Auditorlar Palatasında “Forensik audit və risk əsaslı audit: fırıldaqçılıq sxemlərinin aşkarlanması və zərərin hesablanması” mövzusunda ustad dərsi keçirilib

Auditorlar Palatasının 2026-cı il üzrə İş Planının 10.3.4-cü “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi” bəndinin icrasını təmin etmək məqsədilə Auditorlar Palatası sədrinin 2026-cı il 15 may tarixli 10-1/3-3-20/2026 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qabaqcıl auditorların aparmış olduqları auditlər əsasında ustad dərslərinin keçirilməsi barədə” Qrafikə uyğun olaraq, 2026-cı ilin 23 iyul tarixində “Forensik audit və risk əsaslı audit: fırıldaqçılıq sxemlərinin aşkarlanması və zərərin hesablanması” mövzusunda onlayn qaydada ustad dərsi keçirilib.

Ustad dərsində Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Qəşəm Bayramov moderator, “A Audit and Consulting” MMC-nin direktor-auditoru Rüfət Əliyev isə məruzəçi qismində çıxış ediblər.

Ustad dərsini giriş sözü ilə Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Qəşəm Bayramov açaraq “Forensik audit və risk əsaslı audit: fırıldaqçılıq sxemlərinin aşkarlanması və zərərin hesablanması” mövzusunun aktuallığını və bununla əlaqədar 240 saylı “Maliyyə hesabatlarının auditi zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti”, 315 saylı (düzəliş edilmiş) “Müəssisə və onun mühitinin öyrənilməsi əsasında əhəmiyyətli təhrif riskinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi”, 330 saylı “Qiymətləndirilmiş risklərə qarşı auditorun cavab tədbirləri”, 500 saylı “Audit sübutu” və s. Beynəlxalq Audit Standartlarının və “Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə)” tələblərinə düzgün riayət edilməsinin zəruri olduğunu bildirmişdir.

Qəşəm Bayramov qeyd edib ki, 240 saylı BAS maliyyə hesabatlarının auditi zamanı ortaya çıxan dələduzluq faktları ilə bağlı auditorun məsuliyyətindən bəhs edir. Xüsusilə, 315 saylı (düzəliş edilmiş) və 330 saylı BAS-lar dələduzluq üzündən baş vermiş əhəmiyyətli təhriflər riski ilə bağlı necə tətbiq olunmasını ətraflı şəkildə açıqlayır. 500 saylı BAS isə maliyyə hesabatlarının auditində audit sübutunun nədən ibarət olduğunu izah edir və auditor rəyini əsaslandırmaqdan ötrü kafi nəticələri çıxara bilmək məqsədilə yetərli və münasib audit sübutu əldə etmək üçün audit prosedurlarını planlaşdırıb yerinə yetirməklə bağlı auditorun məsuliyyətindən bəhs edir.

Etika Məcəlləsi auditorlardan təməl prinsiplərə riayət etməməsi ilə əlaqəli təhlükələrin müəyyən edilməsi, qiymətləndirilməsi və onların aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görülməsi üçün tətbiq edilməsi tələb olunan konseptual əsasları təmin edir.

Qəşəm Bayramov mövzu ətrafında geniş çıxış etmək üçün sözü Rüfət Əliyevə verdi.

Rüfət Əliyev çıxış edərək bildirdi ki, forensik audit-fırıldaqçılıq, mənimsəmə, korrupsiya və digər maliyyə sui-istifadə hallarının aşkarlanması, sübut bazasının formalaşdırılması və dəymiş zərərin hesablanması məqsədilə aparılan ixtisaslaşmış yoxlama növüdür. Toplanan sübutlar məhkəmə və istintaq orqanlarında istifadəyə yararlı olmalıdır.

Müasir biznes mühitində maliyyə fırıldaqçılığı, korrupsiya, aktivlərin mənimsənilməsi və maliyyə hesabatlarının təhrif edilməsi halları həm özəl, həm də dövlət sektorunda ciddi risklər yaradır. Bu səbəbdən auditorlardan yalnız audit standartlarını bilmələri deyil, həm də riskləri vaxtında müəyyən etmək, şübhəli əlamətləri tanımaq və peşəkar skeptisizm nümayiş etdirmək gözlənilir.

Ustad dərsinin iştirakçıları risk əsaslı audit yanaşmasının əsas prinsipləri, fırıldaqçılıq risklərinin qiymətləndirilməsi, "qırmızı bayraqların" müəyyən edilməsi, analitik prosedurlar, sübutların toplanması, zərərin hesablanması metodları və real praktik nümunələr əsasında forensik audit metodologiyası ilə tanış olublar.

Auditor maliyyə hesabatlarının auditində hesabatların düzgünlüyünə dair rəy verir, forensik auditdə isə fırıldaqçılığı aşkar edir və sübutlarla əsaslandırır.

Risk əsaslı audit yanaşmasında auditor resurslarını ən yüksək təhrif riski olan sahələrə yönəldir. Auditor riskləri müəyyənləşdirir, qiymətləndirir və onların aradan qaldırılmasına dair cavab tədbirləri hazırlayıb təqdim edir, həmçinin aşkar edilən təhriflərin əhəmiyyətliliyini qiymətləndirməklə yekun rəyi formalaşdırır.

240 saylı BAS-ın çərçivəsindən fırıldaqçılıq risklərinin qiymətləndirilməsində istifadə olunur. Üç komponent (təzyiq, imkan və bəraət) eyni anda mövcud olduqda fırıldaqçılığın başvermə ehtimalı yüksəlir.

Tipik fırıldaqçılıq sxemlərinin təsnifatı əsas üç kateqoriya (aktivlərin mənimsənilməsi, maliyyə hesabatlarının təhrifi və korrupsiya) üzrə müəyyən edilir.

Forensik auditin son məhsullarından biri kəmiyyətcə əsaslandırılmış zərərin hesablanmasıdır. Dəymiş zərər əsasən 4 metodla (birbaşa itki metodu, əldən çıxmış mənfəət metodu, bərpa dəyəri metodu, müqayisəli metod) hesablanır.

Ustad dərsi interaktiv müzakirələr şəraitində başa çatmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmış və tədbir iştirakçıları tərəfindən mövzu böyük maraqla qarşılanmışdır.

Tədbirdə Auditorlar Palatasının 89 üzvü iştirak etmişdir.

Təqdim edilmiş materiallarla aşağıda tanış ola bilərsiniz:

1. Forensik audit və risk əsaslı audit.