Azərbaycan Respublikasının Auditorlar Palatası və “Reanda International Network Limited” arasında işgüzar görüş keçirilib - 26.07.2024

Azərbaycan Respublikası Prezidentinin proqram xarakterli göstərişlərini rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində qabaqcıl dünya təcrübəsini öyrənmək və ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə 2024-cü il 26 iyul tarixində Azərbaycan Respublikasının Auditorlar Palatası ilə “Reanda International Network Limited” arasında işgüzar görüş keçirilib.

“Reanda International” 2009-cu ildə Çin Xalq Respublikasının paytaxtı Pekində təsis edilmiş və qısa müddət ərzində beynəlxalq nüfuz əldə edərək dünyanın 60 ölkəsində 140 ofisə və 6000-dən çox peşəkar işçi heyətinə malik qlobal biznes mühitində mühasibat uçotu, audit, vergi və məsləhət xidmətləri göstərən beynəlxalq mühasibatlıq şəbəkəsidir.

Görüşdə Azərbaycan Respublikası Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov, Aparatın rəhbəri Qəşəm Bayramov, Auditorlar Palatası sədrinin müşaviri, Beynəlxalq əlaqələr və xarici təşkilatlarla iş üzrə komitənin sədri Fəqan Qarayev, Sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, və “Reanda International Network Limited”in sədri cənab Huang Jinhuinun başçılıq etdiyi nümayəndə heyəti – qurumun Baş direktoru cənab Franklin Lau, sədrin köməkçisi xanım Zhang Xiaoyue, Əməliyyatlar üzrə director müavini xanım Qiu Yaqi və “Reanda Azərbaycan” MMC-nin direktoru-auditor Rahim Manafov iştirak ediblər.

İşgüzar görüşün əsas məqsədi “Reanda International Network Limited”in rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının Auditorlar Palatasına ünvanlanmış müraciətə əsasən əməkdaşlıq əlaqələrinin qurulması, Azərbaycanda bu şəbəkənin adı altında auditor təşkilatının fəaliyyətə başlaması, həmçinin peşənin inkişafı naminə iqtisadi islahatların indiki mərhələsində audit və mühasibat uçotu sahəsində innovasiyaların tətbiqi, rəqəmsallaşma, habelə yaşıl iqtisadiyyat şəraitində auditor xidmətlərinin keyfiyyətinin artırılması, auditorların ƏL/TMM sahəsində rolunun gücləndirilməsi və digər sahələrdə birgə əməkdaşlığın edilməsindən ibarət olub.

“Reanda International Network Limited”in sədri cənab Huang Jinhui Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzova iki görüşün baş tutmasında göstərdiyi dəstəyə görə öz dərin minnətdarlığını bildirib.

S.Gülməmmədov öz növbəsində qonaqları salamlayaraq, əməkdaşlığın yaradılması və davam etdirilməsinin hər iki qurumun üzvləri üçün faydalı olacağından bəhs edib.

Çindən gələn nümayəndə heyəti həmçinin cari ilin 16-17 sentyabr tarixlərində Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən keçiriləcək “Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransa qatılacaqlarını bildiriblər.