Vahid Novruzov: Qayıdış Konsepsiyasının hazırlanmasında Qərbi azərbaycanlıların da təklifləri nəzərə alınacaq

Bakı, 28 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin bütün Qərbi azərbaycanlılar üçün tarixi güvənc hesab edilməli olan Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşünü dövlətimizin gələcək siyasi məqsədinin mühüm istiqamətlərindən biri kimi biri kimi qiymətləndirmək olar. İcma Qərbi azərbaycanlıların qəlblərində nisgil salmış Vətən həsrətinə son qoymaq, dədə-baba yurdlarımıza sahib çıxmaq, həmvətənlərimizin tarixi keçmişi ilə bərabər daha uğurlu gələcəkləri və inkişafı baxımdan çox mühüm işlər həyata keçirmək əzmindədir.

Bu barədə AZƏRTAC-a Auditorlar Palatasının sədri, Qərbi Azərbaycan İcmasının Nəzarət-təftiş komissiyasının sədri, professor Vahid Novruzov deyib.

Palata sədri bildirib ki, Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olan zaman Qərbi azərbaycanlıların deportasiya tarixi və Qərbi Azərbaycan İcmasının məqsədindən danışarkən Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan soydaşlarımızın, onların yaxınlarının, uşaqlarının, nəvələrinin tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlarını qeyd etdi. Dəfələrlə deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların sülh yolu ilə doğma torpaqlarına qayıtmaları üçün hüquq bizim yanımızdadır.

Dövlətimizin başçısının Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı fikirləri İcmanın qarşısında duran əsas vəzifələrdən biridir: “Bu baxımdan inanıram ki, biz İcmanın məram və məqsədini, gələcəyə yönəlik və tarixi həqiqətlərə əsaslanan kompleks tədbirləri müəyyənləşdirəcəyik. Bu tədbirləri orta və uzunmüddətli Yol Xəritələri çərçivəsində prioritet ardıcıllıqla reallaşdırmaq üçün ölkədə, həmçinin xaricdə olan Qərbi azərbaycanlıların yüksək zəka, iradə və vətənsevərlik xüsusiyyətlərindən bəhrələnəcəyik və yaxın vaxtlarda öz fəaliyyətimizi nümayiş etdirməyə nail olacağıq”.

Görüşdə Prezident İlham Əliyev Qərbi Azərbaycan İcması qarşısında konkret vəzifələr də qoydu və İcmanın bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsinin bu vəzifələrin icrasının təmini baxımından önəmini qeyd etdi. Eyni zamanda, dövlətimizin başçısı diqqətə çatdırıb ki, İcmanın beynəlxalq müstəvidə fəaliyyəti gücləndirilməli və Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır: “Bu baxımdan fikrimizcə, xarici müəlliflər də cəlb olunmaqla Qərbi Azərbaycana aid kitab, dram, rəsm, musiqi əsərləri müsabiqələrinin müntəzəm olaraq təşkil edilməsi zərurəti də diqqət mərkəzində saxlanılmalıdır. Xüsusi əhəmiyyət kəsb edən əsas məsələlərdən biri də Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfransların keçirilməsi zərurətinin və Qərbi Azərbaycan İcmasının qarşısında duran əsas vəzifələrin icrasına dövlət dəstəyinin göstərilməsinin Azərbaycan Prezidenti tərəfindən vurğulanmasıdır.

“Əminəm ki, hər zaman Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətini dəstəkləyən və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətinin reallaşmasına dəstəyi özlərinin vicdan borcu, milli təəssübkeşliyi hesab edən Qərbi azərbaycanlılar İcmanın fəaliyyəti çərçivəsində böyük uğurlara imza atacaqlar. İnanırıq ki, dövlətimizin başçısının tarixi köklərə söykənən, çevik və cəsarətli, demokratik, regionda siyasi sabitliyin təminatçısı olan siyasəti sayəsində bu gün artıq reallaşmasına başlanılmış Böyük Qayıdış kimi, Qərbi Azərbaycan torpaqlarına dönməyə imkan verəcək Tarixi Qayıdışın da şahidi olacağıq”, - deyə V.Novruzov bildirib.