​​​​​​​2026-cı il 16 sentyabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 30 illik yubiley tədbiri və “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edib, Ulu Öndərin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra yubiley tədbirinin rəsmi açılışı olub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Auditorlar Palatasının 30 illik fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Yubiley tədbirində açılış nitqi ilə Auditorlar Palatasının sədri, professor Vahid Novruzov çıxış edib. Palata sədri vurğulayıb ki, Azərbaycanda müstəqil audit institutunun formalaşmasının hüquqi əsası Ulu Öndər Heydər Əliyevin 1994-cü il 16 sentyabr tarixində imzaladığı “Auditor xidməti haqqında” Qanunla qoyulub. Ulu Öndər Heydər Əliyevin müstəqil auditin ölkənin bazar iqtisadiyyatına keçidi, maliyyə şəffaflığının və hesabatlılığın təmin olunması baxımından mühüm institut kimi formalaşdırılmasına yönəlmiş uzaqgörən siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni tarixi mərhələnin tələblərinə uyğun olaraq ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir.

Vahid Novruzov Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Palataya ünvanladığı təbrik məktubunu audit ictimaiyyətinə göstərilən yüksək dövlət qayğısının və Palatanın fəaliyyətinə verilən əhəmiyyətli qiymətin ifadəsi kimi dəyərləndirib. O, həmçinin Palatanın əməkdaşlarının və üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsinə görə Azərbaycan Respublikasının Prezidentinə Auditorlar Palatası adından dərin təşəkkürünü və minnətdarlığını bildirib. Qeyd edib ki, bu yüksək dövlət təltifi Azərbaycan auditinin inkişafına xidmət edən çoxillik əməyin və peşəyə sədaqətin layiqincə qiymətləndirilməsi olmaqla, auditorlar üçün həm böyük şərəf, həm də gələcək fəaliyyətə mühüm stimul təşkil edir.

Vahid Novruzov çıxışında Auditorlar Palatasının 30 illik fəaliyyət yoluna nəzər salaraq, bu dövr ərzində Azərbaycanda müstəqil audit institutunun formalaşması, inkişafı və beynəlxalq audit məkanına inteqrasiyası istiqamətində həyata keçirilmiş mühüm tədbirləri diqqətə çatdırıb. Qeyd olunub ki, ötən üç onillik ərzində müstəqil  audit ölkənin bazar yönümlü iqtisadi strukturları sistemində möhkəm yer tutaraq, müstəqil və qərəzsiz maliyyə nəzarəti forması kimi özünü təsdiqləyib, maliyyə şəffaflığının və hesabatlılığın təmin edilməsində mühüm rol oynayıb.

Çıxışda Auditorlar Palatasının fəaliyyətində beynəlxalq təcrübənin tətbiqinə və peşəkar əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirildiyi vurğulanıb. Bildirilib ki, 2010-cu ildən etibarən Beynəlxalq Audit Standartlarının tətbiqinə başlanılması, audit xidmətinin inkişafına dair konsepsiyaların hazırlanaraq reallaşdırılması, Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) və Avropa Mühasiblər və Auditorlar Federasiyasına (EFAA) tamhüquqlu üzvlüyün təmin edilməsi, eləcə də dünyanın                    40-dan artıq ölkəsinin audit və mühasibatlıq qurumları ilə işgüzar əlaqələrin qurulması Azərbaycan auditinin beynəlxalq peşə məkanında mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verib.

Eyni zamanda Palata sədri qeyd edib ki, audit peşəsinin yeni inkişaf mərhələsində qarşıda mühüm strateji vəzifələr dayanır. Onun sözlərinə görə, müasir dövrdə audit fəaliyyətinin yalnız uyğunluğun qiymətləndirilməsi və nəzarət funksiyası ilə məhdudlaşmayan, proaktiv və strateji yanaşmaya əsaslanan institusional modelə transformasiyası, peşə etikasının və ictimai etimadın daha da möhkəmləndirilməsi, auditorların müasir kompetensiyalarının inkişaf etdirilməsi, tədris və sertifikasiya proqramlarının yeni çağırışlara uyğun təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Vahid Novruzov, həmçinin, mentorluq mədəniyyətinin formalaşdırılmasının və nəsillərarası peşəkar bilik və təcrübə mübadiləsinin sistemli şəkildə inkişaf etdirilməsinin audit peşəsinin davamlı inkişafının mühüm şərtlərindən olduğunu vurğulayıb.

