Auditorlar Palatasında 2025-ci ilin 26 ferval tarixində Palatanın kollektivinin iştirakı ilə “Xocalı Soyqırımı”nın 33-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi və Xocalı faciəsi zamanı həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra “26 fevral- Xocalı soyqırımı - insanlığa qarşı cinayət” faciəsinə həsr olunmuş videoçarx nümayişi etdirilib.
Açılış nitqi ilə çıxış edən Palatının icraçı direktoru Səbuhi Gülməmmədov geniş məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan xalqının qan yaddaşına çevrilmiş 26 fevral Xocalı hadisələrindən 33 il ötür. 1992-ci il fevralın 26-da baş verən faciəli hadisələr erməni faşistlərinin xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Həmin gün çoxlu sayda dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, minlərlə insanın yaralanması, xalqımız üçün böyük dərd, faciə idi. 26 fevral Xocalı faciəsi Azərbaycan tarixində qanla yazılmış bir səhifədir.
1-ci Qarabağ müharibəsinin gedişinin ən faciəvi səhifəsi Xocalı şəhərinin işğalı oldu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən bu şəhərdə müharibədən əvvəl 7 min insan yaşayırdı. 1991-ci ilin oktyabrından şəhər Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı moto-atıcı alayının köməyi ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinə soyqırım törətdilər.
Xocalı qətliamından 33 il keçir. Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bəşəriyyət tarixinin ən qanlı hadisələrindən biridir. Xocalı faciəsi etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsidir. Bu günə qədər Bosniya və Hersoqovina, Kolumbiya, Çex respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları Xocalı soyqırımına dair müvafiq qətnamələr qəbul ediblər. Bu gün artıq ABŞ-ın 30-dan çox ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.
Bu soyqırım zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib,130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.
Xocalı soyqırımının əsl hüquqi qiymətini alması və dünyanın belə bir cinayətdən xəbərdar olması ilə bağlı milli səviyyədə addımlar Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atılmışdır. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər Azərbaycanın ərazi bütövlüyü bərpa edilməklə yanaşı, Xocalı şəhidlərinin ruhun da şad oldu. Azərbaycan Ordusu Ermənistanın işğal etdiyi torpaqları geri qaytararaq haqq-ədaləti bərpa etdi. Hal-hazırda işğaldan azad edilən ərazilərimizdə sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, Xocalıda da sürətlə davam edir. Qürur hissi ilə qeyd etmək istəyirik ki, artıq istər 1-ci və istərsə də 2-ci Qarabağ müharibəsində həlak olan baba və nənələrin, ata və anaların, qardaş və bacıların, körpə uşaqların ruhu şaddır və onların ailə üzvləri bu günü gördülər, lakin çox təəssüf edirik ki, şəhidlərimiz bu günü görmədilər.
Sonra tədbirdə Auditorlar Palatasının əməkdaşları, Sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Daxili auditor Şəfiqə Əsgərova, Kadr hazırlığı idarəsinin rəisi Elmira Behbudova, Sənədlərin toplanması, qorunması və arxiv işi bölməsinin müdiri Siddiqə Mirzəyeva, Haqsız rəqabətə qarşı mübarizə idarəsinin rəis müavini Afiqə Bayramova, İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdir müavini Nigar Əlisoy, Dövlət orqanları və qeyri hökümət təşkilatları ilə iş şöbəsinin müdir müavini Heydər Yusifzadə də mövzu ətrafında çıxış edərək Xocalı faciəsinin sadəcə Azərbaycanın deyil, eyni zamanda insanlıq tarixinin qara bir səhifəsi olaraq yaddaşlara həkk olunduğunu və həmin günün Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq bir gün olduğunu qeyd ediblər.
Şəhidlərimizin əziz xatirəsi əsrlər və qərinələr keçsə də Azərbaycan xalqının qəlbində daima yaşayacaqdır.
Allah şəhidlərimizə rəhmət eləsin.
Qalareya