Auditorlar Palatasının sədri Vahid Novruzovun rəhbərliyi ilə nümayəndə heyəti, palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov Dünya Bankının Maliyyə Hesabatlılığı üzrə İslahatlar Mərkəzinin (CFRR) təşkilatçılığı ilə “Mühasibat uçotu, audit və dayanıqlı hesabatlılığın təkmilləşdirilməsi” (EAASURE), “Kiçik və orta müəssisələr üçün mühasibat uçotu üzrə islahatların və institutların gücləndirilməsi istiqamətində Avropaya Yol” (REPARIS for SMEs) Proqramları çərçivəsində Avstriyanın Vyana şəhərində keçirilən “Korporativ maliyyə və dayanıqlı hesabatlılıqda yeni tələblərə və çağırışlara cavab” mövzusunda keçirilən beynəlxalq tədbirdə iştirak ediblər.
Auditorlar Palatasından AZƏRTAC-a verilən məlumata əsasən, tədbirin əsas məqsədi korporativ maliyyə hesabatlarında, həmçinin davamlı inkişafa dair hesabatlarda yeni dövrün tələblərinə və çağırışlarına veriləcək cavabı müzakirə etmək, regional miqyasda, eləcə də milli səviyyədə atılacaq növbəti addımları razılaşdırmaq üçün 11 benefisiar ölkədən – Albaniya, Azərbaycan, Bosniya və Herseqovina, Ermənistan, Gürcüstan, Kosovo, Moldova, Monteneqro, Serbiya, Şimali Makedoniya və Ukraynadan olan nümayəndələri bir araya gətirməkdən ibarət olub.
Tədbirdə dayanıqlı inkişaf şəraitində hesabatlılıqla yanaşı, qeyri-maliyyə hesabatlığı, sosial-ekoloji hesabatlıq; risklərin idarə edilməsi və tənzimlənməsinin təkmilləşdirilməsi; resursların idarə edilməsi; korporativ idarəetmə, dövlət və qeyri-dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi, dayanıqlı inkişaf şəraitində mühasibatlığın və auditin təşkili, kiçik və orta müəssisələrdə auditin aparılmasına yeni yanaşmalar və digər mövzularda müzakirələr və fikir mübadiləsi aparılıb. Göstərilən problemlər üzrə çoxsaylı materiallar əldə edilib və onların ölkəmizdə tətbiqi istiqamətində müvafiq işlərin həyata keçirilməsi Auditorlar Palatası tərəfindən nəzərdə tutulub.
Tədbirdə ölkəmizdə Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə keçiriləcək COP29-a hazırlıq və eyni zamanda, Auditorlar Palatası tərəfindən cari ilin sentyabr 16-17-də keçirilməsi nəzərdə tutulmuş “Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransın əhəmiyyəti barədə məlumat verilib.