Tədbir Azərbaycanda audit institutunun üç onillik inkişaf yolunun, əldə edilmiş nailiyyətlərin və qarşıda duran strateji vəzifələrin müzakirə olunduğu nüfuzlu beynəlxalq platformaya çevrilib. Azərbaycanla yanaşı Gürcüstan, İsrail, Qazaxıstan, Latviya, Litva, Moldova, Özbəkistan, Pakistan, Rusiya və Türkiydən dövlət qurumlarının, peşəkar audit və mühasibatlıq təşkilatlarının, elm və təhsil müəssisələrinin nümayəndələri, auditorlar, ekspertlər və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə Auditorlar Palatasının 30 illik fəaliyyəti münasibətilə beynəlxalq və yerli səviyyədə təbriklər səsləndirilib. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Musa Mirzəyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əlibala Məhərrəmzadə, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) prezidenti Jean Bouquot, Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) prezidenti Salvador Marin, Türkiyə Respublikası İctimai Nəzarət, Mühasibat və Audit Standartları Qurumunun (KGK) vitse-prezidenti Hayrettin Kurt, Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun (ICAP) prezidenti Muhammed Samiullah Siddiqui, Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun (ICAP) vitse-prezidenti Jehanzeb Amin, Türkiyə Sertifikatlaşdırılmış Mühasiblər Palataları Birliyinin (TÜRMOB) prezidenti İrfan Huseyin Yıldız, İsrailin İctimai Sertifikatlaşdırılmış Mühasiblər İnstitutunun (ICPAI) prezidenti Chen Schreiber, Qazaxıstan Respublikası Auditorlar Palatasının Şurasının sədri Sapar Koşkimbayev, Özbəkistan Milli Mühasiblər və Auditorlar Assosiasiyasının Şurasının sabiq sədri Minovar Tulaxocayeva, Rusiya Federasiyasının Peşəkar Mühasiblər, Maliyyə Menecerləri və İqtisadçıların Milli İnstitutunun fəxri prezidenti, professor Dmitriy Yakovenko, Latviya Sertifikatlaşdırılmış Auditorlar Assosiasiyasının (LACA) icraçı direktoru Anita Mihejeva, Litva Auditorlar Palatasının prezidenti Vaida Kacergiene, Özbəkistan Auditorlar Palatası Şurasının sədri Nemətulla Kərimov, Gürcüstan Respublikasının Maliyyə Nazirliyi yanında Mühasibat uçotu, hesabatlılıq və auditə nəzarət xidmətinin rəhbəri David Mchedlidze , Gürcüstan Mühasiblər Birliyinin prezidenti Tata Beridze yubiley münasibətilə təbrik çıxışları ediblər.

Yubiley tədbirinin mühüm nəticələrindən biri Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Sazişin imzalanması olub. Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanın müvafiq peşə tənzimləyici qurumları arasında imzalanmış Saziş türk dövlətləri məkanında mühasibat və audit peşəsinin inkişafı istiqamətində əməkdaşlığın yeni institusional mərhələyə keçidini nümayiş etdirib. Bu təşəbbüs peşə tənzimlənməsi və audit sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, metodoloji yanaşmaların inkişaf etdirilməsi və qarşılıqlı əməkdaşlığın daha sistemli əsasda qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAP) arasında yenilənmiş Əməkdaşlıq Memorandumu da imzalanıb.

