Auditorlar Palatasında 2024-cü ilin 26 noyabr tarixində Palatanın üzvləri olan auditor təşkilatlarının nümayəndələrinin, sərbəst auditorların, struktur bölmələrinin rəhbərlərinin, Auditorlar Palatası Şurasının və Palatanın Şurası yanında komitələrin və komissiyanın üzvlərinin iştirakı ilə “Auditorun səsi” mövzusunda onlayn müzakirə keçirilib. Müzakirəni Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov açaraq qeyd edib ki, Auditorlar Palatasının 2024-cü il üzrə iş planının 10.7-ci “Auditorun səsi” mövzusunda onlayn müzakirənin təşkili” bəndinə uyğun olaraq, ölkədə iqtisadiyyat sahəsində innovasiyaların tətbiqi, rəqəmsal transformasiya və yaşıl iqtisadiyyat şəraitində auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, haqsız rəqabətə qarşı mübarizənin gücləndirilməsi, müstəqil auditə ictimai etimadın və auditor peşəsinin cəmiyyətdəki nüfuzunun artırılması, auditorların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, auditin təşviqi və maarifləndirmə üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, korrupsiyaya və əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə auditorların rolunun gücləndirilməsi sahələrində Palata müvafiq tədbirlər həyata keçirir və normativ sənədlər hazırlayır. Q.Bayramov bildirib ki, həmin sahələr üzrə həyata keçirilən işləri qiymətləndirmək, gələcəkdə auditorların peşə fəaliyyətini gücləndirmək və təkmilləşdirmək üçün, eləcə də mövcud problemlərin operativ həll edilməsi, nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə üzvlərimizin fikirlərini, təkliflərini və tövsiyələrini öyrənmək bizim üçün çox önəmli və əhəmiyyətlidir. Daha sonra o qeyd edib ki, ölkəmizdə auditor fəaliyyətinin genişləndirilməsi və inkişaf etdirilməsi, auditorların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Auditorlar Palatası tərəfindən son illərdə konfranslar, dəyirmi masalar, ustad dərsləri, seminarlar, sosioloji sorğular və s. tədbirlər təşkil edilir və Palatanın sədri, professor Vahid Novruzovun rəhbərliyi ilə keçirilən konfransların materialları, Beynəlxalq Audit Standartları, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə), Auditorların Müstəqillik Qaydaları, Audit yeni dövrün çağırışları, “Audit.Qanunvericilik və normativ sənədlər” topluları, Haqsız rəqabətə qarşı mübarizədə 2 “Qütb ulduzumuz”, Haqsız rəqabətə qarşı mübarizə üzrə metodik materiallar toplusu (2022-2023-cü illər), Rəqəmsal iqtisadiyyatda şəffaflıq, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair materiallar toplusu, sahəvi audit proqramları və s. kitablar nəşr etdirilmiş və xidməti istifadə üçün auditor təşkilatlarına və sərbəst auditorlara paylanmışdır. Sonra Palatanın üzvlərini maraqlandıran suallar, qeyd edilən sahələr üzrə mövcud problemlər, onların həll edilməsi məqsədilə təklif və tövsiyələr dinlənilib. Tədbirdə Palatanın üzvləri və əməkdaşlarından ibarət 78 nəfər iştirak edib. Sonda iştirakçılar tərəfindən belə tədbirlərin keçirilməsinin əhəmiyyəti və səsləndirilən problemlər, təklif və tövsiyələrə dair müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul edilmişdir.
Qalareya