İclası giriş sözü ilə Auditorlar Palatasının sədri, YAP Səbail rayon Auditorlar Palatası ərazi partiya təşkilatının sədri, professor Vahid Novruzov açaraq, Yeni Azərbaycan Partiyasının Azərbaycanda gərgin, mürəkkəb, ağır bir dövrdə - 1992-ci il noyabrın 21-də yaranması və bu dövr ərzində böyük, uğurlu, şanlı yol keçməsi və Azərbaycanın ən böyük, aparıcı partiyası yerini tutmasından danışıb və geniş məruzə ilə çıxış edib.
V.Novruzov bildirib ki, dünya politoloqlarının ümumi rəylərinə görə siyasi partiyalar olmayan ölkədə demokratik cəmiyyət bərqərar ola bilməz. Tariximizə “91”-lər kimi adlarını həkk etmiş xalqımızın vətənpərvər, siyasi reallığı dərindən dərk edən və Azərbaycanın gələcəyi naminə hər cür mərhumiyyətlərə hazır olan ziyalı insanlar və ictimai xadimlərimiz Ulu Öndər Heydər Əliyevə müraciət edərək məhz onun rəhbərliyi ilə “Yeni Azərbaycan Partiyasının” yaradılması məsələsini gündəmə gətirib. Həyatında daima rasional fikirlərə hörmətlə yanaşan, öz xalqının ehtiyac və qayğılarını dərindən duyan və doğma Azərbaycanı öz canından da çox sevən Heydər Əliyevin razılığı və rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında yaradılan YAP 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən siyasi partiya kimi rəsmi qeydiyyata alınıb.
Qurucusu Heydər Əliyev olan YAP ötən 32 il ərzində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsini və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasını, demokratik, hüquqi, dünyəvi dövlətin qurulmasını, sabit və sosialyönümlü iqtisadiyyatın yaradılmasını, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsini, qanunçuluq, ictimai həmrəylik və firəvan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılmasını, insanların müstəqil dövlətçilik ideyası və azərbaycançılıq məfkurəsi ətrafında birləşdirilməsini özünün məqsədi hesab etməklə xalqımızı öz ətrafında birləşdirərək milli müstəqilliyimizin daha da möhkəmləndirilməsi, dövlətimizin gücünün artırılması və əhalinin siyasi rifahının yüksəldilməsi istiqamətində mühüm nailiyyətlərə imza atıb. Təbii ki, YAP-ın və onun üzvlərinin qarşısında duran ən mühüm məsələ ölkəmizin ərazi bütövlüyünün təmin olunması və torpaqlarımızın işğaldan azad edilməsindən ibarət olub.
İnkar edilməz bir faktdır ki, əldə edilən uğurlar YAP-ın rəhbərləri Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli mənafeyinin qorunmasına, dövlətimizin təhlükəsizliyinə, iqtisadi və hüquqi islahatların aparılmasına, vətəndaş həmrəyliyinin formalaşdırılmasına istiqamətlənmiş və Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətinin yeni dövrün çağırışları nəzərə alınmaqla müdrik və cəsarətli tərzdə davam etdirilməsi sayəsində mümkün olub.
Özünün 32 illik tarixi dövründə YAP həmişə Azərbaycanın əsas reallığını nəzərə almış və düzgün inkişaf istiqamətində fəaliyyət göstərmişdir. Azərbaycan xalqının milli mənafeləri əsas götürülməklə, xalqımızın həyat səviyyəsinin yüksəldilməsi və şanlı Vətən müharibəsində qələbəsi mümkün olmuşdur. Məhz tarixi köklərimizə söykənməklə və güclü irəli inkişaf yolu seçməklə, Azərbaycan reallığını qabaqcıl xarici nailiyyətlə zənginləşdirilməklə ölkəmizin zəngin və güclü, demokratik və sivil, harmonik inkişaf etmiş ölkəyə çevrilməsinə nail olunmuşdur.
Eyni zamanda V.Novruzov bildirib ki, Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Azərbaycan hökuməti yaşıl iqtisadiyyata doğru irəliləyişində əlverişli mühiti təmin edən normativ bazanın hazırlanması üçün təşəbbüslər göstərməkdədir və bunların praktik nəticələri vardır. Ölkəmizdə yaşıl enerjinin inkişaf tempinin sürətləndirilməsi, işğaldan azad olunmuş ərazilərin “yaşıl” enerji və iqtisadiyyat diyarına çevrilməsi sahəsində qarşıya qoyulmuş məqsədlər də 2024-cü ilin yaşıl dünya üçün həmrəyliyi zərurətinə dəlalət edir. Təbii ki, Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” adlandırılması beynəlxalq birliyin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın qəbul edilməsidir. Tam əminliklə demək olar ki, son illərdə ölkəmizin uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlərə öz möhtəşəmliyi, əhatəliliyi, bəşəriliyi ilə fərqlənən yeni bir dünyəvi tədbirin şahidi olacağıq. Bunun əsasında “bizim niyyətimiz iqlim məsələlərinə töhfə verməkdir” bütün dünyaya bəyan edən Prezident İlham Əliyevin göstərdiyi diqqəti, zəngin təcrübəsi, beynəlxalq arenadakı şəxsi nüfuzu, ölkə ictimaiyyətini öz ətrafında tarixi missiyaların reallaşdırılması dövründə bir yumruq kimi birləşdirmək istedadı durur. Müstəqil Azərbaycanımızın dünya çapında önəmli bir rol oynamağa yönəlik COP 29-un uğurla keçirilməsində biz hər birimiz cənab Prezidentin yanında olmalı, hər bir kəs əlindən gələni etməlidir.
Həmcinin iclas zamanı ikinci Qarabağ müharibəsində müzəffər ordumuzun şücaəti nəticəsində azad edilmiş torpaqlarımızda infrastruktur layihələrin həyata keçirilməsinin davam etməyini bildirildi. Torpaqlarımızda artıq böyük inkişafın təməlləri atılmışdır. Hazırda dövlətimizin qarşısında dayanan əsas vəzifə azad olunmuş ərazilərimizdə tikinti-quruculuq işlərinin həyata keçirilməsidir.
Gündəlikdə duran bu məsələ ilə əlaqədar ərazi partiya təşkilatının sədri V.Novruzov qeyd edib ki, təşkiatımızın fəaliyyət istiqaməti genişləndikcə, Yeni Azərbaycan Partiyası sıralarına qoşulmaq istəyənlərin sayı da artmaqdadır. Biz bu şəxslərə daha qayğı ilə yanaşıb, onların saf, aydın məqsəd və əqidəsinə arxayın olduqdan sonra onlara partiya üzvlüyünə qəbul olmaq üçün şərait yaratmalıyıq.
Sonda 7 gənc əməkdaş (Osmanova Maral Xalid qızı, Məmmədli Hilal Saleh oğlu, Abbasov Bəhman Əli oğlu, Alxaszadə Nigar Taleh qızı, Məmmədov Nihat Vüqar oğlu, Nuriyeva Yeganə Alməmməd qızı, Bayramova Afiqə İlham qızı) Yeni Azərbaycan Partiyasına üzv qəbul edilib.
YAP-a qəbul edilən üzvlər onlara göstərilən etimada görə təşəkkürlərini ifadə edib və partiyamızın müəyyənləşdirdiyi siyasi proseslərdə daha fəal iştirak edəcəklərini bildiriblər.
Qalareya