Azərbaycan Respublikasının Auditorlar Palatası və İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (ICPAI) arasında işgüzar görüş keçirilib - 05.07.2024

Azərbaycan Respublikası Prezidentinin proqram xarakterli göstərişlərini rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə 2024-cü il 05 iyul tarixində Azərbaycan Respublikasının Auditorlar Palatası ilə İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (ICPAI) arasında mövcud olan Anlaşma Memorandumuna uyğun olaraq növbəti işgüzar görüş keçirilib.  

Qeyd edək ki, 1931-ci ildə yaradılmış, Beynəlxalq Mühasiblər Federasiyasının qurucularından və 1977-ci ildən həmin qurumun üzvü olan İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu hazırda 12.000-dək üzvə malik olmaqla İsrailin bütün ərazisində mühasibatlıq və audit peşələrinin inkişafında mühüm rol oynayan peşəkar milli qurumdur.

 Görüşdə Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri Vahid Novruzov, Auditorlar Palatası sədrinin müşaviri, Beynəlxalq əlaqələr və xarici təşkilatlarla iş üzrə komitənin sədri Fəqan Qarayev, Auditin innovativ inkişafı, operativ tənzimlənmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov, İsrailin Sertifikatlı İctimai Mühasiblər İnstitutunun prezidenti Çen Şrayber, həmin qurumun Beynəlxalq əlaqələr və dövlət qurumları ilə iş üzrə direktoru Adi Grinbaum, Beynəlxalq əlaqələr komitəsinin rəhbəri Haim Assayaq, Peşəkar Mühasib Roi Katz iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutunun prezidenti Çen Şrayberi və rəhbərlik etdiyi nümayəndə heyətini salamlayaraq görüşün təşkilinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib, peşənin inkişafı naminə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. V.Novruzov ölkə Prezidenti tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində ölkədə həyata keçirilən iqtisadi islahatlardan və bu istiqamətdə peşənin üzərinə düşən vəzifələrdən bəhs edib.

O, həmçinin hər iki qurumun nümayəndələrinin iştirakı ilə “Yaşıl iqtisadiyyat şəraitində uçotun və auditin aparılması”na dair birgə konfransın keçirilməsini təklif edib.

Çen Şrayber öz növbəsində iştirakçıları salamlayıb və əməkdaşlığın gücləndirilməsinin hər iki qurumun üzvləri üçün faydalı olacağından bəhs edərək, “Yaşıl iqtisadiyyat” üzrə birgə konfransın keçirilməsinə öz müsbət fikrini ifadə edib. 

Daha sonra Sədrin müşaviri Fəqan Qarayev və israilli həmkarları Adi Grinbaum, Haim Assayag və Roi Katz arasında: -Auditin aparlmasına dair peşəkar mütəxəssislər tərəfindən birgə master-klassların təşkili; -Audit və mühasibat uçotu üzrə normativ sənədlərin birgə hazırlanması; -Kadr hazırlığı sahəsində əməkdaşlıq; -ƏL/TMM sahəsində birgə təlimlərin keçirilməsi; -Dayanıqlı inkişafa dair hesabatlılığın təkmilləşdirilməsi sahəsində əməkdaşlıq; -Auditin aparılmasına dair proqram təminatlarının əldə edilməsi və yerli auditor təşkilatları tərəfindən tətbiqi; -Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (IFRS) və yenilənmiş Beynəlxalq Audit Standartlarının (ISA) tətbiqinə dair birgə təlimlərin keçirilməsi üzrə müzakirələr aparılıb. 

Qalareya