Auditorlar Palatasında COP29 çərçivəsində görüş keçirilib

 COP29 çərçivəsində ən çox müzakirə olunan Dayanıqlı İnkişaf (Dİ) iqtisadiyyatın sosialyönümlü innovasiya modelinə keçməsi ilə yanaşı, regional-ərazi nöqteyi-nəzərindən balanslaşmış tərəqqi, təbii resurslardan səmərəli istifadə, yerli və qlobal maraqların uzlaşdırılması, ümumilikdə isə iqtisadi, sosial və ekoloji tarazlığa nail olma üzrə yeni mexanizmlərin tətbiqi anlamına uyğun gəlir. Başqa sözlə Dİ prinsiplərinin reallaşdırılması böyük uğurla keçən beynəlxalq tədbirlərin iştirakçıları tərəfindən vurğulandığı kimi bəşəriyyətin tələbatı ilə resurslardan istifadənin tarazlığını, təbii ehtiyatların tükənməsinin qarşısını almağı, digər tərəfdən də hakimiyyət orqanları, biznes strukturları və ictimaiyyətin Dİ və yaşıl iqtisadiyyat problemləri istiqamətində səmərəli  və qarşılıqlı əlaqələrinin təmin olunmasını tələb edir.

Məlumdur ki, Dİ Məqsədlərində və yaşıl iqtisadiyyatın bərqərar olunmasında informasiya əlçatanlığı, məlumatların toplanması, monitorinqi və hesabatlılıq ən mühüm elementlər kimi dəyərləndirilir.

Heç də təsadüfi deyildir ki, Dİ-nin bərqərar olması istiqamətində Azərbaycanda da mühüm tədbirlər həyata keçirilməkdədir.

DİM ölkənin 2030-cu ilədək milli inkişaf prioritetlərində nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: iqtisadi inkişafa dair Milli Prioritetlərdə növbəti onillikdə reallaşdırılmalı olan beş milli prioritetin demək olar ki, hamısı Dİ təminatına yönləndirilmişdir.

Bu göstərilənlər aspektində bu gün noyabrın 19-da “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)” çərçivəsində Azərbaycan Respublikasının Auditorlar  Palatası və İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) arasında qonaqların təşəbbüsü ilə işgüzar görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Auditorlar  Palatasının sədri, professor Vahid Novruzov, İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) Avropa, Avrasiya, Orta Şərq və Amerikada İctimai İşlər üzrə regional rəhbəri Vikas Aqarval, Azərbaycan və Gürcüstanda bazarın inkişafı üzrə meneceri Senem Ross-Forrester, İctimai əlaqələr üzrə meneceri Gaukhar Aşirbekova, Palatanın icraçı direktoru Səbuhi Gülməmmədov, sədrin müşaviri,  Beynəlxalq əlaqələr və xarici təşkilatlarla iş üzrə komitənin sədri Fəqan Qarayev, sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Kadr hazırlığı idarəsinin rəisi Elmira Behbudova, Beynəlxalq Audit Standartları üzrə komitənin sədr müavini, “SR Audit Solutions” MMC-nin direktoru Səftər Vəlizadə iştirak ediblər.

Müzakirə zamanı Dayanıqlı İnkişafa və yaşıl iqtisadiyyata dair ACCA və Auditorlar Palatası tərəfindən auditor fəaliyyəti sahəsində görüləcək işlər, bu sahədə Palatanın üzvləri üçün ACCA ilə birgə təlimlərin keçirilməsi, habelə ölkə auditorlarının ACCA-nın davamlı peşəkar inkişafa dair təlim resurslarına əlçatanlığının təmin edilməsi, yeni şəraitdə şəffaflığın və hesabatlılığın, həmçinin resurslardan səmərəli və məqsədyönlü istifadənin təmin olunmasında Dayanıqlı İnkişafa dair qəbul edilmiş yeni standartların əhəmiyyətindən bəhs edilib və geniş fikir mübadiləsi aparılıb.

Sonda iki qurum arasında işlərin operativ həlli üçün işçi qrupunun yaradılmasına dair qərar qəbul olunub.

 

 

 

 

 

Qalareya