Azərbaycanın nümayəndə heyəti Kiyev şəhərində işgüzar səfərdə olmuşlar
2017-05-01
Azərbaycanın nümayəndə heyəti Kiyev şəhərində işgüzar səfərdə olmuşlar
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun başçılıq etdiyi nümayəndə heyəti (Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov, Sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, “ANR AUDİT” MMC-nin direktor-auditoru Namiq Abbaslı) Dünya Bankının Maliyyə Hesabatı İslahatlar Mərkəzinin (CFRR) təşkilatçılığı ilə 2017-ci ilin 26-27 aprel tarixlərində Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində «Maliyyə hesabatlarının əhəmiyyətliliyinin təmin edilməsi: diqqət mərkəzində – mikro, kiçik və orta müəssisələrdir» mövzusunda keçirilən seminarda iştirak etmişlər.
Tədbirdə Auditorlar Palatasının nümayəndələri ilə yanaşı Maliyyə nazirliyinin Uçot siyasəti şöbəsinin müdür müavini Ramiz Qarayev, Azərbaycan Risk Peşəkarları Assosiasiyasının Sertifikatlaşdırma üzrə Direktoru Gulnar Hacıyeva və Maliyyə nazirliyinin Maliyyə və Elmi Tədris Mərkəzinin Departament rəhbəri Gülşən Orucova iştirak etmişlər.
Şərq Tərəfdaşlığı ölkələrində Audit və Hesabatlılığın gücləndirilməsi (STAREP) proqramı çərçivəsində 50-yə yaxın nümayəndələrin iştirak etdiyi tədbirdə Ictimai Əhəmiyyətli Qurumlardan (İƏQ) başqa digər subyektlərdə mühasibat uçotu standartlarının müəyyən olunması və qəbul edilməsi, mikro, kiçik və orta müəssisələrin maliyyə hesabatlarına və məlumatların açıqlanmasına dair tələblər, İƏQ-dan başqa digər subyektlərin əsas vəsaitlərinin və maliyyə alətlərinin qiymətləndirilməsinin alternativ əsasları, İƏQ-dan başqa digər subyektlərin konsolidə olunmuş maliyyə hesabatlarına dair tələblər və onların praktiki tətbiqi, korporativ maliyyə hesabatları ilə vergi hesabatlılığı arasında əlaqələrin təmin edilməsi, İƏQ-dan başqa digər mikro, kiçik və orta müəssisələrin maliyyə hesabatlarına Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və Beynəlxalq Audit Standartlarının tətbiqi problemləri məsələləri müzakirə edilmişdir.
Nümayəndə heyətimiz seminar iştirakçılarına Azərbaycan Respublikasında iqtisadi islahatların aparılması, maliyyə hesabatlılığının və auditin inkişafı, eləcə də mühasibat uçotu və audit sahələrində əldə edilən uğurlar və həyata keçiriləcək islahatlar barədə geniş məlumat verilmişdir.
Səfər zamanı əldə edilmiş nəticələr, ilk növbədə, Şərq Tərəfdaşlığı Ölkələrində Audit və Hesabatlılığın möhkəmləndirilməsi sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla, ölkəmizdə tətbiqini genişləndirməyin zəruriliyi istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında önəmli rol oynayacaqdır.