə iqtisadiyyatının azaldılmasına dair Strateji Yol Xəritəsi” haqqında tədbir iştirakçılarına məlumat vermişdir. O, bildirmişdir ki, Kölgə iqtisadiyyatına qarşı mübarizənin zəruriliyi müasir qloballaşma və onunla əlaqədar olan və transmilli mütəşəkkil cinayətkarlığa münbit şərait yaradan dövlətlərarası sərhədlərin daha asan keçilməsi amili ilə əlaqədar daha da güclənməkdədir. Bütün bunlar isə kölgə iqtisadiyyatı probleminə qarşı mükəmməl konsepsiyanın hazırlanması zərurətini doğurur. Kölgə iqtisadiyyatı probleminə qarşı tədbirlər görülməsi dərin elmi araşdırmaların aparılmasını və qabaqcıl dünya təcrübəsinin tətbiqini zəruri edir. Bunu nəzərə alaraq və kölgə iqtisadiyyatının mövcudluğunun audit institutunun normal fəaliyyəti üçün ciddi təhlükə mənbəyi olduğunu əsas götürərək, Azərbaycan Respublikası Auditorlar Palatası ölkədə kölgə iqtisadiyyatının azaldılmasına dair yol xəritəsinin hazırlanmasını qarşıya məqsəd qoyub və bu istiqamətdə iş başa çatdırılmaq üzrədir. Sonda Vahid Novruzov bütün konfrans iştirakçılarına və qonaqlara konfransda iştirakına və təqdim edilmiş önəmli mövzulardakı mərzulərə görə öz təşəkkürünü bildirmişdir.
Əminik ki, konfrans müasir dünyamızın ən aktual problemlərindən olan kölgə iqtisadiyyatının azaldılmasına öz töhfəsini verəcək və bu istiqamətdə Azərbaycan Prezidentinin müəyyən etdiyi tövsiyə və tapşırıqların həyata keçirilməsi iqtisadi inkişaf sahəsində qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasında mühüm rol oynayacaqdır. Konfransa təqdim edilmiş çox dəyərli məruzələr əsasında yaxın günlərdə Təşkilat Komitəsi tərəfindən beynəlxalq tədbirin tövsiyələri işlənib hazırlanacaqdır.
Konfrans KİV-də geniş işiqlandırılmışdır.
Konfransın səhəri günü qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar və oradan xoş təəsüratlarla ayrılmışlar.