2022-ci il 05 iyul tarixində Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov Ağcabədi rayonunda səfərdə olub.

           İyulun 5-də Respublika Ağsaqqallar Şurası Ağcabədi rayon təşkilatının hesabat yığıncağı keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, ağsaqqallar və rayon ziyalıları iştirak ediblər. Əvvəlcə ulu öndər Heydər Əliyevin Ağcabədi Rayon İcra hakimiyyəti qarşısında ucaldılan abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.     

  •  

YAP Ağcabədi rayon təşkilatının binasında keçirilən yığıncağı rayon rəhbəri Rafil Hüseynov giriş sözü ilə açaraq,  qonaqları salamlayıb. İcra başçısı çıxışında qeyd edib ki, Respublika Ağsaqqallar Şurasının cəmiyyətimizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və onların təbliğ olunmasında mühüm rolu var. Natiq Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun qazandığı Qarabağ Zəfərimizdən,  azad olunmuş ərazilərdə aparılan abadlıq və yenidənqurma işlərindən də söz açıb.

  •  

Yığıncaqda Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfovun hesabat məruzəsi dinlənilib.

  •  

Sonra Ağcabədi Pedaqoji Kollecinin direktoru, “Əməkdar müəllim” Mirələm İbrahimli, “Əməkdar müəllim” Zəhra İbrahimova çıxış edərək, müəyyən fikrilər və təkliflər səsləndirib, ağsaqqallara göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.

  •  

Yekunda Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov çıxış edərək, müstəqil Azərbaycanın inkişafı istiqamətində görülən yüksək səviyyəli işlərdən, ölkəmizin gündən-günə artan nüfuzundan danışıb, sosial məsələlərin həlli, adət-ənənələrin yaşaması, gənclərin düzgün istiqamətlənməsi, vətənpərvərlik ruhunda yetişməsi üçün ağsaqqalların böyük rolu olduğunu vurğulayıb. V. Novruzov Ağcabədi rayon Ağsaqqallar Şurasının bir illik fəaliyyətini qənaətbəxş qiymətləndirildiyini qeyd edib.

Sonda xatirə şəkli çəkilib.