Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxvektorlu xarici siyasətinə uyğun olaraq son illərdə Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə sıx əməkdaşlıq əlaqələri qurulub. Möhtərəm Prezidentimizin siyasətinə dəstək məqsədilə Azərbaycan və Özbəkistan auditorları ölkələrimizdə audit peşəsinin inkişafında yaxından əməkdaşlıq edirlər.
Bu məqsədlə, Özbəkistan Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyi və Özbəkistan Milli Mühasiblər və Auditorlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti (Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov, Auditorlar Palatası Veteranlar Şurasının sədri, Sərbəst auditor Çingiz Abbasov, “AZƏRUÇOT” MMC-nin direktor-auditoru Eldar Təhməzov, “PREMİUM-AUDİT” MMC-nin direktor-auditoru Natiq Kərimov) 2024-cü ilin 9-10 dekabr tarixlərində Daşkənd şəhərində keçirilmiş, Özbəkistanın “Mühasib və Auditor Günü” peşəkar bayramına həsr edilmiş “Mühasibat uçotu və audit: cari vəziyyət və inkişaf perspekltvləri” mövzusunda beynəlxalq konfransda iştirak ediblər.
Tədbirdə Özbəkistanın müvafiq nazirliklərinin rəhbərləri, bir çox ölkələrin audit və mühasibatlıq qurumlarının nümayəndələri tərəfindən “Özbəkistan Respublikasında mühasibat uçotu və auditin inkişafı”, “Cinayət gəlirlərinin leqallaşdırılmasına qarşı mübarizədə auditorların rolu”, “Mühasibatlıq peşəsinin davamlı inkişafı üçün strateji planlaşdırma: Strateji planlaşdırma alətlərindən istifadə etməklə”, “Auditor fəaliyyəti üzərində dövlət nəzarəti”, “Rəqəmsal üfüqlər: Texnologiya, innovasiya, süni intellekt və mühasibat uçotunun gələcəyi”, “Müasir şəraitdə mühasibat uçotu və audit sistemlərinin inkişafına elmi dəstək”, “Rusiya Federasiyasında auditor fəaliyyətinin inkişafı: Nəticə və Perspektivlər”, “Beynəlxalq Mühasiblər Federasiyasının siyasətinə uyğun olaraq Qazaxıstan Respublikasında auditin inkişafının müasir tendensiyaları”, “Kiçik auditor şirkətlərində auditin keyfiyyətinə nəzarət sistemlərinə təsir edən amillər”, “Audit peşəsində daxili nəzarət: Rusiya və beynəlxalq təcrübə”, “Qırğızıstanda beynəlxalq mühasibatlıq standartlarının inkişafı” mövzularında məruzələr dinlənilib və eyni zamanda tədbir çərçivəsində müxtəlif nominasiyalar üzrə təltiflər təqdim edilib.
Beynəlxalq konfransda Auditorlar Palatasının sədri, professor Vahid Novruzov da çıxış edib, “Ekoloji audit yaşıl iqtisadiyyatın mühüm amil kimi” mövzusundan bəhs edərək ekoloji audit anlayışının, məqsədlərinin, Azərbaycanda ekoloji auditin qanunvericilik əsaslarının, mexanizmləri və proseslərinin, üstünlüklərinin, praktiki tətbiqində yaranan problemlərin və onların həlli yollarının, inkişafı və beynəlxalq təcrübənin, yaşıl iqtisadiyyatda auditorların rolu və vəzifələrinin, auditin təkmilləşdirilməsi yollarının səmərəsi və inkişafı üçün COP29-un rolunu vurğulayıb.
Həmçinin Azərbaycanın indiki inkişaf mərhələsində ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyata keçid kimi vacib problemlərin həllinin ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olması, ölkəmizdə bu sahədə əldə edilən uğurlar və nəzərdə tutulan prioritetlər, habelə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə məlumat verilib.
Auditorlar Palatası son illərdə audit sahəsində böyük təcrübəyə malik olan beynəlxalq peşəkar qurumlarla və audit institutları ilə yaxından əməkdaşlıq edir və ölkəmizdə auditin inkişafı üçün beynəlxalq təcrübədən bəhrələnməklə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının tövsiyələrini nəzərə alaraq, dayanıqlı inkişafın yə yaşıl iqtisadiyyatın bərqərar olduğu müasir şəraitdə şəffaflıq və hesabatlılığın inkişafı naminə müstəqil audit institutunu daha da inkişaf etdirmək, onun təsirliliyini artırmaq, audit xidmətlərində yeni texnologiyaları tətbiq etmək və beynəlxalq aləmə inteqrasiyasını gücləndirmək, auditin keyfiyyətinin yüksəldilməsi, işğaldan azad olunmuş ərazilərimizin inkişafı istiqamətində qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasında öz mühüm töhfələrini verəcəklərinə və mənsub olduqları məsul auditor peşəsinə vicdan və şərəflə xidmət edəcəklərinə əminliyini ifadə ediblər.
Qalareya