Auditorlar Palatası “Haqsız Rəqabətlə Mübarizədə Qütb Ulduzumuz” adlı kitab çap edib - AZƏRTAC

Bakı, 11 oktyabr, AZƏRTAC

Auditin inkişafına təsir edən mühüm amillərdən biri kimi auditor xidməti bazarında haqsız rəqabət hallarının aşkar edilməsi və belə hallara yol verən auditor təşkilatlarına və sərbəst auditorlara qarşı müvafiq tədbirlərin vaxtında tətbiq edilməsi mühüm əhəmiyyət daşıyır. Auditor xidməti bazarında haqlı rəqabətin bərqərar olması üçün əlverişli şəraitin yaradılması auditə etimadın möhkəmləndirilməsinə və auditor peşəsinin nüfuzunun yüksəldilməsinə zəmin yaratmaqla, onun dayanıqlı fəaliyyətinə və inkişafına rəvac verir. Bu sahədə məsuliyyət və vəzifə borcunu dərk edən Auditorlar Palatası 2022-ci ili “Haqsız rəqabətlə mübarizə ili” elan edib. Bununla bərabər, bir tərəfdən peşəmizin mövcud problemləri və auditorlar arasında hələ də tam əldə olunmayan peşə həmrəyliyi, dempinq hallarının çoxluğu, digər tərəfdən xidmətin keyfiyyətinin bir çox hallarda günün tələblərinə tam cavab verməməsi, qanunvericilikdə olan boşluqlar yaxın gələcəkdə görüləcək işlərin mühümlüyünü ortaya qoyur.

Palatadan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə həyata keçiriləcək tədbirlərdən biri kimi Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2022-ci il 31 avqust tarixli qərarı əsasında Türkiyə təcrübəsi nəzərə alınmaqla “Haqsız Rəqabətlə Mübarizədə Qütb Ulduzumuz” adlı kitab çap olunub. Auditorlar Palatasında belə bir əminlik ifadə edilib ki, audit qanunvericiliyinin və tənzimləmənin həyata keçirilməsi lazım olan qaydaları aydın şəkildə müəyyən etməklə yanaşı, davamlı sağlam ünsiyyətin və peşə təhsilinin əhəmiyyətini də ön plana çıxarmaqdadır. Bu baxımdan peşə mənsublarımızın, auditorların, bütövlükdə cəmiyyətin sadə dildə yazılmış məlumatlandırıcı sənədə ehtiyaclarının olduğunu nəzərə alaraq hazırlanan “Haqsız Rəqabətlə Mübarizədə Qütb Ulduzumuz” adlı kitabın auditor xidməti bazarında vicdanlı və haqlı rəqabətin davamlı təmin edilməsi və nəticələrin də rifah içində paylaşılması baxımından öz işığı ilə auditorlara istiqamət verəcək bələdçi olacağına inanırıq.

 

Qalareya