Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti “Texnologiya və İnnovasiya” mövzusunda keçirilən XII Beynəlxalq Türkiyə Audit Simpoziumunda iştirak etmişdir
2017-12-22
Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti “Texnologiya və İnnovasiya” mövzusunda keçirilən XII Beynəlxalq Türkiyə Audit Simpoziumunda iştirak etmişdir
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun başçılıq etdiyi nümayəndə heyəti: Milli auditə dəstək və məcburi audit üzrə Komitənin sədri, "MAK AZƏRBAYCAN LTD" MMC-nin direktoru Zamin Hüseynov, Beynəlxalq əlaqələr və xarici təşkilatlarla iş üzrə Komitənin sədri, "L.B. Audit xidməti" MMC-nin direktoru Lamiyə Bayramova İstanbul Serbest Muhasebeçi Mali Müşavirler Odası tərəfindən 2017-ci il 6-10 dekabr tarixlərində Türkiyənin Antalya şəhərində təşkil edilmiş “Texnologiya və İnnovasiya” mövzusunda keçirilən XII Beynəlxalq Türkiyə Audit Simpoziumunda iştirak etmişdir.
Tədbirdə müasir şəraitdə mühasibat uçotunun və auditin gələcəyi, mühasibatlıq və audit sahəsində texnologiyanın və innovasiyaların tətbiqi formaları, dünya iqtisadiyyatında texnoloji dəyişikliklərin və innovasiyların baş verdiyi müasir dövrdə hesabatlılıq sahəsində yaranan problemlərin aradan qaldırılması yollarına dair çıxışlar dinlənilərək geniş müzakirələr aparılmışdır.
Simpoziumun Proqramına uyğun olaraq Auditorlar Palatasının sədri Vahid Novruzov açılış nitqi ilə çıxış etmişdir. O, məruzə zamanı tədbir iştirakçılarına iqtisadiyyatda və bütövlükdə cəmiyyətdə innovasiyaların və İT-nin genişləndirilməsində mühasibə auditinin rolu və mühasibə auditində innovasiyaların və İT-nin tətbiqi zərurəti haqqında ətraflı məlumat vermişdir. Natiq eyni zamanda Qardaş Türkiyənin çox iddialı bir planı – Vision 2023 planından : "Türkiyə Respublikasının 100 illiyinə, dünyanın ən güclü 10 iqtisadiyyatına daxil olmaq!" danışdı. Təbii ki, belə bir möhtəşəm məqsədə nail olunmaq üçün ilk öncə, iqtisadiyyatın və bütövlükdə cəmiyyətin innovasiya yönümünün gücləndirilməsini və qabaqcıl texnologiyaların geniş tətbiqinin təmin edilməsinin gərəkliyini vurğuladı.
Bundan əlavə tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə iqtisadi islahatların aparılması, maliyyə hesabatlılığının və auditin inkişafı, eləcə də mühasibat uçotu və audit sahəsində əldə edilən uğurlar və həyata keçirilən tədbirlər barədə iştirakçılara geniş məlumat verilmişdir.
Sonda XII Beynəlxalq Türkiyə Simpoziumunun texnologiya və innovasiyaya həsr olunmasını yüksək dəyərləndirdiyini və Simpoziumun işinə uğurlar arzuladığını bildirdi.
Səfər zamanı əldə edilən materiallar və nəticələr ilk növbədə mühasibat uçotu və audit sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatımızın xüsusiyyətləri nəzərə alınmaqla ölkəmizdə tətbiqi istiqamətində möhtərəm Prezidentimiz tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında önəmli rol oynayacaqdır.
Tədbir AzTV və İctimai TV tərəfindən işıqlandırılmışdır.