Auditorlar Palatasında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Auditorlar Palatasında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

2018-01-19

Auditorlar Palatasında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

 

 

 

Auditorlar Palatasında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi Auditorlar Palatasında 2018-ci il 19 yanvar tarixində 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov giriş sözü ilə açaraq, ilk öncə Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla ruhlarını yad etməyi xahiş etdi. Sonra geniş məruzə ilə  çıxış edərək bildirdi ki, Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 28 il ötür. Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə, keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. 1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələr süquta uğramaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Həmin gün çoxlu sayda dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, minlərcə insanın yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. Lakin eyni zamanda, bu hadisə xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. Xalq o günlərdə böyük bir həqiqəti - həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən də Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan Möhtərəm Prezidentimiz İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev və oğlu İlham Əliyev bununla, hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqelərini nümayiş etdirdilər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi. O bildirdi ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmiş fərman və sərəncamlarla 20 yanvar şəhidlərinin xatirəsi əbədiləşdirilmiş, geniş miqyaslı tədbirlər həyata keçirilmiş, “20 Yanvar Şəhidi” fəxri adı təsis olunmuş, ölkəmizin rəsmi təqviminə “20 Yanvar Ümumxalq hüzn günü” kimi daxil edilmiş, Şəhidlər Xiyabanında “Əbədi Məşəl” abidə kompleksi ucaldılmış, şəhid ailələrinin və əlillərin sosial problemlərinin həlli ilə bağlı mühüm işlər görülmüşdür. Bu faciə ilə bağlı Ulu Öndər tərəfindən bünövrəsi qoyulmuş siyasət bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bildiyiniz kimi 20 Yanvar Şəhidlərinin ailələrinə Prezident Təqaüdü təsis edilmiş, onların sosial təminat, məişət və digər məsələləri daim dövlətimizin diqqət mərkəzindədir. Sonda o bir daha şəhidlərin ruhuna Allahdan rəhmət dilədi və qeyd etdi ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsi xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəkdir.

20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbirdə Auditorlar Palatası sədrinin müavini Fəxrəddin İsmayılov, Ərkinaz Əliyeva, Məhluqə Hüseynova, Palatanın üzvləri: İbiş Əliyev, Şəmşinur Hüseynov, Şahbaz Məmmədov, Elzadə Süleymanova, hadisənin iştirakçıları olaraq çıxış etmiş və vurğulamışlar ki, 20 yanvar faciəsi heç vaxt xalqımızın yaddaşından silinməyəcəkdir.

Sonda Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov tədbirə yekun vuraraq çıxış edənlərin hər birinə minnətdarlığını bildirdi və qeyd etdi ki, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə sınaq anları kimi əbədi daxil olmuş 20 Yanvar faciəsi təkcə əvəzsiz itkiləri, nisgilləri, yaraları ilə deyil, həm də ibrət dərsləri ilə unudulmazdır və illər keçsə də, 20 Yanvar faciəsi qurbanlarının Milli azadlıq mübarizəmizin tarixindəki qəhrəmanlıqları heç vaxt unudulmayacaq, müstəqil dövlətimizin möhkəmləndirilməsi naminə milli həmrəyliyi daha da inkişaf edəcəkdir.

Tədbirdə Auditorlar Palatasının əməkdaşları, Palataya üzv olan auditor təşkilatlarının nümayəndələri, sərbəst auditorlar iştirak etmiş və 2018-ci il 20 yanvar tarixində “Şəhidlər Xiyabanı”nın ümumi kolektivlə ziyarəti barədə qərar qəbul edilmişdir.