Auditorlar Heydər Əliyev Mərkəzində “Azərbaycan xalçası-ilmələrin rəqsi” sərgisi ilə tanış olublar - AZƏRTAC

Bakı, 20 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivi və üzvləri 2022-ci il 20 iyul tarixində Heydər Əliyev Fondunun dəstəyi ilə milli mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına yönələn növbəti bir layihə çərçivəsində nümayiş etdirilən “Azərbaycan xalçası-ilmələrinin rəqsi” adlı yeni xalça kolleksiyası ilə tanış olublar.

Palatadan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda xalçaçılıq sənəti əsrlər boyu xalqın məişət və mədəniyyətinin ayrılmaz hissəsi olub və bu günümüzə qədər gəlib çatıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qayğısı nəticəsində bu gün də bu sənət Azərbaycanın istedadlı xalça rəssamları tərəfindən uğurla davam etdirilir. Onların səyi və istedadı xalça sənətimizin yeniləşməsinə, müasirləşməsinə önəmli töhfələr verir.

Heydər Əliyev Fondunun qədim sənətə yeni nəfəs verən kolleksiyasındakı “Yaranış”, “Şikargah”, “Xan ovu”, “Cəng və barış”, “Bəndi-rumi”, “Şəbəkəli”, “Adəm və Həvva, “Ağaclı”, “Narlı“, “Göllü”, “Ləçək-turunc”, “Dörd fəsil”, “Tağlı”, “Cəmadət” xalçaları, “Cənnət quşları” və “Cənnət bağı” dəstxalı - gəbələri bənzərsiz sənət nümunələri auditorların marağına səbəb olub.

Yeni kolleksiyanın yaradılmasında Azərbaycanın Xalq rəssamı Eldar Mikayılzadə başda olmaqla 6 rəssam və 14 toxucu iştirak edib.

Tanışlıq zamanı auditorlara “Azərbaycan xalçası-ilmələrin rəqsi” kolleksiyasına daxil olan əsərlər barədə ətraflı məlumat verilib.