Azərbaycan Republikasının Auditorlar Palatasında “Pandemiya şəraitində auditor xidmətinin qarşısında duran problemlərin və vəzifələrin həllinə dair” vebinar keçirilmişdir

COVİD-19-un yayıldığı bir şəraitdə yaranmış vəziyyət iqtisadiyyatda şəffaflığın təmin olunmasında, kölgə iqtisadiyyatına qarşı mübarizədə Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarının yerinə yetirilməsində, iqtisadi resurslardan səmərəli istifadə edilməsində, iqtisadi təhlükəsizliyin təmin olunmasında əvəzedilməz önəm kəsb edən və maliyyə hesabatlarının şəffaflığının əsas təminatçılarından olan audit peşəsi - müstəqil audit üçün də təsirsiz ötüşməmişdir. Bu həm də bizim xidmətin sifarişçiləri olan təsərrüfat subyektlərinin üzləşdikləri mürəkkəb durumla əlaqədardır. Hazırki şəraitdə auditorların öz vəzifələrinin və öhdəliklərinin layiqincə yerinə yetirmələrinə dəstək verilməsi məqsədilə Auditorlar Palatası tərəfindən kompleks tədbirlər görülməkdədir. Belə ki, yeni dövrün çağırışları işimizdə mütərəqqi və innovativ metodların tətbiqini, yeni prosedurlardan bəhrələnməyi, aparılan auditlərin Beynəlxalq Audit Standartlarına, Auditorların Peşə Etika Məcəlləsinə və digər normativ-hüquqi sənədlərin tələblərinə uyğunluğunu, ən əsası isə auditor xidmətinin keyfiyyətinin və peşənin imicinin yüksədilməsinə nail olmağı zəruri edir. Bu məqsədlə Azərbaycan Respublikasının Auditorlar Palatası sədrinin 2020-ci il 8 aprel tarixli “Pandemiya şəraitində auditor xidmətinin qarşısında duran vəzifələrin həllinə dair” Sərəncamı imzalanmışdır. Sərəncamın məqsədi müasir şəraitdə ölkədə müstəqil auditin qarşısında duran problemlərin müəyyənləşdirilməsi, bu problemlərin operativ və səmərəli həll edilməsi üzrə yeni dövrün çağırışlarına uyğun tövsiyələrin işlənib hazırlanması, Auditorlar Palatasının üzvlərinə əməli köməkliyin göstərilməsi, Palata üzvlərindən daxil olan təklif və tövsiyələrin təxirə salınmadan öyrənilməsi, həll edilməsi və zəruri hallarda müvafiq mərkəzi icra hakimiyyəti orqanları qarşısında qaldırılması, pandemiya dövründə qabaqcıl xarici təcrübənin Azərbaycan auditində tətbiqini təmin etmək təşkil edir. Sərəncama müvafiq olaraq Auditorlar Palatasında İşçi Qərargahı yaradılmışdır. Həmin Qərargah Auditorlar Palatasının üzvləri ilə distant əlaqə yaratmaqla audit peşəsi üçün vacib hesab edilən məsələləri öyrənir və operativ qərarların qəbulu edilməsi üçün müvafiq işləri həyata keçirir.
Ölkəmizdə uğurla həyata keçirilən və yaxın zamanlarda müsbət nəticələrin şahidi olacağımız iqtisadi siyasətin reallaşdırılması istiqamətində ölkə Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında gördüyü işlərə dəstək və bu dəstəyin səmərəliliyinin təmin edilməsi məqsədilə, Auditorlar Palatası tərəfindən audit və mühasibat üzrə beynəlxalq qurumların, habelə xarici dövlətlərin müvafiq tənzimləyicilərinin təcrübəsi diqqətlə öyrənilir. Eyni zamanda milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla lokal tədbirlərin tətbiqi sahəsində də araşdırmalar aparılır. Bu istiqamətdə nəticəli tədbirlərin həyata keçirilməsi zamanı milli audit kadrlarının – auditor təşkilatlarının əməkdaşlarının və sərbəst auditorların təklif və tövsiyyələri bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə Auditorlar Palatası tərəfindən 2020-ci il 14 aprel tarixində auditor təşkilatalarına və sərbəst auditorlara “Pandemiya şəraitində auditor xidmətinin qarşısında duran problemlərin və vəzifələrin həllinə dair” distant vebinar keçirilmişdir. İşgüzar şəraitdə keçən vebinarda audit sahəsində mövcud vəziyyət, qarşıda duran problemlər və vəzifələrin həllinə dair peşəkar müzakirələr aparılmışdır. 
Vebinarın gedişində qərara alınmışdır ki, Auditorlar Palatasının üzvləri olan auditor təşkilatlarının və sərbəst auditorların təqdim etdikləri təklif və tövsiyələr Palata tərəfindən “Pandemiyaya qarşı mübarizə və onun nəticələrinin aradan qaldırılmasına dair hazırlancaq Tədbirlər Planı”nda əks etdirilsin və həyata keçirilməsi üzrə təxirəsalınmaz tədbirlər görülsün.

 

Azərbaycan Republikasının Auditorlar Palatası