Berry Wammes IFAC-ın Peşəkar Mühasibat Təşkilatlarının İnkişafı üzrə Məsləhətçi Qrupunun sədri təyin edilib

Nyu-York, 3 sentyabr 2026-cı il

Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) Berry Wammesi Peşəkar Mühasibat Təşkilatlarının İnkişafı üzrə Məsləhətçi Qrupunun (PAO Development Advisory Group) sədri təyin edib. O, bu vəzifədə səlahiyyət müddəti başa çatan Jelena Misitanı əvəz edəcək.

Berry Wammes IFAC-ın üzvü olan Niderlandın Peşəkar Mühasiblər İnstitutu (NBA) tərəfindən namizəd göstərilib və IFAC-ın Namizədlik Komitəsinin tövsiyəsi əsasında İdarə Heyəti tərəfindən təyin olunub.

Peşəkar Mühasibat Təşkilatlarının İnkişafı üzrə Məsləhətçi Qrupuna peşəkar mühasibat təşkilatları ilə əməkdaşlıq və onların potensialının inkişafı sahəsində onilliklər ərzində təcrübə qazanmış ekspertlər daxildir. Qrupun üzvləri bilik mübadiləsi, əməkdaşlıq və müxtəlif resursların hazırlanması vasitəsilə IFAC-a dünya üzrə güclü və dayanıqlı peşəkar mühasibat təşkilatlarının formalaşdırılmasında strateji məsləhətlər verir və dəstək göstərirlər.

IFAC-ın digər məsləhətçi qrupları arasında Sinéad Donovanın sədrlik etdiyi Beynəlxalq Mühasibat Təhsili Paneli, Josephine Okui Ossiyanın rəhbərlik etdiyi Biznesdə Peşəkar Mühasiblər üzrə Məsləhətçi Qrup və Helene Agéliinin sədrlik etdiyi Kiçik və Orta Müəssisələrə Xidmət Göstərən Peşəkar Mühasibat Praktikaları üzrə Məsləhətçi Qrup yer alır.

IFAC-ın prezidenti Jean Bouquot təyinatla bağlı fikirlərini bölüşərək bildirib:

“Peşəkar Mühasibat Təşkilatlarının İnkişafı üzrə Məsləhətçi Qrup müxtəlif mühitlərdə fəaliyyət göstərən peşəkar mühasibat təşkilatlarının qarşılaşdığı imkan və çətinlikləri daha yaxşı anlamağımıza kömək edir və üzvlərimizin ehtiyaclarına cavab vermək imkanlarımızı gücləndirir. Qrupun fəaliyyətinin gələcək uğuru üçün qətiyyətli və səmərəli liderlik mühüm əhəmiyyət daşıyacaq. Peşəkar mühasibat təşkilatına rəhbərlik etmək, tərəfdaşlıqlar qurmaq və təşkilati dəyişiklikləri həyata keçirmək sahəsində geniş təcrübəyə malik Berry Wammesi bu vəzifədə salamlamaqdan məmnunam. Onun rəhbərliyi altında qrupun qarşıdakı illərdə əldə edəcəyi nəticələri səbirsizliklə gözləyirəm”.

Qrupun əvvəlki sədri Jelena Misita isə Berry Wammesin peşəkar mühasibat təşkilatlarının idarə edilməsi sahəsində geniş təcrübəyə və əməkdaşlığa, təşkilati inkişafa güclü bağlılığa malik olduğunu vurğulayıb. O qeyd edib ki, Məsləhətçi Qrupda birgə fəaliyyət zamanı əməkdaşlıq ruhunun və peşəkar həmrəyliyin əhəmiyyətini şəxsən müşahidə etmək imkanı qazanıb.

Jelena Misita bildirib ki, Berry Wammesin sədr təyin edilməsindən məmnundur və onun rəhbərliyi altında Məsləhətçi Qrupun peşəkar mühasibat təşkilatlarının potensialının gücləndirilməsinə, üzvlər və xidmət göstərdikləri icmalar üçün yaratdıqları dəyərin artırılmasına dəstəyini davam etdirəcəyinə əmindir.

Berry Wammes isə öz növbəsində müasir şəraitdə peşəkar mühasibat təşkilatları üçün sürətlə öyrənmək və maraqlı tərəflərlə qabaqlayıcı əməkdaşlıq qurmaq bacarığının əsas əhəmiyyət daşıdığını bildirib. O, müxtəlif ölkələrdə və yurisdiksiyalarda fəaliyyət göstərən peşəkar mühasibat təşkilatlarının üzləşdiyi imkan və çətinliklər barədə dərin biliklərə malik rəhbərləri bir araya gətirən Məsləhətçi Qrupun fəaliyyətində iştirak etməkdən məmnunluğunu ifadə edib.

Berry Wammes vurğulayıb ki, qrupun üzvlərinin təcrübə və baxışlarından öyrənməklə yanaşı, peşəkar mühasibat təşkilatları arasında bilik mübadiləsi imkanlarının genişləndirilməsinə töhfə verməyi qarşısına məqsəd qoyub. Onun sözlərinə görə, birgə səylər nəticəsində ümumi bilikləri yerli şəraitə uyğun praktiki dəstəyə çevirmək və mühasibat peşəsinin qlobal miqyasda inkişafını gücləndirmək mümkündür.

Berry Wammesin Məsləhətçi Qrupun sədri kimi üçillik səlahiyyət müddəti 1 yanvar 2027-ci il tarixində başlayacaq.

IFAC haqqında

Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) üzvlərini birləşdirməklə mühasibat peşəsinin qlobal miqyasda inkişafına töhfə verir.

IFAC-ın üzv təşkilatları dürüstlük və peşəkar keyfiyyət prinsiplərinin əsas müdafiəçiləridir və beynəlxalq səviyyədə tanınmanın göstəricisi kimi üzvlüklərini yüksək qiymətləndirirlər.

IFAC və onun üzvləri Mühasibat Firmaları Forumu (Forum of Firms) və digər mühüm maraqlı tərəflərlə əməkdaşlıq edərək öyrənmə, innovasiya, peşənin vahid mövqeyinin formalaşdırılması və ictimai maraqların qorunmasına sadiqlik vasitəsilə mühasibat peşəsinin gələcəyinin müəyyənləşdirilməsində iştirak edirlər.