Auditorlar Palatasında ümummilli lider Heydər Əliyevin 99-cu ildönümü qeyd olunub - AZƏRTAC

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Auditorlar Palatasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən onlayn tədbir keçirilib.

Palatadan AZƏRTAC-a bildirilib ki, tədbirdən öncə mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbir Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş videoçarxın nümayişi ilə başlayıb.

Palatanın icraçı direktoru Səbuhi Gülməmmədov Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edib, hər bir çətin vəziyyətdə ən düzgün çıxış yolu tapan müdrik liderin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.

İcraçı direktor qeyd edib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq əbədiyaşarlıq qazanıb.

Daha sonra Səbuhi Gülməmmədov dövlət və hökumət rəhbərlərinin, tanınmış siyasi xadimlərin, məşhur yazıçıların Ulu Öndəri siyasət nəhəngi, nadir istedad sahibi, tarixi və əfsanəvi şəxsiyyət adlandırdığını, ona bəslədikləri böyük hörmət hisslərini dilə gətirərək, onların Ümummilli Lider haqqında söylədikləri sitatlardan misallar gətirib.

O, Ulu Öndərin layiqli varisi olan Prezident İlham Əliyevin 19 ildir Azərbaycana bacarıqla rəhbərlik etdiyini, ölkəmizi inamla gələcəyə apardığını vurğulayıb.

S.Gülməmmədov bildirib ki, Azərbaycanda yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra insanların qəlbində ümid çırağı yanmağa başlayıb. Ulu Öndərin söylədiyi “Gün gələcək Azərbaycanın bayrağı Şuşada və digər işğal olunmuş ərazilərdə dalğalanacaq” sözləri xalqımızın inamını artırdı.

“Artıq işğaldan azad olunmuş bütün rayon, kənd və qəsəbələrdə geniş abadlıq quruculuq işləri aparılır. Hesab edirəm ki, biz 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəyə görə həm də ümummilli lider Heydər Əliyevə borcluyuq. Çünki bizi 30 il ərzində qələbəyə yaxınlaşdıran ordu quruculuğunun əsasını məhz ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər Heydər Əliyev təkcə Azərbaycan dövlətinin deyil, həm də qalib Azərbaycanın böyük Zəfərinin banisidir. Ulu öndər Heydər Əliyevin xalqına, xalqın isə Ümummilli Liderinə olan sarsılmaz inamı və sonsuz sevgisi belə bir deyim yaratdı – “Heydər-Xalq, Xalq-Heydər!”. Əslində, bu ifadə özündə bəlkə də bəşər tarixində indiyədək mövcud olmuş ən möhkəm və sarsılmaz xalq-iqtidar birliyini təcəssüm etdirir. Heç bir şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü möhtəşəm tarixi Qələbə ilə təmin etməsi, bu gün də davam edən və gündən-günə daha da möhkəmlənən bu birliyin növbəti təntənəsidir. Azərbaycan xalqı öz xilaskar oğlu Heydər Əliyevin əziz xatirəsini daim yaşadacaq, Ümummilli Liderin müəyyənləşdirdiyi yolla bundan sonra daha böyük qələbələrə doğru inamla addımlayacaq”, - deyə icraçı direktor əlavə edib.

O, bir tədbir çərçivəsində ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda, iqtisadiyyatın idarə olunmasında, təsərrüfatçılıqda məqsədyönlü, zəngin, çoxcəhətli əməli iş təcrübəsini ümumiləşdirərək şərh etməyin mümkünsüzlüyünü vurğulayaraq, Ulu Öndər haqda ən obyektiv və dərin mənalı fikirlərdən biri kimi dəyərləndirilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın aşağıdakı sözlərini yada salıb: “Böyük siyasət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaqdır!”.

Çıxışının sonunda Səbuhi Gülməmmədov qeyd edib ki, dəyərli və mənalı ömrünü Vətəninə həsr edərək, milləti qarşısında misilsiz xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, bu nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.

Daha sonra tədbirdə geniş məruzə ilə Aparatın rəhbəri Qəşəm Bayramov və məruzə ətrafında “Azərbeynəlxalq audit xidməti” MMC-nin direktoru - auditor Misir Əhmədov, Auditorlar Palatası sədrinin müşaviri Yaşar Namazəliyev, “AZƏRUÇOT” MMC-nin direktoru - auditor Eldar Təhməzov, Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov, “LŞ Audit” MMC-nin direktoru - auditor Fərhəddin Hüseynov, Kadr hazırlığı idarəsinin rəisi Elmira Behbudova, İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdiri Məhluqə Hüseynova, Naxçıvan Muxtar Respublikası Auditor təşkilatının direktoru-auditor Roman Hüseynov, Auditin təşkili və təhlili şöbəsinin müdiri Nigar İsmayılova, Aparat rəhbərinin müavini Fatma Kamalova, Palatanın bölmə müdiri Şəfəq Əliyeva və Sərbəst auditor Nigar Alxaszadə çıxış edərək, ulu öndərimiz Heydər Əliyevin Vətəni və xalqı qarşısında müstəsna xidmətlərindən danışıblar.