M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Rusiyanın “Sodrujestvo” özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə Əməkdar professor Anatoli Daniloviç Şeremetin 95 illik yubileyinə həsr olunmuş “Rəqəmsal iqtisadiyyat şəraitində mühasibat uçotunun, auditinin və mühasibat təhsilinin reformasiyası” mövzusunda 52-ci beynəlxalq elmi-praktik konfrans keçirilib.
Auditorlar Palatasından AZƏRTAC-a bildirilib ki, bir sıra xarici ölkələrin nümayəndələrinin də iştirak etdikləri beynəlxalq konfransda “Mühasibat uçotu və hesabatlılıq yeni şəraitdə”, “Dayanıqlı ekosistemdə uçot və təhlil aspektləri”, “Auditor fəaliyyətinin inkişafı problemləri” və digər vacib problemlər müzakirə edilib.
Beynəlxalq konfransın plenar iclasında Auditorlar Palatasının sədri Vahid Novruzov çıxış edib. Palata sədri Azərbaycan auditorlarının və mühasiblərinin dostu olan A.D.Şeremetin mühasibat uçotu və audit üzrə kadrların hazırlanmasında əvəzedilməz rolundan bəhs edərək onun müəllifi olduğu kitabların bütün MDB-də, o cümlədən Azərbaycanda geniş oxucu kütləsinə malik olduğunu qeyd edib. Daha sonra V.Novruzov dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat şəraitində mühasibat uçotu, audit və hesabatlığın transformasiya məsələlərinə toxunub və ölkəmizdə keçiriləcək COP29 tədbirinə görülən hazırlıq işləri barədə məlumat verib.
Moskvada keçirilən beynəlxalq konfransın işində sədrin müşaviri Fəqan Qarayev “Müasir dövrdə Rusiyada sahibkarlığın dəstəklənməsində analitik vasitələr” mövzusunda keçirilən 1-ci, Auditin təşkili və hesabatlılıq idarəsinin rəisi Vasif Cavadov “Müasir mərhələdə mühasibat uçotu və hesabatlılığın inkişafı” mövzusunda keçirilən 2-ci, sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov “ESG ekosistemində mühasibat və analitik aspektlər” mövzusunda keçirilən 3-cü, Palatanın icraçı direktoru Səbuhi Gülməmmədov “Auditor fəaliyyətinin inkişafı problemləri” mövzusunda keçirilən 4-cü bölmə iclaslarında iştirak ediblər.

Qalareya