Şamaxıda “II Milli Mühasiblər Forumu” keçirilmişdir.
2018-05-02
Şamaxıda “II Milli Mühasiblər Forumu” keçirilmişdir.
2018-ci il 28-29 aprel tarixlərində Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikası Auditorlar Palatası, İqtisadi Resursların Öyrənilməsi İB, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA), Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi, Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə “II Milli Mühasiblər Forumu” keçirilmişdir.
Forumun məqsədlərinə mühasibat uçotu, eləcə də vergi qanunvericiliyi də daxil olmaqla aidiyyəti qanunvericilikdə baş vermiş yeniliklər və onların mahiyyəti barədə iştirakçıların məlumatlandırılması, qarşılıqlı fikir mübadiləsi əsasında mövcud problemlər və onların həll yollarının qarşılıqlı müzakirəsi, müasir beynəlxalq təcrübələrin tətbiqi imkanlarının birgə araşdırılması kimi məsələlər daxildir.
2018-ci il 28 aprel tarixində II Milli Mühasiblər Forumunun açılışında çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayev Azərbaycanda aparılan iqtisadi siyasətin əsas istiqamətləri barədə danışıb. Bildirilib ki, Azərbaycan iqtisadiyyatının qısa, orta və uzunmüddətli inkişaf hədəflərinin müəyyənləşdirildiyi "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsində" nəzərdə tutulmuş kompleks tədbirlər sırasında hesabatlığın təkmilləşdirilməsi və şəffaflığın artırılması xüsusi vurğulanıb. Bu baxımdan ölkəmizdə maliyyə nəzarətinin, maliyyə və vergi intizamının möhkəmləndirilməsi, maliyyə vəsaitlərindən istifadə olunmasında hesabatlığın və şəffaflığın beynəlxalq standartlar əsasında yüksək səviyyədə qurulması ilə bağlı məsələlərin müzakirəsi təqdirəlayiqdir.
Forumun açılış mərasimində Azərbaycan Respublikası Vergilər Nazirinin I müavini Sahir Məmmədxanov, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Şamaxı rayon İcra Başçısının I müavini Qasım Qasımov, “Gilan Holdinq”in İdarə Heyətinin üzvü Fuad Kərimov, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev, Türkiyənin İşık Universitetinin rektoru, professor Cemal İbiş, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov, Rusiya Federasiyasının Dövlət Maliyyə Universitetitinin dekanı, professor Vladimir Avdiyskiy çıxış edərək tədbir iştirakçılarını təbrik etdilər və onlara uğurlar arzuladılar. Natiqlər II Milli Mühasiblər Forumunun iqtisadi sektorda yeni çağırışlar üçün əlverişli platforma olacağına əminliklərini vurğulayıblar.
Sonra Forumun plenar iclası öz işinə başladı və iclasın moderatoru Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov iştirakçıları bir daha salamalayaraq gündəlikdə olan məruzələri və onların müəlliflərini tanış etdi. İlk məruzəçi Türkiyə Respublikasının İşık Universitetinin rektoru, professor Cemal İbiş “Mühasibe ve Denetim: Türkiye Tecrübesi” mövzusunda, növbəti məruzəçi Rusiya Federasiyasının Dövlət Maliyyə Universitetinin dekanı, professor Vladimir Avdiyskiy “Нарушение бухгалтерской отчетностей финансово хозяйственной деятельности в целях отмивания доходов, полученных преступным путём и финансированию терроризма” mövzusunda geniş məruzələr ilə çıxış etmişlər. Sonda Auditorlar Palatasının sədri, professor Vahid Novruzov “Şəffaflıq, Hesabatlılıq, Audit” mövzusunda öz məruzəsini dinləyicilərə çatdıraraq ilk öncə mövzunun aktuallığı, mövcud vəziyyət, problemin qoyuluşu, problemı yaradan səbəblər, beynəlxalq təcrübə, nəticə və təkliflər barədə geniş məlumat vermişdir. Sonra məruzələr ətrafında müzakirələrə başlanılmış, iştirakçıların verdiyi suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.
Tədbirin sonunda Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi arasında birgə əməkdaşlığa dair Saziş imzalanmışdır.
Forum sonra öz işini günün ikinci yarısında pararlel sessiya iclaslarında davam etdirmişdir.
Tədbirdə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun rəhbərliyi altında nümayəndələr: Palatanın Auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi Səbuhi Gülməmmədov, Sədrin köməkçisi İmam Baxış Zeynallı, Auditorlar Palatasının üzvləri: Sərbəst auditorlar: Altay Cəfərov və Aftandil Əliyev iştirak etmişlər.