2022-ci il 17 iyun tarixində Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov Qəbələ rayonunda səfərdə olub.

Qəbələ, 17 iyun, Mustafa Dadaşov, AZƏRTAC

İyunun 17-də Qəbələ Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbiri rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev açaraq, ağsaqqalların ölkəmizin ictimai-siyasi həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

Konfransda Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov çıxış edərək, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan danışıb. Şuranın sədr müavini Qəbələ Rayon Ağsaqqallar Şurasının bir illik fəaliyyətinin qənaətbəxş qiymətləndirildiyini qeyd edib.

Konfransda Qəbələ Rayon Ağsaqqallar Şurasının sədri Mehman İsmayılovun hesabat məruzəsi dinlənilib. Şura sədri Qəbələdə şəhid ailələrinin, qazilərin daim diqqət mərkəzində saxlanıldığını, ağsaqqalların bu nəcib işlərdə yaxından iştirak etdiyini vurğulayıb.

Çıxış edən rayon ağsaqqalları ölkəmizdə aparılan abadlıq-quruculuq işlərindən, həyata keçirilən qlobal layihələrdən danışıb, ictimai işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini vurğulayıb, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Rayonun ictimai işlərində fəal iştirakına görə Ağsaqqallar Şurasının bir qrup üzvünə rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

Səhhəti ilə əlaqədar tədbirdə iştirak edə bilməyən uzun müddət Qəbələ Rayon Ağsaqqallar Şurasının sədri olmuş Nazim Mustafayev ağsaqqallar tərəfindən evində ziyarət edilib və ona Azərbaycan Respublikası Ağsaqqallar Şurasının fəxri fərmanı təqdim olunub.

 

 

Qalareya