Azərbaycan Republikasının Auditorlar Palatasında 2020-ci ilin 30 aprel tarixində “Auditorun şəxsi kabineti sisteminin tətbiq edilməsi” mövzusunda növbəti vebinar keçirilmişdir

Yeni dövrün çağırışları auditin təşkili, tənzimlənməsi və rəqəmsallaşdırılmasının müasir tələblərə müvafiq olaraq beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, auditdə innovasiyaların və yeni texnologiyaların tətbiqi, aparılan auditlərin Beynəlxalq Audit Standartlarına, Auditorların Peşə Etika Məcəlləsinə və digər normativ-hüquqi sənədlərin tələblərinə uyğunluğunu, ən əsası isə auditor xidmətinin keyfiyyətinin və peşənin imicinin yüksədilməsinə nail olmağı zəruri edir.

Ölkəmizdə uğurla həyata keçirilən və iqtisadi siyasətin reallaşdırılması istiqamətində ölkə Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında gördüyü işlərə dəstək və bu dəstəyin səmərəliliyinin təmin edilməsi məqsədilə, Auditorlar Palatası tərəfindən audit və mühasibat üzrə beynəlxalq qurumların, habelə xarici dövlətlərin müvafiq tənzimləyicilərinin təcrübəsi diqqətlə öyrənilir. Eyni zamanda milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla lokal tədbirlərin tətbiqi sahəsində də araşdırmalar aparılır. Bu istiqamətdə nəticəli tədbirlərin həyata keçirilməsi məqsədilə Auditorlar Palatasında ötən il “Auditorun şəxsi kabineti sistemi” yaradılmışdır. Auditorlar Palatasının 2020-ci il üzrə iş planının 1.8-ci “Auditorun şəxsi kabineti sisteminin tətbiq edilməsi” bəndinə dair təsdiq edilmiş plan-proqrama uyğun olaraq,  Auditorlar Palatasında yaradılmış İşçi Qərargahı tərəfindən 2020-ci il 30 aprel tarixində auditor təşkilatlarına və sərbəst auditorlara “Auditorun şəxsi kabineti sisteminin tətbiq edilməsi” mövzusunda növbəti vebinar keçirilmişdir. Vebinarda giriş sözü söyləyən Palatanın İcraçı direktoru, İşçi Qərargahın rəhbəri Səbuhi Gülməmmədov hamını salamladı və Palatanın üzvləri üçün vacib əhəmiyyət daşıyan auditorun şəxsi kabineti sisteminin tətbiq edilməsinin aktuallığı barədə geniş məlumat verdi. O, qeyd etdi ki, şəxsi kabinetin məqsədi - auditor xidmətlərinin həyata keçirilməsində yüksək texnologiyalardan istifadə, İT proqramlarının əldə edilməsi və tətbiqinə nail olunması, auditorun şəxsi kabineti sisteminin təkmilləşdirilməsi və auditdə innovasiyaların tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi, rəqəmsal texnologiyaların tətbiqinin ölkədə həyata keçirilən regional inkişaf proqramları ilə uzlaşdırılması, auditorun şəxsi kabineti sisteminin tətbiqinə dair təlimatın hazırlanması, auditorlara çatdırılması və şəxsi kabinetdən səmərəli istifadə edilməsindən ibarətdir. Eyni zamanda vurğulanmışdır ki, Azərbaycan Respublikası ərazisində bütün auditorların səxsi kabinet sistemi ilə təmin edilməsi, auditor işinin səmərəliliyinin yüksəldilməsi, lüzumsuz gediş-gəlişin minimuma endirilməsi və Palatanın müvafiq struktur bölməsi tərəfindən bu işə nəzərətin təmin edilməsi işinin yükünü azaltmaq məqsədilə sadələşdirilmiş sistem tətbiq edilmişdir.

Sonra vebinarın mövzusu ətrafında Palatanın Rəqəmsal transformasiya və innovasiyaların tətbiqi idarəsinin rəisi, Layihənin müəllifi Qoşqar Əhmədov mövzu ətrafında geniş və əhatəli çıxış edərək öncədən hazırlanmış və Palatanın üzvlərinə tanışlıq üçün göndərilmiş “Şəxsi kabinet” sisteminin tətbiqinə dair Təlimat barədə məlumat verdi, eyni zamanda prezentasiya şəklində kabinetdən istifadənin (“Giriş”, “Qeydiyyat”, “Şifrənin bərpası”, “Kabinetin istifadəsi”) texniki qaydalarını izah etdi.

İşgüzar şəraitdə keçən vebinarda mövzu ətrafında suallar verildi və həmin suallar cavablandırıldı, habelə şəxsi kabinetin istifadəsində bəzi təkmilləşdirilmələrin aparılmasına və onların həllinə dair peşəkar müzakirələr aparıldı. 

Vebinarın gedişində qərara alındı ki, Auditorlar Palatasının üzvləri olan auditor təşkilatlarının və sərbəst auditorların təqdim etdikləri təklif və tövsiyələr Palata tərəfindən nəzərə alınsın və şəxsi kabinetin istifadəsi zamanı mövcud texniki Təlimatın təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülsün.

 

Azərbaycan Respublikası Auditorlar Palatasının İşçi Qərargahı

Qalareya