Auditorlar Palatasında 20 yanvar faciəsi qeyd edilib

Auditorlar Palatasında 2025-ci ilin 17 yanvar tarixində 20 yanvar faciəsinin 35-ci ildönümünə həsr edilmiş onlayn tədbir keçirilib.

Auditorlar Palatasının sədri, professor Vahid Novruzov tədbiri açıq elan etdikdən sonra 20 Yanvar Qətliamında həyatını itirən şəhidləmiz başda olmaqla bütün şəhidlərimizə Allahdan rəhmət diləyib və onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 20 yanvar faciəsinə həsr olunmuş videoçarx nümayişi etdirilib.

Palata sədri bildirib ki, Qanlı yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən cinayətdir.

Həmin hadisələr Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübuta yetirdi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də 20 yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.

Azərbaycan xalqına qarşı törədilən bu cinayəti ilk dəfə Ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək dinc əhaliyə qarşı törədilən terroru insanlığa, hüquqa, demokratiyaya zidd addım kimi pisləmiş, ölkə rəhbərliyinin xalqa xəyanət etdiyini cəsarətlə söyləyərək Sovet hakimiyyətinin qanlı siyasətini ifşa etmişdir. Heydər Əliyev xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə qanlı yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi və onun quruculuq siyasəti ilə şəhidlərimizin canları uğrunda fəda etdikləri azadlıq və müstəqilik ideyaları reallığa çevrildi.

Eyni zamanda V.Novruzov Azərbaycan xalqının çox xoşbəxt xalq olduğunu dilə gətirərək qeyd edib ki, biz çox xoşbəxt xalqıq ki, müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev kimi Prezidentimiz olub və onun ideyalarını, uzunmüddətli gələcəyə istiqamətlənmiş siyasətini uğurla davam etdirən İlham Əliyev kimi Pezidentimiz var. Çox sevinirik ki, möhtərəm Prezidentimiz 2003-cü ildə Prezident seçilərkən öz xalqına, millətinə, şəhidinə, qazisinə müqəddəs qurana and içərək verdiyi sözü yerinə yetirməklə bərabər, hər bir Azərbaycanlının Prezidenti olduğunu sübut edib.

Sonra tədbirdə Auditorlar Palatasının sədr müavini Fəxrəddin İsmayılov, Auditorlar Palatası Veteranlar Şurasının sədri, Sərbəst auditor Çingiz Abbasov, “Audit Reporting” MMC-nin direktor-auditoru Yeganə Məmmədova, Lənkəran şəhərindən “LŞ” MMC-nin direktor-auditoru Fərhəddin Hüseynov, Haqsız rəqabətə qarşı mübarizə idarəsinin rəis müavini Afiqə Bayramova, “Azəruçot” MMC-nin direktor-auditoru Eldar Təhməzov, Dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin müdiri Elxan Qəmbərov, “Azel-Audit” MMC-nin direktor-auditoru Elzadə Süleymanova, “Modern Audit Service” MMC-nin direktor- auditoru Ramal Mehdizadə, Sərbəst auditorlar Hafiz Əhmədov, İlham Süleyman, Aftandil Əliyev və Palatanın icraçı  direktoru Səbuhi Gülməmmədov bu qanlı hadisələrin canlı şahidləri olduqlarını və o gecənin ağrısını yaşadıqlarını bildiriblər.

Sonda V.Novruzov bir daha bütün şəhidlərə Allahdan rəhmət diləyib və onların ruhları qarşısında baş əyərək şəhidlərimizin daima qəlblərimizdə yaşayacaqlarını bildirib və xalqımıza belə acı günlərin əvəzində böyük qələbələr arzulayıb.

 

Qalareya