Yubiley tədbirindən sonra “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Konfransın məruzə proqramı auditin institusional islahatlarda rolundan tutmuş süni intellekt və rəqəmsal transformasiyaya, maliyyə kəşfiyyatından vergi inzibatçılığına, daxili nəzarətdən audit keyfiyyətinə kənar nəzarətə qədər geniş spektri əhatə edib.

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Auditin inkişafı institusional islahatların mühüm istiqaməti kimi”, Türkiyə Respublikası İctimai Nəzarət, Mühasibat və Audit Standartları Qurumunun (KGK) vitse-prezidenti Hayrettin Kurt “Türkiyə qanunvericiliyində ictimai nəzarət rejimi”, Türkiyə Sertifikatlaşdırılmış Mühasiblər Palataları Birliyinin (TÜRMOB) prezidenti İrfan Huseyin Yıldız “Etimadın memarları: Tənzimləmə və texnologiyada güclü transformasiya fonunda auditin 30 illik inkişaf təcrübəsi və maliyyə məsləhətçiliyi peşəsinin yeni perspektivləri”, Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun prezidenti Samiullah Siddiqui “Süni intellekt və rəqəmsal transformasiya dövründə audit”, İsrailin İctimai Sertifikatlaşdırılmış Mühasiblər İnstitutunun prezidenti Chen Schreiber “Süni intellektin mühasibatlıq və audit peşəsinə təsiri”, Litva Auditorlar Palatasının prezidenti Vaida Kacergiene “Müasir dövrdə dayanıqlı audit: strateji etimadın formalaşdırılması naminə normativ tələblərə uyğunluq və maraqlı tərəflərin gözləntiləri arasında balans”, Özbəkistan Milli Mühasiblər və Auditorlar Assosiasiyasının Şurasının sabiq sədri Minovar Tulaxocayeva “Süni intellektin yaranması, formalaşması və inkişafı – Özbəkistanda mühasibat uçotu və audit sisteminin ayrılmaz tərkib hissəsi kimi”, Rusiya Federasiyasının Peşəkar Mühasiblər, Maliyyə Menecerləri və İqtisadçıların Milli İnstitutunun fəxri prezidenti, professor Dmitriy Yakovenko “Etimadı formalaşdıran təməl kimi təşkilatın daxili nəzarət və audit sistemi”, Özbəkistan Auditorlar Palatası Şurasının sədri Nemətulla Kərimov “Audit peşəsinə etimadın artırılmasında əsas alətlər kimi keyfiyyətə kənar nəzarət və auditor təşkilatlarının reytinqi”, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov “Sosial müdafiə sahəsində audit və şəffaflıq: elektronlaşan xidmətlər və ictimai etimadın formalaşan yeni modeli”, Azərbaycan Respublikası Mərkəzi Bankının Daxili audit departamentinin direktor müavini Nahid Rzayev “Daxili audit sahəsində gələcəyə baxış: perspektiv inkişaf istiqamətləri, texnoloji yeniliklər və gözləntilər”, Gürcüstan Respublikasının Maliyyə Nazirliyi yanında Mühasibat Uçotu, Hesabatlılıq və Auditə Nəzarət Xidmətinin Audit və Peşəkar Təhsilə Nəzarət Departamentinin rəhbəri Tornike Dzagnidze “Gürcüstanda auditin tənzimlənməsi sistemi və peşəkar təşkilatların rolu”, Gürcüstan Mühasiblər Birliyinin prezidenti Tata Beridze “İntellektual audit dövrü: qlobal inkişaf dövründə Yeni İpək Yolu üzrə transsərhəd uçot”, Özbəkistanın “TTT-Audit” şirkətinin Baş direktoru Mahammad Botirov “Özbəkistanda auditin təkamülü: institusional islahatlardan strateji tərəfdaşlığa, rəqəmsallaşmaya və beynəlxalq standartlara doğru”, Gürcüstan Mühasiblər, Auditorlar və Məsləhətçilər Cəmiyyətinin icraçı direktoru Georgi Rusiashvili “Mühasiblər üçün süni intellektin yaratdığı problemlər və süni intellektin əvəz edə bilmədiyi insan bacarıqları”, Moldova Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyasının üzvü Georgeta Covaliov-Rusu “Audit əməliyyatı və ya süni intellekt və digər macəralar: Peşənin rəqəmsal transformasiyasına praktiki baxış”, “KPMG Audit Azerbaijan” MMC-nin Audit direktoru Mələk Abbaslı “Audit etimad infrastrukturunun əsası kimi: dəyişən iqtisadiyyatda auditorların inkişaf edən rolu”, Qazaxıstan Respublikası Auditorlar Palatasının üzvü, “Finex-Standart” MMC-nin filialının direktoru Rita Espenbetova “Davamlılıq Standartları MHBS S1/S2: Auditorlar, BMD və Direktorlar Şurası üçün hansı dəyişikliklər” və Bakı Dövlət Universitetinin “Dünya iqtisadiyyatı” kafedrasının dosenti, iqtisad elmləri namizədi Bəxtiyar İsmayılov “Müasir auditin uyğunluq nəzarətindən strateji tərəfdaşlıq və ictimai etimada transformasiyası” mövzularında çıxış ediblər.

