Auditorlar Palatasının kollektivi “Zəfər” yarmarkasında iştirak edib - AZƏRTAC

Bakı, 1 noyabr, AZƏRTAC

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, misilsiz cəsarəti və yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycan düzgün istiqamətdə irəliləyir və ildən-ilə dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial uğurlara imza atır. Dövlətimizin başçısının siyasi uzaqgörənliklə həyata keçirdiyi əhəmiyyətli işlər, xalqa bəxş etdiyi böyük ümid və dayaq ölkəmizin hər sahədə zəfərini təmin edir. Ən böyük zəfəri isə Azərbaycan xalqı məhz Ali Baş Komandanın rəhbərliyi ilə öz yenilməz ordusunun iştirakı nəticəsində şanlı tarix yazaraq yaşadı. 44 günlük qalibiyyətli Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq Azərbaycan öz torpaqlarını 30 ilə yaxın davam edən işğaldan azad etdi. Böyük Qələbə münasibətilə ölkəmizdə bir çox mötəbər tədbirlər təşkil olunub.

Palatadan AZƏRTAC-a bildirilib ki, bu tədbirlər sırasında Bakı bulvarında “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda “Zəfər” yarmarkasını qeyd etmək olar. Yarmarka noyabrın 9-dək davam edəcək. Yarmarkada əldə olunan gəlirlər qazilərin və şəhid ailə üzvlərinin müraciətlərinin təmin olunması üçün “YAŞAT” Fonduna ianə olunacaq. Yarmarkada müxtəlif mövzularda sərgilər təşkil olunur, Müdafiə Nazirliyinin hərbi texnikaları, 44 günlük müharibədə istifadə olunan texnika və avadanlıqlar nümayiş etdirilir. Auditorlar Palatasının kollektivi “Zəfər” yarmarkasında ilk iştirak edən təşkilatlardan biri olaraq noyabrın 1-də yarmarkanı ziyarət edib və satışa çıxarılmış zəfər simvolikasına aid müxtəlif suvenir, qida məhsulları, kitablar və digər məhsullar alıblar. Auditorlar Palatasının kollektivi hər zaman Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur, Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla anır, bütün şəhidlərimizə Allahdan rəhmət diləyir və qazilərimizə isə cansağlığı arzulayırlar.