Azərbaycan Respublikası Auditorlar Palatasının təmsilçisi Hindistanda keçirilən təlim proqramında iştirak etmişdir.
2018-12-10
2018-сi il 24 oktyabr – 16 noyabr tarixlərində Hindistan Hökuməti tərəfindən maliyyələşdirilən Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq (“HTİƏ”) Proqramı çərçivəsində İnformasiya Sistemləri və Audit üzrə Beynəlxalq Mərkəzin Noida şəhərində təşkil etdiyi “Dövlət müəssisələrinin audit olunması” proqramında Azərbaycan Respublikasının Auditorlar Palatasının təmsilçisi, “PricewaterhouseCoopers Audit Azərbaycan”ın əməkdaşı, audit üzrə ekspert Tural Ağayev iştirak etmişdir. Təlim proqramında 60-dan çox sessiya ilə müşayiət olunan dörd həftəlik intensiv proqramda 36 müxtəlif ölkədən 38 mütəxəssis iştirak etmiş, dövlət müəssisələrinin auditi istiqamətində mühazirələr, diskussiyalar, praktik təcrübə paylaşımı, beynəlxalq təcrübənin müzakirəsi aparılmışdır.Dövlət müəssisələrində qlobal trendlər, maliyyə hesabatlarının beynəlxalq standartları üzrə yeniliklər, onların müvafiq təsirləri, müəssisələrdən tələb olunan hesabatlılıq və maliyyə açıqlamaları, şəffaflıq məsələləri, korporativ idarəetmə, audit sahəsində müasir texnoloji yeniliklər, o cümlədən kompüter əsaslı audit üsulları müzakirə mövzularından olmuş, iştirakçılar öz təcrübələrini paylaşmışlar.Proqram ərzində Tural Ağayev ölkəmizdə son dövrlərdə aparılan iqtisadi islahatlar və struktur dəyişiklikləri, Auditorıar Palatası tərəfindən auditor xidmətinin tənzimlənməsi istiqamətində görülən işlər və ölkə Prezidentinin müstəqil auditə göstərdiyi böyük diqqət və qayğı barədə geniş məlumat vermiş, habelə, Azərbaycan Respublikasında auditin təşkili, tənzimlənməsi, keyfiyyətinə nəzarət sistemi, mövcud vəziyyət və inkişaf perspektivləri də daxil olmaqla görülən işlər, aparılan siyasət və mütəmadi təşkil olunan maarifləndirmə tədbirləri, o cümlədən əldə olunan müsbət nəticələr barədə konkret nümunələrlə proqram iştirakçılarının nəzərinə çatdırmışdır.2018-ci il 7 dekabr tarixində Hindistanın Azərbaycandakı səfiri cənab Sanjay Rana ilə görüşdə də proqramın əhəmiyyətliliyi və faydası, o cümlədən müqayisəli təcrübənin yerli mütəxəssislərlə də paylaşılması istiqamətində Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi bir daha müzakirə mövzusu olmuşdur.