Konfransın məruzə və müzakirələrində audit peşəsinin müasir çağırışlara uyğun inkişafı, texnoloji yeniliklərin və süni intellektin audit fəaliyyətinə tətbiqi, data əsaslı yanaşmaların genişləndirilməsi, peşəkar standartların qorunması, keyfiyyətə nəzarətin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məsələləri önə çəkilib.

Yubiley tədbiri və beynəlxalq elmi-praktik konfrans Azərbaycan auditinin 30 illik inkişaf yolunun yekunlarının qiymətləndirilməsi ilə yanaşı, peşənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətli platforma olub. Tədbirdə aparılan müzakirələr göstərib ki, yeni dövrdə audit fəaliyyətinin inkişafı rəqəmsal texnologiyaların və süni intellektin imkanlarından səmərəli istifadəni, yüksək peşəkar standartların qorunmasını, audit keyfiyyətinin yüksəldilməsini və beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsini tələb edir.

Tədbirə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov yekun vurub.

Tədbirin yekununda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə müraciət qəbul olunub.

2026-cı il 17 sentyabr tarixində isə Auditorlar Palatasının mütəxəssisləri ilə xarici ölkələrin audit və mühasibat qurumlarının nümayəndələri arasında auditin normativ hüquqi bazasına, metodiki təminatına, təşkili və tənzimlənməsinə dair təcrübə mübadiləsinin aparılması nəzərdə tutulmuşdur.

Sonra isə xarici qonaqlar Bakı şəhərinin tarixi yerləri ilə tanış olacaqlar.

 

 

MƏTBUAT

Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalanıb (AZƏRTAC)

Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında yenilənmiş Anlaşma Memorandumu imzalanıb (AZƏRTAC)

Audit xidməti: Uyğunluqdan tərəfdaşlığa və etimada (XALQ QƏZETİ)

Prezident İlham Əliyev Auditin inkişafına həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib (İKİ SAHİL)

Prezident İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib - SƏRƏNCAM (İKİ SAHİL)

Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans işə başlayıb(İKİ SAHİL)

İsa Həbibbəyli: Auditorlar Palatası bazar iqtisadiyyatına əsaslanan yeni cəmiyyət quruculuğunun tənzimlənməsinə mühüm töhfələr verib  (İKİ SAHİL)

Sədr: Auditin süni intellekt texnologiyalarından istifadə etməklə keçirilməsi istiqamətində işlər aparılır (İKİ SAHİL)

Hesablama Palatasının nümayəndə heyəti Auditorlar Palatasının 30 illik yubiley tədbirində iştirak edib

İlham Əliyevdən konfrans iştirakçılarına - Müraciət (QAFQAZİNFO.AZ)

Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə Fəxri xiyaban ziyarət olunub (AZƏRBAYCAN QƏZETİ)

Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans işə başlayıb